Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İçimizdeki Veten hesreti simi daima titreyir…” – ABŞ-da Azerbaycan musiqisini tebliğ eden xanım

19 Haziran 2016

8:20 pm


20/06/2016 [00:16]: xeber –
sayt-ın
“Qürbətdəki məşhurlar” layihəsi davam edir.

Layihəmizin
bu dəfəki qonağı ABŞ-da yaşayan, nüfuzlu İndiana Universitetində müəllim kimi
çalışan tanınmış Azərbaycan musiqişünası, Bakı Musiqi Akademiyasının professoru
Aida Hüseynova oldu.

– Aida xanım, ilk öncə sizi Vətəndə
xoş gördük. İlk sualım belə olacaq ki, necə oldu ABŞ-a getdiniz və nə zaman
getdiniz?


Çox sağ olun xoş sözlərinizə görə. ABŞ-a ilk dəfə 2000-ci ilin əvvəllərində
getmişdim. O zaman ABŞ-ın dövlət depertamentinin idarə etdiyi bir neçə mübadilə
proqramlarının iştirakçısı olmuşdum. Birinci dəfə Bakı Dövlət Universitenin
İndiana Universiteti ilə apardığı mübadilə proqramı, 2001-2002-ci illərdə isə gənc
ali məktəb müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak etdim. Ondan
sonra Bakı Musiqi Akademiyasında professor kimi fəaliyyət göstərməklə yanaşı
vaxtaşırı olaraq İndianaya gedib gəlirdim. 2007-ci ildə ABŞ-ın  dövlət depertamenti tərəfindən verilən çox
nüfuzlu “Fulbrayt” təqaüdünə layiq görüldüm. Yenə də İndiana Universitetinə
yollandım və bir il ərzində orada  tədqiqatlar
apardım. Bakıya qayıtmağım ərəfəsində İndiana Universitetindən mənə təklif gəldi
ki, orada müəllim kimi çalışım. Sözün düzü, çox düşündüm, götür-qoy etdim, məsləhətləşdim
və qərara gəldim ki, bu təklifi qəbul edim. Çünki dünyanın yüksək nüfuzlu Ceykobz
musiqi məktəbinin müəllimi olmaq böyük şərəfdir. Qeyd edim ki, Ceykobz musiqi məktəbi
İndiana Universitetinin tərkibindədir. Amerika təhsil sistemində bizdə konservatoriya,
musiqi akademiyası kimi tanınan təhsil ocaqları universitetlər çərçivəsində fəaliyyət
göstərir. Ceykobz musiqi məktəbi də İndiana Universitetinin tərkib hissəsi
olaraq ABŞ-da ən çox tanınan, beynəlxalq miqyasda çox yüksək nüfuza malik olan
məktəbdir. Ona görə də düşündüm ki,  orada təcrübə toplasam, mənimçün çox faydalı
olar. Eyni zamanda, uzaq Amerikanın belə nüfuzlu musiqi məktəbində Azərbaycan
musiqisinin tanıtmaq, Azərbaycan musiqisi ilə bağlı layihələr həyata keçirmək
özü də nadir və gözəl fürsət idi. Odur ki, təklifi qəbul etdim və 2008-ci ildən
İndiana Universitetində dərs deyirəm.

– Siz İndiana Universitetinin müəllimi
olmaqla yanaşı, həm də ABŞ-da Azərbaycan musiqisinin təbliğatçısısınız. Orada
çalışdığınız müddətdə bu işin öhdəsindən yetərincə gələ bildinizmi? Hansı çətinliklərlə
üzləşdiniz, nələr daha asan oldu?


Ümumiyyətlə ABŞ-da digər xalqların musiqisinə maraq böyükdür. İstənilən uzaq
ölkənin belə musiqi ənənələrini öyrənməyə, musiqisini eşitməyə çox böyük dəyər
verirlər. Mən də əlimdən gələni etdim ki, həmin mühitdə Azərbaycan musiqisini
tanıtdırım. Yeni kurslar hazırladım, “İpək yolu ölkələrinin musiqisi”, “Musiqidə
Şərqlə Qərbin qovuşması” kimi fənlər hazırlayıb, onları tədris etmək təklifi ilə
məktəb rəhbərliyinə müraciət etdim. Həmin təkliflərim bəyənildi və hazırda gənc
amerikalılar bizim bölgənin zəngin musiqi ənənələri haqqında məhz bu bölgədən gələn
bir tədqiqatçı alimdən və müəllimdən öyrənirlər. Buna ABŞ-da çox böyük dəyər
verilir, çünki sən özün bu mədəniyyətin, ənənənin daşıyıcısı kimi gəlib biliklərini
onlarla bölüşürsən.

– Bilirik ki, siz təkcə müəllimlik
fəaliyyətiylə məşğul deyilsiniz. Bir sıra əhəmiyyətli layihələrin də həyata
keçirilməsində iştirak edirsiniz. Mümkünsə bir qədər də bu barədə danışardınız.


ABŞ-a getdiyimdən bəri bu günə qədər təkcə İndiana Universitetində dərs deməklə
deyil, bir çox digər maraqlı layihələrlə də məşğul olmuşam. Ən nüfuzlu və mühüm
layihələrdən biri böyük muğam ustadımız Alim Qasımovla qızı və tələbəsi Fərqanə
Qasımovayla dünya şöhrətli violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi İpək
Yolu Ansamblı ilə birgə dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının
yenidən işlənib hazırlanması idi. Mən o layihəyə elmi məsləhətçi kimi cəlb
olundum və bir neçə il ərzində həmin böyük musiqiçilərlə bahəm həm məşqlərdə
iştirak etdim, həm də qastrol səfərlərində oldum. Amerikanın bir çox
ştatlarında, Kanadada, Fransada, Qətərdə “Leyli Məcnun”un ifa olundu. Həmin tədbirlərdə
mən konsertlərə giriş sözü ilə, mühazirələrlə çıxış etdim, musiqiçilərin ustad
dərslərində musiqüşünas alim kimi iştirak etdim. Amerikanın ən mötəbər
zallarında Azərbaycan musiqisi səsləndi, konsertlərin sonunda hər kəs ayağa
qalxıb musiqiçilərimizi uzun müddət alqışladı və mən bir azərbaycanlı, musiqiçi
və tədqiqatçı kimi qürur duydum ki, mənim də bu layihədə əməyim var. Hesab edirəm
ki, bu, Amerikada Azərbaycan musiqisinin təbliğinə yardım edən ən önəmli töhfələrdən
biridir. Nyu-Yorkda BMT-nin baş assambleyasının zalında “Leyli və Məcnun”dan
parçalar ifa olundu, bütün dünyanın diplomatik nümayəndələri o musiqiçiləri
ayaq üstə alqışladılar. Belə anlarda açıq-aşkar dərk edirsən ki, azərbaycan
muğamı,  Üzeyir bəyin musiqisi, Füzulinin
şeirləri, tar, kamança nəinki bizim musiqimizin, sözün əsl mənasında dünya
musiqi xəzinəsinin bir hissəsidir.

İndiana
Universitetində tələbələrdən ibarət olan gözəl bir xor fəaliyyət göstərir. Mən universitetin
təklifi ilə həmin kollektivə bir neçə Azərbaycan mahnısı öyrətdim. Universitetin
möhtəşəm zalında xorla birlikdə həmin mahnıları ifa etdik. Bu, böyük və
unudulmaz bir hadisə idi. Gənc amerikalılar bizim “Ay Güləbatın”, “Bəri bax”,
“Gül açdı, bahar oldu”, mahnılarını, eləcə də “Leyli və Məcnun” operasından “Şəbi
hicran” xorunu böyük zövqlə ifa etdilər. Bu layihə çox böyük əks səda doğurdu və
yerli media vasitələri tərəfindən yüksək qiymətləndirildi.

– Amerika insanını Azərbaycan
musiqisində daha çox nələr cəlb edir, daha çox hansı ladları, şöbələri bəyənirlər?

–  Elə düşünürəm ki, dünyanın hər hansı xalqının
gözəl musiqi xəzinəsi varsa, onlar digər xalqın nümayəndəsinin ürəyinə dərhal
yol tapır. Bizim də muğamımızın fəlsəfi dərinliyini hər xalqın nümayəndəsi
duyur və ona qiymət verir. Heç muğamımızın şöbələrini, ladlarını bilməyən dinləyicilər
belə o sənətin dərinliyini, qədimliyini, sarsılmaz qözəlliyini duyurlar.
Ümumiyyətlə musiqi universal bir dildir, ürəkdən-ürəyə körpü yaradan mühüm və
güclü bir vasitədir.

– Bizdə bir çox ifaçılar var ki,
muğamla cazı sintez edirlər. Orada bunu necə qarşılayırlar, özləri də bunu edirlərmi?


Bu işi çox böyük maraqla qarşılayırlar və artıq cazla muğamın sintezinə bələd
olan, Azərbaycana gələn, musiqiçilərimizlə bahəm ifa edən amerikalı ifaçılar da
var. Onlardan biri də Tom Volshdur, saksofon ifaçısıdır, İndiana Universitenin
professoru, caz kafedrasının müdiridir. 15 il öncə Bakıya gəlib bizim yerli caz
ifaçılarımız ilə görüşmüşdü, onlarla birlikdə çıxışlar etmişdi. Tomun bizim caz
ilə bağlı çox maraqlı mülahizələri olmuşdu və mən onun fikirlərini, cazla
muğamın sintezi haqqında düşüncələrini bu yaxında ABŞ-da işıq üzü görmüş
kitabıma daxil etmişəm.

– Kitabdan söz düşmüşkən, qeyd
edim ki, siz Azərbaycan musiqisi ilə bağlı bir neçə kitabın və yüzlərlə məqalələrin
müəllifisiniz. Ancaq təzəlikcə böyük bir layihəniz həyata keçib, “Azərbaycan
musiqisi: muğamdan  operaya doğru” adlı
kitabınız ərsəyə gəlib. Necə oldu ki, bu kitab yarandı?


Bu kitab, doğrudan da, həm vaxt baxımından, həm də sərf etdiyim əmək baxımından
çox böyük bir layihə oldu. 15 il öncə mənim İndiana Universitetində oxuduğum mühazirələrdən
sonra məni dinləyən, musiqimizə artıq bələd olan amerkalı həmkarlarım mənə belə
bir kitabı yazmaq fikri ilə müraciət etdilər. Onlar düşündülər ki, o qədər zəngin
və maraqlı musiqi mədəniyyəti haqqında yazılacaq elmi əsər bütün Amerika
musiqisevərlərinin marağına səbəb ola bilər. Mən də bu fikri qəbul etdim və kitabın
üzərində işləməyə başladım. Kitabın ərsəyə gəlməsi elə də asan olmadı,  əsas çətinliyi onda idi ki, mən sadəcə Azərbaycan
musiqisi haqqında kitab yazmamalıydım. Azərbaycan musiqisi haqqında ingilis
dilli oxucu üçün bir kitab yazmalıydım. Həmçinin bu əsər Amerika musiqişünaslıq
elminin qaydalarına uyğun olaraq yazılmalı idi. Bu layihə ilə məşğul olanda hərdən
elə olurdu ki, uzaqlaşırdım, ümidimi itirirdim. Amma həmişə o düşüncədəydim ki,
belə bir kitab yazılmalıdır, çünki musiqimiz buna layiqdir və bu işdə məsuliyyət
yəgin ki, mənim üzərimə düşür. Bu fikir də mənə işimi sona çatdırmaqda
ilhamlandırdı. Nəşrdən əvvəl kitabım Amerikanın Şərq musiqisi sahəsində fəaliyyət
göstərən aparıcı alimlərinə göndərildi, və onların müsbət rəyini aldı. Bütün bu
sınaqlardan çıxdıq və 12 illik zəhmətdən sonra, 2014-cü ildə İndiana
Universitetinin nəşriyyatı mənə bildirdi ki, kitabı nəşr edəcəklər. Ondan sonra
fotoşəkilləri axtardım, musiqi nümunələri üzərində işlədim. Kitabın maraqlı cəhətlərindən
biri də odur ki, kitaba internet saytı əlavə olunub. Həmin internet saytında
istər audio, istərsə də video şəklində 63 media misalı var. Mən bunları seçərkən
çalışdım ki, musiqimizin ən önəmli nümunələri həmin 63 misalın içərisində təmsil
olunsun. Nəhayət ki, 2016-cı ilin mart ayında artıq mənim əməyimin nəticəsi,
arzum gerçəkləşdi, kitab işıq üzü gördü.

– Belə başa düşdüm ki, İndiana
Universiteti tərəfindən bu kitabın nəşr olunması elə sizin işinizə verilən
böyük dəyər idi. Bəs bu layihə bizdə necə qarşılandı, kitabın haqq etdiyi dəyəri
verə bildilərmi?


Mən kitab haqqında məlumatı yayanda, həmkarlarımın hamısı bu xəbəri böyük
maraqla, sevinclə qarşıladılar. Onu qeyd edim ki, bu kitab ABŞ-da nüfuzlu
akademik nəşriyyat evində müasir Azərbaycan musiqisi haqqında ingilis dilində nəşr
olunmuş ilk və yeganə kitabdır.

Yeri
gəlmişkən, gözəl rəssamımız Sənan Səmədova minnətdaram ki, o mənə “Muğam
üçlüyü” adlanan əsərini kitabın üz qabığında istifadə etmək üçün icazə verdi. Bu
rəsm əsəri İndiana Universitetinin nəşriyyatında çalışan mütəxəssisləri heyrətə
gətirdi və kitabın kitabın üz qabığının tərtibatını həmin rəsm əsərinin üzərində
qurdular.

– ABŞ-da Alim Qasımov və Fərqanə
Qasımovadan başqa hansı sənətçilərimiz tanınır?


Bizim ABŞ-da yaşayan və Azərbaycan musiqisinin tanınmasına böyük tövhələr verən
musiqiçilərimiz də var. Onlardan böyük piano ustamız Çingiz Sadıqovun adını çəkə
bilərəm. Ç.Sadıqov Azərbaycan musiqisini gözəl improvizə edən ustadımızdır.
Vaxtilə nəhəng sənətkarlarımızla – Bülbül ilə, R.Behbudovla, M.Maqomayevlə
çalışıb, hazırda ailəsi ilə birlikdə Kaliforniya ştatında yaşayır. Ç.Sadıqovun
Azərbaycan musiqisinin ABŞ-da təbliğindəki rolu əvəzsizdir. Daha sonra, elə
Kaliforniya ştatında yaşayan peşəkar kamança ustası İmamyar Həsənovu deyə bilərəm.
Həmçinin Azərbaycandan ABŞ-a gedən musiqiçilərimiz də var ki, orada ustad dərsləri,
konsertlər verirlər və tanınırlar. Bu yaxında İsrailin Qüds Simfonik Orkestri
ABŞ-da qastrol səfərində oldu. Həmin qastrol səfərində həmçinin bizim görkəmli
pianoçumuz, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də iştirak
etdi. İstedadlı tar ifaçımız Sahib Paşazadə də həmin konsertlərdə çıxış etdi. Onu
da qeyd edim ki, həmin konsertlərdə Aleksandr Çaykovskinin “Hocalı rekviyemi” əsəri
də səsləndi. Zənnimcə, bu, çox önəmli hadisədir. Bir neçə il öncə mən bizim
görkəmli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə
ilə bahəm Hyuston şəhərində idim. Firəngiz xanımın müəllif konsertləri keçdı,
2011-ci ildə isə Hyuston Opera Teatrında onun”Sənin adın dəniz deməkdir” adlı
operasının premyerası keçdi. Başqa musiqiçilərimizin adlarını da çəkə bilərəm. Bizim
görkəmli kamança ustadımız, hal-hazırda Qədim Alətlər Dövlət Ansamblının bədii rəhbəri
Münis Şərifov çalışdığım  İndiana
Universitetinə təşrif buyurmuş, orada konsertlər, ustad dərsləri vermişdir.
Münis indiyə qədər Bluminqton şəhərində böyük sənətkar və gözəl insan kimi dərin
hörmətlə xatırlanır.

– Bayaqdan bəri sizinlə ancaq sırf
sənətinizdən danışdıq. İndi də istərdim ki, söhbətimizi azərbaycanlı xanımın
qürbət həyatı üzərində davam etdirək. Aida xanım qürbətdə kiminlə yaşayır?


Bluminqton şəhərində gözəl dostlar, dəyərli həmkarlar əhatəsində yaşayıram. Təbii
ki, nostalji hisslər var, başqacür ola da bilməz, amma iş yükü o qədərdir ki, darıxmağa
vaxt yoxdur. Dahi bəstəkarımız Qara Qarayevin bir sözünü tez-tez xatırlayıram.
Q.Qarayev ömrünün son illərini Moskvada yaşayıb və yazıb ki, sən vətəndən uzaq
olanda adi, normal həyatını yaşayırsan, amma daxilində incə bir sim var ki,
daima titrəyir. O, Vətən həsrəti simidir və daima sənin içindədir, heç zaman
susmur. Bəzən onun səsi çoxalır, bəzən azalır, amma içində daima yaşayır. Bu,
bir tərəfdən ağrılıdır, amma eyni zamanda bu simin olması sənin daxili dünyanı
zənginləşdirir. İnsanın daxili aləmində hansısa cizgilər əmələ gəlir ki, o sim
olmadan yarana bilməzdi. Q.Qarayevin bu fikrini oxuyanda bilməzdim ki, bu sözlər
nə zamansa mənə də aid olacaq.

– Azərbaycanın zəngin mətbəxi, gözəl
adət-ənənələri, geyim mədəniyyəti və s. var. Musiqi ilə yanaşı bunları da təbliğ
edə bilirsinizmi?


İndiana Universitetinin çox maraqlı və önəmli cəhətlərindən biri də orada çox
millətlərin birgə olmasıdır. Tələbələrim arasında amerikalılar təbii ki, çoxluq
təşkil edir, amma Koreyadan, Çindən, Hindistandan və digər ölkələrdən tələbələr
var. Orta Asiyadan, Rusiyadan, İrandan dostlarımız çoxdur, böyük Türkiyə
diasporu, Türkşünaslıq kafedrası var. İndiana Universitetində hər il Novruz
bayramı keçirilir və bu bayramı qeyd edən hər kəs həmin şənliyə öz töhfəsini
verir. Konsert proqramı olur, hər xalq öz musiqisini, milli geyimlərini təbliğ
edir. Bir neçə dəfə plov müsabiqəsi keçirildi və hər xalq öz plovunu təqdim
etdi. Bu baxımdan sən istər, istəməz nəinki alim və ya müəllim, həm də öz ölkənin
nümayəndəsi kimi çıxış etməli olursan. Bu da bir missiyadır ki, sən onu da icra
etməlisən və Azərbaycandan olan dostlarımızla birgə böyük məmnuniyyətlə, həvəslə  bu işi görürük.

Məqam
düşmüşkən qeyd edim ki, Türkiyə diasporu ilə çox yaxınıq, dostuq, əməkdaşlıq
edirik. İndiana Universiteti Türkiyə musiqisinə aid bir disk buraxdı. Türkiyədən
gəlmiş Ömər Türkmənoğlu adlı istedadlı müğənni ilə birlikdə Türkiyənin hər bölgəsinin
ən məşhur bir mahnısını seçib həmin diskə daxil etdik və bu layihəni ərsərə gətirdik.
Çox böyük məmnunluq hissi duyuram ki, qardaş Türkiyə musiqisinin təbliğində də
payım var.

– Daha çox hansı milli yeməklərimizi
bəyənirlər? Sizə tez-tez nə bişirtdirirlər?


Plovu, yarpaq dolmasını çox xoşlayıyırlar, dəfələrlə olub ki, üçbacı dolması
bişirmişəm. Novruz bayramı vaxtında da milli şirniyyatlarımızı, şəkərbura,
paxlava, qoğal bəyənirlər.

– Dediniz ki, orada bütün
xalqların nümayəndələri var. Bəs ermənilər necə, varmı, varsa münasibtləriniz
necədir?


Deyim ki, Bluminqtonda erməni çox azdır. Həm də mənim onlarla elə də təmasım yoxdur.
Amma qeyd edim ki, sinfimdə bir əslən erməni olan amerikalı tələbəm olub. Universitetin
etikası çərçivəsində davranmışıq və semestr ərzində aramızda heç bir problem
yaşanmayıb.

– Aida xanım, son olaraq oxucularımıza
hansısasa sözünüz, mesajınız varmı?

-Yalnız
onu demək istərdim ki, biz tədricən qloballaşan bir dünyada yaşayırıq. Texniki
vasitələr məsafələri dəf edir, insanları bir-birinə yaxınlaşdırır. Musiqi sahəsində
də qloballaşma təmayülləri baş verir və milli musiqi ənənələrin qovuşması,
sintezi daha da güclənir, daha da böyük əhəmiyyət alır. Amma eyni zamanda hər
bir insan unikal bir mədəni kodunun daşıyıcısıdır. Və bu dünyanın gözəlliyi, dəyəri,
təkrarolunmazlığı məhz bundan ibarətdir. Azərbaycanlılığı itirmədən Amerikada
yaşamaq, məncə, ən böyük xoşbəxtlikdir və layiqli həyat tərzidir.

Rumiyyə MİRASLAN




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler