Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçibeyden “Hakimiyyeti bütöv götürmeliyik, tek-tek ayrılsaq eriyib gederik” cavabını gözleyirdim…

20 Ekim 2016

10:44 am


20/10/2016 [14:38]: xeber –
sayt “Müstəqillik ayı” çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 1987-1991- ci illərin mürəkkəb mənzərəsini əks etdirən “Xətai yurdu” kitabından o illərin hadisələrini canlandıran II yazını təqdim edir. Birinci yazını bu linkdən (http://www.moderator.az/news/155349.html) oxuya bilərsiniz.Qeyd edək ki, S.Rüstəmxanlı “Xətai yurdu” kitabını 1990-cı illərin əvvəllərində, Azərbaycanın Dövlət müstəqilliyi elan ediləndən sonra yazmağa başlayıb, 2002 -ci ildə bitirib. Kitab 2003- cü uldə cəmi 500 nüsxə tirajla nəşr olunub.“Moskvadan qayıdandan sonra – yazılarım və çıxışlarım hələ də bu dağılan xarabanın uçuqlarına cənnət deyən, onun daşlarını qucaqlayıb duran Azərbaycan rəhbərliyinin bədbəxtliyini göstərməyə yönəlmişdi. Bunlar öz səhvlərini, korazehinliklərini duyacaqmı, etiraf edəcəkmi görəsən?”Azərbaycan” qəzetnin səsi getdikcə gurlaşırdı.Sentyabrın sonuna yaxın məni Ayaz Mütəllibovun yanına dəvət etdilər. Yenə dava-dalaş, Vəzirovun qəzetə münasibətinə bənzər tamaşa gözləyirdim. Amma zaman o zaman deyildi, biz təşkilatlanmışdıq, üstəlik ortada deputat toxunulmazlığı da vardı. Mehriban görüşdü. Bir az iqtisadiyyatı dirçəltmək planlarından, bir az “Ömür kitabı”ndan, bir az da rahat işləməyinə mane olanlardan danışdı. Sonra birdən söhbəti dəyişdi və məqsədini bildirdi:– Dövlət Mətbuat Komitəsinin sədrliyi vəzifəsini Sizə təklif etmək qərarına gəlmişəm…Nə deyəcəyimi bilmirdim. Dava-dalaş gözlədiyim yerdə, kommunistlər demiş, belə bir etimad, belə bir xoşgörü… Həm də axı komitənin sədri Rəşid Mahmudov yaxşı adamdır, uzun müddət MK-də çalışıb, sonra raykom katibi, “Kommunist” qəzetinin baş redaktoru olub. Düzdür, köhnə vərdişlərdən əl çəkə bilmir, bir qəzet, mətbuat orqanı qeydiyyatdan keçirənə kimi anadan əmdiyin süd burnundan gəlir. İslahatlara inanmır, hətta latın qarafikasına keçidin əleyhinədir. Buna baxmayraq öz adamlarıdır, “köhnə qvardiya…”, niyə çıxaracaqlar onu?.. Lap elə çıxartdılar, yanında da gül kimi Rəfael Məmmədov var… Köhnə komsomol məktəbi, Mərkəzi komitədə o boyda Elm, Təhsil Şöbəsinin müdiri. Mənim də köhnə dostum…– Bəs Rəşid müəllim? Onun işi necə olacaq…– Onunla razılaşmışıq!– Axı onun müavini də təcrübəlidir, məncə, onun da ürəyindən keçər, iddialı adamdır. Yadıma düşdü bu günlərdə Yazıçılar İttifaqında Rəşid Mahmudovun işdən çıxarılacağı barədə eşitmişdim. Yerinə Rəfael gələcəkmiş. Guya əmri də hazırdır. – Eşitdim, əmri də hazırdır.– Yox, etimadı doğrultmadı, onun yeri deyil, yanında saxlayıb-saxlamamağı özün müəyyənləşdirərsən.Güldüm.– Siz hər şeyi nağdlaşdırmısınız, artıq müavin məsələlərini həll edirik.Mütəllibov duruxdu:– Məncə, etiraza yer yoxdur. Yaxşı variantdı. Fikrə getdiyimi görüb əlavə etdi.– Sizi başa düşürəm. Ancaq mənim də öz məqsədim var. Xalq Cəbhəsindən yetkin, təcrübəli adamları hakimiyyət qurumlarına gətirmək istəyirəm. İlk növbədə də Sizi. Həm bu vəzifəyə layiqsiniz, bildiyimə görə o komitədə uzun müddət işləmisinz…– Tələbə vaxtı fəhlə işləmişəm orda. Sonra da on il baş redaktor. “Yazıçı” nəşriyyatında.– Yaxşı da! Siz qalan yerdə kim gəlməlidir ki, ora! Gizlətmirəm, bir niyyətim də Xalq Cəbhəsiylə münasibətləri qaydaya salmaq, bu çəkişmələri azaltmaqdır. Əsas işimiz ermənilərin qarşısını almaqdır, daxili çəkişmə yox!– Başa düşürəm! Amma mən tək deyiləm. AXC-nin İdarə Heyətinin üzvüyəm, bilirsiniz. Bir yandan da “Azərbaycan” qəzeti… Qərara gəlmək çətindir. Yoldaşlarım nə düşünər?! Razılıq olmasa gələ bilmərəm! Gərək məsləhətləşim.– Nə olar, məsləhətləşin, məncə o komitənin əhəmiyyətini sizinkilər də başa düşər… Nə qədər tez olsa o qədər də yaxşıdır. Razılaşsanız, zəng vurub köməkçiyə xəbər verin! Sizə hörmətim kitabınızı oxuyandan sonra bir az da artıb. İşim çox olsa da, sona qədər, diqqətlə oxumuşam. Minnətdaram belə qiymətli əsər yazdığınıza görə. Mənim təklifim səmimidir. Birgə işləməyimiz yaxşı olardı!..Xudahafizləşib çıxdım. Elə həmin gün Əbülfəz bəygilə getdim. Ondan şübhəliydim. “Hakimiyyəti bütöv götürməliyik, tək-tək ayrılsaq əriyib gedərik” deyəcəkdi. Amma gözlədiyim kimi olmadı, sevindi. “Çox vacib yerdir. Bir dənə qəzet qeydə almırlar. Sənin ora getməyin qələbəmizin yarısıdır!..”Bir neçə gün sonra zəng vurub, razılığımı verdim. Oktyabr ayının 5-də komitəyə sədr təyin olunmağım barədə sərəncam çıxdı.Bu təyinatdan hakimiyyətin məqsədi nəydi? Müxalifətin içində özünə “dayaq” tapmaq, yaxud “Azərbaycan” adlı bir atəş nöqtəsini susdurmaq; çətin bir sahəni çiynimə yüklədikdən sonra istənilən bəhanəylə təzyiq altında saxlamaq, məsuliyyətə cəlb etmək, yoxsa bu “hakimiyyətlə əməkdaşlığa getdi” fikrini yaymaqla məni gözdən salmaq… Aydınlaşdırmaq çətindi. Bəlkə elə bunların hamısı nəzərə alınırdı… Mən də işimi bilirdim. İlk növbədə illər uzunu arzusunda olduğumuz yeniləşmələrə bu binada qoyulan qadağaları aradan qaldırdım; elə ilk kollegiyada yeni qəzet və jurnal təsisini tamamilə asanlaşdıran qərar qəbul etdim. Mütəxəssislərin iştirakıyla, əlifba islahatı ətrafında yaradılmış “texniki imkansızlıq” xofunun yalan olduğunu sübut elədim, bu işi ciddi maliyyə vəsaiti tələb olunmadan görə biləyəcəyimizi bildirdim. Komitədə bütün işlərin ana dildə aparılması barədə sərəncam verdim. Rayonlardan gələnlər üçün “açıq qapı” elan etdim. Balaca tikinti idarəsini tikinti trestinə çevirdim; Qafqazın ən böyük kitab kombinatının yarımçıq qalmış binasının inşasını bərpa etdim; Ensiklopediyanı nəşriyyat-istehsalat birliyinə çevirdim. Xarici ölkələrlə müştərək istehsalat sahələri quraraq, qəzet və jurnal buraxılışına başladıq və bəlkə də müxalifətdən olduğuma görə bu tipli təşəbbüslərimə heç bir maneçilik törədilmədi. Təcrübəli mütəxəssisləri özüm arayıb axtardım. Gələn kimi bütün köhnə işçiləri işdən çıxaracağım barədə yayılan şaiyələrin yalanlığını, ögey-doğmalıq, iqtidar-müxalifət ayrı-seçkiliyi qoymadan peşəkarlığa üstünlük verəcəyimi bildirdim. Hökumətin bütün toplantılarında səmimi bir münasibət görsəm də həmişə sərt mövqeyimdə dayandım və sanki burda hökm sürən ətalət buzu sındı. Bir dəfə mənim başladığım bir mövzunu kəskinliklə davam etdirən Polad Bülbüloğlunun fasilədə söylədiyi etiraf doğruydu: “Elə bilirsən sən gəlməzdən öncə də belə cəsarətli danışırdıq?!”Bu ovqat mətbuata da sıçradı: “Ehtiyatlı olun, hakimiyyətdə müxalifət var…”Amma ilk günlər gözlənilməz, məni sarsıdan olaylar da oldu. İlk növbədə vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetində mənim baş redaktorum olmuş, amma şairliklə bir araya sığmayan xırda münaqişələri ilə işləməyimə imkan verməmiş, ərizə verib getməyə sövq eləmiş, indi isə yanımda sədr müavini işləyən Nəriman Həsənzadənin elçiləri gəldi. Hətta qohumlarımı da minnətçi saldı: “ona toxunma!” Başa saldım ki, biz vaxtilə dost olmuşuq, redaktorum olsa da məni yola vermədi; bunun acığına onu işdən çıxarmalıydım, amma çıxartmayacağam, qoy görsün vəzifə dostluğu üstələməməlidir, görsün ki, “müdir” necə olur.”Yazıçı” nəşriyyatında mənim işdən çıxarılmam haqqında əmr verən direktorun da mənim təyinatımdan bərk narahat olduğunu eşitmişdim. Zəng vurub telefondaca bildirdim ki, olub keçənlər qaldı keçmişdə, bir yerdə işləyəcəyik, hər cür yardım eləyəcəyəm, bazar ertəsi gəl görüşək. Bazar ertəsi gəlib çıxmadı, az sonra xəbər tutduq ki, bazar günü gecə evində infarkt olub, keçinib, uzun müddət sarsıntıdan qurtara bilmədim; ən azı telefon danışığına və ətrafımdakıların bu danışığın şahidi olduqlarına görə, vicdanım rahatdı, ürəyinin nasaz olduğunu da bilirdim, amma nəyə görəsə, beynimdən bu fikri çıxarmaq mümkün deyildi: “görəsən mənim təyinatım ona necə təsir edib”, “bu infarktda mənim günahım varmı”?Ali Sovetdə və Xalq Cəbhəsində fəaliyyətimin yumşalacağını gözləyənlər yanılırdılar: əksinə bir vaxt fəhləsi olduğum komitəyə sədr gəlməyim; doğma işim, kitab və qəzetlə məşğul olacağım əlavə güc və inam vermişdi”. (ardı var)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler