Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Hacıbaba Əzimovdan Ayaz Mütellibova cavab: -“Prezident kimi Rusiyadan asılı olduğuna göre…”

23 Ekim 2016

6:12 pm


23/10/2016 [22:10]: xeber –
İstiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovun 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi və imzalanması ilə bağlı açdığı bəzi sirlər medianın gündəmini dəyişib.Hacıbaba Əzimov qeyd edib ki, o zaman prezident Ayaz Mütəllibovun imzaladığı Konstitusiya Aktı saxtalaşdırılıb. Yəni o zamankı prezident Ali Sovetin qəbul etdiyi əsl Aktın mətninə yox, saxtalaşdırılmış, təhrif edilmiş, bir sıra mühüm maddə və müddəaları çıxarılmış Akta imza atıb. O dövrdə Azərbaycan Respublikasının prezidenti olmuş A.Mütəllibov da Hacıbaba Əzimovun səsləndirdiyi fikirlərə cavab verərək, onu Konsitusiya Aktını biabr etməkdə, Azərbaycan dövlətçiliyini şübhə altına qoymaqda ittiham edib. Konstitusiya Aktının əsas müəllifi və təqdimatçısı olan Hacıbaba Əzimov Ayaz Mütəllibovun səsləndirdiyi fikirlərə Cebhe.info vasitəsilə münasibət bildirib.“Bunun səbəbkarı Mütəllibov olub” İstiqlalçı deputat Konstitusiya Aktının hazırlanması prosesini, sənədlərin necə saxlaşdırıldığını və saxta sənədin aşkar olunub düzəldilməsini tam şəkildə izah edib. Professor Hacıbaba Əzimov qeyd edib ki, o, bu fikirlərlə Ayaz Mütəllibovu təqsirləndirmək fikrində olmayıb. Onun sözlərinə görə, o, hər zaman Ayaz Mütəllibovu müdafiə edib: “İstər Ayaz Mütəllibov prezident olanda, istərsə də ölkədən çıxıb gedəndə sonra həmişə ona hörmətim olub. Ona o dövrlərdə normal işləməyə imkan verilmədi, müstəqil Azərbaycanın ilk prezidenti kimi hüquqları tapdanıldı. Bu baxımdan da uzun illər onun hüquqlarını müdafiə edən və bu məsələdə öndə duran şəxslərdən biri olmuşam. Özü də bunu bilməmiş deyil. Yeri gələndə onunla telefon vasitəsilə danışıb müəyyən məsələləri müzakirə də etmişik. Hər zaman bir-birimizlə hörmətlə danışmışıq. Amma Konstitusiya Aktının saxtalaşdırılması cəhdinin neçə baş verməsi sirrini gec də olsa, mən açmaq istədim, bu, heç də Mütəllibova qarşı yönəlməyib. Mənim məqsədim Ayaz Mütəllibovu gözdən salmaq, saxta Akta qol çəkməsini ona irad tutmaq deyil. Bu açıqlama ilə mən milli müstəqil dövlətimizin yaranma tarixinin və dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin hansı çətinliklərdən keçdiyini dəqiq faktlarla xalqa, cəmiyyətə çatdırmaq məqsədi daşıyıram. Bundan heç kim inciməməlidir. Tarixi həqiqətdən, əlahəzrət faktlardan heç kim qaça bilməz. Heç kim də o faktlar qarşısında məsələni başqa cür qələmə verə bilməz. Çünki dediklərim tarixi faktdır. Mən bunu sübut edəcəyəm və sizə də deyəcəyəm.Tarixi həqiqət belədir ki, o vaxt Ayaz Mütəllibov bir prezident kimi Rusiyadan asılı olduğuna, Moskvadan çəkindiyə görə bu sənədin qəbul olunması çox yubandı. Bu yaxınlarda dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirdə prezident İlham Əliyev dedi ki, müstəqilliyini elan edən postsovet ölkələri arasında biz ən axırıncılardan, 13-cü ölkə olmuşuq, yəni gecikmişik. Düz deyir, gecikmişik, bunun da səbəbkarı Mütəllibov başda olmaqla o zamankı Azərbaycan hakimiyyəti olub. O hakimiyyətdə təmsil olunanların çoxu müstəqilliyin əleyhinə idilər. Ali Sovetdə deputatların əksəriyyəti Sovet dövlət orqanlarında işləyirdilər. Bəziləri də birbaşa “KQB” agentləri və Moskva ilə bağlı adamlar idi. Dövlət müstəqilliyinin yubanmasının günahı onlarda olub.Xalq isə Milli Azadlıq Hərəkatına başlamışdı və xalqın nümayəndələri olan Müstəqil Azərbaycan Deputat Bloku – “Demblok” və digər vətənpərvər insanlar parlamentdə müstəqilliyin elan olunmasını, müvafiq sənəd hazırlanmasını tələb edirdi. Biz bu tələbi 1991-ci il fevral ayının 5-də Ali Sovet işə başlayanda irəli sürməyə başlamışdıq. Hələ Ali Sovet öz işinə başlamamışdan qabaq biz məhz bu məqsədlə 1990-ci ilin dekabr ayında “Müstəqil Azərbaycan Deputat Bloku”nu yaratmışdıq. Mən də o blokun üzvlərindən idim. İndi cənab Ayaz Mütəllibov deyir ki, guya Hacıbaba Əzimov Xalq Cəbhəsinin liderlərindən biri olub. Amma mən nə lider, nə də Cəbhənin üzvü olmuşam. Mən respublikada ən böyük Siyasi Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor olmuşam. Mənim o vaxt hər cür imkanlarım olub. Nazirdən yüksək maaş alırdım. Yaşayışım da çox əla olub. Amma bunlara baxmayaraq Vətənim, xalqım və onun gələcəyi üçün mən “Demblok”a üzv oldum, müstəqilliyin əldə edilməsi, SSRİ-dən Azərbaycanın çıxması uğrunda mübarizəyə qoşuldum. Bu həqiqətdir və biz o vaxt bunu dəfələrlə sübut etdik”.“Demblok üzvlərindən xahiş etdi ki…” Hacıbaba Əzimov əlavə edib ki, o, Ayaz Mütəllibovun SSRİ-nin saxlanılması təşəbbüsünə ilk kəskin etiraz edənlərdən biri olub: “1991-ci il martın 7-də Ayaz Mütəllibovun təşəbbüsü ilə, məhz onun göstərişi nəticəsində Ali Sovet SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsini müzakirə etdi. Bu məsələnin müzakirəsində Prezident A.Mütəllibov özü də şəxsən iştirak edirdi. Müzakirələr qurtarandan sonra o, tribunaya qalxaraq hamıdan, xüsusilə də “Demblok”un üzvlərindən xahiş etdi ki, gəlin səs verin, biz Azərbaycanda bu referendumu keçirək. Yəni SSRİ-nin saxlanılmasına səs verək və xalqda da belə təsəvvür yaradaq ki, həqiqətən də SSRİ-ni saxlamaq vacibdir. Mütəllibovun çıxışından sonra şəxsən mən məşhur “4-cü mikrofon”a çıxıb referendumun keçirilməsinin əleyhinə danışdım və onun çox zərərli olduğunu, Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsinin zəruri olduğunu bildirdim. Bizim mövqeyimiz bu olub”.Qeyd: Yazının davamını “Cümhuriyət” qəzetinin 25 oktyabr sayında oxuya bilərsiniz.(Cebhe.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler