Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD gücünü haradan alır?

06 Temmuz 2016

6:36 am


06/07/2016 [10:35]: xeber –
Dünya hələ ki terror təşkilatları “istehsal” etmək üçün münasibdirHazırda dünyanın ən təhlükəli terror təşkilatı hesab olunan İŞİD Nigeriyadan Filippinə, ABŞ-a qədər dünyanın bütün bölgələrində varlığını göstərir. “2004-cü ildə ”əl-Qaidə”nin İraqdakı təşkilatı olaraq yaradılan və Əbu Musab Zərkavinin rəhbərlik etdiyi qruplaşma 2011-ci ildə yenidən, bu dəfə “İraq, Şam İslam Dövləti” adı ilə peyda oldu.Ancaq bir müddətdən sonra İŞİD “əl-Qaidə”dən ayrıldığını bəyan etdi. Bunun ardınca “əl-Qaidə” lideri Ayman əz-Zəvahiri müraciət yayaraq Suriyada əsas təmsilçilərinin “ən-Nusra” olduğunu bəyan etdi və İŞİD üzvlərini bu qruplaşmaya qoşulmağa dəvət etdi. Bundan az sonra 2014-cü il yanvarın 3-də İŞİD və «ən-Nusra» arasında Suriyanın şimalında qanlı savaş başladı. Bu savaşın qəti nəticəsi olmasa da, tezliklə İŞİD Suriyanın şimalında ən güclü qruplaşmaya çevrildi.   Suriya və İraqda sürətlə genişlənən İŞİD 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu işğal etdikdən az sonra iyulda “İslam Dövləti” adı ilə xilafət elan etdi. Mosulda elan olunan dövlətin xəlifəsi isə Bağdad universitetinin keçmiş müəllimi, ilahiyyatçı, əsl adı Avad İbrahim Əli olan Əbubəkr əl-Bağdadi oldu. İŞİD-in ən “parlaq” dövrü də 2014-cü il idi. İraqın üçdə birini, Suriyanın böyük hissəsini nəzarət altına alan İŞİD həmin il “dinar” adlı qızıl pul buraxmağa başladı. Eyni zamanda Mosulda xütbə verən əl-Bağdadi dünyanın hər yerindəki müsəlmanları “xilafətə” dəvət etdi. Tezliklə İŞİD İraq və Suriya sərhədlərini aşaraq Yəmən, Misir, Liviya kimi ölkələrə yayıldı. Nigeriyada fəaliyyət göstərən radikal islamçı “Boko Haram”, Filippində fəaliyyət göstərən radikal islamçı “Əbu Səyyaf” qruplaşması, Çeçenistandakı “Qafqaz Əmirliyi”, Pakistan “Taliban”ı kimi qruplaşmalar İŞİD-ə biyət etdiklərini elan etdilər. Bundan başqa biyət edən, İŞİD-ə tabe olduğunu açıqlayan qruplaşmalar arasında Misirdə “Ənsar Beyt əl-Makdis”, Əlcəzair və Misirdə fəaliyyət göstərən “Cund əl-Xəlifə”, Yəmən “Ərəb yarımadası əl-Qaidəsi”, Hindistanda “Ənsar Camaat ət-Təvhid” kimi islamçı qruplaşmalar da vardı. Son iki ildə İŞİD ABŞ-dan Banqladeşə qədər çoxlu sayda ölkələrdə. O cümlədən İraq, Suriya, Yəmən, Misir, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Belçika və digər ölkələrdə terror aksiyalarını İŞİDA törədib. 2014-cü ilin avqustunda İŞİD-ə qarşı beynəlxalq hərbi koalisiya yaradılıb. Eyni zamanda İraq və Suriya ordusu, kürd silahlı birlikləri İraqda İŞİD-ə qarşı böyük əməliyyatlar keçirib. Son məlumatlara görə, İŞİD İraqda ələ keçirdiyi ərazilərin 45 faizini, Suriya və Liviyada isə üçdə birini itirib. Lakin buna baxmayaraq, qruplaşma hələ də çox güclüdür. Təkcə bu ilin əvvəllərindən bu yana İŞİD Suriyada Palmira (Tədmur), Menbic şəhərlərini, İraqda isə Fəlucca şəhərini itirib. Torpaqlarla yanaşı, İŞİD gəlirlərinin də böyük hissəsini itirib. Qərb mediasının məlumatına görə, həm neft qiymətlərinin kəskin ucuzlaşması, həm də böyük ərazilər itirməsi nəticəsində vergilərin azalması İŞİD-in gəlirlərinə ciddi təsir edib. Lakin hazırda qruplaşmanın neftdən aylıq 20 milyon dollar, vergilərdən isə bunun iki qatı qədər gəlir əldə etdiyi ehtimal olunur. Ancaq qruplaşmanın ən böyük itkisi, ekspertlərə görə, canlı üzvlərinin sayının azalmasıdır. Araşdırmalara görə, 2014-2015-ci illərdə, yəni təşkilatın ən parlaq vaxtında İraq və Suriyadakı İŞİD üzvlərinin sayı 80-100 min nəfər arasında dəyişib. Ancaq ötən iki ildə aramsız savaşlar və hava bombardmanları nəticəsində İŞİD-in 25 mindən artıq silahlı itirdiyi ehtimal olunur. İŞİD üçün ən təhlükəlisi isə qruplaşmaya yeni terrorçu cəlb etmək imkanlarının azalmasıdır. Kəşfiyyat analizlərinə görə, ötən illərlə müqayisədə hazırda İŞİD-ə yeni üzvlərin cəlb olunması 90 faiz azalıb. Bu isə daha çox həm qruplaşmanın savaşda məğlubiyyətləri, eləcə də Türkiyə sərhədlərinin möhkəmləndirilməsi, dünya ölkələrində nəzarət sisteminin güclənməsi ilə əlaqədardır. Ancaq yeni üzvlərin cəlb olunmasında azalmaya rəğmən İŞİD yeni-yeni ölkələrə yayılmaqda davam edir. Eyni zamanda paralel olaraq İŞİD-in terror törətdiyi ölkələrin coğrafiyası da genişlənir. Bunu isə bir neçə amillə izah etmək olar. Birincisi, İŞİD İraq və Suriyada birbaşa silahlı toqquşmalarda məğlub olub geri çəkildiyi üçün indi daha çox fərqli ölkələrə yayılmaq və daha zəif və əlverişli bölgələrdə ortaya çıxmaqla həm ömrünü uzadır, həm də diqqəti dağıdır. İkinci səbəb, İŞİD mövcudluğu və gücü onun törətdiyi terror, silahlı hücumlarla paralellik təşkil edir. Çünki törətdiyi terror aksiyaları bu qruplaşmanın hələ güclü olduğu, onu məhv etməyin elə də asan olmadığı, eyni zamanda dünyanın harasında olursa-olsun “bütün kafirlərə qarşı” savaşdığını göstərir. Və nəhayət, üçüncü mühüm səbəb bu terror aktları və silahlı hücumlar İŞİD maddi gəlir qaynağı, eləcə də yeni üzvlər cəlb etməsi üçün əsas təbliğat vasitəsidir. Çünki qruplaşmaya yeni üzvlər və dəstəkçilər məhz bu cür aksiyalar nəticəsində cəlb olunur. İŞİD təbliğatçıları bilirlər ki, davamlı məğlubiyyət xəbərləri və fəaliyyətinin zəifləməsi qruplaşmaya diqqəti azaldacaq. Bu səbəbdən də İŞİD dünyanın istənilən nöqtəsində adının hallandırılmasında maraqlıdır. Buna görə də bəzən heç bağlılığı olmayan terror hadisələrini də İŞİD öz üzərinə alır. Yaxın Şərqdə yaranmış böyük xaos və qarmaqarışıqlıq, müsəlman ölkələrindəki ideoloji boşluq, dini hökmləri təhrif olunması, uzun illərdir davam edən qeyri-demokratik, zorakı hakimiyyətlər nəticəsində formalaşmış nifrət son nəticədə İŞİD kimi bir savaş və terror qruplaşmasını meydana çıxardı. İŞİD 21-ci əsrdə zorakılığın və savaşın təşkilatlanmış şəklidir. 100 il əvvəl bu gün İŞİD-ə qoşulan insanlarla eyni xarakterdə olan insanlar başqa qruplar, sol inqilabçı hərəkatlara, ya da anarxist qruplara qoşulurdu, 50 il əvvəl isə zorakılığın ünvanı başqa ideologiyalar və qruplar idi. İndi isə İslamdır, din bu radikal qrupların savaşlarını legitimləşdirmək vasitəsidir. Bu səbəbdən də indi dünyanın qarşısında dayanan əsas problem bir qruplaşmanın məhv edilməsi deyil, onu yaradan şəraitlərin aradan qaldırılmasıdır. Bu şəraitlər isə həm şərqdə, həm də qərbdə hələ çox münasibdir. (musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler