Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndiyecen bele qorxaq naxçıvanlı görmemişdim…”

06 Temmuz 2016

3:48 am


06/07/2016 [07:47]: xeber –
Arxa məna gözləmədən, kimsəni qorumadan, kimsənin marağını güdmədən, sonucları düşünmədən yazdım bu yazını. Özgür jurnalist, azad qadın olaraq yazdım. Yazının özəlliyi gerçəkləri dəqiqliyilə əks etdirməkdədir. Əlbəttə mənim baxışımla (bu baxış kimlərinkiləsə üst-üstə düşməyə bilər). Bu mənim hekayəmdir. Onu mən özüm danışıram. Kitab diliylə yox, radio, televiziya diliylə-canlı, ünsiyyət qura-qura. Qarşımdakını hiss edərək, gözlərinə baxaraq. Belə öyrəşmişəm, belə daha xoşdur. Bu hekayətin tək qəhrəmanı mənəm. Burada obrazın adı MƏN-dir. Qalanların hamısı ətrafımdakılardır-yaxşı, pis və laqeyd adamlar, yaxşı, pis əməllər, mənim görüb-duyduqlarım.Həyatda mütləq anlamda “yaxşı, pis” olduğunu düşünmürəm. Hər şey nisbidir, mənim pis adlandırdıqlarımı kimlərsə özünə ideal seçər, dostlarım kimlərinsə düşməni ola bilər. Oxucudan bircə xahişim var: mənə kiminsə övladı, bacısı, arvadı, valideyni, dostu, qohumu prizmasından baxmasın. Qəbul etdiniz, etmədiniz, mənə Mən kimi baxın.“Böyük oyunlar qurucusu Arif Alışanovun yönləndirməsi,  proqram direktoru Məmmədəli Zülfüqarovun xahişilə Nizami Xudiyevə elədiyim yaxşılıq burnundan gəlsin”.Əvvəlini bu linkdən oxuya bilərsiniz— moderator.az/news/143268.htmlÇəkilişdən işə qayıtdım. Mamed də mənimlə gəldi. Bir fincan çay süzüb masamın arxasına keçməmiş telefon zəng çaldı, zəng edən xanım məni və iş yoldaşım Validəni teleşirkətin Kadrlar idarəsinə çağırdı. Getdik. Kadrlar şöbəsinin müdiri Mansur Bayramovun mənə birinci sözü bu oldu:– Sizinlə müqavilə bağlanmayacaq. İşdən azad olunursan. Əlindəki verilişi tamamla, vəsiqəni təhvil ver, mühasibatla hesablaş.– Nəyə görə?-Heç nə deyə bilmərəm.-Axı mən martın 31-də növbəti üç ay üçün müqaviləyə qol çəkmişəm. 12 gündür yeni müqavilə ilə işləyirəm. Iki veriliş hazırlamışam. Biri efirə gedib…-Nizami Xudiyev sizin müqaviləyə qol çəkməyib.Sonradan öyrəndim ki, sədr müqavilələrə ancaq müddət tam bitəndən sonra qol çəkilr. Müqaviləni istədiyi vaxt birtərəfli qaydada poza bilmək üçün. Baxa-baxa qalmışdım. Izahat gözləyirdim.– Söz verirəm, bir aydan sonra zəng edin görüşək, bütün suallara cavab verəcəm.Sağlamlığını qoru, çalış bir xəstəlik tapmayasan.Təəccübləndim; bu adam iki daşın arasında niyə rəsmiləşir, sonra nədən səmimiyyətə qayıdır ki?Deyəsən oğlunun oxuduğu 160 nömrəli məktəbdən onun xahişilə təzəlikcə veriliş hazırlamağım köhnə vəkilin, keçmiş (keçmiş-?) mtn-şikin yadına düşmüşdü, özünü yaxşı adam kimi göstərmək istəyirdi. Ona nə deyə bilərdim. Onda elə bilirdim  suçsuz, əmr quludur. Belə deyilmiş.Əslində qəfil işdən çıxarılmaq  xəbəri mənim üçün o qədər də gözlənilməz deyildi. Ara-sıra ayağıma dəyən daşların bir gün başıma düşəcəyini gözləyirdim. On gün qabaq müxalifətin “Qələbə” meydanındakı böyük mitinqindən sonra qardaşım zəng edib “səni işdən çıxaracaqlar, bu gün Xaliq mitinqi aparanda çox zilə çıxdı,  Ramiz Mehdiyevə ilişdi”-demişdi. Qardaşımın uyarısını təbəssümlə qarşıladım. Ona niyə inanaydım, mən belə mitinqlərin çoxundan salamat çıxmışdım. Hamı mənim kimin həyat yoldaşı olduğumu bilirdi. Biz bu şirkətdə evlənmişdik, toyumuza iş yoldaşlarımız gəlmişdi, yoldaşımı sevməyənlər belə onu ən əqidəli adam kimi dəyərləndirirdi. Mənimlə kimsənin işi yoxdu. Rəhbərlik hətta çoxlarının həsrətlə baxdığı efirə çıxmağa, aparıcılıq etməyə belə icazə vermişdi. AzTV-də “Birimiz-hamımız”adlı müəllif verilişi hazırlayıb efirə çıxmaq istəyəndə elə bildim icazə verməyəcəklər. Verdilər. Aparıcı – müəllim obrazı seçmişdim.Verilişdən sonraMəsləhət üçün diktor Ofeliya Sənaninin yanına getdim.-Ofeliya xanım, necə edim ki, efirdə qəşəng, eyni zamanda ciddi görünüm, aparıcılığım uğurlu alınsın?-Profildən daha yaxşı görünürsən, sol profildən əyləş. Geyimlərinə fikir ver, açıq, rəngbərəng olmasın. Çəkilişdən qabaq güzgünün qarşısında  gözlərinə baxaraq məşq elə. Üz hərəkələrini nizamla, baxışlarını tənzimlə, ekrana düz bax. Tamaşaçı gözünü görsün ki, sənə inansın. Təmkinli ol, pis şeyləri yaddan çıxart, çəkiliş zamanı heç nəyə əsəbləşmə, təbəssümünü əsirgəmə.Ofeliya xanımın məsləhətləri sayəsində ötən illərin videoçəkilişlərini indi belə utanmadan kimlərəsə göstərə bilirəm. Özüm də qəribsəyəndə təkrar-təkrar baxıram. Çoxlu səhvlər tapıram. Amma keçmiş ola.Natura çəklişlərini hər zaman profesionalların müəllimi, operator  Nəriman Şıxəliyevlə edirdim. Nəriman müəllimlə işləmək üstündə redaksiyada aramızda dava düşürdü. Arıq, uzun adamdı, bir az almanlara, bir az da ingilislərə bənzəri var. Bu yaşacan onun qədər çox yemək yeyən belə arıq birini görməmişəm. Çəklişlərdə çox yeməyinə maraqla baxdığımı görüb “ehtiyat yığıram, bəlkə sabah olmadı” deyirdi. Əlavə də edirdi:  “Mədəm hissələrə-bankalara bölünüb. Yeməyin yeri ayrıdır, suyunki ayrı, meyvəninki lap ayrı. Şirniyyat bankası bir az böyükdür”. “İnsanın yaşı göründüyü qədərdir” deyirlər ha, bu söz Nəriman müəllimə aiddir. Az qala 150 yaşı var, 45 yaşında görünür. Tfu, yaman gözə. “Getdik” komandasından qabaq o mənə “Sofi Loren, 25 yaşında. 90-60-90 görünmək istəyirsən, onda gülümsə”-deyib işə başlardı. Mən bilirdim ki,  dodaqlarım Sofi Lorenin dodaqlarından, gözüm gözündən, boyum boyundan az, çəkim çəkisindən çoxdu. 90-60-90 olmağımdan iyirmi il keçib. Yenə  Nəriman müəllimin bənzətməsi könlümü açırdı. Daha pozitiv olurdum. Veriliş hazırlayarkən “onu çəkmə, bunu az göstər, filankəs danışmasın, dəqiqəsini az elə” kimi göstərişləri çıxsaq, əsasən ciddi qadağalarla üzləşmirdim. Sadəcə ildə bir yol dekabr ayının ikinci bazar gününə düşən, YUNİSEF-in maddi dəstəyilə(qrantı ilə) keçirilən televiziya uşaq bayramının canlı yayımında iştirakıma icazə verilmirdi. Canlı yayımlara o zamanın prezidenti Heydər Əliyev də qatılırdı, yəqin ona görə. Bəlkə də Tanrının düzənidi, indi televiziyada uşaq bayramı olmur. AzTV həmin ərəfədə H.Əliyevin anım gününə köklənir. Əslində məni “Uşaq günü”ndən tam uzaq tutmurdular. Könülsüz də olsa axsaq bir süjet tapşırır, ona 50  dollar qonorar  yazırdılar. YUNİSEF-in ödədiyi 10-15 min dolları 15-20 nəfərin arasında bərabər olmayan bölgü ilə bölürdülər. 20 nəfərin içində sədr də vardı, müavinləri də, baş mühasib də. Hələ mən musiqi kollektivlərinin tədbirə qatılan H.Əliyevin qarşısında rəqs etmək üçün nələrdən keçdiklərini demirəm. Pullar qalaq-qalaq yığılırdı.  Redaksiyada bir-iki nəfər vardı ki, onlara o 50 dollar da çatmırdı. Mən bir azacıq narazılıq etmək istəyəndə baş redaktor onları gözümə soxurdu.O zamanlar ayda iki-üç veriliş hazırlayır, bəziləri kimi “yağ içində böyrək kimi” bəslənməsəm də sıradan bir  həyat yaşayırdım. Bəlkə də doqquz il öncə-1993-də, o dolaşıq hakimiyyət dəyişikliyindən sonra  məni AzTV-dən çıxarsaydılar, daha sakit qarşılardım, taleyimlə barışardım. İndi barışıq mümkünsüzdü. Həyatın gətirdiklərinə görə mən suçlu deyildim.“Böyük oyunlar qurucusu Arif Alışanovun yönləndirməsi,  proqram direktoru Məmmədəli Zülfüqarovun xahişilə Nizami Xudiyevə elədiyim yaxşılıq burnundan gəlsin”-Mansurun otağından çıxanda bunu düşünmədiyimi deyə bilmərəm. Həyəcan içində Kamran İbrahimovun otağına qalxdım. Başı ovcunda məni gözləyirdi. Onun belə hallarını görmüşdüm. Adam hər situasiyaya uyğun görkəm almağı, səsinin tonunu, baxışlarının təsirini dəyişməyi gözəl bacarırdı. Heç bir sualıma cavab vermədi. Başını yırğalaya-yırğalaya “mən bilmirəm, məndən heç nə soruşma, bilmirəm, get Nizami müəllimdən soruş, Mansur desin”-deyib təkrarladı. Hələ mən indiyəcən belə qorxaq naxçıvanlı görməmişdim. Məni qəbul edib kişi kimi söhbət etməyə cürəti çatmayan Nizami Xudiyevi də o sıraya yazsaq, heç sonralar da görmədim.-Siz bundan sonra necə yaşayacaqsınız?-deməyə ayrı söz tapmadım. O üzümə baxmadan:-Bilmirəm, yaşamayacam, öləcəm. Neçə gündür onsuz da yaşamıram-dedi.Qapını çırpıb çıxdım. Ənvər qapının ağzında durmuşdu, tez özünü içəri atdı. Bu İbrahimovla son görüşüm oldu.İrəli, geri AzTV-də işləyən kimsə öz xoşuna Kamran İbrahimov barədə xoş söz söyləməz. Uzun illər ondan yaxşılıq görən olmayıb. Hər türlü sifətə açıq adamdı-bu sözümü kompliment kimi qəbul edin. Amma niyəsə Azərbaycan hökuməti 10 ildir ona ayda 1500 manat prezident təqaüdü verir. Görünür, AzTV sədri A.Alışanov bu adamı işdən çıxartmağın ayrı yolunu tapmayıb.Baş redaktorun otağına bitişik iş otağımıza gəldim. Bizim otaqda Mameddən savayı kimsə qalmamışdı. Mən kadrlar idarəsində olanda çıxıb getmişdilər. Demək işdən çıxarılacağımı çoxları bilirmiş. Nə etməli, iş yoldaşlarını seçmək olmur…Hansısa 8 Martda K.İbrahimovun yanında əyləşmişəmRejissorum Məmməd Quliyev yaşca məndən böyükdü, amma ona “Mamed müəllim” deməyə qoymurdu. “Məni nöş qocaldırsan”-deyirdi. “İstəsəm 25 yaşında qızla evlənərəm”. Onda mənim 37 yaşım vardı, Mamedin dedikləri beynimə batmırdı. Sonra gördüm ki, səhv edirəm. Dediklərinə görə Mamedin  qəşəng arvadı olub, cavan rəhmətə gedib. Mamed ondan sonra evlənməyib. İki qızı, bir oğlu vardı-onlar üçün çalışırdı. Dünyanın bütün bicliklərini bilən birisiydi, amma mənə qarşı həmişə təmiz və mehriban, diqqətli olub. Mamed qədər mənə dəyər verən, hörmət edən, incitməkdən çəkinən iş yoldaşım olmayıb. Hər dəfə nəyə görəsə ona təşəkkür edəndə “a, elə demə, mən səni çox istəyirəm, inciyərəm”-deyirdi. Hərdən olurdu, sözümüz çəpləşəndə “Məhəmməd müəllim,” müraciətindən sonra sözümü çevirmirdi. Bilirdi ki, ordan o yanası yoxdur. Olurdu, səhv məndə olurdu, üzr istəyirdim. “Ona görə çox istəyirəm də səni” –deyirdi. İndi Mamed də işləmir. Hər bayramda zəng edir. Ta telefonu götürənəcən əl çəkmir. “Fimaaar, necəsən? Yaxçısan? Həriii? Mən də yaxçı olaram, şoğərib davleni qoysa…bilmirəm bu davleni məndən nə istəyir”. Deyirəm, “nə istəyəcək, Mamed, səninlə dost olmaq istəyir”-gülür, “hahaha, əla dedin, ona görə çox istəyirəm də səni”. Mamedin məni çox istəməyə min bir bəhanəsi var. Olsun! “Sağ ol, Məmməd müəllim! Baxma ki bir dəfə də olsun səni axtarmıram, amma mən də səni çox istəyirəm”-bunu heç vaxt onun özünə deməmişəm, amma yazıya saldım.  Mamed “yaxşı oğlandır“-deyirdi  Səyyarə xanım. “Oğlan” sözü məni gülümsədirdi. İndi özüm yaşıdlarım barədə danışanda “qız, oğlan”-kəlmələrini işlədirəm. Nə qəribədir, bu dünyada hamı tapdanmış yollardan keçir, elə bilir təzə cığır açıb. Bu yollarda kimi yeriyir, kimi yüyürür, kimi sürünür, kimi xərçəng kimi geri gedir. Kimi büdrəyir, kiminə badalaq vururlar, güclülər, fərasətlilər, fırıldaq adamlar talelərini özləri yazırlar. Tanrının gözündən yayınmağı bacarmaq da fırıldaqla olur.“Məni işdən çıxardılar”-deyəndə Mamed o dünyanı görüb gəldi. Bəlkə də ilk anda bir şey anlamadı. Gözləmirdi. “Nöşüüün?…” Gözümü ondan gizlədib çiynimi çəkdim. Mənim işdən çıxarılmağım Mamedin redaktorsuz, özü demiş ”yetim” qalmağı deməkdi.  Adamın səsi batdı.  Bir şey izah edə bilmədim.Sədr Nizami Xudiyevin qəbul otağına gedib köməkçisi Nürəddinə onunla görüşmək istədiyimi söylədim. Ənənəvi cavab aldım:”Sədr yerində yoxdur”. “Olan günü olmasın”-bilmirəm bu sözləri ürəyimdə dedim, ya ucadan, baxışlarından hətta əldə-ayaqda dolaşan köməkçi Fərmanın da məsələdən xəbərdar olduğunu anladım.Otağa qalxıb sədrin adına  ərizə yazdım, aparıb Ümumi şöbəyə verdim. Işdən qanunsuz çıxarılmağıma etirazımı bildirir, sədrin məni qəbul etməsini istəyirdim. Sadəlövhlükmüydü, təcrübəsizlikmi, axmaqlıqmı? Bilmirəm. Susqunluqlarından Ümumi şöbədəkilərin də durumdan xəbərdar olduqlarını anladım. Aydın İmanovun gününə düşmüşdüm. Üç min nəfərlik şirkətdə hamı hər şeyi bilir, məndən savayı. Həyat adama başına, gözünə döyə-döyə öyrətməyi sevir. Niyə belə?Mənimlə eyni gündə Validə Vəliyeva adlı xanımı da işdən çıxardılar. Ona acıdım, amma öz hayımda idim. Özümə heç cür yer tapa bilmirdim. Beynimdə milyonlarla cavabsız sual vardı. Cavabsızmı? Özüm-özümü aldatmaq istəyirdim. İnsanın özünü aldatmağa çalışması çarəsizliyin əlamətidir. Çarəsizliyin qolları arasında çırpınır, məngənəsində əzilirdim. O mənim boğazımı var gücüylə sıxırdı. Böyük gərginlik içində evə gəldim. Kimsəyə bir söz demədən çarpayıya uzanıb səssiz hönkürdüm. Səssiz hönkürməyi necə bacardım, bilmirəm. Doyunca ağlayıb boşalandan sonra yuxuya getdim. Yarıyuxulu eşitdim ki, xəbər qonşuluqda yaşayan rəfiqəmə çatıb, o da məni görmək üçün əri ilə bizə gəlib. (Rəfiqəmin əri həkimdi, çooox gözəl insandı, heyif ondan, bu qış qəfil rəhmətə getdi). Kimsəni görmək istəmirdim. Mansurun xəbərdarlığı yadıma düşdü: çalış xəstələnmə. Görünür depressiyaya düşə biləcəyimi nəzərdə tuturmuş. Özümü ailəmlə ovundurmağa çalışdım, bir qədər bacardım da. Ürəyimdə məni ailə qurmağa itələyən Rəfiqə xanıma minnətdar oldum. Belə məqamlarda adamın yadına birinci Allah düşür.12 aprel gününün acısını mənə yaşadan hər kəsi Allaha tapşırdım. Onlara ölüm yox, ölümdən betər gün arzuladım. İşim həyatımın mənası, özgüvənim idi. Mən bu mənanı, güvəni itirmişdim. Gerçəkdən itirdim, tapmadım da.Daha bir neçə gün işə gedib verilişimi yekunlaşdırdım. Uşaqlar üçün “Səda” informasiya proqramını hazırlayırdım. Bu verilişi 1992-ci ildə AzTV-də Məti Osmanoğlu açmışdı, ilk redaktoru olmuşdu. Sonralar , 2000-ci ildə Lider televiziyası açılanda, informasiya proqramlarına “Səda” adı verəndə Kamran İbrahimova dedim, icazə verin Müəllif Hüquqları Komitəsinə (onda komitə idi)  müraciət edim, hüququmuzu qoruyum. “Başına iş qəhətdir, bilirsən o televiziya kimindir? Məni də sənə qatıb it kimi qovarlar burdan”-cavabı aldım. Onda “it” sözü məni bir elə diksindirməmişdi. Sən demə“it kimi qovulmaq”dan qorxub “İt ömrü” yaşamağı şərəf bilənlər varmış. Mən rejissor Aydın İmanovun“Kamranın cikinə də bələdəm, bikinə də”- deyibs ovet dönəmiylə bağlı olaylardan danışıdıqlarına, adamları necə gözdən salıb işdən çıxartdırdığına, badalaq vurub aşırmalarına inanmamışdım. Mənim kimi insanların ən böyük səhvi ətrafındakların deyil, öz səhvləri üzərində öyrənməsi, “bu mənimlə baş verə bilməz”  deyə arxayınlaşmasıdır. Həmin günlər kimsə mənim yanımda olmadı. İş yoldaşlarımın hamısı soyuqqanlıqla halıma təəssüfləndilər. Düzdür,  bir neçə ay sonra bəziləri gizli yolla mənə dəstək oldular, ayrı adla qonorar da ala bildim, sağ olsunlar. Amma bu sonralar oldu, həmin günlər hamıdan ürəyim qırıldı. Mən işdən çıxarılanda televiziyanın Uşaq redaksiyasında 25-30 işçi vardı, indi orda köhnələrdən cəmi 3 nəfər qalıb. “Persona non qrata” elan olunduğum gündən sonra baş redaktorla heç rastlaşmadım, o otağından çıxmır, mən onun otağına girmirdim. Ancaq sədrin yanına gedib-gəlirdi. Sədr məni qəbul etmədi. Başladığım verilişi yekunlaşdırmaq üçün əmin- arxayın  daha bir həftəişə gedib- gəlməyimə dözməyən Kamran İbrahimovun təkidiylə Mansur Bayramov mənə zəng edib vəsiqəmi təhvil verib-verməməyimdən asılı olmayaraq sabahdan  teleşirkətin giriş qapısından içəri buraxılmayacağımı bildirdi. Bu ultimatumla həyatımın  böyük bir parçası, mənası olan AzTV dönəminə son qoyuldu.Sonuncu gün “Səda”nın efir vaxtını aprelin 12-də dərsində çəkiliş etdiyim köhnə tanışımız Ağgül müəlliməyə deyəndə işdən çıxarıldığımı da söylədim. Ağgül özünə qarğış elədi:”Allah məni öldürsün, yəqin mənə görə çıxardılar”. (Yəni pulsuz çəkilişə görə).Bu istiqanlı qadını birtəhər sakitləşdirdim. Baş verənlərin onunla bağlılığı olmadığına inandırdım. Mən işdən çıxandan üç il sonra Ağgül müəllimənin həyat  yoldaşı Yaşar Sadıqov qəfildən dünyasını dəyişdi. Ağgüllə, Yaşarla biz bir kənddə yaşamışdıq. Onların hər ikisinə mənim atam, anam dərs demişdi. İşsiz qalıb kasıbçılıq çəkdiyimiz illərdəYaşarın bizə çox köməyi dəymişdi. Həm maddi, həm də mənəvi. Yaşardan bir neçə il sonra Ağgül müəllimə avtomobil qəzasında dünyasını dəyişdi. Mənim də ürəyimdə nisgil qaldı; Ağgül özünə qarğış eləmişdi axı. Mənim Allaha tapşırdığım adamlara isə ciddi bir şey olmadı, sadəcə çətin günlər yaşadılar. Bir az tez, bir az gec, bəziləri işini itirdi, bəziləri də sağlamlığını. Mənsə özümü. Bir də fincanda süzülü qalan çayımı. İnsanlara münasibətimsə büsbütün dəyişdi. Sevinc yerini kədərə, sevgi yerini nifrətə verdi. On üç il belə keçdi. Əlli səkkiz yaşa çatıram. Rəqəmin ağırlığı məni yaman sıxır.Fimar Asimqızı…Davamı 8 iyulda…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler