Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev: “Dağlıq Qarabağla bağlı danışıqlar prosesinde çox böyük feallıq var”

11 Temmuz 2016

6:52 pm


11/07/2016 [22:48]: xeber –
“2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik”. Bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı vurğulayıb ki, münaqişə tezliklə öz həllini tapmalıdır: “Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var”. Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet məsələdir: “Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıb. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır” Prezident İlham Əliyev Varşavada Fransa prezidenti ilə görüşdüyünü deyib: “Fransa da həmsədr ölkə kimi münaqişənin həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qalib”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler