Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İsterdim ki, Azerbaycanda xristianların sayı bir az da artsın” – Dövlet Komitesinin sedr müavini

11 Kasım 2016

11:00 am


11/11/2016 [14:56]: xeber –
sayt noyabrın 1- də oxuculara “Bərdədəki 14 uşaqlı ailə müsəlman deyil…” başlıqlı yazı təqdim etmişdi. Oxucu məktubuna əsaslanan yazıda  bu yaxınlarda 14-cü övladı doğulmuş İsgəndərovlar ailəsinin  “Yehovanın şahidləri” adlı qeyri-ənənəvi dini təriqətin üzvü olduğu göstərilirdi. Ölkədə geniş əks-sədaya səbəb olan yazıdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən zəng olunaraq qurumun araşdırması əsasında oxucumuzun sözügedən ailə haqqında dediklərində bəzi qeyri-dəqiqliklər müəyyən edildiyi bildirildi. Və əməkdaşımız  həmin məsələnin  təfsilatıyla ictimaiyyətə çatdırılması məqsədi ilə komitəyə dəvət olundu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovla görüşümüzdən yararlanaraq ondan, ümumiyyətlə, ölkədəki dini durum barədə ətraflı müsahibə verməsini xahiş etdik. Siyavuş müəllimlə söhbətimizin ilk hissəsində Azərbaycanda “Yehovanın şahidləri” və digər qeyri-ənənəvi dini cərəyanlar haqda maraqlı mükalimə apardıq: “Bərdədəki 14 uşaqlı ailə “Yehovanın şahidləri”nin deyil, başqa xristianyönümlü icmanın üzvüdür…”- Siyavuş müəllim, bu günlərdə moderator.az saytında Bərdədə 14-cü övladı doğulmuş İsgəndərovlar ailəsinin  ölkəmizdə tam qeydiyyatdan keçməmiş xristianyönümlü “Yehovanın Şahidləri” icmasının üzvü olması  barədə oxucu məktubuna əsaslanan informasiya dərc olunmuşdu. Həmin oxucumuz çoxuşaqlı Azərbaycan ailəsinin bir neçə övladının müəllimi olmuşdur. Keçmiş müəllim  məktubunda İsgəndərovlar ailəsinin taleyindən, “Yehovanın şahidləri” adlı cərəyanın dövlətçilik atributlarına və İslama, eləcə də digər dinlərə hörmətsizliklə yanaşması və belə cərəyanların xalqımızın, dövlətimizin gələcəyi üçün təhdidlər yarada biləcəyindən narahatlığını ifadə etmişdir.  O, readaksiyadan məktubunu dərc etməyi və bu barədə ictimaiyyəti, dövlət qurumlarını xəbərdar etməyi xahiş etmişdi. Həmin məktubdakı informasiya geniş əks-sədaya səbəb oldu. Yazıdan sonra Komitənizin regional şöbəsi məsələni araşdırdı və İsgəndərovlar ailəsinin həqiqətən qeyri-müsəlman olduğunu, amma oxucumuzun verdiyi məlumatda müəyyən qeyri-dəqiqliyə yol verildiyini nəzərimizə çatdırdı. Biz sözügedən araşdırma barədə Komitədən aldığımız informasiyanı saytımızda dərc etdik. İstərdik ki, sizinlə  bu mövzu ilə yanaşı, ümumiyyətlə, ölkədəki istər xristianyönümlü, istərsə də “İslam” adı altında fəaliyyət göstərən  qeyri-ənənəvi dini cərəyanların durumu haqda ətraflı söhbət edək… – Məmnuniyyətlə. Bəli, qeyd etdiyiniz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlaxdakı regional şöbəsi Bərdədə yaşayan 14 övladlı İsgəndərovlar aləsi ilə bağlı araşdırma aparmışdır. Məlum olmuşdur ki, bu ailə həqiqətən xristian dinini qəbul edib. Amma onlar “Yehovanıın Şahidləri” dini icmasının deyil, başqa bir icmanın üzvüdürlər. İsgəndərovlar xristianlığın protestantlıq qoluna aid olan “Əllincilər” cərəyanının təəssübkeşi və “Şərqdə ulduz” icmasının üzvüdürlər. Həmin icma 2002-ci ildə DQİDK-da qeydiyyatdan keçmişdir. Azərbaycan Konstitusiyasının 48-ci maddəsində konkret olaraq göstərilmişdir ki, hər kəsin vicdan azadlığı vardır. Yəni hər bir vətəndaş istədiyi  dinə,  cərəyana qulluq edə bilər. Mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. Bizim  Komitə tərəfindən də Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar və onların üzvlərinə bərabərhüquqlu münasibət göstərilir. Ona görə də mətbuatda bəzən belə məlumatların təhrif olunmuş şəkildə yayılmasının əleyhinəyik. Çünki öncə qeyd etdiyim kimi, hər kəs istədiyi dinə xidmət etməkdə sərbəstdir. Və əgər biz hansısa dinin nümayəndəsinin  əqidəsi ilə bağlı neqativ yazı yazırıqsa, artıq onun hüquqlarını pozuruq. Eləcə də onların dini hiss və duyğularına toxunuruq. Əgər  istənilən dini icmanın üzvü olan hər hansı şəxs dini zəmində qanun pozuntusuna yol veribsə, o zaman bu barədə yazmaq da, mövzunu ictimailəşdirmək də, müvafiq qurumlara  müraciət etmək də olar. Və  beləliklə, məsələ ilə bağlı gərəkli tədbirlər də görülə bilər. Ancaq konkret halda sözügedən “Şərqdə ulduz” dini icması və onun üzvü olan Bərdədəki ailə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi barədə Komitəyə məlumat daxil olmamışdır. Ona görə də media mənsublarına da  məsləhət görərdim ki, bu sahədə həssas və ehtiyatlı olsunlar…“Azərbaycandakı protestantlar Azərbaycanın Qarabağ uğrunda haqlı davasını müdafiə edir…”- Deyirsiniz ki, “Şərqdə Ulduz” icması üzvlərində dövlətçiyimizə və milli-mənəvi dəyərlərimizə münasibətdə oxucumuzun göstərdiyi mənfi meyillər müşahidə olunmur? Axı bildiyimizə görə, “Əllincilər”  təriqətinin bəzi qollarının ideyasında da hərbi xidmətdən, silah götürməkdən, düşmənə atəş açmaqdan uzaqdurma meyilləri var. Bu barədə Orxan Babazadənin 2014-cü ildə DQİDK-nın rəyi əsasında çap edilmiş “Missionerlik” adlı kitabında da bəhs edilir…- Orxan Babazadənin “Missionerlik” kitabında bu protestant cərəyanının yekdil və vahid təşkilat olmadığı deyilir. Yəni bu cərəyanın hər hansı mərkəzi yoxdur, dünyada çoxsaylı müstəqil kilsələr və icmalarla təmsil olunub. Odur ki, “əllinci”likdə hərbi xidmətə dair vahid dini təlimin olduğunu demək yanlışdır, hər “əllinci” kilsənin hərbi xidmətə öz münasibəti var. O da bir reallıqdır ki, adətən “əllincilər” yaşadıqları ölkənin qanunları çərçivəsində fəaliyyət göstərməyə və dövlət orqanları ilə əməkdaşlıq etməyə çalışırlar. Çünki İncilin  “Qeysərin haqqını Qeysərə, Tanrının haqqını Tanrıya ver” düsturuna riayət edirlər. Müşahidələr də onu göstərir ki, respublikamızdakı “Əllincilər” dini inanclarını bəhanə edib əsgəri xidmətdən yayınmır, vətən qarşısında borclarını yerinə yetirirlər. Bu fakt sözügedən “Şərqdə Ulduz” dini icmasının üzvlərinə də aiddir. Qeyd edək ki, respublikamızda “Əllincilik” ayrı-ayrı müstəqil dini icmalarla təmsil olunub. Onların da əsgəri xidmətə münasibəti loyaldır. Məsələn, Azərbaycanda ən böyük “Əllinci” dini icması “Həyat Sözü”dür. Bu dini qurumun rəsmi saytında isə qeyd olunub ki, icmanın çağırış yaşına çatmış hər bir kişi üzvü əsgəri xidmət çəkməyə və dövlət sərhədlərini düşməndən qorumağa borcludur. Eyni zamanda, bu “Əllinci” dini icmasının yığıncaqlarında tez-tez Qarabağın işğaldan azad olunması üçün dualar səsləndirilir. Məhz buna görə, sözügedən dini icmanın sədri Rasim Xəlilov ermənilərin tənqid və təhdid hədəfinə çevrilmişdir. ..Digər maraqlı faktı da diqqətinizə çatdırım. Bu ilin fevral ayının 22-də Bakıda tarixi lüteran kilsəsində ölkəmizin protestant icmalarının, eləcə də katolik və Alban-Udi dini icmasının iştirakı ilə Bibliya bayramı keçirilmişdir. “Şərqdə Ulduz” dini icmasının rəhbərliyi də bu tədbirə qatılmışdır. Həmin tədbirdə iştirak edən bütün protestant icmaların başçıları Qarabağın erməni qəsbkarlarından azad olunması üçün dualar etmişlər. Bu isə bir daha onu göstərir ki, bir çox azərbaycanlı protestant ölkəmizin haqlı davasını müdafiə edir.  14 övladlı ailənin böyük oğlu harada hərbi xidmət keçir?- Bizə Bərdədən zəng edən digər oxucumuz İsgəndərovlar ailəsini tanıdığını və ailənin böyük  oğlu Yunis İsgəndərovun Cəlilabadda sərhəd qoşunlarında xidmət  etdiyini bildirir. Özü də atasının şəxsən oxucumuza söylədiyinə görə, Y.İsgəndərov xidmət etdiyi hissədə əsasən avtomobillərin təmiri ilə məşğuldur. Komitədə  Y.İsgəndərovun konkret harada xidmət etməsi, əlinə silah götürüb-götürməməsi haqda məlumat varmı?-Bəli. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsindən verilən məlumata görə, İsgəndərovlar ailəsinin bir övladı hazırda hərbi xidmətdədir. Konkret harada xidmətdə olmağı ilə maraqlanmadıq. Ancaq elə bir məlumat yoxdur ki,  həmin ailənin hansısa övladı hərbi xidmətə getməkdən imtina etsin, yaxud hərbi xidmətdə silah götürməkdən boyun qaçırsın… “Yehovanın şahidləri” ötən illər bir sıra qanun pozuntularına yol vermişlər…Ümumiyyətlə, son vaxtlar yalnız “Yehovanın Şahidləri” istisna olmaqla digər  xristianyönümlü  icmalarda hər hansı neqativ əməllərə və qanun pozuntularuna rast gəlməmişik. “Yehovanın Şahidləri” üzvləri isə ötən illər bir neçə dəfə  Azərbaycan qanunlarını pozan əməllər törətmişlər. Məsələn, qeydiyyatdan keçməyən ünvanlarda, bəzən küçələrdə, evlərdə təbliğatlar aparmış, qadağan edilmiş dini ədəbiyyatlar paylamışlar. Təbii ki, qanunvericiliyə uyğun olaraq belə hərəkətlərin qarşısı alınmış və hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər məsuliyyətə cəlb edilmişlər.  Ancaq onu da deyim ki, son dövrdə Komitəmizin “Yehovanın Şahidləri”nin istər xaricdəki, istərsə də Azərbaycandakı nümayəndələri ilə görüşləri olub. Onlarla xeyli izahedici söhbətlər aparılaraq  Azərbaycanın qanunlarına əməl etmələrinin vacib olduğu və yalnız bu halda qanuni fəaliyyət göstərə biləcəkləri diqqətlərinə çatdırılıb. Onlar da bizim iradlardan nəticə çıxaracaqlarını, öz fəaliyyətlərini Azərbaycandakı mövcud qanunvericilik bazasına söykənərək quracaqlarını və bundan sonra hər hansı bir qanun pozuntusuna yol verməyəcəklərini artıq vəd ediblər. Hazırda isə “Yehovanın Şahidləri”nin Bakıdakı icmasının təkrar qeydiyyata alınması məsələsinə baxılması nəzərdə tutulur. Onu da vurğulayım ki, hər hansı dini icmanın qeydiyyata alınması ona əlavə səlahiyyətlər verilməsi demək deyil. Əksinə, qeydiyyata alınma həmin icmanın qanun qarşısında məsulliyyətini daha da artırır. Belə ki, təcrübə göstərir ki, qanun pozuntuları əsasən qeydiyyatı olmayan icmalar tərəfindən həyata keçirilir. Yəni, “Yehovanın Şahidləri”ni  qeydiyyata almaqla biz onların da məsuliyyətini bir daha artırmış olacağıq…“Yehovanın şahidləri”nin  Azərbaycandakı üzvləri hərbi xidmətdən yayınmağa çalışırlar…- “Yehovanın Şahidləri” üzvlərinin hərbi xidmətə getməkdən kütləvi olaraq imtina etmək cəhdlərinin olduğu məlumdur. Hətta cəmiyyətin Bakı icmasının nümayəndəsi Kiril  Stepanov 2014-cü ildə mediaya açıqlamasında  açıq şəkildə bəyan etmişdi ki,  ələ silah götürmək, kiməsə atəş açıb qan tökmək  əqidə və prinsiplərimizə uyğun olmadığından biz üzvlərimizin alternativ xidmət keçməsini tələb edirik… – Elədir. Onların  hərbi xidmətdə silah götürməkdən, kiməsə atəş açmaqdan imtina etmək kimi prinsipləri var.  Lakin dəfələrlə onların  diqqətinə çatdırılıb ki,  Azərbaycan ərazisinin 20 faizi işğal altında olduğundan faktiki müharibə şəraitindədir. Hər an torpaqlarımızın azadlığı uğrunda savaş başlaya bilər. Yəni hər bir hərbi mükəlləfiyyətli  vətəndaş  əlinə silah götürüb ərazi bütövlüyümüz uğrunda işğalçılarla döyüşməyə hazır olmalıdır. Ona görə də hələlik alternativ xidmət barədə qanun qəbul edilməyib. Əlbəttə,  Qarabağ azad  edildikdən sonra alternativ xidmət məsələsinə də baxılacaq…    – Amma  Prezidentin 2012-ci ildə imzaladığı hərbi xidmət haqqında qanunun 3-cü maddəsinin 3-cü hissəsində  yazılır:”Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir”. Bəlkə ordumuzda buna əsaslanaraq  bəzi dini icma nümayəndələrinə müəyyən güzəştlər edilir? Məsələn, əlinə silah götürməməsi üçün sürücü, sənətkar kimi xidmət edir…- Dediyim kimi, Konstitusiyamızda da, müvafiq qanunda da belə bir güzəştlər nəzərdə tutulub. Amma bildiyimizə görə, konkret olaraq alternativ xidmət haqqında qanun qəbul edilmədiyindən hələlik həmin güzəştlərin tətbiqinə yol verilmir…“Onların Avropadan gələn rəhbərlərinə başa saldıq ki…”- Bu ilin sentyabrında  “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının rəhbəri Toni Breys başda olmaqla nümayəndə heyəti Bakıda oldu və DQİDK-də görüşlər keçirdi. Həmin görüşlərdə siz də olmusuz. Onlara Bakı icmasının qeydiyyatdan keçməməsinin səbəbləri necə anladıldı və onlar buna nə cür reaksiya verdilər?- Bəli, Komitənin sədri cənab Mübariz Qurbanlının iştirakı ilə belə görüş keçirildi.  Qonaqlara izah olundu ki,  Bakı icmasının təqdim etdiyi sənədlərdə bir sıra  pozuntular aşkar edildiyindən bu icma təkrar qeydiyyata alınmayıb. Və biz cənab Breysin də nəzərinə çatdırdıq ki,  həmin nöqsanlar aradan qaldırıldıqdan sonra  icmanın təkrar qeydiyyat məsələsinə baxılacaq.   Eyni zamanda   da vurğulandı ki, sözügedən cəmiyyətin  Bakı icmasının  nümayəndələri tərəfindən mütəmadi olaraq Azərbaycan qanunları pozulur. Odur ki, onlar bizim qanunlara hörmətlə yanaşmalı, öz fəaliyyətlərini qanun çərçivəsində qurmalıdırlar… – Bəzi dini  mütəxəssislərin sekta hesab etdiyi “Yehovanın Şahidləri”nin bölgələrdə. xüsusən Gəncə və Bərdədə fəal təşkilatlanması haqqında məlumatlar var. Onlar əllərində  qadağan olunmuş kitablarla şəxsi evlərə,  məktəblərə daxil olur. Yaşlı vətəndaşlarla yanaşı, şagirdləri də yoldan çıxararaq öz sıralarına cəlb etməyə çalışırlar… – Bilirsiniz, belə cərəyanlar özlərinə daha çox tərəfdar toplamaq üçün  bu cür cəhdləri həmişə ediblər, bu gün də etməkdədirlər. Amma artıq Azərbaycan ictimaiyyətində öz milli-mənəvi dəyərlərimizə qayıdış prosesi gedir. Ona görə də “Yehovanın Şahidləri” kimi dini cərəyanların özlərinə kütləvi tərəfdar toplaması potensialı yoxdur. Ümumiyyətlə, bəzi dini cərəyanların təlimlərində yer alan sərt məqamlar, normal məntiqi təfəkkürə, sağlam düşüncəyə zidd olan ehkamlar əksər insanları onlardan üz döndərməyə vadar edir… Sektaların Azərbaycanda da işlətdiyi “Məhəbbət bombardıman”ı taktikası nə deməkdir?Onu da diqqətinizə çatdırım ki, Komitə tərəfindən aparılan monitorinqlər göstərir ki, istər xristian, istərsə də müsəlmanyönümlü qeyri-ənənəvi dini cərəyanların sıralarına əsasən ailədaxili problemlərlə üzləşən, cəmiyyətə adaptasiya olunmaqda çətinlik çəkən fərdlər qoşulurlar. Ailə və toplumda psixoloji problem yaşayan şəxslər təriqətçilərin süni məhəbbətlərinə aldanırlar. Təriqətlərin bu taktikasına elmi dildə “məhəbbət bombardımanı” deyirlər. Sağlam ailələrin övladları isə məhəbbət donuna geyindirilmiş dini təbliğatların təsiri altına düşmür. Dolayısı ilə hər şey cəmiyyətin ən əsas özəyi olan ailədən başlayır. Əgər ailə sağlam və möhkəm bünövrə üzərində qurulubsa, bu ailənin hər hansı fərdini zərərli yola çəkmək mümkün deyildir… “Ölkəmizdə xristianlar 4 faizdirsə, qoy 6-7 faiz olsun…”Bununla belə, hazırki dövrdə, biz, xristianyönümlü icmalardan o qədər də təhlükə görmürük. Xüsusilə, ənənəvi xristian konfessiyalarının Azərbaycanın tolerantlıq və mültikultural dəyərlərinin formalaşması və inkişafında müsbət rolunu vurğulamaq yerinə düşərdi. Belə ki, onlar ölkəmizdə tarixən mövcud olan yüksək tolerantlıq ənənələrinin daha da inkişafına öz töhfələrini verirlər. Hətta istərdim ki, ölkəmizdə ənənəvi xristian dini nümayəndələrinin sayı bir az da artsın. Məsələn, 4 faizdirsə, qoy bu, 6-7 faiz olsun. Zənnimcə, belə halda tarixən tolerantlıq və multikultiralizm kimi dəyərlərin möhkəm olduğu ölkəmizdə cəmiyyətin rəngarəngliyi daha da artar…  “İslam xalqımızın milli kimliyinin formalaşmasında böyük rol oynayıb, odur ki…”-Ehtiyat etmirsiz ki, bu fikriniz ölkəmizdəki mühafizəkar İslam nümayəndələri tərəfindən mənfi qarşılana?-Bilirsiniz, ayrı-ayrı qatı dindarların rəyi, bütün Azərbaycan xalqının fikri deyildir. Xalqımız isə tarixən yüksək tolerantlıq ənənələri ilə seçilib. Necə deyərlər, “müxtəliflik- zənginliyimizdir”. Təsadüfi deyildir ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmuşdur. Yəni Azərbaycan dövlətinin apardığı siyasətin prioritet istiqamətlərindən biri budur: ölkəmizdəki tolerantlıq və multikultural ənənələrin qorunması, inkişafı və təbliği. Məhz bu üstün amil də bizi işğalçı Ermənistandan fərqləndirir. Çünki torpaqlarımıza göz dikən bu dövlət monoetnik və monodini səciyyə daşıyır. Bu faktor isə sadəcə, bir millətin və bir dinin nümayəndələrinin yaşadığı Ermənistana  başucalığı gətirmir. Ona görə də, dediyim sözlərə bu kontekstdən yanaşmaq lazımdır.Həm də onu qeyd edim ki, İslam bizim milli-mənəvi dəyərimiz olmaqla xalqımızın milli kimliyinin formalaşmasında böyük rol oynayıb. Odur ki, İslami dəyərlərin qorunması üçün dövlət səviyyəsində hərtərəfli dəstək verilir. Məscidlər, ziyarətgahlar təmir və bərpa edilir, “Heydər” məscidi kimi möhtəşəm ibadətgah ucaldılır, müsəlman bayram günləri qeyri-iş günləri elan olunur və s. Yəni əhalimizin böyük əksəriyyətinin etiqad etdiyi İslam dini dəyərlərinin yaşadılması üçün hər cür şərait yaradılmışdır. Ona görə də kimlərinsə dediyim sözlərdən narahatçılıq keçirməyə heç bir əsası yoxdur… – Azərbaycanda təxminən 1500-ə yaxın “Yehova”çı olduğu bildirilir…- Belə rəqəmlər səslənir. Amma biz konkret olaraq “Yehovanın şahidləri”nin üzvlərini saymamışıq, buna ehtiyac da yoxdur. Birincisi, 1500 özü böyük bir rəqəm deyil. İkincisi də bu, onların özlərinin dediyi bir rəqəmdir. Amma yenə deyirəm, Komitə olaraq biz bütün uyğunsuzluqlara rəğmən onların da seçiminə hörmətlə yanaşırıq. Və təkrar edirəm ki, Azərbaycan xalqı müdrik xalqdı və əksər vətəndaşlarımız seçdiyi yolu düzgün müəyyənləşdirir. Gərək hər bir vətəndaşımız hər hansı bir  əqidəni seçərkən öncə düşünsün ki, o, Azərbaycan vətəndaşı, Azərbaycan xalqının nümayəndəsidir. Odur ki, dini ayinlərin icrasına,  kütləvi tədbirlərə və s. öncə azərbaycançılıq prizmasından yanaşmalıdırlar.  Eyni zamanda düşünməlidirlər ki, onların fəaliyyəti ölkəmizin dini təhlükəsizliyi üçün problem yaratmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, dini təhlükəsizlik probleminin  yaranmasına səbəb olmaqla milli təhlükəsizliyimizi də təhdiq altında qoyur…“Yehovanın şahidləri” üzvlərinin hər həftə “Xalqlar dostluğu” metrosunun yanında  toplaşamasına niyə icazə verilir?- Bildiyimizə görə, “Yehovanın Şahidləri” Bakıda “Xalqlar dostluğu” metro stansiyası yaxınlığındakı keçmiş “Çinar” kafesinin binasında həftədə bir neçə dəfə toplanaraq tədbir keçirirlər. Komitənizin bundan məlumatı  varmı? Və əgər hər hansı icma qeydiyyatdan keçməyibsə, müvafiq dövlət qurumları onun kütləvi tədbirlərinin qarşısını almalı deyilmi?- Təbii ki,  məlumatımız var. Çünki Komitənin vəzifələrindən biri də ölkəmizdə mövcud olan dini icmaların fəaliyyəti ilə bağlı monitorinq aparmaq, aşkar olunmuş qanun pozuntuları barədə müvafiq orqanlara məlumat verməkdir. O ki, qaldı “Yehovanın Şahidləri”nin keçmiş “Çinar” kafesindəki fəaliyyətinə. Qeyd edim ki, Bakı şəhərində “Yehovanın Şahidləri” dini icması 2002-ci ildə dövlət qeydiyyatından keçmişdir. Düzdür, 2009-cu ildən sonrakı dövrdə yenidən dövlət qeydiyyatına alınmasa da, icmanın əvvəlki qeydiyyatı hüquqi qüvvəsini qoruyur və icma müvafiq razılıq əsasında həmin ünvanda dini fəaliyyətini davam etdirir. Lakin bu dini cərəyanın başqa bölgələrdəki özəkləri dövlət qeydiyyatından keçmədikləri üçün həmin ərazilərdə dini təbliğatın aparılmasına icazə verilmir və aidiyyəti dövlət qurumları səlahiyyətləri çərçivəsində belə qanunsuz toplantıların qarşısını alırlar.  (Ardını izləyin…)Azərbaycanda “İŞİD”-in şəbəkələşməsi mümkündürmü? Son günlər “vəhabi” adlanan radikal  qrupların  rayonlardan Bakıya toplaşması haqqında  yayılan informasiyalar  nə dərəcədə gerçəyə uyğundur? Bölgələrimizdən birində 9 ildir tikintisi yarımçıq qalmış məscidin taleyi necə olacaq? Ölkə məktəblərində dini dərslərin tədrisinə icazə verilə bilərmi?Bu və ya digər suallara cavabları DQDİK-nin sədr müavini Səyavuş Heydərovla müsahibəmizin ikinci hissəsində tapa bilərsiniz.sayt-i izləyin! Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler