Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Heyder Əliyevin İsa beyle ve sonra menimle telefon danışığı oldu…”

28 Haziran 2016

5:52 am


28/06/2016 [09:50]: xeber –
4 iyunla bağlı builki informasiya bumunu bəziləri iqtidar tərəfindən idarə olunan siyasi kampaniya kimi dəyərləndirir, digərləri  isə məsələnin  Azərbaycan cəmiyyətinin içində olduğu, hansısa  aktual siyasi və intellektual proseslərlə bağlı olduğunun  göstəricisi kimi dəyərləndirirlər. Hesab etdik ki, E. Məmmədovun bü mövzu ilə bağlıyazısından sonra   haqqında danışılan, yazılan , təhlil edilən,  şərh verilən  hadisə, bu hadisəyə cəlb olunmuş siyasi qüvvələr, şəxslər  barədə oxucularda, xüsusən gənc nəsildə informativ, fikir, düşüncə aydınlığının  olması üçün həmin dövrdəki proseslərin açar fiqurlarından biri, AXC-nin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olmuş, AXC analitik mərkəzinin rəhbəri və AXC İcraiyyə Komitəsinin sədri vəzifələrini daşımış,  Elçibəy iqtidarı zamanı əvvəlcə dövlət katibi, sonra baş nazir postlarında çalışmış Pənah Hüseynin E.Məmmədovun yazısında adıçəkilən  “Cinayətimiz məğlubiyyətimizdir” yazısının təkrar dərci faydalı ola bilər. Qeyd edək ki, həmin yazı 1993-1995-ci illərdə yazılıb və 20 il əvvəl, 1996-cı ildə  “525 -ci qəzet”in 19, 26 iyun və 3 iyul tarixli saylarında çap olunub.Yazının tam mətni müsavat.com saytında 25, 26, 27 iyun tarixlərində hissə-hissə dərc edilib. Qəzetdə isə yazını ixtisarla dərc edirik. Maraqlananlar tam mətni saytımızdan oxuya bilərlər. *    *    * Pənah Hüseyn yazır:…4 iyun 1993-cü il hadisələri ilə bağlı Milli Məclisin deputat istintaq komissiyasına verilmiş və mətbuatda çap olunmuş izahatımda, ondan əvvəl, iyunun 7-də Prezident Aparatında, 8-9 iyunda Milli Məclisin iclaslarındakı çıxışlarımda həmin hadisələrin mahiyyəti, xarakteri, qiyamın iştirakçıları haqqında fikrimi və mövqeyimi bildirmişəm…. Səbəb və nəticə əlaqələri baxımından 4 iyuna qədərki dövr nə qədər mühüm olsa da, bu günlə bağlılıq baxımından 04-18 iyun dövrü hadisələrinə münasibət daha çox aktuallıq kəsb etməkdədir və bu dövrün də ən mübahisə doğuran hadisəsi, Elçibəy iqtidarı rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi məsələsidir. … 5 iyunda qiyamçıların Gəncəni ələ keçirmələri fakt olduqdan sonra vəziyyətdən çıxış yolları müzakirə edilərkən prezident hadisələrin Gəncə miqyası ilə lokallaşmasına nail olmaq və dinc yollar axtarmaq xəttinə üstünlük verdi. Aydın idi ki, bu xəttin uğur qazanması üçün respublikanın qalan ərazisində siyasi sabitliyin saxlanması, antihakimiyyət çıxışlarına yol verilməməsi həlledici şərtə çevrilirdi. Beləliklə də siyasi sahədə əsas vəzifə hərbi qiyamın respublikada sosial bazaya malik siyasi qüvvə və şəxslər tərəfindən açıq şəkildə müdafiə edilməməsinə nail olmaqdan ibarət idi. Yaxşı halda isə biz müxalif siyasi qüvvələrin qiyamın yatırılmasında əməkdaşlığına da ümid edirdik. Belə hesab edirdik ki, hər bir ciddi siyasi qüvvə silahlı hərbi qiyamla hakimiyyətə gəlməkdən, yaxud qiyamçılarla hakimiyyəti bölüşdürməkdənsə, legitim hakimiyyətlə bölgüyə üstünlük verər və odur ki, biz real siyasi qüvvələrə dərhal hakimiyyət bölgüsü təklif etdik. O vaxtkı siyasi şəraitdə ümumrespublika miqyasında nüfuza və təşkilati struktura malik əsas müxalif qüvvələr Heydər Əliyev və onun tərəfdarları, Etibar Məmmədov və onun partiyası idi. İyunun 5 -də  mən baş nazirin müavini Rəsul Quliyevi dəvət edib ondan xahiş etdim ki, H.Əliyevlə əlaqə saxlasın və ona bildirsin ki, biz onun vətəndaş sülhünü, qanuni prezidenti müdafiə yönümündə bəyanat, çağırış və s. onun özünün lazım bildiyi formada münasibət bildirməsini istərdik. Eyni zamanda mən ona hakimiyyət məsələsində ciddi razılıqlara gəlmək niyyətlərimiz barədə ilkin məlumat verməsini də xahiş etdim. Müəyyən vaxtdan sonra R.Quliyev qayıdıb bildirdi ki, H.Əliyev hadisələr barədə məlumatının olmadığını əsas gətirərək münasibət bildirməkdən imtina edir. Həmin müddətdə İsa Qəmbər kabinetə gəlmişdi və R.Quliyev təklif etdi ki, H.Əliyevlə İsa bəy danışsa yaxşı olar. Rəsul Quliyev şəxsən “türk telefonu” adlandırılan telefonla Heydər Əliyevin kabinetini yığdı və İsa bəyin onunla danışmaq istədiyini bildirdi.İsa bəylə H.Əliyevin danışığı ümumi fikir mübadiləsi ilə yekunlaşdı və konkret bir nəticə vermədi. İyunun 5-i axşam mən prezidentə H.Əliyevlə əlaqələr haqqında məlumat verdim və təklif etdim ki, o özü şəxsən H.Əliyevlə danışsa, yaxşı olar. Mənə məlumdur ki, həmin gecə prezident H.Əliyevlə əlaqə saxlamışdı. Qeyd etməyi lazım bilirəm ki, iyunun 5-dəki danışıqlarda H.Əliyevin Bakıya dəvət edilməsi məsələsi qoyulmayıb.İyunun 6-da günün birinci yarısında Arif Hacıyev Etibar Məmmədovla görüşdü. Onun məlumatına görə, E.Məmmədov prinsipcə hakimiyyət bölgüsündən imtina etməmiş, lakin S.Hüseynova müdafiə naziri vəzifəsini təklif etməyi irəli sürmüşdü.Onun qiyama belə münasibəti problemlər və narahatlıqlar yaratsa da, E.Məmmədovla danışıqların davam etməsi məsələsi nəzərdə tutulmuşdu. Qeyd edim ki, bizim hakimiyyət bölgüsü barədə təkliflərimizin taktiki gediş yox, tamamilə ciddi olduğunu göstərmək üçün mən iyunun 6 -dan istefa haqqında ərizə yazmışdım və bu barədə həm R.Quliyevin, həm A.Hacıyevin vasitəsilə hər iki danışıq aparılan şəxsə məlumat verilmişdi. İyunun 7-də Prezident Aparatında müşavirədəki çıxışımda mən siyasi müxalifətə hakimiyyət bölgüsü barədə rəsmi müraciət etmişdim. Bu çıxış TV-də getdi. Qeyd edim ki, biz lap əvvəldən hakimiyyət bölgüsünə gedilərsə, H.Əliyev və E.Məmmədovun eyni zamanda hakimiyyətdə təmsil olunmasını nəzərdə tuturduq. Bu bütün digər, başlıca olaraq, ümummilli mənafelərlə bağlı səbəblərlə yanaşı, prezidentin H.Əliyev və E.Məmmədov arasında yaranacaq rəqabətdən siyasi cəhətdən faydalanaraq daha çox müstəqillik saxlaması, manevr imkanları qazanması üçün də vacib sayılırdı. Lakin gözlənilmədən iyunun 6-sı axşam E.Məmmədovun AMİP rayon şöbələrinə hakimiyyəti ələ almaq barədə əmr verdiyi haqqında məlumat gəldi. İyunun 7-də səhər isə o, mətbuat konfransı çağıraraq iqtidarı qardaş qanı tökməkdə, cinayətlərdə günahlandırdı, vətəndaş itaətsizliyinə keçdiklərini elan etdi. Baxmayaraq ki, AMİP faktiki olaraq heç bir rayonda hakimiyyəti ələ almağa nail olmadı, respublikada siyasi sabitliyin pozulması başlandı və qiyamın sonrakı uğurlarında bunun həlledici rolu oldu. “Gəncədən qayıdandan sonra H.Əliyev prezidentin Surətin onda hansı təəssürat yaratdığı sualına qısaca ”o manyakdır” cavabını vermişdi”Mən E.Məmmədovun hansı motivlərə görə belə taktika seçdiyini deyə bilmərəm… İyunun 15-də H.Əliyev  Ali Sovetin sədri seçildikdən sonra mən prezidentin qəbulunda oldum və nə üçün E.Məmmədovun baş nazir təyin olunmaması barədə soruşdum. Bəy mənə baxdı və dedi ki,  E.Məmmədov sənin həbsini, İsanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Mən “Əgər iş bununla düzəlirsə, göstəriş ver, elə məni indi həbs etsinlər” cavabını verdim və bunu həqiqətən səmimi deyirdim. Mən hesab edirdim ki, həm Ali Sovet sədri, həm də baş nazir postları tutulandan sonra qiyamçıların siyasi müxalifətlə ittifaqını davam edib leqallaşması şansı xeyli azalır. Mənə məlumdur ki, həmin gün E.Məmmədovun baş nazir təyin olunması haqqında fərman yazılmış və prezidentdən başqa bütün digər imzalar atılmışdı. Bu təyinatın niyə baş tutmaması barədə dəqiq məlumatım yoxdur.H.Əliyevin Bakıya dəvət olunması hər şeydən başqa onunla birbaşa danışıqlar üçün texniki bir zərurət idi və bunun üçün R.Quliyev prezident tərəfindən Naxçıvana göndərilmişdi. Qeyd etmək istəyirəm ki, H.Əliyevi Bakıya dəvət etmək qərarı Elçibəy üçün elə də asanlıqla qəbul olunmamışdı. Lakin şəxsi, ya qrup mənafeyini, yoxsa ümummilli mənafedən hansısa birini seçmək zərurəti yarandıqda, həmişə olduğu kimi, Elçibəy ikincini seçdi. Və millətə növbəti xidmətini göstərdi. (Elçibəyin hərbi-siyasi məğlubiyyəti keçici, ideya-siyasi qalibiyyəti əbədidir!)…. H.Əliyev prezidentin dəvətinə baxmayaraq, iyunun 9-na kimi Bakıya gəlməkdən imtina edirdi. İyunun 8-də və 9-da H.Əliyev tərəfdarları Milli Məclisdə Ali Sovetin sessiyasının çağırılması təklifi üzərində təkid edirdilər və yalnız iyunun 9-da günorta sessiya çağırılmasının baş tutmayacağı qəti şəkildə aydın olduqdan sonra R.Quliyevin və H.Əliyevin İsa bəylə və sonra mənimlə telefon danışığı oldu (onların öz təşəbbüsü ilə) və H.Əliyev bildirdi ki, o, 10 dəqiqə sonra Bakıya çıxmağa hazırdır. Mən prezidentlə əlaqə saxladım və sonra bildirdim ki, onu qarşılamaq üçün bütün tədbirlərin görülməsi barədə göstəriş verilib. Xidməti maşınımı və mühafizəçiləri təyyarə limanına göndərdim…İyunun 9-10-11-də H.Əliyevlə prezidentin, İsa bəyin və mənim iştirak etdiyim söhbətlərdə bizim tərəfdən irəli sürülən təkliflərin mahiyyəti qısaca bundan ibarət idi: H.Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə Elçibəylə əməkdaşlığa getdiyini bəyan edir və Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırır. Mənim fikrimcə, həmin günlərdə bu məzmunda razılıq baş tutsaydı, H.Əliyev prezidenti açıq şəkildə dəstəkləyib qiyam əleyhinə çıxaraq heç olmasa öz tərəfdarlarını neytrallaşdırsaydı, o dövrdə yaranmış hakimiyyət böhranından ən az zərərlə çıxmaq, Azərbaycanın başına gələn faciələrin əksəriyyətindən, o cümlədən yeni ərazilərin işğalından qurtarmaq mümkün idi…Həqiqət naminə deməliyəm ki, H.Əliyev yuxarıda göstərdiyim görüşlər zamanı bizə elə bir ciddi vədlər vermədi, vəziyyəti öyrənəcəyini, davam edəcəyini, o cümlədən Gəncəyə gedəcəyini bildirdi. Sonrakı hadisələr məlumdur. H.Əliyev nəinki Elçibəyi dəstəkləmədi, hətta Gəncə hadisələrini qiyam adlandırmağa, ən ümumi şəkildə pisləməyə belə getmədi və sonradan S.Hüseynovu baş nazir vəzifəsinə irəli sürməklə onunla rəsmi ittifaqa qol qoydu… Bizimlə söhbətlər zamanı H.Əliyevin Surət və onun ətrafı haqqında dəqiq məlumata malik olduğu görünürdü. Onun Gəncəyə gedərkən necə qarşılanmasını da bilirdik. Gəncədən qayıdandan sonra Heydər Əliyev prezidentin Surətin onda hansı təəssürat yaratdığı sualına qısaca “o manyakdır” cavabını vermişdi…. H.Əliyevin belə edəcəyini (nəinki Elçibəyi dəstəkləmədi, hətta Gəncə hadisələrini qiyam adlandırmağa, ən ümumi şəkildə pisləməyə belə getmədi və sonradan S.Hüseynovu baş nazir vəzifəsinə irəli sürməklə onunla rəsmi ittifaqa qol qoydu.) əvvəlcədən görmək olmazdımı? Əgər görülməyibsə, gizli məqsəd olmayıbsa, bu ən azı siyasi korluq deyilmi?…Ümumiyyətlə, bəlkə doğrudan da 1993-cü ilin iyununda başlıca diqqəti H.Əliyevin hakimiyyətə gəlməsinə mane olmağa yönəltmək, S.Hüseynovun, ya Mütəllibovun hakimiyyətə gəlməsinə imkan yaratmaq lazım idi? Belə mövqeyin tərəfdarları bu fikri onunla əsaslandırırlar ki, sonradan onları yıxmaq daha asan olardı. Şəksiz, S.Hüseynovu yıxmaq daha asan olardı. Lakin bu yıxhayıxda Azərbaycan adlı dövlət qalacaqdımı ki, onun da iqtidarına gəlinsin?…Mütəllibovla ittifaq, Surət Hüseynova qarşı Surət Hüseynovla ittifaq bağlamaq kimi bir absurd idi……Qiyamın həqiqi təşkilatçılarını Azərbaycan iqtidarında vəzifə yerdəyişmələri etmək yox, Elçibəy iqtidarının, Elçibəyin siyasi kursunun dəyişdirilməsi maraqlandırırdı…. Ümumiyyətlə, Surət bəzən qələmə verildiyi kimi təsadüfi adam olmayıb, spesifik mühitdə lider olmağa imkan verən şəxsi keyfiyyətlərə (insan taleyinə hökm vermək qətiyyəti, qəddarlıq, məkrlilik, tabeedici iradə) malikdir. Surəti baş nazir postu zəiflətdi. Çünki H.Əliyevin məharətli manevrləri nəticəsində o öz mühitindən kənara düşərək dayaqlarını itirdi (Ümumiyyətlə, “prestupniklərin” bəlaları onlar siyasətə qoşulduqdan sonra başlayır). Surətə biz noyabr 1992-ci ildə Milli Qəhrəman adı verdik. Lakin yaddan çıxarmayaq ki, 1993- cü ilin fevralında AXC-nin TV ilə gedən bəyanatında o, xain elan edildikdən (vəzifədən çıxarıldıqdan) sonra, ay yarım ərzində Gəncədə 130 saylı hərbi hissədə itaətsizlik edərək, rəhbərliyə ultimativ təlblər verdi, respublikanın hər yerinə adamlar göndərib kömək istədi, lakin  onun cid-cəhdinə baxmayaraq, müdafiəsi üçün məsələn, hətta Yevlaxda belə elə bir  aksiyalar təşkil oluna bilmədi. Bumu idi onun mifik qəhrəman obrazı? O, davam gətirib, iyunda dirçəldisə, bu, indiki iqtidarın bəzi nümayəndələrinin də daxil olduğu o vaxtkı siyasi müxalifətin Azərbaycan xalqına göstərdiyi “xidməti”nin nəticəsi oldu. Bizə qarşı onların bəziləri nəinki Surətlə, lap ermənilərlə də birləşməyə hazır idilər…(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler