Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İkinci Ptolomey” – Əli Quşçu

04 Ağustos 2016

12:32 pm


04/08/2016 [16:28]: xeber –
sayt “Aydın yol” qəzetinə istinadən Elmin Nurinin Əli Quşçu barədə yazdığı fəlsəfi esseni təqdim edir: XV əsrin ortaları… Qara buludlar Teymurun əsasını qoyduğu və öz adını verdiyi imperiyanın başının üstündən getməyə hələ ki, tələsmir… Məhz bu buludların altındakı kimsəsiz Səmərqənd çöllərində bir atlı harasa dördnalla çapır. Sanki hər şey onun atının mənzil başına tez çatmasından asılıdır… Doğrudan da belədir – o adam mənzil başına tez çatmasa, xilaskar rolunu oynamasa insanlar çox şeydən məhrum olacaqlar… Atlı tələsməlidir. Bir zamanlar müəllimi, sonra yaxın dostu və məsləkdaşı olan Teymur nəvəsi Uluqbəyin dünyaya səs salacaq elmi irsini mütləq aradan çıxarıb uzqlara  aparmalıdır. Çünki vəziyyət durmadan qəlizləşirdi. Uşaq vaxtından tanıdığı şahzadə Uluqbəy hər zaman at oynatmaq, qılınc çapmaqdan yayınıb meylini kitablara, dərslərə  salsa da zamanın gərdişindən qaça bilmədi. O, da bir tərəfi axsaq olan taxtda oturdu. Bir müddət riyazi hesablamalardan, astronomik proqnozlarından kənarda qaldı. Deyilənə görə, özünü dünyanın ağası hesab edən babası Teymur uşaq vaxtı Uluqbəydən nə istədiyini soruşur.  Sevimli nəvəsinə deyir ki, nə desən sənin üçün edəcəyəm. Bu zaman Uluqbəy ulduzları göstərək deyir: -Bax, mən onları istəyirəm… Sanki Uluqbəyin sonrakı həyatının bütün şifrələri bu sözlərdə cızılır. Elə o sözdən sonra qoca Teymur fikirləşir ki, bundan hökmdar olmaz!  Dünyanın bütün isti-soyuğunu görən, qılıncın iti yerindən də, küt yerindən də yaralar alan Teymurun bu fikri özünü doğrultdu. Elə Teymur xasiyyətində olan Uluqbəy oğlu Əbdüllətif 17 yaşına çatar-çatmaz atasını hiyləgər bir üsulla edam etdirdi. Xəbər Kirmana yayıldı. Bu zaman Əli Quşçu böyük Xacə Nəsirəddinin əsərlərini təhlil etməklə məşğul idi. Amma bu xəbərdən sonra dayana bilmədi. Rəsədxananı xilas edə bilməsə də, oradakı vacib əsərləri qurtarmaq gərək idi… Kimsəsiz çöllərdəki atlı Səmərqənddəki rəsədxanaya tələsən “ikinci Ptolemey”, Şərqin ən böyük astronomu sayılan Əli Quşçudur.. Bu gün onun haqqında danışacayıq. Ömrünü heç bir dövlət işinə deyil, İlahi və dünya elmlərinə həsr edən böyük türk alimi Əli Quşçu. Kirmanda, Səmərqənddə yetişib, Ağqoyunlu Uzun Həsənin və Osmanlı sultanı Fateh Məhmətin yanında böyük izzət sahibi olan Əli Quşçu… O, eşidir ki,  təzə əmir Səmərqənddəki rəsədxananı şeyxlərin fitvası ilə dağıtmaq istəyir. Çünki şeyxlər oranı dinsizlik yuvası adlandıraraq həmən yıxılmasını təklif edirlər. Rəsədxanada isə bir sıra elmləri tədris edən alimlər, tələbələr, elmin müxtəlif sahələrinə aid olan hücrələr, gərəkli astronomiya  cihazları və s var idi. Əli Quşçu bilirdi ki, artıq rəsədxanadakı heyətin əksəriyyəti bundan xəbərdar olub, oranı tərk ediblər. Bir-iki sadiq şəxsdən başqa indi orada kimsə yoxdur. Lakin oradakı ən dəyərli nəsnələr isə Uluqbəyin yazdığı elmi əsərlərdir. Həm onları həm də  başqa dəyərli əsərləri bir kisəyə yığıb harasa getmək lazımdır.  “Əvvəlcə, bir az çörək ver, tələsik çıxdım və bir tikə çörək də özümlə  götürmədim”.  Rəsədxananın qapısını açan gözətçiyə Əli Quşçu ilk olaraq bunu deyir. O, çox  bilir ki, sabah bu gözəl bina yerində olmayacaq. Heç olmasa binanın ruhunu xilas etmək lazımdır. Bütün dəyərli elmi irslərin yerini əzbər bildiyindən çox axtarış etmir. Sonradan dünyanın qəbul edəcəyi elmi yeniliklərlə dolu olan əsərləri özü ilə götürərək yola düşür. Bəs indi hara getməli? Atası Uluqbəyi öldürən xain əmir Əbdüllətif təbii ki, Əli Quşçunun da halına acıyan deyildi. Dövrün böyük astronomu, riyaziyyatçısı olan Əli Quşçu hara getsə idi onu böyük hörmətlə qarşılayacaqdılar. Çünki alimin hesab, mexanika qanunlarına aid şərhləri, xüsusən də səma cisimləri barəsindəki elmi mülahizələri az qala bütün Şərqdə ona məşhurluq gətirmişdi. Amma Əli Quşçu başqa bir yol seçir. Ömrünü Allah elminə həsr etmək, məntiq, din, fəlsəfə istiqamətində əsərlər yaratmaq fikrinə düşür. O səbəbdən də ilk olaraq Həcc ziyarətinə getmək istəyir. Yolu Təbrizdən keçir. Bu zaman Ağqoyunlu dövlətində vəziyyət o qədər də yaxşı deyildi. Uzun Həsən Osmanlı ilə müharibə aparmaq fikrində deyil. O cümlədən Osmanlı da bu savaşı istəmir. Amma artıq ox yaydan çıxıb. Onları barışdıracaq qüvvəyə böyük ehtiyac hiss olunur. Təbrizdən keçən Əli Quşçunu Uzun Həsənin sarayına gətirirlər. Əzəmətli Uzun Həsən özü onu sarayın qapıları önündə qarşılayır. Məclisə gətirir və alimə ən başda yer verir: – Mən çox şadam ki, dövrün böyük alimi bizim saraya təşrif buyurub. Bu bizim üçün də böyük şərəfdir. Amma, siz bir elçilik də etməlisiz. – Mən artıq dünya işlərindən yorulmuşam. Uluqbəy Səmərqənd rəsədxanasının idarəçiliyini mənə tapşırdı. Amma o, öləndən sonra elm evini  qoruya bilmədim. İndi Allah evini ziyarət edib, qalan ömrümü də onun elminə həsr etmək istəyirəm. – Xacə Əli, iki müsəlman ölkəsini barışdırmaq, elə Allah evini ziyarət etmək kimi bir işdir. Bizdən Osmanlı sultanına namə aparmanı təvəqqe edirik,- bənizi ağarmış Uzun Həsən israr etdi. – İki müsəlman və eyni soydan olan ölkəni yenidən qardaşlaşdırmaq bir alimin ən böyük işi olmalıdır. Söhbət burada bitir. Uzun Həsən bir qədər rahatlayır. Nəhayət ki, iki böyük güc arasında savaş səngiyəcək və onların heç biri maddi-mənəvi zərərlə üzləşməyəcəkdi. Səhərisi gün İstanbula yola düşəcək Əli Quşçu isə Təbrizin aylı-ulduzlu gecəsinə baxaraq keçmişinə nəzər salır… O zaman hələ 14 yaşlı bir gənc idi. Bursalı alim Qazızadə Rumi təsadüfi görüşlərin birində onun iti zehninə vurulur və Əliyə şagirdi olmasını təklif edir. Qazızadə sonradan öyrənir ki, Əlinin  atası əmir Uluqbəyin quşbazı olub. Yarı zarafatla onu “quşçu” deyə çağırır. Sonra bütün rəsədxanada hamı Əli yox, Əli Quşçu deyərək xitab etməyə başlayır. Quşçu rəsədxananın ən zirək və bacarıqlı yetirmələrindən birinə çevrilir. Tez-tez həmin rəsədxananın müdiri böyük alim Qiyasəddin Cəmşid Şirazi və müəllimi Qazızadə əfəndi  ilə elmi mübahisələrə girir. Və bir gün də… Səmərqənd kitabxanasında səma cisimlərinə aid araşdırma apararkən öz-özünə nəsə deyinir. Birdən əlinə qonan mayböcəyini bir neçə dəfə  yerə fırlayır. Onun fırlanması ilə səma cisimlərinin hərəkəti arasında oxşarlığı tapmaq istəyir.  Heç xəbəri də olmur ki, həmin dəqiqə arxasında cüssəli bir  əmir, Teymur nəvəsi Uluqbəy dayanaraq onu dinləyir. Əli tanımadığı cüssəli adamı görən kimi özünü yığışdırır.  Uluqbəyi tanımır. Amma onun verdiyi sual qarşısında aciz qaldığı üçün çox məyus olur. Əmir ondan soruşur ki, bəs nə zaman biz səma cisimlərinin, göy üzünün bütün sirlərini öyrənəcəyik? Əlidən cavab gəlməsə də bayaqdan onu dinləyən Uluqbəyin artıq gözləri işıldamışdı. Sakit Təbriz gecəsində Əli Quşçu öz hamisini bu cür kədərli xatirələr içində yad edir. Onu da xatırlayır ki, sonradan bir neçə dəfə Uluqbəylə görüşür, onunla uzun müddət elmi müzakirələrdə olur. İş o yerə çatdı ki, Qazızadə Rumi əfəndi və Cəmşid Kaşani öləndən sonra Uluqbəy onu Səmərqənd rəsədxanasının rəhbəri təyin etdi.   Əli Quşçu həmin günü aydın Təbriz gecəsini seyr edərək çox əla xatırlayır: – Sən o zaman yazdığım “Ulduz cədvəlləri” risaləmə baxıb heç nə demədin,- soruşmuşdu Uluqbəy. – O zaman mən onu oxudum və özümlə rəsədxanaya apardım. – Və sonra onu yenidən yazdın! – Xeyr, əmir! Mən yalnız bir neçə əlavələr etdim. – Xacə Əli, sən böyük alimsən. Səni bütüm dünya tanıyacaq. “Ulduz cədvəl”lərində də mənimlə bərabər sənin də zəhmətin var. Bundan sonra Səmərqənd rəsədxanasına sən rəhbər ol! Oradakı hər şeyə sən cavabdehsən. Yaxşı haqq təyin et. Başqa şəhərlərdən də hesab, nücum alimləri ora gəlsin. Şöhrətimiz daha da artsın… İndi bu dialoqu xatırlamaq Əli Quşçu üçün çox ağır idi. O, Uluqbəyi özünün böyük müəllimi sayırdı. Onu da bilirdi ki, Uluqbəy dövlət işlərində nə qədər naşı olsa da, elm və fəzilət sahibi olması onu düzgün qərarlar verməyə sövq edirdi. Uluqbəy yeganə hökmdar idi ki, kimsəsiz, ucsuz-bucaqsız bozqırları, çölləri Teymur kimi at ayağının tappıltısı, qılınc çaqqıltısı ilə yox, qələmin gücü ilə  birləşdirmək istəyirdi. O, yeganə hökmdar idi ki, birliyi qan və svaaşda yoz, fəzilət və elmdə axtarırdı. Amma heyhat… Artıq Təbriz gecəsi də arxada qaldı. Səhəri xatirələrlə birgə dirigözlü açan Əli İstanbula yol aldı. Gənc fateh hələ o gəlməmişdən qabaq hazırlıqlara başladı. Sarayın nüfuzlu bir adamıni Əli Quşçunun pişvazına çıxardı. Onu “cahan sultanının payitaxtında” hörmət-izzətlə  qarşıladılar. Sultan Məhmət özü alimi qarşıladı. Məqsədindən baki oldu. Sözü çox uzatmadı:”Biz Uzun Həsənlə qardaşıq. Heç bir döyüş olmayacaq”. Siyasətdən, diplomatik gedişlərdən tamamilə xəbərsiz olan sadəlöv alim buna inandı. Amma o bilmirdi ki, çox yaxında Otluqbeli və Malatya ərazisində eyni soydan olan dövlətlər arasında savaş baş verəcək. Hər ikisində Osmanlı qalib gəlsə də bu Ağqoyunlu ilə bərabər onlara da pis nəticələr bağışlayacaq. Ordu  ac qalacaq, zülm altında olan əhalinin vergiləri kəlləçarxa çıxacaq. O, bunları bilmirdi. Çünki sadəcə olaraq Əli Quşçu idi. Siyasətdən, diplomatiyadan kənar olan Əli Quşçu.  Elçiliyi başa vurandan sonra sultan ona maraqlı bir təklif verir. Deyir ki, burada qal. Qoy, ali Osman soyundan olan gənclər sənin elmindən faydalansın. Amma Əli Quşçu Uzun Həsənə söz vermişdi. Bu şərtlə razılığa gəlir ki, əvvəlcə Təbrizə  getməli, Uzun Həsəndən halallıq almalı, işinin müsbət nəticələndiyini bildirdikdən sonra qayıtmalıdır. Fateh razı olur.  Əli Quşçunun sonrakı bütün həyatı İstanbulda keçir. O, hesab, astronomiya, mexanika, qrammatika kimi elm sahələrində əsərlər yazır. Osmanlı elmi onun sayəsində çox irəli getdi. XIX əsrə qədər Əli Quşçunun mexanika və riyaziyyata aid yazdığı əsərlər (onlardan ən əsası Fateh Məhmətə həsr etdiyi “Məhəmmədiyyə” və “Hesab risaləsi” əsərləridi) türk gəncləri üçün əsas dərsliklər oldu.  Amma Ayasofya mədrəsəsində ayına 200 qızıl dirhəm alan, hamının hörmət etdiyi Əli Quşçu 1474-cü ildə vəfat edib Əyyub Sultanda dəfn olunana qədər bir mənzərəni heç zaman unutmadı. O zaman ki, Uluqbəy ölmüşdü və o, çöllərdə kimsəsiz və əlacsız halda atını harasa qovurdu. Məhz o zaman anladı ki, bu türk çöllərində at ayağının tappıltısı heç zaman kəsilməyəcək. Mürəkkəb qoxusu uzun müddət bu çöllərdən gəlməyəcək. Onda Əli Quşçu gələcəyə olan inamını tamamilə itirdi. Sultan Fateh Məhmədin sarayında da yalnız bir missiya üçün çalışdı-türk gəncini qılıncla bərabər qələmlə də silahlandırmaq üçün… Təəssüf ki, ucsuz-bucaqsız bozqırlar hələ  çox, laap çox  həmin qələmdən məhrum olacaqdı…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler