Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Güclü parlament demokratiyanın teminatçısıdır…” – Qüdret Hesenquliyev

20 Temmuz 2016

1:44 pm


20/07/2016 [17:42]: xeber –
sayt Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:-Qüdrət bəy, iyulun 15-də Türkiyədə ordunun bir qrupu hakimiyyət çevrilişinə cəhd göstərdi. Azərbaycan dövləti bu hadisələrə vaxtında və anında reaksiya verdimi?-Son vaxtlar həm Türkiyənin, həm də ölkəmizin bəzi media orqanlarında sifarişli və iki qardaş ölkə arasında münasibətlərə kölgə salacaq yazılara rast gəlinir. Bu yazılarda iddia edilir ki, guya Azərbaycan hökuməti Türkiyədə baş verən qiyam aktına vaxtında reaksiya verməyib. Əlbəttə, bunlar düşmən və bizimlə Türkiyə arasında olan isti münasibətləri sevməyən qüvvələrin fəaliyyətidir. Əvvəla, Azərbaycan rəsmiləri bu hadisəyə kəskin və vaxtında reaksiya verib. İkincisi, Türkiyə bizim üçün o dərəcədə əhəmiyyətli və qardaş ölkədir ki, orada hakimiyyətdə kimin olmasından asılı olmayaraq sıx münasibətdə olmalı, əməkdaşlıq etməliyik. Bildiyiniz kimi, Türkiyədə hərbçilər bir neçə dəfə hakimiyyətə gəlib və uzun illər bu ölkəni idarə ediblər. Azərbaycanı bir anlığa həmin dövrə qaytaraq. Məgər həmin dövrdə Azərbaycan Türkiyə ilə əməkdaşlıq etməməli idi? Düşünürəm ki, türk xalqı müdrik xalqdır və bu durumdan çıxacaq. Azərbaycan hökuməti isə zamanında reaksiyasını göstərdi. Bizim hökumətin məsələyə yanaşması vaxtında idi və Türkiyənin yanında olduğumuzu bir daha nümayiş etdirdik. Bəziləri deyir ki, niyə prezident gecə saatlarında Ərdoğana zəng etməyib. Gecə saatlarında Türkiyə rəsmilərinin özləri Ərdoğanın harada olduğunu bilirdimi ki, bizim Prezident də ona telefon açsın? Bu baxımdan indi bəzilərinin ortaya atdığı əsassız ittihamların məqsədi odur ki, bizim qardaşlıq münasibətlərimizi zədələsinlər. Ancaq bu cür ucuz təbliğat heç bir nəticə verməyəcək və Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə qalacaq.-15 iyul cəhdindən sonra qardaş Türkiyənin NATO üzvlüyündən çıxarıla biləcəyi haqda fikirlər irəli sürüldü. Siz uzun illər NATO Parlament Assambleyasında təmsil olunmuş deputatsızınız. Necə düşünürsünüz, Türkiyənin NATO üzvlüyündən çıxarılması ehtimalları mövcuddurmu?-Türkiyənin NATO-dan çıxarılmasına dair məsələ qaldırılıb. Bu təhdidlərə gəldikdə, əlbəttə, Türkiyədəki çoxsaylı həbslərdən biz də narahatıq. Hesab edirik ki, təqsiri sübuta yetirilməyən insanlar kütləvi şəkildə iş yerlərini itirməməli və həbs olunmamalıdır. Biz partiya olaraq bu məsələni dəfələrlə qaldırmışıq və qeyd etmişik ki, bu ideya kimlər üçünsə utopik görünə bilər, amma türk dövlətlərinin bir ittifaqda olması son dərəcə önəmli məsələdir. Hər zaman qeyd edirdim ki, əgər dağ Məhəmmədə tərəf gələ bilmirsə, Məhəmməd dağa tərəf getməlidir. Türk respublikaları içərisində əhalisinin sayı, hərbi gücü və iqtisadiyyatına görə Türkiyə öndədir. Lakin hesab edirəm ki, mövcud şəraitdə digər türk respublikalarının Türkiyə ilə hərbi-siyasi alyansın içərisində olması qeyri-realdır. Biz qeyd etmişdik ki, gələcəkdə türk-slavyan respublikaları ittifaqı yarana bilər. Türkiyənin Avrasiya İttifaqına girməsi, burada türk dövlətləri ilə hələlik eyni iqtisadi blokda olması, zənnimcə, türk respublikalarının marağına uyğun olardı. Üstəlik Avrasiya İttifaqında Rusiyanın təkbaşına hegemonluğuna, bu qurumun Rusiya tərəfindən yaradılan ittifaq imicinin qarşısının alınmasına yol açardı. Türkiyə əgər NATO-dan çıxarılarsa, qardaş ölkənin Avrasiya İttifaqına üzv olması, gələcəkdə hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması gündəmə gələ bilər. Amma düşünmürəm ki, bütün bunları NATO üzvü olan digər ölkələr hesablamır və Türkiyənin NATO-dan çıxarılması üçün addım atarlar. Ola bilsin ki, Türkiyədə olan həbslərin miqyasını kiçiltmək, Türkiyənin demokratik proseslərdən uzaqlaşmaması, qiyam cəhdindən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün belə təzyiqlər edilir. Ancaq Türkiyə, doğrudan da, demokratik proseslərdən uzaqlaşarsa, bu, reallaşa bilər. Belə olacağı təqdirdə Türkiyə üzünü türk respublikalarına tərəf tutmalıdır. Amma bunun gerçəkləşəcəyi az inandırıcı görünür.-İyulun 18-də məlum oldu ki, Azərbaycanda Konstitusiya dəyişikliyi üçün yeni layihə var və referendum keçiriləcək. Sizin Konstitusiya dəyişikliyinə münasibətiniz nədən ibarətdir?-Partiyamız ilkin olaraq referenduma münasibət bilirib. Qeyd etmişik ki, bu referendum daha çox xarici faktorlardan qaynaqlanır və xarici faktorlar Azərbaycanda belə bir referendumun keçirilməsini şərtləndirir. Hər halda qənaətimiz bundan ibarətdir. Xüsusilə, Türkiyədə baş verən hadisələrdən sonra referendumun gündəmə gəlməsi dediklərimizi təsdiq edir. Bu saat Ermənistanda baş verən hadisələr, Qazaxıstanda müşahidə olunan proseslər, qardaş Türkiyədə son olaylar, Yaxın Şərqdə qanlı hadisələr, terrorun dünyada geniş vüsət alması insanları aqressivləşdirir. İnsanlar sanki problemlərin zor tətbiq etməklə həll edilməsi üslubuna daha çox meyllənir. Bu da, adamın gözünə II Dünya Müharibəsini, I Dünya Müharibəsi öncəsi vəziyyəti gətirir. Sanki insanlar müharibəyə hazırlanır, qan tökmək adiləşir. Azərbaycan Dağlıq Qarabağ kimi probleminin olduğunu dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək, Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq. Belə olduğu təqdirdə qənaətimə görə, hökumət prezidentlik institutunun gücləndirilməsini məqsədəuyğun sayıb. Bu, referenduma indiki dövrdə start verilməsi səbəbi ilə bağlı qənaətimizdir.-Bəzi qüvvələrin buna qarşı çıxmasını necə qiymətləndirirsiniz?-Bəli, bəziləri buna qarşı çıxır, hətta dəyişikliyi mürtəce formada təqdim edirlər. Düşünmürəm ki, bu dəyişikliklər Konstitusiyanı mürtəceləşdirir. Bu fikirlərlə razı deyiləm. Yeri gəlmişkən, biz partiya olaraq zamanında AXC hakimiyyətini tənqid etmişdik ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərkən Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir cümləsini yazdığımız halda parlamentli respublikaya keçmədik. Böyük səhvlərdən biri də bu idi. 1990-cı ilin parlament seçkilərinin total saxtakarlıq şəraitində keçirildiyini bəyan etsək də, sonra bu parlamentlə işləməyə üstünlük verdik. Əlbəttə, istənilən vaxt bu və ya digər addımın atılmamasına haqq qazandırmaq üçün arqumentlər tapmaq mümkündür-məsələn, müharibə gedirdi və s. Amma düşünürəm ki, bunlar o zaman AXC rəhbərliyinin buraxdığı səhvlərə haqq qazandıra bilməz. Çünki bu, öldürücü səhvlər idi və ağrı-acıları hələ də yaşanır. Bu mənada hesab edirəm ki, indiki mərhələdə iqtidar yeni çağırışlara cavab vermək, hazır olmaq üçün prezidentlik institutunu gücləndirir. Biz ölkədə parlamentli respublikanın tərəfdarıyıq. Düşünürük ki, güclü demokratiya ənənələrinin olmadığı ölkədə parlament üsul-idarəsi cəmiyyətin inkişafına daha çox töhfə verə, cəmiyyətin daha da sağlamlaşmasına xidmət göstərə bilər.-Qanun layihəsinə təklifləriniz olacaqmı?-Əlbəttə, olacaq. Çünki bizi qane etməyən bəzi məqamlar var. Xüsusilə, bir neçə müddəa var və biz hazırda layihəni öyrənirik. Bəzi maddələr üzrə təkliflərimizi də hazırlayırıq. Konstitusiya Məhkəməsi qanun layihəsini qəbul etdikdən sonra təkliflərimizi açıqlayacağıq. Bu təkliflərimizdən bəzilərini qeyd edə bilərəm. İlk təklifimiz ondan ibarətdir ki, qardaş Türkiyədə yaşanan hadisələr də sübuta yetirdi ki, Prezidentin silahlı qüvvələrdən parlamentin razılığı olmadan istifadə etmək hüququ olmalıdır. Çünki hər hansı bir ölkədə konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində zorakı hadisələr baş verərsə, parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Eyni zamanda belə neqativ proseslərin qarşısının alınması üçün polis qüvvələrinin gücünün də yetərli olmamaması mümkündür. Belə olan halda dövlət imkan verməməlidir ki, konstitusiya quruluşu dəyişsin.Azərbaycan elə bir coğrafiyada yerləşir ki, ətrafımızda böyük dövlət, islam ekstremizmi, dini dövlət qurmaq istiqamətində ciddi işlər aparılır. Söhbət ondan getmir ki, sabah ordunun hansısa hissəsi qalxa bilər. Hərçənd ki, müdrik dövlət başçıları və siyasətçilər ən ağlasığmaz ehtimalları da nəzərdə tutmalıdır. Vaxtilə Surət Hüseynov Azərbaycan dövlətinə qarşı qalxmadımı? Ancaq ola bilər sabah dini ekstremist qüvvələr, terrorçu qruplar, xarici dövlətlər tərəfindən göndərilən və zamanında “yaşıl adamcıqlar” adlandırılan dəstələr peyda ola bilər və s. Belə olacağı təqdirdə Prezidentin dövlətin və ölkənin təhlükəsizliyini qorumaq üçün Silahlı Qüvvələrdən istifadə etmək imkanı olmalıdır. İkincisi, çoxlu sayda vitse-prezidentlərin olması idarəçilik xərclərini artıracaq. Yaxşı olardı ki, seçkilər zamanı Prezident birinci vitse-prezidentin kim olacağını açıqlasın. Yəni bilinsin ki, məsələn, sabah prezident öz səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə onu əvəz edəcək şəxs kimdir. Başqa sözlə, prezidentliyə namizədliyi qeydə alınan şəxs sabah hansı vitse-prezidentlə işləyəcəyini elan etməlidir. Yeri gəlmişkən, Amerikada belə bir təcrübə var. İkincisi, birinci vitse-prezident varsa, baş nazir institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu addıma gedilə bilər. Bundan başqa, qanun layihəsində Milli Məclisin buraxılması haqqında müddəalar var. Bu müddəaların içərisində qeyd edilir ki, əgər prezident Mərkəzi Bankın idarə heyətinin, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin üzvlərini parlamentə təqdim edirsə və parlament il ərzində onları iki dəfə təsdiq etmirsə, bu halda Prezident Milli Məclisi buraxa bilər. Bizim fikrimizcə, təsdiqetmə səlahiyyəti prlamentdədirsə və parlament bunu təsdiq etmirsə, buna görə parlamentin buraxılması demokratiyaya uyğun deyil. Çünki bu halda deputatlar düşünəcəklər ki, ya bunları təsdiq etməlidirlər, ya da onların fəaliyyətinə xitam veriləcək. Bu halda təsdiqetmə formal xarakter daşıyacaq. Odur ki, biz BAXCP olaraq təklif edəcəyik ki, Ali Məhkəmənin üzvlərinin, Konstitusiya Məhkəməsinin üzvlərinin və Mərkəzi Bankın idarə heyətinin üzvlərini Prezidentin özü birbaşa təyin etsin. Eyni zamanda Milli Məclisin buraxılması ilə bağlı başqa bir məqam da var. Əgər parlament Nazirlər Kabinetinin fəaliyyətini iki dəfə qeyri-qənaətbəxş sayarsa, bu zaman Milli Məclis buraxıla bilər. Əgər Milli Məclis hesab edirsə ki, Nazirlər Kabinetinin fəaliyyəti qeyri-qənaətbəxşdirsə, buna görə parlamenti buraxmağa nə ehtiyac var? Düşünürəm ki, parlamenti qorumaq üçün Nazirlər Kabinetinin hesabatı Konstitusiyadan çıxarılmalıdır. Yəni sonda seçkinin nəticəsində xalq hökumətə münasibətini ifadə edə bilər. Bizdə indiki konstitusiyada öz həllini tapmır ki, Nazirlər Kabinetinin fəaliyyətini parlament qeyri-qənaətbəxş sayarsa, bu hansı hüquqi nəticələr yaradır. Bununla bağlı Konstitusiya qanunu qəbul edilib – Əlavə Təminatlar Haqda. Amma burada da yazılmayıb ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayırsa, bu zaman nə baş verir? Düşünürəm ki, indiki halda Nazirlər Kabinetinin parlamentdə hesabat verməsinə ehtiyac yoxdur. Həmçinin qanun layihəsində müddəa var ki, deputat birbaşa səsvermə hüququnu həyata keçirməyəcəyi təqdirdə, statusundan məhrum oluna bilər. Həmçinin deputat etik davranış qaydalarını kobud pozduqda deputat statusundan məhrum edilə bilər. Biz təklif edirik ki, bu müddəalar çıxarılmaldır. Milli Məclis canlı debatların keçirildiyi yerdir. Parlament üzvləri də adi insanlardır, onların hissləri, emosiyaları var. Biz görürük ki, ayrı-ayrı ölkələrin parlamentində bəzən yumruqlaşma, əlbəyaxa davalar baş verir. ABŞ böyük dövlətçilik təcrübəsinə, 200 ildən çox demokratiya ənənəsinə sahibdir. Bu yaxınlarda Konqresdə silahlara nəzarətlə bağlı qanun layihəsinin müzakirəsi zamanı Demokratlar tribunanı tutdu və oturaq aksiya keçirdi. Fikrimcə, bu cür canlı debatların keçirildiyi ünvanda deputatlar kobud davrana, bəzən etikadan kənar fikirlər də səsləndirilə bilər. Əlbəttə, bu xoşagəlməz hərəkət və haldır. Buna görə intizam-tənbeh tədbiri tətbiq edilə bilər. Amma deputatı statusdan məhrum etmək ağır cəza olardı. Odur ki, bu müddəanın çıxarılmasını təklif edirik. Çünki demokratiya parlamentdən başlayır və güclü parlament demokratiyanın təminatçısıdır.Bundan başqa, qanun layihəsində sosial ədalətin bərpası məqsədilə mülkiyyət hüququnun məhdudlaşdırılması məsələsi var. Hesab edirəm ki, buna yol vermək olmaz. Çünki bizim hazırda qüvvədə olan Konstitusiyamıza görə mülkiyyət hüququ toxunulmazdır. Əgər bu hüququn hansısa hallarda əsaslandırıb desək ki, sən torpaqdan səmərəli istifadə etmirsən və buna görə torpağı sizin əlinizdən alırıq, bu ölkəyə investisiya qoyuluşunun qarşısını ala bilər. Odur ki, mülkiyyət toxunulmaz olmalıdır. İstanbulda adamın diqqətini yeni tikilən yaraşıqlı binaların yanında bir koma cəlb edir. Bəzən soruşursan ki, belə müasir və gözəl bina tikən sahibkar nədən bu daxmanı almır və ya dövlət şəhəri abadlaşdırmaq üçün bu komanı almır. Mənə hər zaman deyiblər ki, bu həmin şəxsin xüsusi mülkiyyətidir. Ya ona verilən qiymət mülk sahibini qane etmir, ya da ümumiyyətlə satmır. Düşünürəm ki, mülkiyyət toxunulmazlığına ciddi dövlət təminatı olacağı halda xaricilər də gəlib Azərbaycanda mülk alacaq, investisiya qoyacaq. Biləcəklər ki, Konstitusiya ilə mülkiyyət qorunur. Sosial ədalət anlayışı elədir ki, bunu heç kim müəyyənləşdirə bilməz. Bu məsələlərlə bağlı sadəcə ölçü yoxdur. Həmçinin bir məqamı da qeyd etmək istərdim. Konstitusiyanın 25-ci maddəsinin VI hissəsinə əlavə edilir: Fiziki və əqli qüsuru olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit edilən bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Fikrimcə, “fiziki və əqli qüsur” sözü nə müasir hüquq sistemində, nə də siyasi leksikonda işlənilmir. Kimisə yolda avtomobil vurubsa və ayağının birini amputasiya ediblərsə, buna əsla qüsur demək olmaz. Və ya əqli baxımından problemli doğulub və sonradan onun problemləri yaranıbsa, ona “qüsurlu insan” demək doğru deyil. Qüsur birbaşa insanın davranışı və tərbiyəsi ilə bağlı ola bilər. Bu mənada hesab edirik ki, qanun layihəsində müəyyən dil problemi də var. Ola bilsin ki, bu yanlışlıqlar layihənin hazırlanmasının sürətlə aparılması ilə bağlıdır. Lakin hesab edirəm ki, yaş məhdudiyyətinin aradan qaldırılmasını normal qəbul etmək lazımdır. Məsələn, Saakaşvili Gürcüstanda prezident seçiləndə çox gənc idi, amma ölkə üçün böyük işlər gördü. Onun prezidentliyə namizədliyini irəli sürən ərəfədə yaşı da çatmırdı. Bu baxımdan yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin artırılmasını normal hesab edirəm. Önəmlisi ölkədə Qərb standartlarına cavab verən, siyasi qüvvələrin etimad göstərdiyi, hamının qarşılıqlı olaraq qəbul etdiyi siyasi sabitlik olur, demokratik seçkilər keçirilir və qanunun aliliyi təmin edilir.-Siz qanun layihəsini öyrənmək ərəfəsindəsiniz?-Sözsüz ki, referendum layihəsini oxumuşuq. Amma maddələr üzrə təkliflərimizi həm cəmiyyətə təqdim edəcəyik, həm də parlamentdə müzakirələr zamanı fikirlərimizi söyləyəcəyik. Biz partiya olaraq öz fikrimizdə qalırıq ki,Azərbaycanın gələcəyini parlamentli respublika modelində görürük. Ümid edirəm ki, Azərbaycanda Qarabağ konflikti həll edilər, dünyada və regionda sabitlik bərqərar olar və Azərbaycan bu islahatlara gedər. Düşünürəm ki, zamanla dünyanın əksər ölkələri bu modelə keçəcəklər.-Bəzi qüvvələr artıq referendum layihəsinin keçməməsi üçün təşəbbüs göstərəcəklərini ifadə ediblər. Onların bunu etmək üçün imkan və potensialları nə qədərdir?-Bunu normal qəbul etmək lazımdır. Şübhəsiz ki, bunun əleyhinə olanlar tapılacaq və bu təbiidir. Azərbaycanda fərqli fikirlilik, plüralizm mövcuddur, hətta bəzən bu istiqamətdə əndazə də aşılır. Bildiyim qədər buna etiraz edən AXCP və Müsavat Partiyasıdır. Belə etirazlar demokratik ölkənin atributlarıdır. Onların bu prosesə təsir edə biləcəyi, xalqın da onların arxasınca gedəcəyi mənim üçün mümkünsüz sayılır. Zənnimcə, məhdud tərəfdarları ilə, hamısı bir araya gələcəyi təqdirdə bir neçə yüz adamın etirazı ola bilər. Bunu da, normal qəbul etmək lazımdır. Lakin onların referenduma mane ola biləcəkləri mümkünsüzdür.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler