Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hebsdeki sabiq deputatın ticaret merkezinde keskin endirimler – emekdaşımızın qeydleri

31 Ekim 2016

6:28 am


31/10/2016 [10:27]: xeber –
Hazırda həbsdə olan oliqarx, sabiq deputat Dünyamin Xəlilova məxsus olduğu bildirilən “Globus Plaza” ticarət mərkəzi yenidən böyük endirimlər elan edib.  İddia olunur ki, bu, D. Xəlilovun öz borclarını qaytarmaq üçün nağd pula ehtiyacının yaranması ilə bağlıdır. Məsələni yerində öyrənmək üçün adını qeyd etdiyimiz ticarət mərkəzində olduq. Müşahidə etdik ki, gerçəkdən də ticarət mərkəzində böyük endirimlər var.İlk olaraq onu qeyd edək ki, əvvəllər “Globus Plaza”da mövcud olan ticarət mərkəzinin üzərinə “Harvey Nichols” brendinin adı vurulsa da, hazırda bu ad götürülüb. Belə ki, ticarət mərkəzinin üzərində “Barkers” brendinin adı qeyd olunub. Maraqlısı isə budur ki, satıcıların sözlərinə görə, ad dəyişsə də, mallar elə əvvəlkilərdir…Məlum olduğu kimi “Harvey Nichols” Britaniyanın məşhur brendlərindən biri hesab olunur. Bu brendin geyimləri adətən 2000 manatdan başlayan qiymətlərlə satılırdı. Dünyamin Xəlilova məxsus plazada brendin mağazaları  2015-ci ilin mart ayında açılmışdı. Lakin ömrü çox da uzun olmadı.  “Harvey Nichols”ın Türkiyə, Honkonq, Səudiyyə Ərəbistanı, Küveyt və Dubayda öz alış-veriş mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə dünyanın məşhur geyim və aksessuar brendlərinin mağazaları, restoranlar, gözəllik salonları fəaliyyət göstərir. Ticarət mərkəzində dünyanın 500-dən çox brendinin məhsulları satılır.Hələ “Globus Plaza”  ticarət mərkəzinə daxil olmadan öncə mağazaların şüşələrinə vurulan və çöldən görünən 50-70 faiz endirim elanları diqqəti cəlb edir. Elə bu rəqəmlərə baxıb ticarət mərkəzinə xeyli insanın daxil olduğunu müşahidə etdik. Lakin  içəridə vəziyyət başqadır. Bu, endirim elanının  yalan olması ilə bağlı deyil. Doğrudan da malların qiymətində nəyinki 70, hətta 80 faiz də endirimlər edilib. Lakin baxanlar çox olsa da, alıcı yox səviyyəsindədir. Biz orada olduğumuz zaman içəri daxil olanlar elə qiymətlərlə maraqlanıb, çıxıb gedirdilər. Qiymətlər isə necə deyərlər, əl yandırır və orta səviyyəli Azərbaycan ailəsinin cibinə heç uyğun deyil. Öncə endirimlərin hansı mallara tətbiq edildiyini qeyd edək. Ümumilikdə ticarət mərkəzinin 1-ci (mənfi birinci) mərtəbəsində ətirlər, bəzək əşyaları və digər bu kimi mallar satılır. Endirimlər bu mallara demək olar ki, aid edilməyib. Birinci mərtəbədə isə qadın və kişi geyimləri satılır. Bu geyimlərə isə 50 və 80 faiz endirimlər var. Endirimli mallar,  xüsusi işarələr vasitəsi ilə müştərinin diqqətinə çatdırılır. Belə ki, əgər geyimin üzərindəki qiymət kağızında göy rəngli nöqtə qoyulubsa, demək ki, həmin malın qiyməti 50 faiz  endirimdədir. Mağazada olan əksər bahalı geyimlərin üzərində isə bu işarəni gördük.Qiymətlərə gəlincə isə burada adi bir pencək 2445 manat, paltolar 5 min manata, köynəklər isə 500 manatdan yuxarı qiymətlərlə satılır. Ayaqqabıların qiyməti 850 manatdan başlayıb 2000 manata qədər dəyişir. Çanta və şlyapaların qiyməti də 800-1500 manat arasında dəyişir. Hazırda bu malların qiymətlərində nə qədər endirim edilsə də, yenə də baha hesab olunur.  Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, bunlar elə “Harvey Nichols” brendinin məhsullarıdır. Sadəcə olaraq, bir ilə yaxındır ki, bu brendin adı ticarət mərkəzinin üzərindən götürülüb.  Bunun səbəbini isə bildirmədilər. Şübhə edilmir ki,  bu, Dünyamin Xəlilovun həbsi ilə əlaqəlidir.Başqa bir iddiaya görə isə artıq Dünyamin Xəlilov “Globus Plaza”nın idarəçiləri sırasından çıxarılıb. Bildirilir ki, “Globus Plaza”nın 4 idarəçisi olub. Dünyamin Xəlilovun adı onun barəsində cinayət işi açıldıqdan sonra idarəçilər sırasından rəsmi qaydada çıxarılıb. Lakin iddia olunur ki, belə olsa da bu, Xəlilovun hazırkı idarəçilərlə əlaqələrinin olmaması demək deyil… D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. O, dələduzluqda təqsirləndirilir. İddialara görə, Xəlilov Beynəlxalq Bankdan külli miqdarda kredit alıb və geri qaytarmayıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilovun bu il fevralın 20-dən etibarən Bakı İstintaq Təcridxanasında saxlanıldığı qeyd olunur. Məlumata görə, Dünyamin Xəlilov 1000-dən artıq sadə işçisinin adına kredit götürüb. Bura “Globus Plaza” biznes mərkəzində yerləşən “General Construction” MMC-nin işçiləri də daxildir. Həmin şəxslər, sadəcə, işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar.  Onların əksəriyyətinin maddi durumları ağır olan insanlar olduğu bildirilir. Bir məqamı da qeyd edək ki, “Globus Plaza” ticarət mərkəzini bir vaxtlar adı Beynəlxalq Bankdan 250 milyon dollar kredit alıb geri qaytarmamaqda hallanan və bu işlə bağlı saxlanılan iş adamı Xaqani Bəşirovun şirkəti inşa edib.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler