Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Hecce de getdiler, namaz da qıldılar, amma partiyaları güclenmedi”

20 Temmuz 2016

6:12 am


20/07/2016 [10:11]: xeber –
 sayt tanınmış hüquqşünas Aslan İsmayılovun modern.az-a müsahibəsini təqdim edir: – Aslan müəllim, səhv etmirəmsə, çoxları sizi ateist hesab edir.- Bu fikrin haradan qaynaqlandığını bilmirəm. İnsanların məni ateist saymaları özüm üçün çox təəccüblüdür. Əksinə, bir çox yazılarıma görə məni ittiham edirlər ki, sən hər şeyi Allahın ümidinə buraxırsan. Çünki yazılarımda bəzən Allahın adına istinad edirəm. Məni dinsiz-imansız sayanlara bircə cavabım var: arzulayıram ki, mənim Allaha olan inam və məhəbbətimin yüzdə biri onlarda olsun.Mənim üçün həyatda anamdan böyük, əziz heç kim olmayıb. Mən anamım Allaha olan dərin, sonsuz məhəbbətini görmüşəm və bu mühitdə böyümüşəm. – Hər halda, kimisə qıcıqlandıracaq nəsə deyirsiniz ki, sizin dinsiz olmanız qənaətinə gəlirlər.- Cahilliyin, mövhumatçılığın, dini fanatizmin qəti əleyhinəyəm. Mən bütün ömrü boyu sovet hakimiyyətinə, quruluşuna nifrət etmişəm. Ona görə ki, 1937-cü ildə mənim ulu babalarımın kökünü kəsiblər. Bu səbəbdən də mənim SSRİ-yə nifrətim olub. Bizim nəslin böyük hissəsi Qazaxıstana sürgün edilib. Sovetin banisi olan Leninə də nifrət etmişəm. Mən bu yaşıma qədər həyatımda heç zaman Leninin adını yadıma salmamışam. Ancaq Türkiyədə baş verən son hadisələrdən sonra Lenini yadıma saldım. O deyirdi ki, din cəmiyyət üçün tiryəkdir. İndi isə özüm görürəm ki, din hakimiyyətə qarışanda insanlar üçün tiryək olur.Həqiqətən də elədir. Dini hər kəsin bir inamı kimi qəbul edirəm. Bütün dinlərə münasibətim müsbətdir. Ona görə ki, hər bir din insanlığı bir az da irəli aparıb: Saflaşdırmaq, insanlığı, dürüstlüyü, haqq-ədaləti aşılamaq yolunda… İslam sonuncu din olduğuna görə, daha mükəmməldir. Mən din bilicisi deyiləm. Amma oxuduğum, eşitdiklərim əsasında deyə bilərəm ki, imam Əli və imam Hüseyn haqq-ədalət uğrunda müsibətlər görüb, canlarından keçiblər. Məhəmməd peyğəmbər rəhmətə gedəndə Həzrət Əliyə vəsiyyət edib ki, sənə haqsızlıq olsa belə, hakimiyyətə görə qılıncı qınından çıxarıb zorakılıq etmə. Belə dinə hörmət etməmək olmaz. Amma dinin nə olduğunu anlamadan onu əlində bayraq edib, baş kəsmək, haqsızlıq etmək, yalan danışmaq ayrı şeydir. Azərbaycan qədər İslam dinini gözdən salan çox az cəmiyyət var. Mən hələ ərəbləri və digərlərini demirəm. Neftlə zəngin olan Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliklərində şeyxlər 50 milyona qızıldan maşınlar, təyyarələr sifariş verirlər. Afrikada müsəlmanlar acından ölürlər. Ərəb şeyxləri isə milyardları maşınlara, tualet aksesuarlarına, eyş-işrətə xərcləyirlər. Belə  müsəlmandansa, Bill Qeyts kimi “kafir”, ateist yaxşıdır. Bilirsiniz ki, o, əmlakının böyük bir hissəsini xeyriyyə məqsədi ilə xərcləyir. İnsanların savadlanmasına, sağlamlığına, kasıblara, ehtiyacı olanlara pul sərf edir. O cümlədən Facebook-un yaradıcısı Mark Zukerberq və digərləri… Amma mən hələ eşitməmişəm ki, hansısa ərəb milyarderi dünyada hansısa xeyriyyəçiliklə məşğul olsun, kasıblara əl tutmaqla tanına. – Sovet vaxtı təhsil aldığınıza görə, elmi ateizm fənnini də oxumuşunuz. Onu necə qəbul edirdiniz?- Mən əlaçı olmuşam, universiteti qırmızı diplomla bitirmişəm. Elmi ateizmdən də həmişə “5” alırdım. Amma bu fənni tədris edən müəllimə deyirdim ki, Allaha inanıram. Anamım südü ilə mənə Allaha məhəbbət aşılanıb. 30-40 yaşıma qədər Allaha inamım anamdan gələn təsirlərdən doğurdu. Xüsusilə son illərdə isə mənim həyatımda elə hadisələr baş verdi ki… Geriyə dönüb baxanda görürəm ki, məni bu gün həyatda saxlayan Uca Allahdır. Geriyə dönüb həmin məqamları təhlil edəndə görürəm ki, doğrudan da gözəgörünməz bir qüvvə məni qoruyub.- Uşaqlıqda, ya da gəncliyinizdə dini ayinləri icra edirdiniz?- Xeyr. – Yaşa dolduqca da bu barədə düşünmürsünüz?- Hər şey ola bilər. Allahın işidir. Mən Azərbaycanda şəxsən 3 qat, 5 qat, 20 qat hacılar tanıyıram. Hesab edirəm ki, mənim Allaha olan sevgim, inamım milyon dəfə onlarınkından çoxdur. Allaha sevgi dini rituallarla ölçülmür. İnsanlara, heyvanlara, təbiətə olan xoş münasibətlə Allah olan sevgini göstərmək olar.- Orası düzdür. Amma Quran özü buyurur ki, ayinlər yerinə yetirilməlidir. Məsələn oruc tutulmalı, namaz qılınmalıdır.- Mən çox mütaliəli adamam. Ancaq dini kitabların heç birini oxumamışam. Quranı 2-3-dəfə oxumağa cəhd etmişəm. Amma tam oxuya bilməmişəm. Quran bilicisi deyiləm. – Bəs Quranı niyə oxumadınız? Nəsə qəribə gəldi mənə.- Açığı dəqiq bilmirəm. Bəzən ola bilsin ki, öz dünyagörüşümün, həyat tərzimin dəyişə biləcəyindən ehtiyat etmişəm. Mən də həyat tərzimi dəyişmək istəmirəm. Ancaq mütaliə zamanı çoxlu Quran ayələri ilə tanış olmuşam.- Din yaxşı bir şeydirsə, o zaman onun həyatınıza daxil olmasını niyə istəmirsiniz?- Mən çox çətin həyat keçirmişəm. Atam cavan rəhmətə gedib. Uşaqlığım çox ağır keçib. 16 yaşımdan Rusiyada təkbaşına böyümüşəm. Ömür boyu ehtiyac içərisində yaşamışam. Mən vəkilliyə başlayandan sonra bilmişəm ki, bir insanın bir neçə kostyumu, köynəyi ola bilər. O vaxta qədər mənim bir pencəyim, 2 köynəyim olub. Ona görə ki, ömrü boyu maaşla işləmişəm. Vəkilliyə başlayandan sonra birinci dəfə avtomobil aldım. Çoxlu təhlükələrlə üzləşmişəm. Mən yenidən həyatı yaşamalı olsam, həyatımda heç nəyi dəyişmərəm. Yeganə istəyim o olar ki, anam və atam bir az çox yaşasınlar. Anam 1996-cı ildə rəhmətə gedib. Ən pis günlərim idi. İşdən qovulmuşdum, vəkillikdə yerimi tapmamışdım. Anamın ən böyük arzusu o idi ki, insanlara faydalı olum. Xüsusilə yaşlılara, xəstələrə və körpələrə. Həmişə deyərdi ki, insanlara kömək olsan Uca Allah səni heç vaxt darda qoymaz. Həqiqətən də belə oldu. Belə bir həyatı yaşamışam və bu həyat məni qane edir. İndi dini ritualları etməməklə düşünmürəm ki, Allaha qarşı çıxıram. – Bayaq dediniz ki, elə hacılar tanıyırsınız ki, min oyunlardan çıxır. Bu haqda çox eşitmişik. Siz o hacıların dəllallıq və dələduzluğunu hansı kateqoriyaya daxil edirsiniz?-Mənim tanıdığım bir nəfər Həcc ziyarətinə gedirdi. Prokurorluqda bir yerdə işləyirdik. Ondan xahiş etdim ki, Həcc ziyarəti zamanı gördüyü maraqlı hər bir şeyi kitabçada qeydə alsın. O gələndən sonra biz görüşdük. Dedi ki, sən ora getmə. Dedim niyə? Cavabı belə oldu ki, sən Həcc ziyarətində də dalaşacaqsan. Dedi ki, Həccdə qurban kəsmək üçün insanlara nömrə verirlər və bir də görürsən ki, bir nəfər əlində 10 nömrə ilə gəlir. Bax onda sən hökmən problem yaşayacaqsan. Adama deyərlər, gəlmisən, özünə növbə tut, qurban kəs, özün alverə gedib başqasına niyə qurban kəsdirirsən?!Bundan başqa, mən burada məhkəmə, hüquq-mühafizə orqanlarında elə başkəsənlər görmüşəm ki, onların çoxu Həccə gediblər. Bizim qədər yer kürəsində Allahın adını tez-tez dilinə gətirən ikinci bir millət yoxdur. Bizim qədər də Allahın adını tez-tez yalandan çəkən ikinci bir millət də yoxdur. Təsəvvür edin ki, bir zamanlar Polşa kartofunu da “Allah haqqı Gədəbəy kartofudur” deyib sırıyırdılar. Elə indi də belə şeylər çox olur. Bizim burada elə insanlarımız var ki, baş kəsir, rüşvət alır, insanların haqqını yeyir. Sonra da ildə bir dəfə Həccə gedib qurban kəsir. Hesab edir ki, Allahın da rüşvətini verir. Daha bilmir ki, Allahı aldatmaq mümkün deyil. Mən Allahdan qorxmuram. Allahdan o adamlar qorxmalıdır ki, Allahın dediyi yolla getmirlər – haqsızlıq edirlər, kiminsə haqqını yeyirlər. Mənim üçün Allaha olan ən böyük sevgi insanlara faydalı olmaqdır. Mənim o rituallara ehtiyacım yoxdur. Mənə axund, şeyx, kərbəlayi, məşədi, hacı fikri önəmli deyil. Önəmli Uca Allahın buyurduqlarıdır. Allah buyurur ki, insanların könlünü qırma, insanların haqqını yemə, bacardıqca onlara köməklik elə. Azərbaycanda dinlə bağlı həyata keçirilən bütün mərasimlər nəyəsə qulluq edir. İslam dini buyurub ki, meyiti yumaq lazımdır. Bəs bu gün kimsə pulsuz meyit yuyur?! Hansısa molla gəlib, pulsuz “Yasin” oxuyur?! Ölən bir adamı pulsuz yerdə dəfn etmək olarmı?! Xeyr. Onda yüz dəfə Həccə getsinlər, Quranı əzbər bilsinlər, önəmli deyil. Quranı əzbər bilməklə Allaha inamın nə əlaqəsi var?! Mən Quranı oxumamışam. Amma bilirəm ki, mənim üzüm Allah qarşısında  Quranı əzbər bilib, 50 dəfə Həccə gedənlərin əksəriyyətindən ağdır. – Səmimi şəkildə bildirdiniz ki, Quranı tam oxumamısınız. Buna görə sağ olun! Yeni sualım isə Qafqaz Müsəlmanları İdarəsi ilə bağlıdır. Bu idarə ölkədə dini situasiyaya hansı rəng qatır?-Azərbaycanda dinlə bağlı fəaliyyət göstərən əksər təşkilatlar İslama xeyirdən çox, ziyan verirlər. Ona görə ki, bunların hamısında korrupsiya mövcuddur. İslamın ən böyük düşməni sünni-şiə söhbəti salanlardır. Bunlar hamısı insanları idarə etmək üçündür. İslam dini birdir. Mən insanların İslamı sevib-sevməmələrini bir şeylə bilirəm. Kim ədalətli və xeyirxahdırsa, o İslama ən çox başucalığı gətirən adamdır. Namaz qılmasa, oruc tutmasa, Həccə getməsə belə. Yox kimsə namaz da qılır, oruc da tutur, Həccə də gedir, özü də prokuror işləyib baş kəsib, camaatın cibinə nəşə atıbsa, məndən ötrü insan haqqına hörmət edən xristianlar, ateistlər belələrindən üstündür. Heyf ki, İslam dinini bu günə salıblar. Allahın adını çəkib baş kəsirlər, haqqa girirlər. Mən Bibiheybətdə yaşayıram. Orada 500-ə qədər şam ağacı əkmişdilər. Hər gün axşam gedib onları sulayıram. Orada yaşayanlara demişəm ki, oruc tutub, namaz qılırsınızmı? “Bəli” deyiblər. Cavab vermişəm ki, oruc tutmuram, namaz da qılmıram, amma Allaha sizdən daha yaxınam. Deyirəm ona görə ki, sənin gözünün qabağında bu ağaclar quruyur, onu sulamırsan. O da Allahın yaratdığıdır.10 qat hacı ol! Sən küçədə sahibsiz iti güllələyirsənsə, pişiyi təpikləyirsənsə, ağac kəsirsənsə sənin nəyin Allaha bağlı oldu? – Aslan müəllim, elə adamların yanında belə danışsanız, sizi borclu çıxaracaqlar.- Bəli, məni borclu çıxarırlar da… Ən dəhşətlisi isə odur ki, çoxları heç Quranı da oxumayıb. Çoxları onu oxuyub mənimsəsə, heç zaman bugünkü müsəlman olmazdılar. Onlar mən arzuladığım müsəlman olardılar. – Bəzən insanların gözünə hansısa əcaib bir varlıqların göründüyü barədə çox danışılır. Sizdə belə bir şey olubmu?- Heç vaxt. Ancaq anam mənim yuxuma girəndə ona fikir verirəm. İndi sizinlə oturduğumuz ofis barədə danışım. Yatsam da ağlıma gəlməzdi ki, mənim şəhərin mərkəzində ofisim ola. Mən o zamanlar ofis axtarırdım. Həmin vaxt Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun oğlu, rəhmətlik Tofiq Aslanov mənə təmənnasız bir ofis verdi. Bu gün elə insanlar yoxdur. O, 200 kvadratmetrə qədər yeri mənə pulsuz verdi. O, kommunal xidmətlərin haqqını da ödəməyə qoymurdu, özü verirdi. Baxın mənim üçün Tofiq müəllim Allahını sevməyən insan olsaydı, belə, addım atmazdı. Təxminən 1 il Tofiq müəllimin verdiyi yerdə işlədim. Günlərin birində dedi ki, buranı satacaq, bir aydan sonra özümə yer axtarım. Mənim də heç maddi imkanım yox idi. O zaman mənim “Gənclik”də bir evim var idi. Dayım, eyni zamanda qayınatam, “20 Yanvar”da yaşayırdılar, 4 otaqlı evi var idi. Belə qərara gəldim ki, onlara köçüm və yaşadığım yeri ofis edim. Gecə gücsüzlükdən ağlayıb yatmışdım. Anam yuxuma girdi. Yuxuda bir kəlmə mənə dedi: “A bala, özünü qətiyyən sıxma. Mənim Allahım heç zaman səni darda qoymaz”. Ertəsi gün mənə bir işlə bağlı müraciət etdilər. Rusiyada böyük iş adamlarının əmlakını müsadirə etmişdilər. Mənə dedilər ki, kömək elə, onları geri qaytaraq. Mən məhkəmə qaydasında onları müsadirədən azad etdim. Onun əvəzində aldığım qonorarla, indiki ofisi aldım. Evimdə tavan tökülürdü. Evimi tam təmir elətdirdim. 1997-ci ildə ilk dəfə avtomobil – “Jiquli” aldım. İnsanların Allaha yaxınlaşması üçün birinci növbədə onların savadlanması lazımdır. Biz Türkiyənin, Azərbaycanın fəlakətlərə getməsini istəmiriksə, insanlarımızın, xüsusilə gənclərimizin savadlanmasına, maariflənməsinə çalışmalıyıq. – Sizdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan savadlanmanın qarşısını alır?- İstənilən siyasətçinin, istənilən ictimai xadimin dindən istifadə etməyinin qəti əleyhinəyəm. Allahını sevən kimsə hansısa siyasi maraqlarını təmin etmək üçün Allahın adından və dindən istifadə etməz, mənim üçün bu, yolverilməzdir. – Ərdoğan istifadə edir?-Yüz faiz. O, dini istismar edir və bunun hesabına da hakimiyyətdə qalıb. Türkiyənin savadlı, mütaliəli hissəsi heç zaman Ərdoğana səs verməyib. O cəmiyyətlərdə ki, haqsızlıq çoxdur, diktatura var, orada dindən daha çox istifadə edilir. Şəxsən mən özümlə Allah arasındakı münasibətdə heç kimi vasitəçi görmək istəmirəm. Mənə nə molla, nə kərbəlayi, nə məşədi lazımdır ki, mənim Allaha olan münasibətimə qiymət versin. Allah özü hamıdan yaxşı bilir ki, onun bəndələri nəyə qulluq edir. -Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə heç görüşünüz olubmu?-Bəli. Bir-birimizi lap yaxşı tanıyırıq. -Onu bir insan kimi necə xarakterizə edərdiniz?-… -Deyəsən çətin sual oldu.-Bəli, çətin sualdır. Şəxsi müstəvidə mənim ona münasibətim pis deyil. Güman edirəm ki, Allahşükür Paşazadə də mənə pis münasibət bəsləmir. Amma bu gün Azərbaycanda fəaliyyət göstərən məscidləri, şeyxin idarəsində olan qurumları görəndə deyirəm ki, İslama bundan çox ziyan vuran yoxdur. -Bu haqda heç özünə nəsə demisiniz?-Xeyr. Mən hər halda öz yerini bilən adamam. Şeyxlə üz-üzə oturub deyə bilmərəm ki, siz haqsızsınız. Öz həddimi bilən biriyəm.Bir onu bilirəm ki, insanlar savad, bilik sahibi olandan sonra dələduz molla və cadugərlər qurbanı olmaz. Nə qədər insanlar tanıyıram ki, cadugərlərə, falçılara, mollalara pul verirlər. Sonra da deyirlər ki, aldadılıblar. Mən məktəbdə oxuyanda kimya fənnini yaxşı bilirdim. Adi bir ağ dəsmalı götürün. İki qab qoyun: birində su, birində təmiz spirt. Əvvəlcə o dəsmalı suya batırın. Sonra onu sıxıb spirtə batırın. Sonra yandırın. O dəsmal yanmayacaq. İzahı çox sadədir. Üstündə olan spirt yandıqca dəsmal quruyur, özü isə yanmır. Mollalar isə bunu edib deyir: “Uzaq yola çıxırsan. Od vurdum yanmadı. İstədiyinə nail olacaqsan”. Ya da “marqansovka”nın bir damcısı nəzərə çarpmadan qabda olan spirtin üstünə düşəndə reaksiya gedir, qığılcım əmələ gəlir. Cadugərlər isə deyir: “Görürsən, göz dəymişdi sənə, həmin gözləri məhv elədim”. Ona görə oxumaq, maariflənmək lazımdır ki, belə dəllallar sizləri aldatmasın. -Cənnət və cəhənnəmin mövcud olduğuna inanırsınız? Allahdan bir istəyiniz varmı ki, sizi cənnətə salsın?-Mənim Allahıma sevgim, məhəbbətim o qədərdir ki, onunla şərt bağlamağa cürət edə bilmərəm. Bir şeyi bilirəm ki, Allah çox ədalətlidir. Haqsızlıq etmə, qurtardı getdi. Cənnət də, cəhənnəm də bu dünyadadır. İnsan öz cənnətini də, cəhənnəmini də burada yaradır. Gedib qurban kəsməklə, 10 dəfə hacı olmaqla, gündə 5 dəfə namaz qılmaqla cənnətə düşmək mümkün deyil. Cənnətə düşmək üçün pis əmələ yol verməmək lazımdır. Heç zaman haqsızlıq, ədalətsizlik etməmişəm. Əgər bilməyərəkdən etmişəmsə, Allahdan əfv etməsini istəyirəm. Çünki bilir ki, bunu bilərəkdən etməmişəm. 3 övladım var. Onlara verdiyim ən böyük tərbiyə ondan ibarətdir ki, insanları sevsinlər və heç zaman pislik etməsinlər. Xoşbəxtliyin çox sadə düsturu var. Kim xoşbəxt olmaq istəyirsə, ətrafındakılara xoşbəxtlik arzulasın. Paxıl, qısqanc, pis niyyətli olmasın. İnsan cənnətini də, cəhənnəmini də bu dünyada qazanır. Hələ o dünyadan gələn yoxdur, mənə də bir şey deməyiblər ki, bilim orada nə var, nə yox. -Dini nöqteyi-nəzərdən sizin bu düşüncəniz ateizmə daha yaxındır. Çünki ən azından o biri dünyanın varlığını sübhə altına aldınız.-Mən ateist deyiləm. Allaha inamım, məhəbbətim şəksizdir. Bilirəm ki, insan hər şeyi bu dünyada edir. Özünün gələcəyini də, ölümündən sonrasını da bu dünyada qazanır. Əgər balalarım gələcəkdə mənə görə utanacaqlarsa, bu, mənim üçün cəhənnəmə düşməkdən də pisdir. Yox, əgər balalarım mən olmayanda adımı qürurla çəkəcəklərsə, bu mənim üçün o dünyada cənnətdə olmaq kimi bir şeydir. -Hər bir insan bəlli ömrü yaşadıqdan sonra, son mənzilə yola salınacaq. Siz dəfninizin necə təşkil olunmasını istəyirsiniz?-Mən müsəlmanam. İslam adət-ənənəsi ilə böyümüşəm və o cür də dəfn olunmağımı istəyirəm. İlk dəfədir bu mövzuda sizə deyirəm. Övladlarıma demişəm ki, öləndən sonra mənə bahalı baş daşı, heykəl, qoymasınlar. Demişəm ki, sadə qəbir daşı qoysunlar, bitib getsin. Demişəm ki, ilimi, ehsanlarımı verməsinlər. Mənim üçün çəkəcəyiniz xərclərlə insanlara yaxşılıq edin. Su olmayan bir yerə su çəkin. Yolu olmayan bir kəndin yolunu düzəldin və s. Ən böyük arzum odur ki, balalarım bir fond yaratsın, imkansız, kasıb istedadlı uşaqları ən səviyyəli universitetlərdə oxutsunlar. -Nəzir vermişiniz?-Xeyr. Çünki bilirəm ki, onu oğurlayacaqlar. Ona verəcəyimi kimsəsizə, yetimə verərəm. Bəzi imkansız qoca adamlar var ki,  onlara hər ay 50-60 manat verirəm.-Həbsdə olan Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafaoğlu məhkəməsində rezonans yaradan bir çıxış etdi. İlahiyyatçı dedi ki, MTN-də ondan  Allahşükür Paşazadənin əleyhinə ləyaqətsiz şeylər yazmağı tələb ediblər. Eldar Mahmudovla Allahşükür Paşazadənin hansı toqquşan maraqları ola bilərdi ki, belə şey istənilsin? -Eldar Mahmudov yaxşı bilirdi ki, kimin çoxlu pulu var. Məncə Eldar Mahmudov ondan pul qoparmaq istəyirdi. Məndən heç kim istəməyib. Çünki bilirlər ki, Aslan İsmayılovun haram pulları yoxdur. Mən Eldar Mahmudovun dəstəsinin cinayətkar olduğunu bilirəm və hesab edirəm ki, onlara ən ağır cəza verilməlidir.Amma onlar da doğru adamlardan, halal qazananlardan pul almayıblar. Bu yaxınlarda eşitmişəm ki,  keçmiş MTN-in rəhbərliyi Vəkillər Kollegiyasının sədrindən 700 min manat pul alıbmış. Halbuki, həmin sədr 1000 manat maaş alır.Mən Vəkillər Kollegiyasında olanda oranın özündən 1 qəpik də kömək görməmişəm, hərçənd ki, hər ay ora pul ödəyirdim. Demək bizdən oğurlayıb yığıbmış, Eldar Mahmudov da gəlib başından vurub əlindən alıb.Prokurorluqda işləyəndə geyimin çox ucuz idi. Ən ucuz siqaret  – “Vikeroy” çəkirdim. Başqa həmkarlarım isə bahalı geyinir, bahalı siqaretlər çəkirdi. Mən isə lağ-lağı obyekti idim.İndi isə şəhərin mərkəzində ofisim var. Onların əksəriyyəti isə bir tikə çörəyə möhtacdırlar. İlahi ədalət budur. Allahın ədalətinin nə olduğunu gözümlə gördüm. Nə qədər çox haqsız, qansız olub, nə qədər pul yığıb sonra onun altını çəkənləri görmüşəm.1989-cu ildə mən Azərbaycana gələndə Ali Məhkəmənin bir hakimi var idi. Ən qansız rüşvətxorun biri idi. Deyirdilər ki, onun pulunun sayı-hesabı yoxdur. Bu yaxınlarda mən həmin şəxslə maraqlandım. Dedilər ki, indi 1 qəpiyə də ehtiyacı var. Onu tanıyan bir adam mənə həmin hakim haqqında danışdı. Deməli, 1991-ci ildə 50 və 100 manatlıqlar dövriyyədən çıxarıldı. Bankda cəmi 5 min dəyişmək olardı. Sən demə bu da çamadanlara 50 və 100-lüklər yığıbmış. Bir dəfə pulu belə batıb. Sonra bu başa düşür ki, pulu dollarda saxlamaq lazımdır. Sonra yenə pul yığıb onu “Xəyal Bank”a qoyur. Sonra da “Xəyal Bank” da batır. Baş kəsib, cib kəsib o qədər pul yığmışdı. Axırı da belə oldu.Mənim tanıdığım prokurorluq işçiləri var idi. Şərik olub şəhərin mərkəzində 1 milyon manata obyekt aldılar. Sonra lazım olanda həmin yeri heç 100 minə sata bilmədilər. Mən isə 1997, 1998-ci illərdə Sulutəpədə biri 300 dollardan 4 torpaq sahəsi almışdım. Sonradan o torpağın birini 40 min, 2-ni isə 50 min dollara satdım. Biri hələ də mənimdir. Maştağa-Buzovna yolunda 3 min dollara 40 sot torpaq almışdım. Bu yaxınlarda onu da 350 min dollara satdım.Budur ilahi ədalətin təcəssümü. Pula can atmaqla deyil. İnsan Allah qarşısında düz olmalıdır. Hələ mən həmin adamların ailələrində olanlarını demirəm. Balaları narkoman, qızları pis yoldadır. Allah uzaq eləsin, bəziləri şikəstdir. Allah bəndə deyil ki, yerə düşə barmaq soxa, göz çıxarda. Allahı əsl mənada sevmək lazımdır.-Əksər ölkələrdə dünyəvi prinsiplərə söykənən hüquq sistemi mövcuddur. Bununla yanaşı, bir çox müsəlman ölkəsində şəriət hüququ da mövcuddur. Fərq kəskindir. Bu fərq Aslan İsmayılovun baxışlarında necə assosiasiya olunur?-Bütün varlığımla dinin siyasətə qarışmasının əleyhinəyəm. Din o qədər saf və müqəddəsdir ki, hakimiyyətlərin murdar oyunlarına alət olmamalıdır. Dinə hörmət edən adam varsa, onu kənarda təmiz, pak saxlamalıdır. Çünki istənilən hakimiyyətlərdə murdarlıqlar var. Şəriət hüququ varsa, bu, həmin ölkələrdə siyasətin tərkib hissəsidir. Bu da yolverilməzdir. Müsəlman dünyası İslam dinini daha çox istismar edir. Hakimiyyətdə olanlar İslamdan istifadə edir, onu istismar edir.Siz fikir verin. Bizdə siyasətçilərin çoxu tez gedib hacı olub qayıdır. Onlar istəyir ki, hacılıq statusundan istifadə edib, hakimiyyətə gəlsin. Bunlardan biri də var idi. O demişdi ki, Aşura gününü istirahət günü edək. Bundan artıq insanda nə qədər murdarlıq olar. Adını çəkmək istəmirəm. Allah da Azərbaycandakı bu cür siyasətçiləri cəzalandırır, heç biri öz arzusuna çatmır. Həccə də getdilər, oruc da tutdular, namaz da qıldılar, amma partiyaları güclənmədi. Əminəm ki, onlar bir ictimai-siyasi fiqur kimi də yadda qalmayacaq. -Yeri gəlmişkən, ADP sədri Sərdar Cəlaloğlu dini mövzudakı qalmaqallı açıqlamaları ilə də gündəmə gəlir. Siz onun dediklərini necə qarşılayırsınız? -Sərdar Cəlaloğlunu mütaliəli adam kimi tanıyıram. Amma bəzən elə açıqlamalar verir ki, onu anlaya bilmirəm. Lakin şübhə altına da almıram. Çünki Sərdar Cəlaloğlu çox savadlı adamdır. Siyasətçi kimi isə çox uğursuzdur. Sərdar Cəlaloğlu yaxşı olardı ki, elmlə məşğul olsun. -Həccə gedən siyasətçiləri “vurdunuz”. Siz danışanda hansı siyasətçinin Həcc ziyarətində olduğunu düşünməyə başladım. Ağlıma ilk gələn İsa Qəmbər oldu. İfadələri işlədərkən onu da hədəfə aldınızmı?-Hamısı hədəfdədir. Bütün siyasətçilərin Həccə getməyinin kökündə bir şey durub: siyasətdə irəli getmək. Amma hamısı da geri gedib.-Deyəsən, İsa Qəmbərlə aranız yoxdur.-Mənim heç bir siyasətçi ilə aram yoxdur. Ona görə ki, Azərbaycanda olan siyasətçilərin heç birinin səmimiliyinə inanmamışam.- Ancaq tədbirlərdə sizi Əli Kərimli ilə mehriban söhbət edən görmüşəm.-Mənim hamısına münasibətim eynidir. Bu gün Azərbaycan siyasətində başladığı gündən, bu günə qədər niyyətində saf olan bir nəfər görməmişəm. Buna görə bilirəm ki, müxalifət də, iqtidar da məni “daş-qalaq” edir. Bir tərəfdən də dindarlar üstümə düşür. İslam dini həm də başqalarının fikrinə hörmətlə yanaşmağı buyurur. Amma az qalırlar mənim fikirlərimdən sonra fətva versinlər. Sənin mənim fikrimlə nə işin var?! Avropalıların dinə münasibəti daha səmimidir. Ona görə ki, orada din hakimiyyətə qarışmır.Kim istəyir kilsəyə gedir, kim istəyir getmir. Hərənin öz işidir. Bizdə isə bəziləri deyir ki, məscidə getmirsənsə, düşmənsən. Ay qardaş, məni niyə düşmən edirsən? İkimizi də Allah yaratmayıb? Mənim ateist olanlara da aqressiv münasibətim yoxdur. Onları da Allah yaradıb. Ateistlər düşüncəsi ilə mənə ziyan vermir.Hansısa ziyan versə, onun əleyhinə çıxacağam. Dini təriqətlərdən də xalqıma, vətənimə, dövlətimə ziyan verəni yoxdursa, onlarla nə işim var?! Kiminsə sözlərinə görə, İranda oturan hansısa ayətullah fətva verir. Sən kimsən ki, fətva verirsən?! Mənim haqqımda Allah qərarını verə bilər.-Sonuncu sualım. Ailənizdə dindar olan biri varmı?-Bircə bunu deyəcəyəm. Ailədə hamının Allaha məhəbbəti şəksiz və hədsizdir. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler