Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ele ciddi aparıcı tanımıram ki…” – Anar Necefli

21 Eylül 2016

7:48 am


21/09/2016 [11:46]: xeber –
sayt Keçmiş aparıcı, hazırda “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Anar Nəcəfli ilə  müsahibəni təqdim edir:- Televiziya sahəsindən “Azəravtoyol”un mətbuat xidməti vəzifəsinə gəldiniz və media ilə münasibətləri yaxşı qurdunuz. Sizcə, media üçün əlçatanlılıq baxımından yanaşsaq, hər hansı qurumun mətbuat xidmətinin rəhbəri elə bu sahədənmi olmalıdır?- Mətbuat xidməti elə mətbuatın özündən gəlməlidir. Mətbuatdan kənar adam bu vəzifədə işləsə, ümumiyyətlə, onun işi alınmaz. Mətbəxin içindən gəlməlidir ki, öz işini dərk edib yerinə yetirə bilsin.- Hansısa mətbuat xidmətinin rəhbəri mediaya açıq olmayanda birbaşa həmin şəxs ittiham olunur. Nəzərə almaq lazımdır ki, bu həm də həmin qurumun başında duran şəxsdən də asılıdır…- Mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun fikirlərini ictimaiyyətə çatdırır. Verdiyi açıqlamalar birbaşa qurumun açıqlaması hesab edilir. Bəzi hallarda isə görürük ki, hansısa qurumun mətbuatla əlaqələri yoxdur, qapalıdır. Ola bilər ki, rəhbərlik qapalı olduğuna görə o da qapalı olmağa məcburdur. Amma mən hesab edirəm ki, mətbuat xidmətinin rəhbərindən çox şey asılıdır. Düzdür, hər bir sahədə çatışmazlıqlar, problemlər ola bilər. Faktlardan qorxub qaçmaq lazım deyil. Əksinə, açıq olmaq lazımdır ki, problem yaranmasın.- Jurnalistika sərbəst peşədir. Hər hansı dövlət işində isə bu sahədəki kimi sərbəstlik olmur. Sərbəstlikdən ciddi rejimə keçid prosesi sizə çətin olmadı?- İş yerini dəyişəndə hər hansı çətinliklərlə üzləşirsən. Adaptasiya olunana kimi müəyyən vaxt keçir. Mənim ümumiyyətlə yol sahəsindən anlayışım yox idi. 1 il ərzində öyrənməyə çalışdım. Elə olurdu ki, idarə rəislərinə gündə 5-6 dəfə zəng vururdum. İndi isə özümü sudan quru çıxarda bilirəm. Əksər hallarda idarə rəislərinə müraciət etmədən jurnalistlərin suallarını cavablandıra bilirəm.- Qeyd etdiyiniz kimi, bu sahədən təsəvvürünüz yox idi. Belə olan halda, təklifi necə qarşıladınız?- Əvvəl düşündüm, birdən-birə hə demədim. Ümumiyyətlə isə, mətbuat xidməti işi həmişə mənə çətin gəlib. Aparıcı işləmək daha asan idi. Əvvəl bir dəfə efirə çıxıb xəbəri təqdim edirdik. Burada isə iş rejimi çətindir. Yazılı media, online media, televiziyalardan müraciətlər olur. Bəzən çatdırmaq olmur. Burada mətbuat xidmətində üç işçi çalışır. Onlardan biri operator, biri montajçı, biri də özüməm. Deyirlər ki, bu qədər məsələləri bəs kim edir? Deyirəm ki, yazmağı da, paylaşmağı da özüm edirəm. Mətbuat katibi gərək bir yerdə oturmasın. Bizdə oturaq iş alınmır. Bütün yollara gedib özüm baxırdım. İndi də harada yol çəkilir, harada təmir gedirsə yerindəcə işə baxırıq. Əksər vaxt fotoaparatla şəkilləri özüm çəkirəm. Müxbirlər kimi gedib hadisə yerindən süjet hazırlayırıq. Bu yaxınlarda işlərin çoxluğuna görə müraciət etdim. İnternet səhifəsini idarə etmək üçün bir xanım işə götürdük. Yol göz qabağında olduğu üçün bu sahə çətindir. Bəzi mətbuat xidmətləri var ki ayda bir dəfə məlumat yayarlar, ya da yaymazlar. Bizdə isə hər gün bir ya iki məlumat gedir. Üzdə olan sahə olduğu üçün problemlər çoxdur. Tənqid obyektinə daha çox biz çevrilirik.- Yollarda aparılan təmir işləri tez-tez müzakirələrə səbəb olur. Sürücülər qurumu ittiham edirlər ki, bu işlər plansız şəkildə həyata keçirilir, nəticədə də hərəkətə mane olurlar…- Bütün işlər planlı şəkildə aparılır. Yol sahəsində nə qədər iş görsən də görülən iş gözə görünmür. Daha çox tənqidə məruz qalırsan. Son 1 il ərzində Bakı şəhərində 60-a yaxın küçə təmir olunub. O küçələrdən söhbət gedir ki, son 10-15 il ərzində həmin küçələr təmir olunmamışdı. Söhbət hələ Bakı şəhərindən gedir.- Elə son günlərdə əhalinin ən çox istifadə etdiyi Bakı-Sumqayıt yolunu dərs ili başlayandan sonra təmirə bağlamağınız, keçid tikməyiniz çox tənqid olundu…- Deyirlər ki, niyə tətil vaxtı etmirsiniz? Tətil müddəti üç aydır. İnsanlar qızmar günəş altında işləyir. Temperatur 40 dərəcədən artıq oldusa, işləmək qeyri-mümkündür. Yay tətilindən iki ay vaxt qalır. İki ay ərzində bu qədər işi görmək mümkün deyil. Onda belə çıxır ki, biz üç ay işləyək, 9 ay istirahət edək. Bu düzgün yanaşma deyil. Keçidin quraşdırılması üçün iki gün yol bağlandı. Ona görə də həftə sonuna salındı. Amma orada piyada keçidi quraşdırılmalı idi. Zolaq olsa da, orada piyadaların ölümü ilə nəticələnən qəzalar baş verir. Sürücülər də məsuliyyətsizlik edirlər. Piyada zolağının olması da tıxaca səbəb olur. Bəziləri düşünmür ki, şənbə-bazar biz istirahət edəndə yol işçiləri orada çalışırlar. Onlar da istirahət etmək istəyirlər. Amma vətəndaşların rahatlığı üçün iş həftə sonlarına salınır. Gün yarım ərzində piyada keçidinin üstü montaj olundu və yol açıldı.- Metal konstruksiyalı piyada keçidinin quraşdırılması üçün iki gün vaxt sərf edilməsi də birmənalı qarşılamırlar. Deyirlər ki, bir neçə saatlıq işdir, ancaq operativ işləmirlər…- İnsanlar elə başa düşür. Amma o metal konstruksiyanın ağırlığı 30 tona yaxındır. Uzunluğu isə 43 metrdir. O hissə-hissə zavodda yığılır. Xüsusi yük maşınlarına yüklənilir və Dövlət Yol Polisinin müşayiəti ilə gətirilib əraziyə boşaldılır. Boşaldılandan sonra yerdə montaj olunur, xüsusi kranlar vasitəsilə qaldırılır. Bu çoxlarına asan görünə bilər, amma çox ağır prosesdir. Orada tələskənlik işi sıfıra gətirib çıxara bilər. Üstəgəl, onu nəqliyyat açıq ola-ola etmək cinayətdir. Hər an bədbəxt hadisə baş verə bilər. Əgər orada dəmir beton konstruksiyalı piyada keçidi inşa olunsaydı, o yol uzun müddətə bağlı qalardı. Metal konstruksiyanın quraşdırılması daha asandır, daha az vəsaitə başa gəlir.- Nə qədər vəsait sərf olunur?- Dəqiq rəqəm deyə bilmərəm. Amma dəmir konstruksiyadan 3- 4 dəfə ucuz başa gəlir. Bayaqdan dəmirlə bir yerdə keçid inşa olunurdusa, indi həmin vəsait hesabına metalla bir neçə yerdə keçid inşa olunur.- Yəni belə deyək, “Azəravtoyol” da artıq qənaət rejiminə keçib…- Təbii ki mövcud durumla əlaqədar qənaət rejiminə bizdə də keçirilib. Ancaq bunu sırf iqtisadi durumla bağlamaq olmaz. Düzdür, büdcədə vəsait azalıb. 1 keçid inşa etməkdənsə, 3-4 yerdə inşa etmək daha məqsədəuyğundur. Çünki Bakı şəhərində piyada keçidi inşa olunacaq yerlərin siyahısı çox böyükdür.- Bu sahə ilə bağlı rast gəlinən problemlərdən biri də odur ki, təzə salınmış yollar üstündən bir az keçəndən sonra yararsız vəziyyətə düşür. Bunu da yeyinti məsələsi ilə bağlıyırlar…- Bu yaxınlarda bir hadisə olmuşdu. Səki daşları dağıdılmışdı. Sosial şəbəkədə müzakirə apardılar ki, onlar keyfiyyətsiz qoyulub. Ona görə də bir toxunuşda dağılır. Elə edirlər ki, yenidən təmir olunması üçün vəsait ayrılsın. Amma bu insanlar başa düşmürlər ki, onu təmir edən bizim yerli idarəmiz onun istismarına da cavabdehdir. Nə qədər keyfiyyətli etsə, istismarına az baxacaq. O demək deyil ki, hər gün ona vəsait ayrılır ki, bu işləri görsün. Daxili vəsait hesabına bərpa olunur.- Siz o zaman həmin səki daşları ilə bağlı gileyli status paylaşmışdınız. Vətəndaş da hesab edir ki, siz cavabdeh qurum olaraq problemi aradan qaldırmaq əvəzinə gileylənirsiniz, vətəndaşları günahlandırırsınız…- Problem onsuz da aradan qaldırılır. Elə faktlar aşkarlananda yenidən təmir edirlər. Adətən qəzalar zamanı icbari sığorta şirkətləri yol təsərrüfatına dəymiş ziyanı ödəyirlər. Ancaq elə maşın var ki, onun icbari sığortası yoxdur. Biz gözləmirik ki, həmin sürücü məhkəməyə verilsin, proses uzansın, qərar çıxarılsın. Bunları gözləmədən dəymiş ziyanı aradan qaldırırıq. Bəziləri elə düşünür ki, dövlət vəsaiti hesabına təmir olunur və s. O səki daşları ilə bağlı məsələdə əslində mən göstərə bilərdim ki, maşınlar səkinin üstünə necə dırmaşırlar. Nömrələri də göstərərdim. Bu ictimai qınaq kimi çıxmasın. Sırf kimisə qınamaq fikrim yox idi. Buna görə də maşınların nömrələrini göstərmədim. Dayanacaq ola-ola yük maşınları səkinin üstünə çıxırlar. Buna nə ad qazandırmaq olar? Hansı keyfiyyətdə olmasından asılı olmayaraq piyada səkisinin üstünə neçə tonluq maşın qalxırsa, bu dağılmalıdır. Hətta elə olur ki, piyada keçidlərinin içinin tavanını yumruq vurub dağıdırlar. Bir plasmas lambiri də dəyişmək üçün gərək hamısı təzədən sökülüb yığılsın. Dünyanın heç bir yerində piyada keçidinin üstünə mühafizəçi qoyulmur. Amma biz məcbur olub nəzarətçi qoyuruq. İndi də təhlükəsizlik kameraları quraşdırırıq. Bu əslində gülməlidir, amma günün reallığıdır.- Payız fəsli gəlir, yağışlar yağacaq. Bir neçə gün əvvəl də paytaxta güclü yağış yağdı. Yenə də yollarda gölməçələr yarandı. Bu problemin kökündən həlli mümkün deyilmi?- Keçən il Bakıya güclü yağış yağdı. Müəyyən əraziləri su basdı. Bu zaman da mətbuat tənqid etməyə başladı. Əslində isə burada yolun heç bir günahı yoxdur. Ondan bir gün sonra Parisdə yağış yağdı və orada da küçələri su basdı. Mən də dedim ki, əgər problem küçələrdədisə, Parisin də küçələrini su basıb axı. Əslində problem Bakı şəhərində yağış kollektorlarının az olmasındadır. Cəmi küçələrin 16-17 faizinin yağış kollektorlarına çıxışı var.Fakt ondan ibarətdir ki, kollektorlar azlıq təşkil edir. Biz son bir il ərzində təmir etdiyimiz küçələrdə çalışırıq ki, yağış kanalizasiya sistemini quraq. O da mövcud yaxınlıqda olan yağış kollektoruna qoşulmalıdır. Biz qurarıq, problem yoxdur. Amma nəticədə onu harasa qoşmaq lazımdır axı. Yoxdusa, nə edək? Əvvəllər Bakı şəhəri salınanda bu qədər əhali, bu qədər tikinti yox idi. Artıq kollektorlar da tab gətirmir. Hər yeni tikilən bina mövcud kollektor sisteminə qoşulur. O sistem də yüklənir. Nəticədə də belə problemlər yaşanır.- Piyada keçidlərinin zolaqlarının rənginin solması tez-tez rastımıza çıxır. Buna necə nəzarət edirsiniz?- Rənglənmə işləri bizim qurum tərəfindən həyata keçirilir. Bəzən olur ki əməkdaşlar görmür, ya da vaxt baxımından çatdırmır. Amma harada belə problem varsa, bizə müraciət edilməlidir. Biz bu il məktəblər başlamamışdan qabaq çalışdıq ki, məktəblərin önündəki piyada zolaqlarını yenidən rəngləyək.- Ölkə başçısı müşavirələrin birində məmurlara bahalı maşınlardan istifadə etməməklə bağlı göstəriş verdi. Yerli istehsal olan Naz lifan markalı maşın almağı tövsiyə etdi. Qurumların bəziləri bu maşından aldılar. Sizdə bu proses necə getdi?- Bizim sahə yolla bağlı olduğu üçün əsas texnika maşınlarıdır. Bunlar da əsasən xaricdən gətirilir. Mənim özümdə “Pikup”dır. Biz elə yerlərə gedib çıxırıq ki, ora adi maşınla getmək qeyri-mümkündür. O yollara ancaq “Pikup”lar dözür. Bu sahədəki 99 faiz maşınlar bunlardan ibarətdir.- Bir qədər də keçmiş aparacılığınızdan danışaq. Siz ən çox tənqid olunan aparıcılardan biri idiniz. Sizcə, niyə sizi tənqid edirdilər?- Hər hansı sahədə iş görülürsə, o sahə həmişə tənqid olunur. Mən sözün həqiqi mənasında aparıcı idim. Hazırda elə ciddi aparıcı tanımıram ki, yaddaşda qalsın. Aparıcılıqdan ayrılsam da, məni çoxları yenə də “Xəzər Xəbər”in aparıcısı kimi tanıyır. İndi də deyirlər ki, çoxdandır efirdə görünmürsən. Aparıcı gərək təkcə aparıcılığı ilə məşğul olsun. Televiziyalar elə etməlidir ki, aparıcı başqa problemləri beynində düşünməsin. Xaricdə belədir ki, aparıcı televizyanın ən çox pul alan əməkdaşıdır. Bizdə isə belə bir tendensiya yoxdur. Televiziyanı təmsil edən simanın sırf beyni efirdə olmalıdır. Fikirləşməməlidir ki, sabah hansısa reklama çəkilsin, tədbir aparsın. Təəssüflər olsun ki, hazırda bizdə problem budur. Aparıcıların əksəriyyəti toy aparır. Mənə də neçə dəfə toy aparmaq təklif olunmuşdu. Ciddi bir xəbərlər proqramının aparıcısının toyda nə işi var? Əslində buna maddi baxımdan ehtiyacım var idi.- Hazırkı xəbər aparıcılarından kimi bəyənirsiniz?- Bu gün kifayət qədər aparıcılar var. Amma yenə dediyim kimi, nə qədər ki maddiyyat problemi var, özünü tam o peşəyə sərf edə bilməyəcək. Aparıcı efirdə kimisə təqlid etməməlidir, süni olmamalıdır.- Elə təqlid dediniz, yerinə düşdü. Xəbər aparıcısı həm də kanalın xəbər siyasətini tamaşaçılara çatdırır. Məsələn, Türkiyə kanallarında bir çox məşhur simaların aparıcılığı səmimi alınır. Siz etiraf edə bilərsinizmi ki, sizdə bu süni alınırdı…- Bəziləri mənə deyirdi ki, Türkiyədə bir aparıcı var, onun kimi aparırsınız. İnanırsınız, mən o aparıcını bir dəfə görmüşdüm. Mənə deyiləndən sonra o aparıcıya baxmışam. İnsan nə qədər ki kimisə təqlid edir, onun aparıcılığı süni alınacaq, sevilməyəcək. Türkiyədə aparıcıların aldığı maaş bizimkilərdən on qat çoxdur. Onlar sırf özlərini inkişaf etdirməyə, yeniliklər öyrənməyə çalışırlar. Bizdə isə aparıcılar yerlərində sayırlar.- Bir dəfə filmə də çəkilmişdiniz. Bu sahəyə marağınız varmı?- Vaxtım olduğu üçün çəkildim. Amma filmin uğurlu alındığını deyə bilmərəm. Aparıcı kimi yaxşı aparıcı ola bilərəm, amma aktyor kimi peşəkar deyiləm.- Siz bir neçə il ANS telekanalında da işləmisiniz. Amma orada işləyəndə tənqid edilmirdiniz…- “ANS”də işləyəndə o qədər də tanınmırdım. “Xəzər Xəbər”də işləyəndən sonra tanınmağa başladım. Mənə kanal tərəfindən sərbəstlik verilmişdi. Ona kimi Azərbaycan televiziyaların heç birində belə bir ənənə yox idi ki, aparıcı xəbərdən sonra şərh desin. İndi aparıcılar iki quru cümlə deyir, sonra keçirlər süjetə. Bəziləri var ki, şərh deməyə çalışırlar. Amma bu da təəssüflər olsun ki, süni alınır.- Son illər televiziyalar aparıcı seçimində daha çox gözəl qızlara üstünlük verirlər. Sizcə, belə olmalıdır?- Əlbəttə ki, aparıcı gözəl olmalıdır. Vizual olaraq aparıcı gözə xoş gəlməlidir. Efirdə kişi olsun, xanım olsun, fərqi yoxdur, yaraşıqlı olmalıdır. Əgər aparıcı sizə xoş gəlmədisə, onun nə dediyinə qulaq asmayacaqsınız. Bizdə olan problemlərdən biri də televiziya qriminin olmamasıdır. Başqa ölkələrdə televiziya qrimçiliyi adlı fakültələr var. Məsələn, televiziya qrimi ilə küçəyə çıxsan, hamı sənə gülər. Amma bizdə bəziləri toy qrimi edirlər, efirə çıxırlar. Adi gözəllik salonunda işləyən birini gətirib qrimçi edirlər.- Azərbaycanda son illərin müsbət müşahidə olunan tendensiyası ondan ibarətdir ki, sosial şəbəkələrə bütün peşə sahələrindən axın var. Hətta jurnalistlər də öz ailələri, övladları ilə şəkillər paylaşırlar. Siz ailə şəkillərinin paylaşmasına necə baxırsınız?- Bu hər bir insanın öz şəxsi işidir. Kimsə profilindən dostlarla əlaqə qurmaq üçün istifadə edirsə, bu normaldır. Əgər özü istəyirsə ki, bunun ailəsini, uşaqlarını görsünlər, burada heç bir qəbahət yoxdur.- Elələri var ki, övladının şəklini paylaşır, amma həyat yoldaşının yox. Bu da süni görünür…- Bunlar şəxsi məsələlər olduğu üçün fikir bildirmək düzgün deyil. Mən özüm çoxdandır ki, uşaqların şəkillərini paylaşmıram.- Ailəniz haqqında nə deyə bilərsiniz?- 3 övladım var. Böyüyünün 10, ortancılın 4, lap balacanın isə 1 yaşı var. Həyat elə gətirib ki, mən 3 gözəl oğlan övladının atası olmuşam. Buna görə uca yaradanımıza hər zaman minnətdaram. Düzdür, indiki zamanda 3 uşaq böyütmək bir az müşkül məsələdir, ancaq övladın özünün varlığı valideyn üçün hər şeyə dəyər. Nə qədər çətin olsa da, bunun öz gözəlliyi var. O ki, işdən axşam evə gələndə 3-ü də sənin qabağına qaçır ata-ata deyərək, bax, bu əsl xoşbəxtlikdir. Allah olmayanlar üçün belə sevinci nəsib etsin inşallah. Mən evdə az olduğumdan onların böyüməsində bütün yük həyat yoldaşımın üzərinə düşür, çünki işlə bağlı evə bəzən gec gəlirəm. Yeri gəlmişkən, həyat yoldaşım da ixtisasca jurnalistdir. İkimiz də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişik.(qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler