Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Gencemin Xan çinarı  – Altay Memmedov

20 Haziran 2016

12:20 pm


20/06/2016 [16:16]: xeber –

 

Hər dəfə adı cəkiləndə qəribə
bir kövrəklik vicudumu bürüyür. Çünki bu ad mənə daha çox doğmadır. Bu da səbəbsiz
deyil. Səbəb isə məhz çox yaxın ailə dostluğu və onun insani səmimiyyətidir. Hətta
bu dostluq mərhum atam, Respublikanın xalq artisti Məhəmməd Bürcəliyevin vəfatından
sonra da sona qədər davam edib. Altay Məmmədov hər zaman ona xas olan xüsusiyyətləri
ilə seçilməyi sevirdi.

Dostluq məvhumu onun üçün
vacib amillərdən biri idi. Hər dəfə zəng edəndə ilk deyəcəyi kəlmə bu idi: “ Oğul
Altay əmindir. Anan evdədir ? ”. O, hər zaman zəng edər, atamın həyatda
yoxluğunu sanki bizə unutdururmuş kimi problemlərimiz ilə maraqlanar və ailəmizə
olan dostluq, qardaşlıq hisslərini bildirərdi. Onunla birgə mərhum həyat
yoldaşı Almaz xanım da hər zaman yanımızda olar və sevincimizlə, kədərimizlə
bölüşərdi.

Altay Məmmədov ədəbiyyata
nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat
olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini özünə
cəlb edə bilmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat
tariximizin mükəmməl bilicisi kimi də mühüm fundamental fikirləri, mülahizələri
ilə diqqət mərkəzində olamğı bacarmışdır.

Altay Yusif oğlu Məmmədov
1930-cu il mayın 15-də Gəncə şəhərində anadan olmuşdur. O, 4 saylı fəhlə-gənclər
məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və
usta peşələrində calışmışdır. 1949-cu ildə Həsən bəy Zərdabi adına Gəncə
Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuş və  oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin
institutun “ Azərbaycan ədəbiyyatı tarixi ” kafedrasında baş müəllim vəzifəsində
saxlanılmışdır. İstedadı və bacarığı ilə hər zaman diqqət cəlb etməyi bacaran
Altay Məmmədov hələ tələbəlik illərində “ Kirovabad fəhləsi ” qəzeti
redaksiyasında korrektor, “ Gəncə kommunisti ” qəzeti redaksiyasında ədəbi işçi
vəzifələrində çalışmışdır. 1950-ci ildə “ Ədəbiyyat qəzeti ”ndə dərc edilən “ Fəhləlikdən
alimliyə ” oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir
işıqlı ömür yolunun yolçusuna çevrilmişdir.

O, Filologiya elmləri namizədi
(1964), dosent (1965), əməkdar mədəniyyət işçisi (1971) idi. 1957-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, 1962-ci ildə Azərbaycan Yazıçılar
Birliyinin Gəncə filialına rəhbərlik etmişdir. Məhz onun rəhbərliyi ilə Gəncənin
neçə-neçə sayılıb-seçilən, bu gün də hekayələri, oçerqləri ilə maraqla izlənilən
şair və publisistləri yetişdirilmiş, Altay Məmmədov dühasından bəhrələnmişlər.

Bir sözlə, Altay Məmmədov
doğma Gəncəmin əsl nüfuz sahibi, mərd kişisi, Xan çinarı idi. Onun sadəliyi, təvəzökarlığı
isə bir başqa aləm idi. Hər zaman qamətində Gəncəmin Xan çinarını xatırladan
Altay Məmmədov həm də dərs dediyi tələbələrinin mənəvi atası və yaxın dostu
idi. Onun dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin
görkəmi bir insan olaraq qəlbini hər zaman sızladırdı. Altay Məmmədov həssas
bir sənətkar, həm də şox kövrək bir insan idi. Kamil bir şəxsiyyət olaraq o
yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə
ziyalılara olan təpkisindən qaynaqlanır. Elə ona görə də məhz bu təpkilərə sinə
gəlmək üçün hər zaman dostlarının, tələbələrinin yanında idi.

Altay Məmmədov yaşadığı
mühitin qanunlarına üstüörtülü ironiyaları ilə yanaşmaqla hekayələri, oçerqləri,
məqalələri və dram əsərləri ilə diqqət mərkəzində idi. Qələmə aldığı hər bir əsər
Altay Məmmədov dühasında süzülərək sovet idarə sisteminin dəmir mancanağını, onun
puc bir idarə sisteminin ifşası demək idi. Belə olmasa idi nə “ Həmyerlilər ”, nə
“ Kişilər ”, nə də ki “ Dəli Domrul ” yaranmazdı.

 “Həmyerlilər”in maraqlı taleyi və ya Altay Məmmədov dramaturgiyası …

Əslində Altay Məmmədovun
nəsrinə bələd olmadan onun dramaturgiyasını duymaq və ona şərh vermək də cətindir.
Altay Məmmədov dramaturgiyası teatrın tələblərini dərindən duyan, səhnə effektlərinə
deyil, aktyor ifasına güvənərək hər bir personajın isti münasibətindən doğan
rejissor traktofkası ilə eynilik təşkil edən həyat həqiqətləridir. Onun ilk
dram əsəri olan 1954-cü ildə çap etdirdiyi “ Haralısan əmioğlu ” hekayəsi əsasında
qələmə aldığı “ Həmyerlilər ” pyesinin də maraqlı tarixcəsi var. Müəllif  ilk dram əsərinin qələmə alınmasının maraqlı tarixçəsini öz xatirələrində bu
çür bölüşür: “ Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından
sonra oturub yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan, xalq
artisti Məhəmməd Bürcəliyev qəfil mənə dedi:

– Altay,
deyirəm bəlkə bir dram əsəri yazasan. Hə ?…

– Nə ? Mən ?
Dram əsəri ? Nə danışırsan ay Məhəmməd ? Heç düşünmə.

– Niyə ? Çox
duzlu və məzəli qələmin var. Elə hekayələrin, oçerklərin bir dünyadır. Sən gəl
bir düşün.

– Yaxşı,baxarıq – dedim. Bu söhbətdən bir
müddət keçsə də Məhəmməd Bürcəliyev yenə də öz fikirlərində israrlı idi və mənə
dram əsəri yazmağımı təklif edirdi. Bir gün isə o, mənə “ Həmyerlilər ”in
ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki,
“ Haralısan əmioğlu ” hekayəmin motivləri əsasında bir özümü sınayım. Belə də
oldu. “ Həmyerlilər ”i yazdım və pyesi Gəncə Dövlət Dram teatrının bədii
şurasına təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu
rejissoru isə elə xalq artisti Məhəmməd Bürcəliyev özü oldu. İlk dram əsərimin
səhnə taleyi çox uğurlu oldu.”

Xalq  artisti 
Məhəmməd  Bürcəliyev “ Həmyerlilər
” pyesi haqqında “ Ədəbiyyat və İncəsənət ” qəzetinin  28 sentyabr 
1990-cı il tarixli  37 (2432)  sayında 
“ Həqiqət duyğusu ”  məqaləsində  yazırdı: “Etiraf edirəm ki, biz əsasən əsərdəki
bürokratizmin ifşası xəttini qabartmağa çalışmışdıq. Təbii ki, bunu cəmiyyətin ən
yaralı yeri hesab etdiyimiz üçün. Biz daha böyük mətləbə, daha böyük dərdə
toxunduğumuza əvvəlcə o qədər də əhəmiyyət verməmişdik. Xalqımızı incidən,
didib-parçalayan yerlipərəstlik mərəzinə. O zaman gənc Altay ictimaiyyətin diqqətini
bu virusa-xalqımızı monolitləşməyə qoymayan, müxtəlif əcayib-qərayib formada təzahür
edən, bəzən səmimiyyət donuna bürünməyi bacaran bu yırtıcı qurda-yerlipərəstliyə
yönəldə bilmişdi. ”

Qeyd etmək lazımdır ki, müəllifin
zəngin həyati müşahidələri əsasında yazdığı “ Həmyerlilər ” pyesi öz janrına
görə, vəziyyətlər komediyasına daha çox yaxındır. İctimai təminat idarəsinin
müdiri Balvaz Balvazovun (aktyor Ağa Məmmədov) yerliçilik xəstəliyinə məruz
qalaraq düşdüyü gülünc vəziyyət, baş mühasib Gümüş Gümüşovun (aktyor Məmməd Cəfər)
“ ölü canların ” hesabına yaşaması və yaxud da onlarla “ pəncələşməsi ”,
yelbeyin və yüngülxasiyyət  Zərrinin
(aktrisa Fəridə Əliyeva) nazir müavini axtarmaq sərgüzəşti komik ünsürlərlə zəngindir
və əsərin daha çox vəziyyətlər komediyası şəklində meydana çıxmasına kömək
edir.

1964-cü ildən sonra yeni və
cəsarətli söz demək imkanın get-gedə məhdudlaşdığı bir dövrdə, müəllifin
1966-cı ildə qələmə aldığı “ Yadındamı ? ” (quruluşçu rejissor Tofiq Kazımov)
lirik-psixoloji pyesi də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
1937-ci il represiya qurbanlarının acı taleyi, bu qəbildən olan ailələrin sanki
fırtınalı bir dənizə düşmüş həyatı pyesin əsas personajı olan yüksək mənəviyyatlı
Zaurun timsalında göstərilir. Xalq artisti Ələddin Abbasov “ Yadındamı ? ”
pyesi haqqında öz xatirələrində yazırdı: “ Bu həmin dövr idi ki,mətbuat müvəkkilliyi
şəxsiyyətə pərəstişin törətdiyi cinayətlərə həsr olunmuş əsərlərin çapına qəti
icazə vermir, ayrı-ayrı əsərlərdə bu məsələyə toxunulan cümlələri də silib
atırdı. Bu dövrdə Altay Məmmədovun “ Yadındamı ? ” lirik-psixoloji dramı sözün əsl
mənasında cəsarətli söz, addım, inqilab idi. ”    

Müəllifin Mirzə Fətəli
Axundzadənin “ Aldanmış kəvakib ” pyesinin motivləri əsasında 1974-cü ildə qələmə
aldığı “ Ulduzlar görüşəndə ” (quruluşçu rejissor respublikanın əməkdar incəsənət
xadimi Yusif Bağırov) qəhrəmanlıq komediyası da dövrünün maraqlı səhnə əsərlərindən
biri hesab edilir. Bu illərdə keçmiş sovet post məkanının tüğyan etdiyi Brejnev
hakimiyyətinin lap mənəm-mənəm dediyi vaxtda səhnədən deyilən “ Məmləkətdə ən
böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləmin özüdür ” çümləsinin qeyri adi bir
vəclə, bir uğultu ilə qarşılanması tamaşaçıların hər bir anı böyük inçəliklə
anladıqlarının göstəriçisi idi. Xalq artisti Zülfüqar Baratzadə “ Ulduzlar
görüşəndə ” pyesi haqqında öz xatirələrində yazırdı: “ Yaxşı yadımdadır, bir ədəbi
geçədə Zaman xanın dili ilə deyilən “ Xəzinədə çoxlu pul olması vacibatdandır.
Bəlkə şahənşah müharibə eliyəsi oldu, bəlkə bir Əfqanıstana hücum elədik ” sözləri
burada iştirak edən o zamankı şəhər rəhbərliyini şok vəziyyətinə saldı, cünki
qonşularımız artıq Əfqanıstanda vuruşurdular. Xoşbəxtlikdən bu sözlərin başına
o zaman ip salan olmadı, sanki heç eşitməmişdilər. ”  

Altay Məmmədovun 1980-ci
illərdə qələmə aldığı maraqlı səhnə əsərlərindən biri də “ Dədə Qorqud ”
dastanının motivləri əsasında yazmış olduğu “ Dəli Domrul ” qəhrəmanlıq
komediyasıdır. Əsasən həyatla Domrul (xalq artisti Ələddin Abbasov) ölüm
Əzrayıl (əməkdar artist Faiq Qasımov) arasındakı dialoq əsasında yazılmış bu əsərində
içtimai yükü və zamana baxışı ağırdır. Həyatı bəzəmək, əminamanlıq icərisində
yaşamaq eşqi ilə ürəyi döyünən Domrulun şər qüvvə olan Əzrayıl tərəfindən ram
edilməsi, hər an onun arzularının puc olmasına calışması zaman və məkan
baxımından insan ömrünün nə qədər az, əlcatmaz olduğunu diqtə edir. Bir-birini
tamamlayan mizanlar, işıq və musiqi tərtibatı obrazların rejissor traktofkası
ilə eynilikdə uğurlu səhnə taleyindən xəbər verirdi. Xalq artisti Məhəmməd Bürcəliyev
“ Dəli Domrul ” pyesi haqqında öz xatirələrində yazırdı: “ İndi teatrın texniki
imkanları elə inkişaf edib ki, protokolu da səhnələşdirib göstərmək olur. İşıq,
səs effektləri və.s. Ancaq protokolu səhnədən ayıran kimi adi kağıza çevrilir.
Əsl pyes isə səhnədən ayrılanda da müstəqil bədii əsər kimi yaşamaq iqtidarı
olan əsərdir. Altay Məmmədovun dram əsərləri xüsusi ilə də “ Dəli Domrul ” qəhrəmanlıq
komediyası məhz bu xüsusiyyətlərə malikdir. “ Dəli Domrul ”un obrazları həyati,
canlı, mükəmməl fərdi xüsusiyyətlərə malik olması ilə fitri dramaturgiyadır.
Ümumiyyətlə nəyinki “ Dəli Domrul ”da eləçə də Altay Məmmədovun bütün əsərlərində
böyüklüyündən, kiçikliyindən asılı olmayaraq obrazlar aktyora öz istedadını
nümayiş etdirmək, müəllif fikrini sərrast çatdırmaq imkanı yaradır. ”   

 Altay Məmmədovun dram əsərləri Azərbaycanda,
eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya
qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil
dillərinə tərcümələrdə çap edilib. 

 “ İlk busə ”,
“ Araba hələ aşmayıb ” və ya “ Diribaş adamlar ”…

Altay Məmmədov eyni zamanda
tərcümə ilə də məşğul olmuş, Əbdüqəhhar İbrahimovun “ İlk busə ”, Otar
İoselianinin “ Araba hələ aşmayıb ”, Vasili Şukşinin “ Diribaş adamlar ” pyeslərini
rus dilindən doğma dilimizə Azərbaycan dilinə çevirmişdir. Həmçinin Altay Məmmədov
1958-ci ildə çapdan çıxan “ On birinci açar ” adlı ilk hekayələr kitabı ilə ədəbiyyata
istedadlı bir nasir kimi daxil ola bilmişdir. Onun yaradıcılığında hekayə janrı
mühüm yer tutur. “ Narınc ”, “ Anam qocalmışdı ”, “ Uvertüra ”, “Məhəbbətin səsi
”, “ Gülab nəfəsli ” və.s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə,
“Məhəbbətin səsi ” və “ Gülab nəfəsli ” hekayələri o illərdə oxucuların ən çox
sevdiyi nəsr əsərlərindən hesab edilirdi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin
əbədiliyi ideyasını irəli sürürdü.

Altay Məmmədov Gəncədə
yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və
başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, “ Mahnı ”
povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.
Qeyd etmək lazımdır ki, Altay Məmmədov iki görkəmli Azərbaycan yazıçısı – İlyas
Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini
yaradıb, bu iki görkəmli yazıçının yolunu, şərəflə, uğurla davam etdirib. Altay
Məmmədov “ Azərbaycan hekayəsi ” adlı çox sanballı bir monoqrafiyanın da müəllifi
olub. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist
hekayənin yaranmasına qədərki mərhələni çox geniş bir formada araşdırır. Realist
hekayələrin yaranma tarixini geniş şəkildə şərh edir. Burada heç şübhəsiz, şifahi
xalq yaradıcılığı-dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha
sonra epik poeziyamızda mənzum hekayələri mühüm rol oynayır.

Altay Məmmədov ədəbiyyatşünaslıq
elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm
klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəməklə yanaşı bu prosesləri
daha dərindən təhlil etməklə araşdırmış və böyük oxuçu kütləsinin diqqətinə təqdim
edə bilmişdir. “ Dədə Qorqud ”u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim
bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni,
İ.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni,
İ.Ismayılzadəni də eyni duyum və fikir aydınlığı ilə təhlil edir, maraqlı
mülahizələrini, fikirlərini bölüşürdü.

Onunla son görüşümü
xatırlayıram. Bu Gəncədə 2002-ci ilin mart ayına təsadüf edir. Novruz bayramı ərəfəsi
idi. Gəncəmin Xan çinarı olan Altay Məmmədovun görüşünə getmişdim. Yenə də əzəmətli
boyu və gözəl nitqi ilə hər kəsi valeh edirdi. Onu dinlkədikcə sanki ruhum dincəlirdi.
Söhbət əsanasında maraqlı bir fikri diqqətimi çəkdi və onun bu fikirlərini öz
cib dəftərçəmə yazdım. Bu gün yenidən o fikirləri oxuyuram: “ Mən Sabir Əhmədlinin
“ Qanköçürmə stansiyası ” əsəri və ümumiyyətlə bu mövzunun dəfələrlə böyründən
ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç
ağlıma da gəlməyib. ”

Yazımın əvvəlində olan fikrə
bir daha qayıtmaq istəyirəm. Altay Məmmədov üçün  dostluq məvhumu vacib amillərdən biri idi. O,
dostluğu baçarırdı. Adına və əzəmətinə görə. Dost onun üçün əvəzsiz varlıq idi.
Deyirdi ki, gərək dostu elə qazanasan ki, yükünü axirətdə də daşıya biləsən. Elə
bu yükü, bu dünyadan axirətinəcən də daşıdı. Öz dövrünün gəncliyinin sevimli
şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı idi. Əli Kərim haqqında qəzet-jurnal
səhifələrində olan unudulmaz xatirələrini hər zaman böyük şövqlə çap etdirərdi.
Çünki onun yaradıçılığı Altay Məmmədov üçün çox əziz idi. Əli Kərim itkisi onu
çox ağrıdırdı, bu niskili daim ürəyində gəzdirirdi. Bu gün biz də Altay Məmmədov
itgisini, ağrısını və nisgilini qəlbimizdə gəzdiriik. Ruhun hər zaman şad
olsun, Gəncəmin Xan çinarı. 

 

 Anar Bürcəliyev, teatrşünas

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler