Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kebe hamam deyil!

11 Eylül 2016

8:44 am


11/09/2016 [12:41]: xeber –
“Cəhənnəmə aparan zehniyyət” silsiləsindən I yazı

 

Həcc ziyarətinin İslam dinin 5 əsas sütunundan biri olduğu, bu ziyarətin
gərəkli maddi imkana malik hər bir müsəlman üçün vacib olduğu hər kəsə bəllidir.
Həcc ziyarətinin hər bir müsəlman üçün hansı mənəvi anlam daşıdığı, onun üzərinə
hansı məsuliyyət qoyduğu da hər bir normal məntiq sahibinə bəllidir. Lakin son
illər Həcc ziyarətinin imkanlı təbəqə arasında bir yarış halına gəldiyi, maddi
qüdrət nümunəsi, zənginlik əlaməti, düşmənlərə göz dağı və şan-şöhrət vaitəsinə
çevrilməsi müşahidə edilməkdədir ki, bu da narahatlıq doğuran tendensiyadır.

Daha bir narahatlıq doğuran məqam isə varlı kəsimin bu ziyarətə “günahyuma
mərasimi” kimi baxması, şüurlu şəkildə törətdikləri bütün günahların bu ziyarət
sonucunda silinməsi gerçəyinə inanmasıdır.

Maraqlıdır, Həcci  ziyarət edən
hər kəsin günahları doğrudanmı birmənalı şəkildə siliir? Həccə günahyuma mərasimi
kimi baxmaq nə dərəcədə doğrudur?

 

Əmin ola bilmərik, sadəcə ümid edə bilərik…

 

Həcc ziyarətinə gedən, etdiyi günahlara görə səmimi şəkildə tövbə edən
və bu səfərdən sonra öz həyatında sözün həqiqi mənasında yeni səhifə açan şəxslərin
etdiyi günahların Allah tərəfindən bağışlanılması ehtimalı yüksəkdir. Burada ən
önəmli amil həmin şəxsin bütün qəlbi, ruhu və məsumiyyəti ilə bağışlanmaq diləməsi
və daha sonra bu günahlara yol verməməsidir. Həzrət Əli bu haqda deyir: “Günahlar
xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar etmək (bağışlanmaq diləmək) və şəfası
bir daha o günahı təkrar etməməkdir”. (“Mizanul-Hikmət”. Məhəmmədi Reyşəhri.
İİR, Mədəniyyət Mərkəzi-2009, səh-342). Günahları bağışlamaq və ya bağışlamamaq
yalnız Allahın ixtiyarında olan bir məsələ olduğu üçün hətta bu halda belə kimsə
günahlarının tam olaraq bağışlanacağından əmin ola bilməz. Ən yaxşı halda buna
ümid etmək mümkündür ki, bu da heç kimə qadağan edilmir.

 

Şüurlu şəkildə törədilən günahlar bağışlanmır!

 

Heç bir səmavi din şüurlu şəkildə törədilən günahları bağışlamır və bu
qəbildən olan günahların hər hansı kəffarəsi yoxdur. Bu günahların Kəbə
divarları qarşısında belə bağışlanacağı məntiqli və inandırıcı görünmür. Məsələn,
günahsız bir insanı qətlə yetirməyin, azyaşlı bir qızı zorlamağın, yetimin
malını əlindən almağın, namuslu adama ləkə atmağın günah olduğunu anlayan bir şəxsin
bunu dərk etməsinə rəğmən bu əməli etməsi, daha sonra Kəbəni ziyarət etməklə
qurtulduğunu düşünməsi absurddur. Belə bir bağışlanma sistemi insanı nəinki
günahdan çəkindirər, əksinə onu yeni-yeni günahlara təhrik edər. Çünki bu həyatda
heç nə insanı günaha bağışlanılacağına əminlik hissi qədər rahatlıqla sövq
etmir.

Odur ki, şüurlu şəkildə hətta bir insanın belə haqqına girib Həccə
yollanmaq, Kəbə ətrafında dövrə vura-vura etdiyi haqsızlığın əfv edildiyini, qırdığı
qəlblərə görə bağışlanıldığını, qan və göz yaşı ilə yığdığı pulların  halallaşdığını düşünən insanların edə biləcəyi
yeganə şey şeytanı güldürməkdir. Bu düşüncə ilə Həccə səfər etmələri onların
sadəcə səfeh olduğunu göstərir, hansı ki, bu səfər onların səfehliyindən heç
bir şeyi əksiltməz.

 

Allah qul haqqını bağışlamır, hətta şəhidlərə də!

 

İslamda qul və Allah haqqı deyilən anlayışlar var ki, Allah bu
anlayışlardan yalnız ikincisini, yəni Allah haqqı anlayışına daxil olan
günahları bağışlaya biləcəyini vəd edir. Qul haqqı anlayışına daxil günahları
isə Allah bağışlamır. Bu cür günahlar yalnız məhşər günü qulun öz razılığı ilə
Allah tərəfindən bağışlanıla bilər. Məsələn, əgər siz namaz qılmayıb, oruc
tutmamasınızsa sizin bağışlanıb-bağışlanılmama məsələsinə Allah qərar verə bilər.
Lakin kiminsə çörəyini əlindən almısınızsa, kimisə şərləyib həbsxanaya
salmısınzsa, kiminsə taleyində mənfi mənada iz qoymusunuzsa, Allah bu məsələyə
müdaxilə etmir. Məhşər günü bir qulun digər qul qarşısındakı günahını
bağışlayıb-bağışlamamaq haqsızlığa məruz qalan qula həvalə ediləcək. Tapdalanan
haqqın cəzası haqqı tapdalanın özü tərəfindən veriləcək. İlahi ədalət bunu vəd edir…

Allahın qul haqqı məsələsində
nə qədər həssas və barışmaz olduğunu anlamaq üçün bu məsələdə hətta şəhidlərə də
heç bir güzəştin edilmədiyinə diqqət yetirmçək kifayətdir. Məhəmməd peyğəmbər
bu barədə deyir: “Allah-Təala şəhidin, qul haqqından başqa bütün günahlarını
bağışlayar.” (Müslim). 

 

Kəbə hamam deyil, Allah da kisəçi!

 

Göründüyü kimi, Kəbə bəzilərinin düşünüldüyü kimi, heç də bütün
günahların birmənalı şəkildə bağışlanıldığı, insan ruhunun tamamilə yuyulub
paklandığı yer deyil. Kəbə ziyarəti zəruri hesab edilən bir borc, etdiyi
günahlardan səmimi peşmançılıq çəkən insanların bağışlanması üçün bir fürsətdir.
Bu baxımdan, Kəbəyə hamam gözü ilə baxanlar anlamalıdırlar ki, Kəbə hamam,
Allah isə kisəçi deyil. Ruhunu çirkaba bulaşdıran, şəri özünə yaşam tərzi seçən
insanların Kəbədə belə nicat tapması mümkünsüzdür.

Həcc ziyarətinə şüurlu şəkildə bir sürü günahla şələlənib gələn və bununla
da bütün günahlarının sıfırlandığını, Allahın bu günahları yuduğunu düşünən
insanların öncə Kəbə ilə hamam arasındakı fərqi dərk etməsi zəruridir. Kəbə ilə
hamam arasında heç bir fərq görməyən zehniyyətin nə bu, nə də o dünyada nicat
tapması sadəcə mümkünsüzdür.

 

Seymur Əliyev

e-mail: [email protected]/* */

 

 

 Seymur Əliyev – yazarın arxivi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler