Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev müharibe düymesini basdı?!

11 Ekim 2016

6:36 am


11/10/2016 [10:34]: xeber –
Prezident İlham Əliyevin hökumətin iclasında Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi fikirlər şok effekti yaradıb. Qeyd edək ki, dövlət başçısı faktiki olaraq Azərbaycanın təslimçi sülhə vadar edildiyini təsdiqləyərək “bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin” deyib. Prezidentin son açıqlamaları isə ondan xəbər verir ki, əslində Ali Baş Komandan cəmiyyətin bütün kəsimlərinə Vətən müharibəsinə hazır olmaqla bağlı mesaj verib və hər kəsi səfərbər olmağa çağırıb. Bu, həm də mənasız, Azərbaycanı təslimçi sülhə vadar etmək niyyətinə xidmət edən danışıqlardan imtina anlamı verən fikirlər kimi də anlaşıla bilər. Belə olduğu halda ölkədəki ictimai-siyasi qüvvələrin də Qarabağ məsələsində mövqeyi bir-birindən fərqlənməməlidir. “Hər halda, danışıqları aparan tərəf hakimiyyətdir və hakimiyyət indiyə qədər ictimaiyyətlə bu məsələləri müzakirə etməyib. Prezidentin belə bir mesaj verməsi yəqin ki, çox ciddi səbəblərdən xəbər verir”. Ümid Partiyasının sədri İqbal Ağazadə bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi.  Partiya rəhbəri mövcud situasiyada müzakirələri vacib sayır: “Azərbaycan müxalifəti həmişə bəyan edib ki, ümummilli məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində istənilən məsələni müzakirə etməyə və istənilən vahid qərarı qəbul edib sona qədər o qərarı icra etməyə hazırıq. Ona görə də burada kiminsə fərqli mövqe tutacağını güman etmirəm və güman etmək də lazım deyil. Ona görə də bu məsələdə açıq, səmimi, bir millətin övladları kimi hər kəs ortaq mövqe sərgiləməlidir. Amma təşəbbüs hakimiyyətdən gəlməlidir. Hakimiyyət bu məsələləri açıq mümkün deyilsə, qapalı da olsa, müzakirə etməlidir”.İ.Ağazadə hesab edir ki, müzakirələrin parlamentdə keçirilməsi vacib deyil: “Prezident bunun üçün əlahiddə qaydada siyasi partiyaların nümayəndələrini də bir yerə yığa bilər”. Qarabağ mitinqlərinin keçirilməsi təşəbbüsünə gəldikdə, İ.Ağazadə bildirdi ki, əvvəlcə müzakirələr aparılmalıdır: “Müzakirə olmalı və müxalifət də bilməlidir ki, vəziyyət nə yerdədir. Bundan sonra ümummilli mövqe formalaşdırılmalıdır. Hələ biz bilmirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləridirmi bunu istəyən, konflikti həll etməli olan beynəlxalq təşkilat, yoxsa ayrı-ayrı dövlətlərdir.  Bunların hamısı bilinməli, müzakirə olunmalıdır. Ümummilli mövqe formalaşdırandan sonra hər şey etmək olar. Xalqla da təmasa keçmək, müzakirələr də keçirmək, yaxud ümumi bir bəyanatın altına imza da atmaq olar”. Ümid sədri dedi ki, Cənubi Qafqazda müharibənin alovlanması perspektivi çox zəifdir: “Lokal şəkildə nələrsə ola bilər, amma çox qısa zamanda. Həm iri dövlətlər, həm region dövlətləri prosesə qoşularaq bu döyüşləri dayandıracaqlar. Vəziyyəti müzakirə edib yeni variantlarla yeni danışıqlar mərhələsinə çıxmaq lazımdır”.YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a dedi ki, son bəyanatı ilə prezident Dağlıq Qarabağla bağlı mövqeyini ortaya qoyub: “Ayrı-ayrı parlamentlər, siyasi qruplar, təşkilatların Azərbaycan əleyhinə çıxışlar etməsinin səbəbi bundan ibarətdir ki, onlar Azərbaycana Dağlıq Qarabağın ”müstəqilliyini” tanıtdırmaq istəyirlər.  Biz bütün dünyada erməni lobbisi, onların himayədarları ilə mübarizə aparırıq”. YAP-çı deputat əmindir ki, Qarabağ məsələsində iqtidar və xalq bir yerdədir: “Azərbaycan xalqı bütövlükdə prezidentin bu siyasətini dəstəkləyir və bu siyasətin arxasındadır. Aprel döyüşlərindən sonra Azərbaycandakı əksər QHT-lər, siyasi partiyalar, müxalifətdə olan qüvvələr, mətbuat orqanları – Milli Şura, Əli Kərimli, onun ətrafındakı dəstəni çıxmaq şərtilə – bir yerdə Azərbaycanın milli maraqlarından, prezidentin mövqeyindən çıxış etdi. Qeyd etdiyim qrupdan başqa, Azərbaycanda Qarabağ məsələsinə münasibətdə fikir ayrılığı yoxdur. Şahid olduq ki, Azərbaycan gəncləri bayrağımızı götürüb küçələrə çıxdı, hər biri döyüşə getməyə hazır olduğunu bəyan etdi. Ondan əvvəl Ermənistan belə bir mif yaratmağa çalışmışdı ki, nə qədər çox zaman keçsə, yeni nəsil Qarabağı unudacaq. Lakin aprel hadisələrindən sonra bunun əksini gördülər. Ona görə də həm ermənilər, həm də onların himayədarları qorxuya düşüb, narahatdır və müxtəlif təzyiq vasitələrindən istifadə edirlər”.  S.Novruzov Qarabağ mövzusunda müzakirələrin aparılmasını da istisna etmədi: “Bir neçə dəfə belə müzakirələr olub. Hətta vaxtilə ümummilli lider Heydər Əliyev ölkədəki bütün siyasi partiya, QHT təmsilçilərini, ziyalıları parlamentdə topladı və dedi ki, təkliflərinizi verin. Amma o vaxt heç kim təklifini ortaya qoymadı. İndi də prezident Qarabağla bağlı bütün addımları atır”. Bəs hakimiyyət cəmiyyətdən, siyasi partiyalardan hansı dəstəyi gözləyir? S.Novruzov: “Dəstək odur ki, hər bir siyasi partiya məsələ ilə bağlı öz bəyanatını verə bilər”. YAP-çı deputat dedi ki, Qarabağla bağlı mitinq keçirmək istəyənlərə problem yaradılmayacaq: “Heç kəs həmin təşkilatların əl-qolunu bağlamayıb. Qarabağ torpağı bütün azərbaycanlılarındır. Burada söhbət təkcə iqtidardan, ya YAP-dan getmir. İstənilən təşkilat Avropa Parlamentinə, BMT-yə, ATƏT-ə müraciətlərini, bəyanatlarını göndərə bilər ki, siz belə bir ədalətsizliyə yol verirsiniz. Bu bəyanatlar birlikdə də ola bilər, ayrılıqda da. Yəni heç bir problem yoxdur, heç kəsin də qarşısı kəsilmir”.“Düşünürəm ki, cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər açıqlanmayan bir sıra məsələləri açıqladı. Bu həm aprel döyüşləri ilə bağlı idi. Eyni zamanda Azərbaycana təzyiq göstərən amillərdən, o cümlədən Rusiya və ABŞ faktorlarını da ortaya qoydu. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi də bir nəticə kimi prezidentin çıxışında yer aldı”. Bu fikirlər isə politoloq Arzu Nağıyevə məxsusdur. Onun sözlərinə görə, bəzi siyasi liderlərin öz karyeraları xatirinə siyasətçiyə yaraşmayan gedişləri də Dağliq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərən amil kimi dəyərləndirildi: “Cənab İlham Əliyev Ali Baş Komandan kimi münaqişənin həllində hərbi yolu heç vaxt inkar etməyib, lakin sülh yolunu, məhz beynəlxalq qanunlara hörmət etməyi daha üstün tutub. Ermənistanın havadarları isə bizə dostluq nümayiş etdirən bəyanatlar verərək münaqişədə status-kvonu saxlamağa çalışıblar. Bir sıra dövlətlər öz silah-sursat bizneslərini daha üstün tutaraq münaqişənin uzanmasında maraqlıdırlar”. A.Nağıyevin fikrincə, onlar həm ermənilərə, həm də bizə silah satmaqla diplomatik gedişlərlə deklorativ bəyanatlarla kifayətlənirlər: “NATO və Rusiya sərhədinin Ermənistan ərazisindən keçməsi də səbəb kimi göstərilsə də, bu, bir bəhanədir. Belə vəziyyət Azərbaycanın hər cürə dəyişikliklərə hazır olması deməkdir, yəni nə qədər sülhdən danışılsa da, Azərbaycan hərbi vəziyyətə də hazır olmalıdır. Bu hamıya – istər iqtidara, istərsə də müxalifətə aid olmalıdır. Yəni prezidentin də qeyd etdiyi kimi, bizim bir Vətənimiz var və onun qorunması aparılan balanslı siyasətlə həyata keçirilməlidir və hamı bu məsələdə bir nöqtəyə vurmalıdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler