Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenilerin ümidi “ermeni ordusunun gücü”ne deyil, yalnız Allaha qalıb…”

04 Ağustos 2016

8:32 pm


05/08/2016 [00:29]: xeber –
Ermənistanda ictimai-siyasi vəziyyət elə gərginləşib ki, iqtidar və müxalifət öz aralarındakı problemləri zor və silah gücünə həll etməyə girişiblər. Bu da anlaşılandır. Son 20 ildən artıq müddət ərzində Ermənistan davakar, işğalçı siyasəti ilə özünü həm regional, həm də beynəlxalq miqyasda çıxılmaz duruma salıb. Uydurma “genosid” vay-şivəni, on illərlə terroru  dəstəkləmək, özgə ərazilərini zəbt etmək bu dövlətin siyasi süqutuna gətirib çıxarıb.İyulun 17-də İrəvanda Ermənistan polsinin post-patrul xidmətinin binasını tutumuş və polis əməkdaşlarını girov götürmüş, təxminən, 30 silahlı şəxsdən ibarət bir qrupla güc strukturları arasında qarşıdurma başlanıb. Özünü “Cəsur sasunlular” adlandıran qrup bir ay əvvəl həbs edilmiş Qarabağ müharibəsi veteranı və Serj Sərkisyan rejiminin qızğın tənqidçisi Jirayr Sefilyanın azad olunmasını tələb edirdilər. Sonradan jurnalistlərlə görüşdə bildiriblər ki, ölkədəki ağır vəziyyət, xalqı aldadan hakimiyyətin böhranı, həmçinin Qarabağ məsələsində güzəştə getməyə hazır olması onları bu təhlükəli addımı atmağa vadar edib. Güc strukturları binanaya girmək üçün bir neçə uğursuz cəhd göstəriblər.  Ölənlər və yaralananlar olub. İrəvanda, həmçinin Gümrüdə, Vanadzorda və digər şəhərlərdə minlərlə insan üsyançılarla həmrəy olduqlarını nümayiş etdiriblər. Prezident Sərkisyanın istefası tələbləri getdicə daha gur səslənib. Lakin sona qədər “mübarizə aparacaqlarına” and içsələr də,  üsyançılar “hökuməti qorxutmaqdan bezərək” iyulun 30-dan 31-nə keçən gecə təslim olublar. Onları həbs ediblər, amma problemlər heç də azalmayıb.Bəs, Ermənistanda hadisələr bundan sonra hansı istiqamətdə gedəcək və Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqlar prosesinə necə təsir göstərəcək? Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev saytımızın bir neçə sualını cavablandırıb:- Ermənistanda baş verənlər heç kimi təəccübləndirmir. Qonşu ölkədə hadisələrin analoji gedişi həm siyasətçilər, həm də ciddi analitik mərkəzlər tərəfindən proqnozlaşdırılırdı. Artıq neçə illərdir ki, Ermənistan əhalisi ölkəni dərin iqtisadi böhrana salmış hakimiyyətin siyasətindən kəskin şəkildə narazıdır. Ermənistanda həyat səviyyəsi sürətlə aşağı düşür, ən başlıcası isə budur ki, belə faciəvi vəziyyətin nə ilə başa çatacağı bilinmir. Hakimiyyətin ölkəni mürəkkəb vəziyyətdən çıxarmaq üçün heç bir planı yoxdur. Hakim rejim özgə torpaqlarına göz dikməkdən və qonşularla münaqişəyə girməkdən başqa heç nə bacarmır. Erməni xalqı yorulub və Ermənistanda hakimiyyəti zorla ələ keçirib özündə saxlayan “Qarabağ klanının hökmranlığından” əziyyət çəkir. İqtisadiyyat bərbad vəziyyətdədir, təsadüfi deyildir ki, əksər erməni təhlilçilər hakim oliqarx rejimi öz xalqına qarşı, Ermənistanda 1,5 milyona yaxın adamın qalması ilə nəticələnən, “ağ genosid” həyata keçirməkdə ittiham edirlər. Yaşayış və iqtisadi inkişaf  səviyyəsinə Ermənistan Cənubi Qafqazda sonuncu yerdədir. Bir sözlə, baş verənlər erməni cəmiyyətində yetişmiş gerçək daxili etirazdır. Əgər erməni ictimaiyyəti buna qədər Serj Sərkisyan rejiminə dinc nümayişlər və etiraz aksiyaları vasitəsilə təsir etməyə çalışırdısa, cəbhə xəttindəki aprel döyüşlərindən onların səbr kasası dolub. Azərbaycan ordu hissələrinin sürətli əks-həmləsi erməni döyüşçünün “məğlubedilməzliyi və mənəvi gücü” haqqında mifin puça çıxması ilə nəticələndi. Düzdür, erməni təbliğatı vəziyyəti yüngülləşdirmək üçün özünün bütün  məlum böhtan cəbbəxanasını Azərbaycanın əleyhinə yönəldib. Əhaliyə Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyəti və Azərbaycan dövlətini məhv etməyə qadir fövqəlgüclü silaha malik olması barədə xülyalar təlqin edilir. Daim döyüş əməliyyatı rayonuna tankların və digər müasir silah növlərinin göndərilməsi təssüratı yaradan məlumatlar ortaya atılır. Qarşı tərəfdən, rəşadətli Azərbaycan hərbçilərinin yerləşdiyi yüksəkliklərdən baxdıqda isə, əslində,  gerçəklik başqa cürdür. Erməni işğalçıları üçün çox kədərli, vahimədən və erməni silahlı qüvvələrinin düşkünlüyündən başqa heç nə vəd etməyən bir  mənzərə var. Ən maraqlısı isə, erməni keşişlərin mənən əzilmiş erməni əsgərlərini ruhlandırmaq üçün tez-tez səngərlərə baş çəkməsi barədə erməni mətbuatında daim gözə çarpan məlumatlarıdır. Yadınızdadırsa, “DQR özünümüdafiə ordusunun uğurları haqqında” məlumatlar Ermənistanın özünün Müdafiə Nazirliyində istefaların, ölən əsgər və zabitlərin analarının İrəvanda etiraz mtitinqlərinin baş verdiyi bir vaxtda gedirdi. Həmin vaxtdan erməni cəmiyyətində vahimə və çaşqınlıq hökm sürür. Bir sözlə, gerçəklik belədir ki, ermənilərin ümidi faşist idelogiyasının, fürer ideyalarının ardıcılı olan ölkə rəhbərinə və erməni ideoloqlarının bu gün yada salmağı xoşladıqları “erməni ordusunun gücü”nə deyil, yalnız Allaha qalıb.    – Doğurdanmı, vəziyyət bu qədər ciddidir?- Əlbəttə. Təkrar edirəm – bu, sistem böhranının əlamətidir və görünür ki, ölkənin indiki iqtidarı bunun qarşısını almağa qadir deyil. Vahimə və çaşqınlığın əlamətləri hər tərəfdə müşahidə edilir: siyasi-diplomatik, informasiya-ideologiya, hərbi və maliyyə  sahələrində. Ermənistan polisinin post-patrul xidmətinin binasına silahlı hücum da bütün bu sadaladıqlarımızın nəticəsidir.  Öz məqsədinə çata bilməsə də, üsyançı qrupun əhalidən, hətta siyasətçilərdən və dövlət məmurlarından çox böyük dəstək alması məsələni daha da qəlizləşdirir. Hakimiyyət cəmiyyətə təzyiqi artırır, adamları radikal qrupu dəstəkləmək üçün keçirilən mitinqlərdə iştirak etməkdən çəkindirməyə çalışır, lakin paytaxt küçələrindəki kütləvi yürüşlər cəmiyyətin əhval-ruhiyyəsini əks etdirir. Hətta üsyanın yatırılmasına və kütləvi həbslərə baxmayaraq, demək olar ki, Sərkisyan rejimi istər hərbi-siyasi, istərsə də sosial-iqtisadi cəhətdən özünü bitirib. Onların ölkəni regional təklənmədən çıxarmaq üçün təsirli ideyaları yoxdur. Ermənistanın, demək olar ki, bütün qonşuları – Azərbaycan, Gürcüstan, Türkiyə ilə problemləri var. İndi də Ermənistanın müstəqilliyinin ötən dövrü ərzində himayəsində olduğu Rusiyanın üstünə düşüblər. Rusiya Ermənistana öz qazını ən aşağı, silahı daxili qiymətlərlə verir, böyük məbləğdə kreditlər ayırır və sair. Əvəzində isə Rusiya öz ünvanına iradlar və narazılıqlar eşidir. Ermənistanda hesab edirlər ki, bütün bu imtiyazlar elə belə də olmalıdır. Bəs Rusiya özünün bütün dəstəyini geri çəksə, onda Ermənistan iqtisadiyyatı nə vəziyyətə düşər? Silahlı qrupun İrəvanın mərkəzindəki üsyanı göstərdi ki, Sərkisyanın kriminal-oliqarx rejimi çox ciddi sınaq qarşısındadır. Bir daha təsdiq etmək lazım gəlir ki, əvvəlcə Dağlıq Qarabağı və Azərbaycanın əlavə yeddi rayonunu, sonra isə Ermənistanın özündə hakimiyyəti zəbt etmiş inkidi iqtidar çiyninə düşən yükü çəkə bilmir, çünki bu hakimiyyətin başında duranların düşüncəsi hələ də səhra komandirləri səviyyəsində qalmaqdadır.- İrəvanda baş verənlərin fonunda Qarabağ probleminin tənzimlənməsi üzrə sülh danışıqları prosesini nə gözləyir?  – Ermənistanda vəziyyət necə olur-olsun, Azərbaycan tərəfi onların bütün sürprizlərinə hazırdır. Bu gün Azərbaycan rəhbərliyinin və diplomatiyasının mövqeyi bütün dünyaya məlumdur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev bu ilin aprelində,  erməni ordusunun təmas xəttində dinc əhalini atəşə tutmasına və digər təxribatlar törətməsinə cavab olaraq, Füzuli və Tərtər istiqamətlərində yerləşən hissələrimiz əks həmləyə keçib, düşməni geri çəkilməyə məcbur edərkən özünün sülh prosesinə öz sadiqliyini bir daha  göstərmişdir. Həmin vaxt ordumuzun hərbi üstünlüyü öz gerçək təsdiqini tapdı. Geniş miqyaslı hücumu davam etdirmək də olardı. Ancaq dünya ictimaiyyətinin, münaqişənin sülh yolu ilə həllində maraqlı olan böyük dövlətlərin rəyini nəzərə alaraq Prezident İlham Əliyev hərbi əməliyyatlarının dayandırılmasına razılıq verdi. Amma baxın, lap bu günlərdə “Qarabağ indən belə heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyən Ermənistan prezidenti Serj Sərkisyan özünü necə aparır. Onu anlamaq çətin deyil. Bu, başını itirmiş prezidentin qəlbinin iniltisidir və onun sözləri Ermənistanın yalnız öz əhalisinə ünvanlanıb. Yerlə bir olan nüfuzunu bir az yüksəltmək üçün deyilib. Bununla belə, Azərbaycan rəhbərliyinin mövqeyi, əvvəlki kimi, münaqişənin ədalətli həllinə yönəlib. Söhbət nədən gedir?  Söhbət “Madrid prinsipləri”ndən – tənzimləmənin 2007-ci ildən danışıqlar masasında olan baza prinsiplərindən gedir.  Layihənin sonrakı illərdə yenilənən və bir sıra əlavələr edilən əsas tezisində ATƏT prinsipləri haqqında Bəyannaməyə və Helsinki Yekun Aktına (1975-ci il) istinad olunur. Bu, güc tətbiqindən imtina edilməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləridir. Sənəddə deyilir ki, Dağlıq Qarabağın yekun statusu plebisit yolu ilə, DQMV-də 1988-ci ildəki milli nisbətdə yaşayan bütün sakinlərin – bölgənin əhalisinin azad iradəsi əsasında müəyyən ediləcəkdir. Plebisitin vaxtını və təfərrüatlarını tərəflər danışıqların sonrakı gedişində razılaşdıracaqlar. Amma plebisit keçirilənə qədər erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Sonra Dağlıq Qarabağ üçün aralıq statusu, məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtması məsələsi razılaşdırılmalıdır. Yəni işğal edilmiş ərazilər azad edilməyənə, bütün azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıtmayana qədər hansısa əlahiddə bir qərardan söhbət gedə bilməz. İrəvanda baş verən hadisələrin sülh prosesinə təsirinə gəldikdə isə, danışıqların tarixçəsini yada salmaq lazımdır. Dövlət başçıları səviyyəsində beynəlxalq vasitəçilərin fəal müdaxiləsinin nəticəsi olaraq tənzimləmə üzrə konkret qərarların qəbul edilməsi zərurəti yarananda erməni tərəfi ictimai-siyasi vəziyyətin gərginləşməsi bəhanəsi ilə geriyə addım atır. 1998-ci ilin əvvəlində bir necə ay qabaq münaqişənin mərhələli həllinə razılıq vermiş Levon Ter-Petrosyanın qəfildən istefa verdiyini, daha dəqiqi, onun öz postundan necə “uzaqlaşdırılması” prosesini xatırlayaq. Bu mənada S.Sərkisyan İrəvandakı son hadisələrdən status-kvonu saxlamaq üçün istifadə edə bilər. “Radikallar mənə Qarabağ tənzimlənməsində kompromis qərar qəbul etməyə imkan vermirlər, görürsünüz, nələr olur,” – deyə…  Hərçənd o da tam aşkardır ki, cəbhə xəttindəki aprel hadisələri erməni cəmyyətinin hakim rejimə qarşı hirsini və inamsızlığını daha da artırıb. İtkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə erməni yanaşmasının “bizim ordumuz güclüdür, Azərbaycan yeni müharibəyə başlamağa cəsarət etməz, etsə də, dünya ictimaiyyəti Bakını təcavüzkar elan edər və ona təzyiq göstərər” paradiqmasını dəyişib. İndi Ermənistana bəllidir ki, yenidən müharibə başlansa, çox güvəndikləri kənar qüvvələr, 1990-cı illərin əvvəllərində olduğu, onlara kömək etməyəcəklər. -Yəni erməni xalqı mövcud iqtidara inamını itirib, cəmiyyətin radikal kəsimi isə məsələni həll etmək üçün vaxtilə Sərkisyan və onun komandasının hakimiyyəti ələ keçirmək üçün yararlandığı metodları seçir.  – Həqiqətən də, belədir. Düzdür, erməni rəsmiləri və təbliğatı əhaliyə hakimiyyətin güclü və möhkəm olması illüziyasını sırımaqdadır. Ermənilər öz diasporlarının pul köçürmələri və subsidiyaları ilə yaşayırlar, xüsusən də, Qarabağ dalğasında hakimiyyətə gələnlərin dövründə… Ermənistan hökuməti əhalini işlə və maaşla təmin etmək üçün, əslində, heç bir yol tapa bilmir. Hərçənd Ermənistan KİV-nin məlumatına görə, Sarkisyanın və komandasının ailə üzvləri gen-bol yaşayır və özlərinə heç nədə korluq vermirlər. Bu gün hakimiyyətdən narazı və müxalifəti dəstəkləməyə hazır olan adamların sayı artır…-Yeri gəlmişkən, indiki hakimiyyətə müxalif olanlar, Serj Sarkisyanın yerinə keçmək  istəyənlər kimlərdir?- Belə deyim: Sərkisyan rejimini yıxmağa cəhd göstərən silahlı qrup, onların lideri Sefilyan və indiki hakimiyyət elə bir-birinə taydırlar. Bir diqqət yetirin… Ermənistandakı son hadisələr, Sərkisyanı Qarabağ məsələsində güzəştə getməyə hazır olmaqda ittiham edən və aşkar onun əleyhinə çıxan “Sefilyan amili” erməni cəmiyyətindəki daha bir mühüm məqamı üzə çıxardı. Sefilyan da, Sərkisyan da quldur birləşmələrinin keçmiş başçılarıdır, hər ikisinin əli Xocalıda, Şuşada və digər yaşayış məntəqələrində öldürülmüş günahsız azərbaycanlıların qanına bulaşıb. İndi onlar barrikadanın fərqli tərəflərində dayanıb, “Qarabağ” şüarı ilə artıq bu dəfə Ermənistan siyasi meydanında qarşıdurmaya girişiblər. Əslində, düşüncə tərzləri eynidir. Hərçənd, bunlardan birincisinə, yalnız adi müharibə veteranı olduğunu nəzərə alıb, zəmanədən geri qalmasını bağışlamaq mümkündür, amma hər nə olsa da, ikincisi dövlət başçısıdır və onun statusunda siyasi cəhətdən geridə qalmaq yolverilməzdir. Ermənistan rəhbərinin hərəkətləri və indiki rejimin bütün siyasəti onun ümidsizcəsinə zəmanədən geri qaldığını düşünməyə əsas verir. Ən azı, əsrin dörddə üçü qədər… Yoxsa onun faşizm dövrünün “qəhrəmanı”nı  göylərə qaldırmaq marağını necə izah edəsən. İrəvanda nasist  cəllad Qaregin Njdeyə abidə qoyulması kimi biabırçı fakt dünyanın bütün sağlam düşüncəli insanlarını nəinki hiddətləndirib, həm də təəccübləndirib. Hitlerlə əməkdaşlığa görə mühakimə olunmuş bir “qəhrəmanı” tarixin zibilliyndən çıxarıb gətirmək Ermənistan rəhbərliyinin nəyinə lazımdır? Belə görünür ki, Ermənistan hakimiyyətinin “milli qəhrəman”, nasist “Erməni legionu”nun qurucusu və rəhbəri Qaregin Njdeyə İrəvanın mərkəzindəki ən hörmətli yerdə, hökumət binaları ilə eyni dairədə, öz yaxınlığında yer ayırması təsadüfi məsələ deyil. Bu o deməkdir ki, müasir Ermənistanda faşimə güclü pərəstiş var. Əgər dünya ictimaiyyəti Ermənistanda faşizmin dövlət tərəfindən təbliğinə qarşı susqunluğunu davam etdirsə, onda sabah bu ölkənin rəhbərliyi çox asanlıqla Hitlerin özünə də heykəl qoya bilər. Görünür, fürerin şöhrəti Sərkisyana rahatlıq vermir və bu, bir daha göstərir ki, onun rejimi hətta mənəvi cəhətdən də tam iflasa uğrayıb, faşizmə heykəl qoyması isə Serj Sərkisyanın növbəti “nailiyyətidir”… Ümumiyyətlə, Ermənistanın iqtidarı da, müxalifəti bir bezin qırağıdır. Bu ölkədə rəhbərliyə ümumbəşəri dəyərlərə və beynəlxalq hüquqa sadiq olan adamlar gəlməlidir.(koordinat.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler