Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Fikret Əmirov müellimim idi, ancaq Cahangir Cahangirova minnetdaram”    

30 Ağustos 2016

9:48 am


30/08/2016 [13:44]: xeber –
                                                                           Deyirlər yaşamaq da bir sənətdir. Taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü mahir sənətkar kimi yaşayır. Bəli, məhz sənətkar kimi. İnsan sənətkar olandan sonra isə ikiləşir. Sevinci də, kədəri də iki qat artır. Sənətkarın payına sevinc hisləri çox az düşür. Yaradıcılıq nigarançılığı, şübhələr onu sıxır. Ancaq bu nigarançılıq və şübhələr bağbanın becərdiyi ağacın meyvəsini dərənə kimi keçirdiyi nigarançılıq kimidir.  Sənətkar var ki, hər zaman yüksək titullar qazanmağa ömrünü sərf edir. Sözün əsl mənasında yaradıcılıq axtarışlarının deyil titullarının kölgəsində gizlənir. Sənətkar da var ki, qəlbini sənətinin yolunda piltə-piltə əridir, öz yaradıcılıq axtarışlarını sənətin zirvəsində, tamaşaçı rəğbətində görür. Amalı və yaradıcılığı uğrunda daima inkişafda, axtarışda olur. Ulu Şeyx Nizami yurdu olan qədim Gəncəm hər zaman sənətkarlar məskəni olmaqla yanaşı, çağdaş Azərbaycan mədəniyyətinin inkişafı naminə sözün əsl mənasında böyük bir məktəb yarada bilmişdir. Bu məktəb neçə-neçə sənət fədailəri, qocaman səhnə ustaları yetişdirmişdir. Bu gün də bu ənənə davam etməkdədir. Gəncədə hər gün böyük şövqlə yaradıcılıq axtarışlarının ardınca gedən bir sənətkar yaşayır. Ömrünün 75-ci baharına qədəm qoymağa hazırlaşan respublikanın əməkdar mədəniyyət işçisi Şirin Rzayevi Gəncəmdə tanımayan yoxdur. O, hər zaman yaradıcılıq axtarışlarındadır. Böyük sənət məktəbi keçən qocaman ustad bu gün də Gəncəmdə neçə-neçə gənc nəslin yetişməsində xidmətlərini əsirgəmir. Şirin Rzayev 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) xor-dirijorluğu fakültəsini əla diplomla bitirmişdir. 1968-69-cu illərdə Konservatoriyada müəllim, 1969-74-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonlarınadək çalışmışdır. Təsadüfi deyil ki, məhz bu Simfonik Orkestrin Gəncədə olan fəaliyyətinə dövrümüzün  görkəmli bəstəkarlarından olan Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və böyük dirijorumuz  Niyazi də yüksək qiymət vermişlər. Gəncədə 1980-92- ci illərdə yaradıcısı olduğu  “ Şərəfxanlı ” el nəğmələri teatrının bədii rəhbəri olmaqla, həmçinin “ Mahnı bayramları” nın baş dirijoru və ya musiqi rəhbəri kimi də fəaliyyət göstərmişdir. 1981-ci ildə Moskvada keçirilmiş “Səni tərənnüm edirəm, Vətən!” adlı ümumittifaq müsabiqəsində “Şərəfxanlı” el nəğmələri teatrı birinci yerə layiq görülmüş və Şirin Rzayev “ Qızıl medalla ” təltif olunmuşdur. Məhz ümummilli lider Heydər Əliyev hər zaman Gəncəyə gələrkən Gəncə musiqi Evi Simfonik orkestrinin ( 1971-ci il ) və “ Şərəfxanlı ” el nəğmələri teatrı folklor xorunun (1980-ci il) konsertlərində iştirak etmiş və öz tövsiyyələrini bildirmişdir. Şirin Rzayev 1985-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında və xüsusi ilə Gəncənin mədəni həyatındakı səmərəli fəaliyyətinə görə respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.- Şirin Rzayev bu gün Gəncədə özünü necə hiss edir ? – Maraqlı sualdır. Sizcə təqaüddə olan insan özünü necə hiss edər?! Şükür, yaşayırıq. Əlbəttə bu gün inkişafda olan və yeni yaranan yaradıcı kollektivləri gördükdə çox sevinirəm. Mən elə yaşımın bu çağında da sənətimlə yaşayıram.- Şirin Rzayev necə oldu ki, bu sənətə gəldi ?   – Çox-çox təsadüfən. Mən bizim Gəncədə olan o zamanlar Kənd Təsərrüfatı İnstitutu indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmağa hazırlaşırdım. Ancaq Musiqi texnikomunda ( orta ixtisas musiqi məktəbi ) dövlət imtahanını verəndə o zaman Konservatoriyadan iki nəfər dossentlər gəlmişdilər və məni dinlədilər. Sonradan məlum oldu ki, Konservatoriyanın rektoru Cövdət Hacıyev tapşırıb bu müəllim heyətinə istedadlı gəncləri Konservatoriyaya cəlb etsinlər. Mən də o zamanlar kamança ifa edirdim. Bu musiqi texnikomunu əla qiymətlərlə bitirirdim. O zaman gələn Konservatoriyanın Xor dirijorluğu şöbəsinin dekanı, dossent Butayev və pionist Rafik Quliyevin dəvəti, ixtisas müəllimim olan Şülan Ələkbərovun tövsiyəsi ilə Konservatoriyaya təhsil almağa getdim. Elə ailə üzvlərimi də o zaman bu şəxslər razı sala bildilər ki, mən Konservatoriyada təhsil alım. – Kim idi bəs narazı olan ki, siz Konservatoriyada təhsil almağa getməyəsiz, Gəncədə qalasız ?  – Bilirsiz, o dövr çətin bir zaman idi. 1950-ci illər. Ailədə bir az da olsa kasıblıq vardı. Evdə ikinci övlad mən idim və məndən sonra da hələ dördü də vardı. Atam deyirdi ki, Gəncədən kənara getməyim. Ailənin içində daha rahat olar. O dövrdə Bakıya getmək və orada təhsil almaq müəyyən çətinliklər yaradacaq. Ancaq mən də bütün çətinliklərdən qorxmadım, çəkinmədim və atamın xeyir-duası ilə getdim təhsilimi davam etdirməyə. – Bu 75 illik bir ömür yolunda Şirin Rzayevin qazandığı və qazanmadığı nələr olub ?- Bu illər ərzində qazandıqlarım çox olub. O zamanlar Konservatoriyanı əla qiymətlərlə bitirdiyimə görə məni elə həmin ildən orada müəllim saxladılar. Sonra da Sankt-Peterburqun Opera Sinfonik Orkestri dirijorluğu aspiranturasına təhsilimi davam etdirmək üçün göndərmək niyyətində idilər. Yəqin ki, ora qəbul olsaydım heç daha Gəncəyə gələ bilməyəcəkdim. Ancaq burada da bəxtim gətirmədi. O zaman bir az anlaşılmazlıq oldu. Məni göndərmişdi o zamanlar Təhsil Nazirliyi və bir nəfəri də Mədəniyyət Nazirliyi. Bax o zaman Mədəniyyət Nazirliyi tərəfindən göndərilən şəxs məndən qabaq artıq gedib imtahanlarda iştirak etmişdi. O üzdən qismətimdə deyilmiş. Sonradan Konservatoriyanın müəllim heyətinin təşəbbüsü ilə 4-cü kursdan Opera teatrında müvəqqəti olaraq xor rəhbəri kimi çalışdım. Burada bir müddət təcrübədən sonra Konservatoriyanın rektoru Soltan Hacıbəyovun təşəbbüsü və təklifi ilə Gəncə Musiqi Texnikomunun direktoru kimi fəaliyyətə başladım. Gəncəyə gəldikdən sonra şəhərin birinci katibi Ələsgər Əlizadə mənim qarşımda bir tələb qoydu ki, Gəncədə yeni musiqi kollektivlərinin yaradılması işini başlamalıyam. Belə də oldu ki, mən Gəncədə ilk Sinfonik orkestr yaratdım. 1969-cu ilin oktyabr ayının 6-da Gəncəyə gəlib artıq dekabr ayının 16-da bu qeyd etdiyim Sinfonik Orkestrla Xor kollektivi Bakıda Gəncə günlərində iştirak etdi. O zaman bütün dövrü mətbuat artıq Gəncənin bu uğurlu çıxışlarından yazırdı. Sonradan Gəncədə müəllimlərin köməyi ilə Kamal Şirinovun rəhbərliyi ilə “ Gəncə qızları ” adlı bir vokal kvarteti ərsəyə gətirdi. Hətta xatırlayıram ki, ilk dəfə olaraq Gəncədə “Leyli və Məcnun” operasını bizim Sinfonik Orkestrın ifasında konsert formasında “Şərəfxanlı” el nəğmələri teatrında Gəncə Dövlət Dram teatrının mərhum rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin və aktyorların köməkliyi ilə ifa etmişik. 1980-ci ildə Gəncəyə rəhbərlik etmiş Həsən Həsənovun təşəbbüsü ilə biz Folklor xorunu yaratdıq. Bu baxımdan qazandıqlarım çox olub. İtirdiklərim isə heç xatırlamıram.- Bu gün uğurlarınız üçün daha çox hansı müəlliminizi xatırlayırsınız və kimə minnətdarsınız ?- Fikrət Əmirov hər birimizin müəllimi idi. Ancaq bu gün bütün nailiyyətlərim üçün xalq artisti, dövlət mükafatı laureatı, professor Cahangir Cahangirova minnətdaram. Bu şəxs mənim ixtisas müəllimim olub. Beş il Konservatoriyada məhz Cahangir müəllimdən dərs alıb, bu sənətin incəliklərini, sirlərini öyrənə bilmişəm. Xoşbəxtəm ki, dahi Üzeyir bəy Hacıbəyovdan sonra bu sənətin xüsusilə xor sənətinin böyük yaradıcısı olan Cahangir Cahangirov kimi bir şəxsiyyətin tələbəsi olmuşam.- Bir qədər də istərdim Gəncə Dövlət Filarmoniyasının yaranma tarixinə nəzər salaq. 1990-cı ildən sonra məhz Filarmoniyanın fəaliyyətində sizin zəhmətiniz var. Bu tarix barədə nə deyə bilərsiz?- Gəncədə Filarmoniyanın yaranma tarixi 1935-36-cı illərə təsadüf edir, dahi Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə. Sonradan müharibə zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu göndərmişdilər burada işləməyə. Gəncə Dövlət Filarmoniyası 1949-cu ilə kimi fəaliyyət göstərib. Hətta o illərdə 1946-49-cu illərdə Filarmoniyaya mərhum xalq artisti Məhəmməd Bürcəliyev direktor təyin edilib. Filarmoniya 1949-cu ildə Gəncədə bağlanıb. Daha sonra Gəncədə 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə yenidən mahnı və rəqs ansambılı fəaliyyətə başlayıb. Bu prosesdə bir necə ildən sonra özünü doğrultmadı. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə        “Göy-gö ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı. Daha sonra “Göy-göl” mahnı və rəqs ansambılına ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestrı da fəaliyyət göstərirdi. Daha sonra 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı. Mən Filarmoniyaya direktor təyin olunduqdan sonra Xalq çalğı alətləri orkestrini respublikanın əməkdar artisti Elçin Elçiyevin köməkliyilə yaratmaq isə mənim üzərimə bir vəzifə olaraq düşdü. Daha sonra “Ulu Gəncə” ansamblını Namiq Verdiyevin yaxından köməkliyi ilə yarada bildik. – Bu illər ərzində həm də bir pedaqoq kimi fəaliyyətiniz olub. Daha çox hansı tələbənizi xatırlayırsınız ?- Tamamilə düz deyirsiz, bütün bu illər ərzində harada olmağımdan asılı olmayaraq pedaqoji fəaliyyətimi dayandırmadım. Müəllim kimi fəaliyyət göstərmişəm. Hər zaman da istedadlı gəncləri axtarıb tapmaq və onları Filarmoniyaya cəlb etmək olub niyyətim. Tarzən Mayıl Məmmədov, skripkaçı Rasim Bağırov, solist olaraq respublikanın əməkdar artisti Kəmalə Tağızadə, Sevinc Ələkbərovanı xatırlayıram. Bu gün Opera və Balet teatrının baş dirijoru, xalq artisti, prezident təqaüdçüsü olan Cavanşir Cəfərov  və Azərbaycan televiziyasının musiqi redaksiyasının əməkdaşı olan Minurə Əfəndiyeva mənim yetirmələrimdir. Bu gün bir pedaqoq olaraq bu tələbələrimlə fəxr edirəm.- Övladlarınızdan sizin sənətinizi davam etdirən varmı ? – İlk öncə deyim ki, həyat yoldaşım da musiqi müəlliməsidir. İki qızım da məhz musiqi müəlliməsi kimi fəaliyyət göstərir. Ancaq oğlum bu sənəti seçmədi. Bizdən fəqrli olaraq oğlum iqtisadçıdır. – Nəyəsə görə heyfisləndiyiniz bir gününüz olubmu ?- Bu gün nə sənətimə görə, nə də həyatıma görə heç vaxt heyfislənməmişəm. 75 illik bir ömür yaşamışam. Hər zaman da həyatımdan məmnun olmuşam. Xoşbəxt bir ailəm və övladlarım var. Sənətimdə də uğurlarım hər zaman mənimlə olub. Mənim gözəl muğam müəllimlərim olubdur. Bu gün də adlarını böyük fəxrlə çəkmək istəyirəm. Kamança ustadım Müsüscə Cəfərov və ixtisas üzrə isə müəllimim Şülan Ələkbərov. Bu müəllimlərimin sayəsində sənətin incəliklərini öyrənib, püxtələşə bilib, əsasən xalq musiqimizi, muğamlarımızı dərindən mənimsəyə bilmişəm. Bu da təbii ki, sonrakı fəaliyyətimdə mənə böyük yardımçı ola bilib. Sizə deyim ki, folklor xorunun repertuarı əvvəldən sonadək xalq mahnılarıdır. Bu mahnıları da yenidən işləmişik, müasirləşdirmişik və xalqımıza qaytarmışıq. Özü də akapella, yəni müşayətsiz. Bütün bu gözəlliklərə görə heyfislənməyə dəyərmi? Əsla ! – Bu gün gəncləri bu sahəyə cəlb etmək sizcə çətin deyil ?  – Əlbəttə, ötən illərlə müqayisədə bir az çətindir. Çünki bu gün texnikanın inkişafı elə bir vəziyyətə gətirib ki, əvvəlki illərdə olan maraq dairəsi yoxdur. Ancaq bütün bunlara baxmayaraq yenə də istedadlı gənclərimiz var. Yaradıcılığa meyilli olanları var. Çalışdığımız qədər bu istiqamətdə işlərimizi qururuq. Ancaq gərək ki, ilk növbədə baza olaraq orta və eləcə də musiqi məktəblərində olan müəllimlər bu kimi yaradıcı gəncləri sənətə cəlb etməyi bacarsınlar. İstedadlı gənclərimiz var və yetişməkdədir. Mən bu gün yenə də pedaqoji fəaliyyətimlə məşqulam. Samux rayonun Sərkar kəndinə dəvət almışam. Bu kənddə gözəl bir xor kollektivi yaratmışıq. Bu da gələcəkdə istedadlı gənclərin yetişməsində mühüm əhəmiyyətə malikdir. Bacardığımız qədər istedadlı gəncləri yetişdirməyə çalışırıq. Xalq mahnıları və bəstəkar mahnıları üzərində yaradıcılıq işləri bu gün də davam etdirilir. Anar Bürcəliyev,Teatrşünas  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler