Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kişinin keramet göstermesi qadından aslıdır – Kerametin sirleri

18 Eylül 2016

12:44 pm


18/09/2016 [16:40]: xeber –
“Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Rəhman ürəklərdə bir sevgi yaradacaq  (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini möminlərin qəlbinə salacaqdır)”. “Quran”, “Məryəm” surəsi, 96-cı ayə.Allah-təalanın sevdiyi və sevdirdiyi dostlarından biri də Şeyx Yunus əfəndidir. Sufiliyin Nəqşibəndiyyə qoluna mənsub olan bu Allah dostu  XIX əsrdə Qax rayonunun Lələli kəndində yaşamışdır.Sufiliyin prinsipinə görə şeyxlik təyinatla idi və bunun üçün mütləq bir neçə il bir şeyxin yanında qalıb onun müridi olmalı və onun elmiylə yanaşı əxlaqını, tərbiyəsini də əxz etməliydi. Sonda şeyx öz müridinin elmini, əxlaqını, sirrə varmaq və sirr üzərindən pərdələri qaldırmaq iqtidarını sınaqdan keçirdikdən sonra, hansısa bir bölgəyə şeyx təyin etmək üçün icazənamə  verirdi. Belə icazənaməni alan şəxs şeyx təyin olunduğu yerdə başına müridlər toplayaraq, irşad edər və kamal dərəcəsinə çatan müridlərinə özü icazənamə verərdi. Qeyd edim ki, Yunus əfəndi zahiri və batini elimləri Kürdəmirli Mövlanə Hacı ismayıl Sıracəddin Şirvanidən (1782-1848) əxz etdi. Belə ki, bir neçə il ona mürid olduqdan və kamal dərəcəsinə çatandan sonra, imtahan verərək, ondan şeyxlik üçün icazə aldı. Onu da qeyd edim ki, Mövlanə Hacı İsmayıl əfəndi on minlərlə müridindən cəmi bir neçə nəfərə icazənamə vermişdir ki, onlardan da biri Şeyx Yunus əfəndi idi.  Araşdırmalarımız göstərir ki, 1825-ci ildə Mövlana Hacı İsmayıl əfəndi Osmanlı dövlətinə köçdükdən sonra onunla Yunus əfəndi arasında əlaqələndirici Hacı Yəhya bəy əl-Qutqaşeni əl-Məki adlı şəxs olmuşdur. Bir məqama da diqqətinizi yönəldim ki, Mövlanadan icazənamə alan şeyxlərin hamaısının məzari şərifləri bu gün xalq tərəfindən ziyarətgaha çevrilib. Məsələn, Hacı Mahmud baba Kürdəmirli (ö.1870), Mir Həmzə Seyid Nigari (1805-1886), Hacı Mahmud əfəndi Aslanbəyli (1835-1891), Hacı Abdu əfəndi Qaracallı, Xas Məhəmməd (Şeyx Şamilin ustadı) kimi böyük şəxsiyyətlərin kamal dərəcəsinə çatmasında və övliyalıq məqamına yüksəlməsində Mövlanə İsmayıl Şirvaninin böyük rolu olmuşdur. (Bu övliyaların həyat və fəaliyyəti haqqında əvvəlki məqalələrimizdə bəhs etmişik.)Qeyd edim ki, Hacı Ismayil əfəndinin özünə icazənaməni 1821-ci ildə Bağdadlı  Mövlanə Xalid vermişdir (hansı ki, övliyaların qütbü sayılır).Mövlana Cəlaləddin Rumi mürid-mürşid münasibətlərini belə ifadə etmişdir:«Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan necə yona bilər? Sən get yaralarını bir könül cərrahına göstər. Sən onu təkbaşına müalicə edə bilməzsən. Dünyəvi duyğu və səhhətinin çərəsini təbibdən, insanı sonsuzluğa yüksəldən ilahi hisslərin sirrini də mürşiddən öyrən». Şeyx Yunus əfəndi mürşid olaraq, bölgədə bir çox övliyaların kamal dərəcəsinə çatmasında mühüm rol oynamışdır. Belə ki, Azərbaycanda və şimali Qafqazda tanınmış kəramət sahiblərindən olan Almalı Şeyx Mahmud əfəndi də seyr və sülukunu onun yanında tamamlamış və Yunus əfəndinin verdiyi icazənamə ilə şeyxlik fəaliyyəti göstərmişdir.İnsanlar sıxıntılı anlarında, həyatlarının çətin məqamlarında Yunus əfəndinin məsləhətlərindən və kəramətlərindən faydalanardılar. Şeyxin Alazan çayının üzərindən yeriyərək keçdiyini görənlər olmuş və şahidlərin danışdığı belə maraqlı söhbətlər bu gün də məclislərdə maraqla  danışılmaqdadır.  Məsələn, Qax rayonunun Qındırğa kəndinin ən yaşlı sakini Orucov Xəlil Məhəmməd oğlu söhbət edir ki, atası və babası, Yunus əfəndinin müasiri olublar və övliyanın kəramətlərinə şahid olublar. Onlar söhbət edirlərmiş ki, qış vaxtı Lələli və Qındırğa kəndlərinin heyvanları bəzən Alazan çayının o biri tayına keçər, sahibləri arxasınca gedə bilməzdilər. Belə hallarda Yunus əfəndi çayın üzəri ilə yeriyərək, heyvanları bu taya keçirər, camaatı çətinlikdən qurtarardı. Bu və digər xeyirxah əməllərinə görə camaat onu çox sevərmiş. Onun ziyarətinə tək Azərbaycanın rayonlarından deyil, dağıstandan da zəvvarlar gələrdi. Gələn ziyarətçilərdən də bəziləri kəramətli olmuşlar. Məsələn, Dağıstanda tanınmış  övliya olan Mirzə Şeyxzadə tez-tez Yunus əfəndini ziyarət edər və yolüstü Qındırğa kəndində yaşayan dostu Məhəmmədi də yad etməyi unutmazmış. Bir gün də o, qonaq gələndə Məhəmməd kişi övliyanın saçının uzandığını görüb, qonşudakı dəlləyi çağırıb onu saçını qırxdırmağa razı salır. Dəllək işini qurtaranda Mirzə baba saçı toplayıb, bir quyuda basdırmağı, üstünə də bir heyva ağacı əkməyi tapşırır. Avqust ayı olmasına baxmayaraq ağac bitib və qolbudaq atıb. Üstündən səksən ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, övliyanın yadigarı olan bu ağaca heç kəs toxunmur. Bir dəfə qonşuluqda yaşayan bir kişi cürət edib bu ağacdan qırıb odun kimi yandırıb. Elə  həmin gün kişinin evi yandığından,   burada qurban kəsərək, peşmançılığını bildirmişdir.Şeyx Yunusun bizə məlum olan Abdulla adında bir oğlu və Yunus adında bir nəvəsi olmuşdur. Övliyanın qəbri üzərindəki gümbəzi də nəvəsi Yunus əfəndi tikdirmişdir ki, bu gün möminlərin sevimli ziyarətgahıdır. Burada haşiyə çıxaraq Şeyix Yunis əfəndi ilə, həyat yoldaşı arasında baş verən maraqlı bir əhvalatı qiqqətinizə çatdırıram: Bir gün həyat yoldaşı Şeyxə deyir ki, sənin kəramət göstərməyində mənim də az da olsa payım var. Yunis əfəndi həyat yoldaşının fikri ilə razılaşmır və ona istehza edir. Səhəri gün qadın meşəyə odun qırmağa gedən həyat yoldaşına yemək bağlaması verib yola salır. Yunis əfəndi meşədən qayıdanda həmişəki kimi Alazan çayının üzərindən yeriyərək keçmək istəyir. Amma, nə qədər cəhd etsə də, buna nail ola bilmir. Hər dəfə ayağını suya qoyanda qurşağa qədər suya batır. Əlacsız qalıb, uzun bir məsafə qət edərək, camaat kimi, Alazanın dayaz yerindən keçir. Evə gələndə həyat yoldaşı niyə belə gec gəldiyini soruşur. Övliya cavab verir ki, həmişə Alazanın üstündən yeriyərək keçirdim; bu gün keçə bilmədim, ona görə gec gəldim. Qadın gülüb deyir: “Ay kişi, sənə demədim ki, sənin kəramət göstərməyində mənim də payım var?! Bunu sənə sübut etmək üçün səhər xəmiri dəstamazsız və başıaçıq yoğurdum, həmin çörəkdən də dəsmala bağlayıb sənə verdim. Onu yeyəndən sonra kəramət göstərə bilmədin. İndi bil ki, sənin kəramətində mənim də payım var?!”Deyilənə görə bu əhvalatdan sonra Şeyx Yunus əfəndi öz həyat yoldaşına daha da hörmətlə yanaşmış və bir daha onun  xətrinə dəyən hərəkətə yol verməmişdir. Bu əhvalatı son vaxtlar bizə tez-tez ünvanlanan: “İndi niyə kəramətli adamlar yoxdur?” sualına cavab olaraq yazdım. Yəni, kəramətli kişinin yetişməsi üçün ilk növbədə  imanlı qadın lazımdır.    Paşa Yaqub – tədqiqatçı-yazıçıQax – Bakı Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler