Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Elçibey Heyder Əliyeve demişdi ki, etrafımdakıların elinden bezmişem…”

21 Haziran 2016

7:16 pm


21/06/2016 [23:12]: xeber –
 4 iyun hadisələrinin mərkəzi fiquru – uzun illərdir media üçün əlçatmaz olan sabiq Baş nazir, Mlli Qəhrəman, korpus komandiri və siyasi məhbus Sürət Hüseynovun 2004-cü ilin 17-martında həbsdən çıxdıqdan sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə olan müsahibəsinin ikinci hissəsini oxucularımıza təqdim edirik:(…Söhbət dönüb-dolaşıb yenə 1993-cü ilin fevralında Elçibəyin Gəncəyə səfərinin üstünə gəlir…)– …Bəy mənə dedi ki, səni kənarlaşdırıram vəzifədən. Dedim, kənarlaşdırırsan sağ ol, var ol. Ali Baş Komandansınız, siz bilərsiniz. Çünki bunlar müharibə eləmək istəmirdilər, onu onsuz da saxlamışdılar. Bunlar istəyirdilər ki, ermənilər də Azərbaycanda yaşasınlar. Müharibədən tamamilə soyumuşdular. Ancaq zaman göstərdi ki, səhv ediblər. Məni kənarlaşdırandan sonra bir müddət mühasirədə qaldım. Mart ayının 26-da İsgəndər Həmidovu göndərdilər ki, məni korpusdan çıxarsın. Mən də deyirdim ki, üstümdə bu qədər mal, skladlarda silah-sursat var, bunları təhvil götürmək lazımdır. Komissiya yaratmalısınız, komissiya gəlməlidir, bunu təhvil götürməlidir. Deyirdilər ki, yox, elə siz çıxıb gedin. Deyirdim, a kişi, belə deyil, bu, dövlətin malı sayılır. İndi nə olsun ki, bu hərbi hissəni mən almışdım o vaxt ruslardan. Nə olsun ki, bütün texnika və silah-sursatı mən götürmüşdüm. Orada nə var idisə, Müdafiə Nazirliyinin balansında idi. Dedim ki, gəlin, komissiya yaradın. Burada minlərlə, on minlərlə silah vardı.– Yəni siz etiraz eləmirdiniz təhvil verməyə?– Yox, mən getməyə etiraz eləmirdim. Sadəcə deyirdim ki, bunu qanuni eləsinlər. Sabah çağırıb deməsinlər ki, filan silahdan bu qədər əksikdir, fılan texnika yoxdur. Bunun qanuni edilməsini və aktın birinin mənə verilməsini tələb edirdim. Bu qədər malı, məhsulu, texnikanı kimə verib getməliydim? Dedilər yox, heç nə lazım deyil. Dedim elə deyil, qanun-qayda var. Qanun-qayda ilə hərəkət etməliyik bu bir, ikincisi də bu mənim özümə lazımdır. Mənim özüm üçün lazımdır ki, bu sənəd məndə olsun. Səhərisi gün siz çox oyunlar çıxara bilərsiniz, deyə bilərsiniz ki, texnika əksikdir, satıb dağıdıbsan, ya neyləyibsən. A bala, gəl təhvil-təslimini elə də.– Maraqlıdır… Eləmirdilər eləmi, Sürət bəy?– İnanın Allaha, yox. Təhvil-təslim getmirdi. Deyirdim komissiya yaradın, yox, yox, yox. Mən də oturmuşam yerimdə. Yaxşı, mən nə edim? Mən o malı kimə təhvil verməli idim? Bunlara təhvil verim, sonra desinlər ki, 10 dənə və ya 20 dənə tank, 20 min də avtomat, nə bilim nə qədər də nə əksikdir? Buna cavab verməliydim sonra, elə deyil? Sadəcə istəyirdim ki, qanuni komissiya yaratsınlar, təhvil-təslim aparsınlar. Bunlar da bu komissiyanı nə yaradırdılar, nə göndərirdilər. Nə isə… Hiss elədim ki, bunlar məni provokasiyaya çəkirlər. İsgəndər Həmidovu göndərdilər ki, guya, məni tərksilah edəcək (gülür…). Məni mühasirəyə aldılar. Düzü, güldüm. Dedim ki, mənim qabağımda rus, erməni dura bilməyib, bunlar kimdir gəliblər məni mühasirəyə almağa? İnanın Allaha, uşaqlara da tapşırdım, dedim, bir dənə güllə atmırsınız. Dedim, qoy onlar başlasınlar, onlar atsınlar, ondan sonra baxarıq, ondan sonra mənim əmrimi gözləyərsiniz. Elə oldu ki, sonra İsgəndər Həmidov ağsaqqalları – Şıxlını, bir də Tofıq Bağırovu gətirdi, barışdıq.– Qurban da kəsilmişdi, deyəsən.– Biz tərəfdən qurban da kəsildi ağsaqqalların ayağının altında. Ağsaqqallar gəldilər barışığa. Barışdıq. İsgəndər Həmidovun özü başa düşdü ki, onu oyuna salmaq istəyiblər. O da bilirdi ki, axı, mənimlə nə təhər vuruşacaq. Həmin İsgəndər Həmidov çox gözəl bilirdi ki, Sürət Hüseynov idi Qarabağda vuruşan. Sürət Hüseynovun qabağında rusla erməni dura bilmirdi. İsgəndər Həmidovun da o polisi gəlib mənə heç zad eləyə bilməzdi. Bakıya qayıdan kimi, İsgəndərin də fərmanını verdilər, kənarlaşdırdılar.– İsgəndər Həmidovun işdən kənarlaşdırılmasmda sizinlə barışması rol oynayıbmı?– Bəli. Ona tapşırıq vermişdilər ki, gedib Sürəti tərksilah etməli, hərbi hissədən çıxartmalısan. …Hələ o Sülhəddin Əkbərin vaxtına – 4 iyuna gəlmirəm.– Ona gələcəyik.– Orada çox maraqlı məqamlar var. Çünki adlarını demokrat qoyanlar diktator kimi hərəkət eləyiblər. O məqamlara qayıdacağıq. Amma İsgəndər Həmidovu mənimlə barışdığına görə cəzalandırdılar.– Sonra Kəlbəcər getdi…– Kəlbəcər hadisələrindən əvvəl mart ayında korpusu təhvil vermişdim.– Kəlbəcərin getməsini də sizin ayağınıza yazırlar.– Mən məhkəmədə də sübut elədim ki, Kəlbəcər mənlik deyil. Çünki məni fevralın 9-dan işdən kənarlaşdırıblar. Martın 26-da da ermənilər Kəlbəcərə hücuma başlayıblar və aprel ayının 2-də artıq Kəlbəcər yox idi.– Bəzi mənbələr iddia edirlər ki, Bakıdakı əməliyyatların hazırlanma xəbərini sizə şəxsən Etibar Məmmədov çatdırıb. Doğrudurmu?– Yox.– …Özü şəxsən maşınına oturub, gəlib Gəncəyə və sizi həmin əməliyyatdan xəbərdar eləyib.– Yox, Etibar Məmmədov mənə elə bir söz deməyib.– O zaman Etibar Məmmədov sizi açıq şəkildə müdafiə edirdi, rəhmətlik Şadman Hüseynov da…– Bəli, bəli, müdafiə edirdi. O vaxt bunların hamısı ilə yaxşı münasibətim var idi. Heç bir partiyanın üzvü olmamışam. Çoxları özlərinə cəbhəçi deyirdilər, amma əsil cəbhəçi mən olmuşam, çünki cəbhədə olmuşam. Bunlar da burada boşboğazlıqla məşğul olublar. Xalq Cəbhəsi ona görə uduzdu ki, əsil cəbhəçilərin içində mənim nüfuzum çox yüksək idi. Ona görə də Cəbhə sabun köpüyü kimi yoxa çıxdı……Allah keçənlərinizə rəhmət eləsin, atamın qırxına 9 gün qalmışdı. Həftənin dördüncü günü – bizdə “adna günü” deyirlər – idi. Bir nəfər Xalq Cəbhəsinin nümayəndəsi gəldi və mənə dedi ki…– Fəhmin Hacıyev?– Yox. Fəhmin Hacıyev gəlməmişdi, başqa adam idi.– Yas mərasimində?– Yas mərasimində, bəli, iyun ayının 3-ü idi. Mənə dedi ki, bəs deməzsənmi, bunların fıkri qətidir, sabah səhər hücuma keçəcəklər. Axşamüstü idi bu söz mənə deyiləndə. Saat olardı 6-7…– Kim idi bu xəbəri verən?– Qoy, onun adını deməyim.– Tanınmış adamlardandır?– Tanınmış adamlardandır.– Biz hamımız onu tanıyırıq, eləmi?– Tanıyırsınız, hamı tanıyır, yaxşı tanıyır. Nə isə… Mən də ona dedim ki, yaxşı deyil, müsəlmançılıqdır, get, Bəyə mənim adımdan denən ki, qoy atamın qırxını verim, hara deyirlər, gələrəm ora. Dedim, bunlar Gəncəyə niyə gəlirlər, başım çıxmır. Mən korpusu təhvil vermişəm. Orada bir hərbi hissə qalıb – 709. O hərbi hissə də Murov dağında ermənilərə qarşı mövqe tutub. Bunlar da o hərbi hissəni iyun ayının 2-də təcili əmr yazıb, buraxıblar. Amma yenə deyirəm, bu hərbi hissə döyüş bölgəsində mövqe tutub. “Ömər dağı”ndan, haradasa, 70 kilometrə qədər ərazini qoruyur. Bir neçə gün bir qrup əsgər gedib mövqedə durur, sonra qayıdıb gəlirlər Gəncədəki öz hərbi hissələrində dincəlirlər, o biriləri gedir. Yəni bir-birilərini dəyişirlər. Ancaq faktdır ki, bunlar döyüş bölgəsində mövqedədirlər. İyunun 2-də əmri gətirib verirlər hərbi hissənin komandirinə. Orada o işlərə baxan, məktubları qəbul edən bir qadın var idi. Komandirlə o qadın bir yerdə gəldilər yanıma ki, bəs, Sürət müəllim, belə bir əmr veriblər bizə. Qanunla da, nizamnamə ilə də hərbi hissənin buraxılması üçün 12 gün vaxt verilir. Əgər 12 gün ərzində həmin hərbi hissə özünü buraxmasa, üzərində olan texnikanı, silah-sursatı və digər hərbi ləvazimatları təhvil verməsə, əmrə tabe olmasa, yalnız ondan sonra bu hərbi hissəyə qarşı güc işlədilə bilər. Ancaq bunlar nə edirlər? İyunun 2-də bu əmri gətirib, döyüş bölgəsində müdafiə mövqeyi tutan hərbi hissəyə təhvil verir, ayın 4-də də elə həmin hərbi hissəyə hücuma keçirlər. 12 gün gözləməli idin – əgər dövlətsənsə, qanundan başınız çıxırsa, qanunla hərəkət edirsinizsə! Yox, mafıoz bir qurumsunuzsa, o zaman başqa məsələ. “Çıxmalısan” deyirlər, vəssalam. Əmr göndərmisənsə, 12 gün gözləməliydin, 12 gündən sonra hərbi hissə özünü buraxmır, əmrinə tabe olmursa, ondan sonra güc işlətməyə ixtiyarın var idi.Bu haqda nə prokurorluqdan, nə Müdafıə Nazirliyi tərəfındən heç bir xəbərdarlıq, yazı, sənəd yoxdur. Elə şey olmayıb ki, bu hərbi hissə hansısa əmri yerinə yetirməsin, hansısa əmrə tabe olmasın. Axı bunlar deyirdilər ki, əmrə tabe olmadığına görə buraxılır bu hərbi hissə. Yəni elə bir şikayət daxil olmayıb. Ancaq bunlar yazıblar ki, əmrə tabe olmayıb. Hansı əmrə? Axı sən tabe olunmayan əmri göstərməliydin. Yazdıqları əmr sadəcə bir provokasiya idi…Mənə yas yerində xəbər gətirən o adama dedim ki, get, onları başa sal, qanun var, qayda var. “Ömər dağı”nı almaq məsələsində Dadaş Rzayev gəlib ağlamışdı, mən də demişdim ki, hərbi hissə yaradılmalıdır. Çünki şəhid olanımız, yaralananlarımız olacaqdı. Hər şey qanuni olmalı idi. Əgər əsgər vətən uğrunda gedir, vuruşur, həlak olursa, ona şəhidlik statusu verilməlidir. Yaralılar da əlil, ya da müharibə veteranı statusu almalıdır. Dedim, bunları elə-belə göndərə bilmərəm. Hərbi hissənin yaradılması əmrini verin, mən də 3 günə camaatı yığım. Belə də olub. O, əmri verib, mən də 3 günə hərbi hissəni yaratmışam, nasaz texnikaları Qazaxdan təmirçilər gətirib düzəltdirmişəm. 34 saatın içində də əməliyyatı başa çatdırıb “Ömər dağı”nı almışıq.– Söhbət 709-dan gedir?– Bəli. Deməli, mənə xəbər gətirən adama dedim ki, hücuma keçmək qanunsuzluqdur, əsasnaməyə görə, 12 gün gözləməlidirlər. Dedi ki, yox, bunların fikri qətidir, sabah hücuma keçirlər. Dedim axı, bir mənim sözümü onlara çatdır. Nə isə, məcbur elədim ki, getsin onlarla telefon əlaqəsi saxlasın, sonra gəlsin, cavabını desin. Fikirləşdim ki, yaxşı deyil, müsəlmançılıqdır, atamın qırxını verim. Dedim, bu provokasiyadır, söhbət məndən gedirsə, mən hərbi hissəyə atam rəhmətə gedən gündən getmirəm. Bir aydır ki, hərbi hissəyə ayağım dəymir, yas yerindəyəm, gələn-gedəni yola salıram. Getdi, danışdı, gəldi… Dedi yox, qətidirlər. Dedim, madam ki, bunların müsəlmançılıqla heç bir əlaqələri yoxdur, nə bilirlər, eləsinlər.– Sürət bəy, atanızın qırxı nə vaxt idi?– Qırx ayın 13-də olmalı idi.– Yaxşı, bəs Elçibəyin özü ilə niyə əlaqə yaratmırdınız? Bəzi məlumatlar var ki, Elçibəyin özü ilə danışmağa, əlaqə yaratmağa can atmısınız, ancaq Pənah Hüseynov imkan verməyib. Yəni Pənah Hüseynov bir növ Elçibəylə sizin aranızda əngəlləyici olub ki, siz özünüz birbaşa görüşməyəsiniz. Düzdürmü bu faktlar?– O vaxt iqtidarda olanların özləri də bilirlər ki, Elçibəy onsuz da bu işlərdən kənarlaşmışdı, işləri aparanlar aparırdı, ona əl çatmaq mümkün deyildi. Sadəcə onun adından əmrlər verir, danışırdılar. Elçibəyi onun ətrafı izolyasiyaya salmışdı. Bu müxalifət rəhmətlik Heydər Əliyevin vaxtında deyirdi ki, onu izolyasiya ediblər. Sizin vaxtınızda da belə olub axı.İyunun 4-də hərbi hissənin qoşunları hazırlıq keçirdilər. O vaxt Dadaş Rzayevlə söhbətim oldu. Dedim ki, hal-hazırda o briqadadan 900 nəfər təlim keçir. Onlar kəşfıyyat qrupları olacaq. Dedim ki, Kəlbəcəri alacağam, ancaq Vardenisdən keçib alacağam. Ermənilərdən külli miqdarda əsir götürəcəyəm ki, öz əsirlərimizi dəyişə bilək.– Yəni Vardenisi alıb oradan Kəlbəcəri boşaltmaq planınız vardı?– Bəli. Bu söhbət təxminən mayın 23-ü ərəfəsində olub. Bir neçə gün fərq ola bilər, dəqiq yadımdan çıxıb. Dadaş Rzayevin özünə demişəm ki, bu sözləri təkcə sənə deyirəm, heç kim bilməsin, sirr kimi qalsın: “Dadaş Rzayev, Seyfəli poliqonunda 900 nəfərlə təlim keçirəm. 12-14 nəfərdən ibarət kəşfıyyat qrupları olacaq. Hamısı mobil, çevik və bir-biriləri ilə əlaqəsi olacaq. Rabitə əlaqələri saxlayacaqlar…”– Bir növ partizan döyüşü?– Bəli, təxminən partizan döyüşü kimi… 12-14 nəfərdən ibarət qruplarla Daşkəsəndən meşənin içi ilə gözlənilmədən Vardenisə keçəcəkdim. Ermənistan tərəfdən bütün telefon əlaqələrini kəsəcəkdim… Bir qrup rabitə xətlərini kəsib tökür, digər qrup da Xankəndi ilə ermənilərin əlaqələrini kəsir. Qalan qruplar da gecəylə ermənilər yatan vaxtı girib hamısını həbs edirlər. Əllərini qandallayıb götürürük. Çünki Kəlbəcərdən neçə min əsir aparmışdılar. Ona görə istəyirdim ki, onları əsir götürəm. Fikrim, ancaq əsir götürməkdi, öldürmək yox. İki istiqamətdə hərəkət edəcəkdik və müdafiə mövqeyi “Ömər dağı”nda idi. Bir istiqamət Kəlbəcərə, mən də Vardenisə gələcəkdim. Bu məsələni belə həll eləməliydik. Dadaş Rzayev də “oldu” deyərək, planı bəyənmişdi. Atamın qırxı çıxan kimi, əməliyyata başlayırdıq. İndi bilmirəm, bu əməliyyatın keçirilməsinə bunlar niyə etiraz etdilər?! Ola bilsin ki, atəşkəsə imza atmışdılar, yəqin ona görə idi. Dadaş Rzayevin özü demişdi ki, bu, əla plandır. Ayın 4-də bunlar…– İyunun 3-ü axşamı dəqiq bilirdiniz ki, sabah nə olacaq?– Bilirdim. Gecə saat 23.00 idi. Camaatı yola salandan sonra, oturub 15-20 dəqiqə fıkirləşdim ki, neyləyim mən?– Tək?– Bəli, tək. 23.00-23.30 radələri idi. Əsas qüvvə də poliqonda idi. Qazaxda 20-yə yaxın texnika vardı. Həmin texnikanı özləri üçün saxlamışdılar və onu Şəmkirin Leninkənd kəndindən keçirib, çıxıblar Seyfəlinin o tərəfinə. Mən də Seyfəlinin bəri başındayam. 21 texnikaları vardı. Sonra Qazaxdan 3 ədəd də D30 gətirib qoymuşdular Şəmkir yolunda “post QAİ”-nin yanına və tuşlamışdılar poliqona tərəf. Nə idi o Qazaxlı…– Alik?– Hə, Alikin topları idi. Nə isə, 15 dəqiqə fikirləşdim…– Psixoloji olaraq içinizdə bir qorxu, bir tənhalıq hiss edirdinizmi?– Hamıda qorxu hissi var. Ancaq mən müharibənin odlu-alovlu nöqtələrində olan adam olmuşam. Qorxmurdum. Sadəcə, bunlara gülürdüm. Ürəyimdə gülürdiim ki, ay Sürət, gör nə günə düşmüsən, gör üstünə kimlər gəlir (gülür…). Gülürdüm bunlara. Neyləyib bunlar? Ağdamdan bütün texnikanı çıxarıblar, a kişi! 17 ədəd qrad, 21 ədəd D30, bir batalyon da artilleriyanı idarə eləyən əsgər və zabitləri çıxarıblar. 4 iyunda ermənilər hücuma keçdilər. Bildilər ki, texnika çıxarılıb……Nə isə, 15 dəqiqə fikirləşdim. Bunlar səhər saat 07.00-da hücuma keçirlər. Fikirləşdim ki, nə edim, necə edim? Bilirdim ki, bunlar ilk olaraq poliqonu dağıtmaq istəyəcəklər. Eldar Əliyevə əmr verdim ki, sizi qırırlarsa, qoy camaatın gözünün qabağında qırsınlar. Dedim ki, gecəni araya salıb arxa yollarla diskolasiya yerini dəyişib, o vaxtkı konditer fabrikinin yanına toplaşın. Qalanlarına dedim ki, 709-cu briqadanın şəhərciyinə çəkilsinlər. Özü də elə gedirsiniz ki, sizi görən olmasın. Gecə saat 00.30-da bunlar çıxırlar və gedirlər hərbi hissəyə. Ancaq burada biz onlara heç nə sübut edə bilməyəcəyik. Düzün-düzəngahında kimə nə sübut etmək olar ki, nə oldu, nə baş verdi, kim-kimi öldürdü, kim-kimə atdı? Onlar da deyəcəklər ki, elə hər şeyi biz etmişik. Amma bura şəhərin içidir və hamı görəcək ki, nə baş verdi. Kim atdı, kim bombaladı, kim-kimi qırdı, hamısı bilinəcək. Bilirdim ki, burada qardaş qanı töküləcək. Qarşı tərəf açıqca buna gedirdi. Tapşırmışdım ki, bir dənə güllə atılmamalıdır. Qoy onlar atsınlar, sizi öldürsünlər. İnanın Allaha, əmri belə vermişdim. Məhkəmədə bunların hamısı sübut olunub. Bir güllə atmadan onların hamısını tərksilah eləmişəm. Necə eləmişəm, indi onu sizə danışacağam.– Belə çıxır ki, 3-dən 4-ə keçən gecə heç yatmamısınız?– Səhərə yaxın – 4 -5 arası yatmışam. Saat 07.00-dan vurhavur düşüb, tanklar, toplar atır, evdə də məni narahat etməyiblər ki, yorğun-arğındır, qoy bir az dincəlsin. Saat 09.00-da oyanmışam ki, bəs məni niyə qaldırmırsınız. Deyirlər ki, istədik bir az dincələsən. Dedim ki, təcili getməliyəm hərbi hissəyə. Görüm orada nə baş verir. Dedilər, atışmadır, tanklardan, minomyotlardan atəş açırlar hərbi hissəyə, camaatı qırırlar. Dedim, heç nə olmaz, nə olursa olsun, getməliyəm. Çölə çıxdım ki, yaşadığım küçəni o başdan da, bu başdan da kəsiblər. Gördüm ki, KQB-nin “spesnaz”ıdır. Sən demə, bunlara əmr veriblərmiş ki, Sürət Hüseynov harada görüldü, dərhal vurulmalıdır. Bunu sonradan Sülhəddin Əkbər də “Yeni Müsavat”da demişdi. Yəni mənim ölümümə artıq prezident tərəfındən fərman verilmişdi. Amma 1990-cı ildə deputat seçilmişdim və hələ də deputat idim. Mənim deputat toxunulmazlığımı götürmədən, necə ölümümə fərman verib bu prezident? Özləri də yazırlar ki, biz demokratıq. Demokratsan, işini qanuni gör. Demokrat əmr verməz ki, fılankəsi güllələyin. Məni həbs etmək olardı. İndi deyirlər Səddam belə, Səddam belə… Onda Səddamla Elçibəyin nə fərqi olub ki? Mən cinayətkar deyildim axı, Milli Qəhrəman idim. Milli Qəhrəmanlığımı da heç kim götürməmişdi. Məni niyə güllələtdirirsiniz ki? Mən tutulandan sonra bunlar özləri açıblar paxırlarını. Kiminsə xoşuna gəlmək istəyiblər ki, bunlar Sürət Hüseynovu öldürmək üçün əmr də veriblərmiş. Sülhəddin Əkbər deyir ki, mənə əmr vermişdilər ki, Sürət Hüseynovu harada gördün, orada vur, görsəydim vuracaqdım. İntəhası, Sülhəddin Əkbər mənim əlimə “plen” düşdü.– Bunlar ard-arda gəldilər və hamısı da sizə əsir düşdülər – Sülhəddin Əkbər, Fəhmin Hacıyev…– Yox, Fəhmin Hacıyev qaçdı…– Necə qaçdı ki?– Mənim əlimdən qaçmayıb. Postda düşüb, özünü “əldən qoyub” ağaclığa… qaçıb. Heç arxasına da baxmayıb (ürəkdən gülür…). Uşaqlar da görüblər ki, bu tüpürüb dabanına, deyiblər əşşi, bunun dalına düşməyək, qoy rədd olub getsin. Bilməyiblər ki, Fəhmin Hacıyevdir.– Baş prokuror da sizə əsir düşdü…– Bəli.– Bunların hamısını bir yerdə tutdunuz, yoxsa necə oldu, Sürət bəy? Rəhmətlik Əbülfəz bəy demişdi ki, mən neyləyim, 3 dənə vertolyot göndərmişəm, göndərdiklərimin hamısı gedir Sürətin tərəfınə keçir. Bunlar sizin tərəfınizə keçirdi, yoxsa siz bunları tərksilah edirdiniz? Sülhəddin Əkbər də, İxtiyar Şirin də sizin tərəfinizə keçdi?– Onlar hər tərəfdən mühasirəyə alındılar. Şəhər polis idarəsində yerləşmişdilər. Orada da heç kim müqavimət göstərmədi. Bir də… kim müqavimət göstərəcəkdi ki?– Hamısını bir yerə yığdımz?– Hamısını yığdım bir yerə, gətirdim 709-cu hərbi hissəyə. Kabinetimdə söhbət elədim. Elə oldu ki… Nədi o Tovuzlu balası?– Qara Tofıq?– Hə, Qara Tofiq də tutuldu gəldi. Onu da göndərirlərmiş ki, Tovuz tərəfdən hücuma keçsin. Bilirsən, onları nə cür həbs eləmişdim? Həbs elədim, sonra oturduq söhbət elədik. Onlara heç kim çırtma da vurmayıb.– Deyirlər hədə-qorxu, incitmək, döymək və s. olub…– Yox. İnanın Allaha, onlara bir adam güldən ağır bir söz deməyib. Sadəcə, öz səhvlərini boyunlarına aldılar ki, biz səhv eləmişik. Sülhəddin Əkbərin özü şəxsən dedi ki, mən Bakıda da demişdim ki, səhv addımdır, bu addımı atmaq düzgün deyil. Sonra Əli Ömərov İxtiyar Şirinova deyər ki, sən Elçibəyin həbs olunması üçün sanksiya verməlisən.– Əli Ömərov sizin yanınızda idi Gəncədə?– Həmin vaxt orada idi. Düzü, əvvəlcə onu bir deputat kimi tanıyırdım. Ancaq başqa münasibətlərimiz olmamışdı.– Yəni Əli Ömərov bunu İxtiyar Şirinova deyir? – İxtiyar Şirinova deyir, özü də heç bir təzyiq olmadan. Mənimlə söhbət zamanı da dedilər ki, səhv etmişik, Bakıda da demişdik ki, bu, səhv addımdır. Əli Ömərov da deyər ki, sən Respublikanın Baş Prokurorusan, prezidentə sanksiya yaza bilərsən. Əgər prezident səhv edibsə və sən də bunu etiraf edirsənsə, yaz. O da götürüb yazdı. İnanın, heç bir təzyiq-filan olmadan.– Bu, o qədər tarixi məqamdır ki…– Bəli.– Mən sizdən bunu çox ciddi soruşuram. Bu, Azərbaycan tarixi üçün, ümumiyyətlə min illik tarix üçün çox böyük əhəmiyyət daşıyır. Bəziləri iddia edirlər ki, Sürət Hüseynov tapançanı İxtiyar Şirinovun alnına dayayıb, deyib ki, imzala bu sanksiyanı. Bax, Sürət bəy, buna təmiz bir açıqlama istəyirəm, bu, çox önəmli məqamdır.– İnan Allaha, nə tapança dirəmək, nə bir şey… Mənim kabinetimdə stolun arxasında oturmuşuq, söhbət eləmişik. Bir kəlmə acı söz deməmişəm bunlara, sadəcə, öz əziyyətimi başa salmışam ki, mən bu qədər əziyyət çəkmişəm, nə hərəkət idi mənə qarşı elədiniz? Onlar da etiraf etdilər ki, səhv eləmişik. Sonra da bunları göndərmişəm Xanlarda “Vinzavod”un iki mərtəbəli, saunalı “Qonaq Evi”nə. Hər şeylə təmin olunublar – kabab, araq… yeyib-içib kef eləyiblər.– …???!!!…– İnanın Allaha, yediyimiz çörək haqqı! Əgər onlar bunu danarlarsa…– İxtiyar Şirin sanksiyanı yanınızda imzaladı?– Yox, mənim yanımda imzalamadı. O biri, üzbəüz otaqda imzaladı. Qapı da açıq idi. Söhbəti də eşidirdim. Dedim indi prokurordular da, bir-biriləri ilə zarafat edirlər… Heç ağlıma da gəlməzdi, Əli Ömərov ona deyər ki, bax, sən də deyirsən Elçibəy səhv eləyib, əmri də verən odur. Sən belə demədin Sürət müəllimin yanında? O da “hə” dedi. Əli Ömərov da dedi ki, o zaman Elçibəyin sanksiyasın ver…– O da verdi?– Götürüb, yazdı. Sonra da Əli Ömərov gətirdi ki, bax, İxtiyar Şirinov Elçibəyin həbsi üçün sanksiya verib.– Ağlınıza da gəlmədiyi halda, ölkənin Baş Prokuroru prezidentin həbsinıə sanksiya verir. Bu, həm də sizə ləzzət elədi, eləmi? Əlinizə daha tutarlı fakt keçdi…– Bilirsiniz… Düzü, əhəmiyyət də vermədim. “Sanksiyadı, verir da…  Kimdir onu yerinə yetirən, nə sanksiyabazlıqdır”,- dedim. Amma burada sadəcə bir məqam məni düşündürdü ki, yaxşı, bunlar necə komandadır ki, buna bir çırtma da vuran olmadı… Əli Ömərov onunla mənim yanımda söhbət elədi. İxtiyar Şirinov dedi ki, Elçibəyə də bu əmrin səhv olduğunu dedik. Dedik ki, bu yol səhv yoldur, cinayətdir. Elçibəy də qayıdıb ki, yox, belə olmalıdır. Sonra mənim kabinetimdən çıxıb getdilər çay içməyə. Mən də fikirləşirdim ki, bunları hara göndərim ki, getsinlər rahat olsunlar, yesinlər, içsinlər, dincəlsinlər, ancaq gözümdən uzaq olmasınlar. Burada olsunlar bir müddət. Sonra buraxacaqdım. Bunları elə bir yerə, elə bir qonaq evinə apardım ki, mebeli xarici, qulluq eləyəni, saunası, hər şeyi var… İnandırım sizi ki, manqal, kabab… qoyunlar kəsilir… bunlar kababdan yeyir, araqdan içirlər…– …???!!!…– Konyak, müxtəlif növ araqlar, nə ürəkləri istəyir. Bunlara əməlli-başlı qulluq edilib. Orada neçə gün qalıblar, hər gün banketlər verilib. Səhər-səhər balla qaymaq, günortadan sonra da kabab… Axşam da ürəkləri nə istəyib, nə “zakaz” ediblər hamısı hazır olub. Vurublar… yatıblar… Oranın da, axı, gözəl mənzərəsi var.– Hə, gözəl yerdir… …???!!!– Onları bir müddət bu cür səfalı yerdə saxlamışam ki, görək bu işlərin axırı necə olur? 4 iyun məsələsinə gəldikdə, bunlar “Qiyam” deyirlər, qardaş. Gəlin, indi siz olun mənim yerimdə…– Bir şeyi də müəyyənləşdirək. 4  iyun tarixi Sürət Hüseynovun özü tərəfindən müəyyənləşdirilən tarix idi, yoxsa sadəcə olaraq ona qarşı atılan addımların nəticəsində hadisələr 4 iyunda başladı?– Hadisələr onların təhriki ilə başladı. Özləri bunu etdilər. Özü də nəyə görə bunlar tələsiblər, sizə deyim. Yadınıza gəlirsə, iyunun 5-də İsgəndər Həmidov…– Sumqayıtdan mitinqlərə başlayacaqdı…– Yox, “Azadlıq” meydanında artıq iqtidarın əleyhinə mitinqlərə başlayırdı. 4 iyunda bunlar mənə qarşı bu addımı atdılar ki, İsgəndər mitinqlərə başlamasın. Fikirləşdilər ki, qoşunu göndərək, Sürəti vuraq, sonra İsgəndəri.– Bu məsələdə İsgəndər Həmidovla əlaqəniz var idimi? Yoxsa İsgəndər bəy öz-özünə bu şeyləri edirdi?– Xeyr, onunla heç bir əlaqəm olmayıb. Sadəcə, o vaxt gəlib mənimlə barışıb, çıxıb gedib. Ondan sonra onunla heç bir əlaqəmiz olmadı.– Hadisələr başlayanda yanınıza bir deputat komissiyası göndərildi. İmam Mustafayev, Sabir Rüstəmxanlı, Mətləb Mütəllimli, başqa ziyalılar, yazıçılar vardı o komissiyada…– Bəli, gəldilər. Hamısı da demək olar ki, Xalq Cəbhəsinin üzvləri idilər.– Komissiya qayıtdı və parlamentə rəy verdi.– Elədir.– O rəydə də sizi haqlı çıxardılar.– Bəli, mən zərərçəkən kimi göstərildim. Hökumət səlahiyyətlərindən sui-istifadə edib, öz vətəndaşlarına qarşı silah işlətmişdi.– Burada bir məqam var və bu məqam sonra müxtəlif yozumlara səbəb oldu. Bəziləri dedilər ki, Sürət Hüseynov o adamları qorxudub, bəziləri dedilər ki, pul verib və s. Ehtiyac varsa, qısaca münasibət bildirə bilərsinizmi?– Birincisi, mən onları qorxutmamışam. İkincisi də, onlara veriləcək pulum yox idi. Niyə pul verməliydim? Mənə lazım idi ki, hər şeyə düzü-düzünə qiymət verilsin. Heydər Əliyevin də hakimiyyətə gəlməsində o mövqeni tutmuşdum. O zaman da dedim ki, burada bir neytral adam lazımdır. Bu, tarix idi və bu işə düzgün qiymət verilməliydi. Heydər Əliyev də bir neytral adam kimi Ali Sovetin sədri oldu.– Yəni Heydər Əliyevin hakimiyyətə gəlməsini siz də istəyirdiniz?– İstəmək deyəndə ki…– Deyirlər, Heydər Əliyevə qarşı ilk vaxtlar çox aqressiv olubsunuz?– Heydər Əliyevə qarşı aqressiv olmamışam. Heydər Əliyev Bakıya Elçibəy tərəfindən çağırılmışdı. Mən də fıkirləşdim ki, ağsaqqaldır… Gəlin, indi düz danışaq, onu hamı ağsaqqal kimi tanıyırdı da… Bu işdə də təcrübəsi olan adam kimi gəlmişdi Gəncəyə. Gəldi, baxdı, gördü… Sonra da Deputat İstintaq Komissiyası yaradıldı. Onlar da gəldilər, baxdılar, əsgərlərdən ifadələr aldıdar. Mətləb Miitəllibov, Faiq Əliyev, Sabir Rüstəmxanlı, Mirmahmud Fəttayev da orada idilər… Tofıq adında bir deputat var idi, familiyasını bilmirəm. Hamısı özlərininki idi.– Sürət bəy, bəs necə oldu ki, əvvəlcə Baş nazirin, Ali Sovetin sədrinin istefasını tələb etdiyiniz halda, sonra birdən-birə bəyan etdiniz ki, prezident özüm olacağam.– Mən elə şey deməmişəm. Çünki mənim ümumiyyətlə, fıkrim yox idi hakimiyyətə gəlməyə. Mənə sadəcə, Qarabağı, torpaqlarımızı azad etmək, Xocalının qisasını almaq, qaçqınlarımızı öz ev-eşiyinə qaytarmaq lazım idi, vəssalam. Qurtardı getdi! İstəyirdim ki, bu problemlə biryolluq qurtaraq, sonra da respublikanın inkişafı üçün işə başlayaq. Yoxsa fabrikdə işləyirdim, cavan oğlan idim, mənim yerimə kim olsaydı, başqa cür hərəkət edərdi. İmkanım da var idi, pulum da. Mən o pulu özümə yox, müharibəyə xərclədim… (Bu yerdə Sürət Hüseynov bir xeyli göstərdiyi köməkliklərdən, Xocalı hadisəsindən bəhs edib, həmin hissəni ixtisar etmişik – Strateq.az) – Heydər Əliyev gəldi Gəncəyə…– İyun hadisəsini yekunlaşdıraq, sonra.– Buyurun…– Sözümüz yarımçıq qaldı… Mən olmayım siz olun, üstünüzə topla, tüfənglə gəlirlər və sizi öldürmək istəyirlər. Nə edərdiniz? Özünüzü müdafiə etməliydiniz?– Yüz faiz…– Mən də onu eləmişəm də, qardaş. Mən öz hüququmdan istifadə eləmişəm, özümü müdafıə eləmişəm. Mən nə qiyam eləmişəm ki? Mən necə qiyam edə bilərdim ki, hələ atamın qırxını verib qurtarmamışdım? Bunlar öz cinayətlərinə don geyindirmək üçün qiyam ediblər. Mən qiyam etməmişəm ki! Mən həyatı boyu da qiyam edəsi, dövlətə, hökumətə qarışası adam deyildim. Çünki əlimi Qurana basmışdım. Sən mənim üzərimə qoşun göndərməsəydin, səninlə nə işim var idi? Sən qoşun göndərir, üstəlik, əmr də verirsən ki, vurulmalıyam. İnan Allaha, səhər saat 09.00-da evdən çıxmışam, görmüşəm ki, küçənin o başı da, bu başı da KQB-nin spesnazı tərəfındən kəsilib. “Bunlar nədir” soruşmuşam, deyiblər ki, ev mühasirədədir.Nə isə… çıxdım düz küçənin ortasına. Əl elədim ki, “starşı”nız kimdir, gəlsin bura. Bir mayor gəldi. Bunu çəkdim döngəyə, dedim nədir, xeyir ola, niyə gəlibsiniz? Dedi ki, Sürət müəllim, vallah-billah, bizdə günah yoxdur. Bizi göndərib, özü də əmr veriblər ki, sizi harada görsək vuraq.– Komandir dedi bunları?– İnan Allaha, komandirin özü dedi. Həmin komandiri də ona görə işdən çıxardılar. Mən sürücümə dedim ki, sür arxa tərəfdən. Orada da belədir ki, döngədir, sonra qonşuya keçirsən, sonra yenə o biri döngədir.– Yəni evdən-evə keçərək…– Ay sağ ol. Dedim ki, get fılan küçəyə, gəlirəm ora, gedim hərbi hissəyə, görüm nə baş verir orada? Həmin yerdə maşına oturub gedəndə gördüm ki, Sülhəddin Əkbərgil küçənin başındakı prokuraturanın yanında dayanıblar. Məni güllələtmək, evimi mühasirəyə alıb vurmaq üçün. Gördüm ki, bayaq mənimlə danışan mayoru artıq işdən uzaqlaşdırıblar ki, niyə əmr verməyibsən vurmağa. “Sürət Hüseynov çıxıb küçənin ortasına, niyə vurmayıbsınız?”. Gördüm, o yazığın əlindən hər şeyini, silahını alıb işdən çıxardılar.– Həmin mayoru tanıyırsınız?– Tapılacaq da. Mayor olub, KQB-nin mayoru olub.– Adını bilmədiniz?– Adını bilmədim. Amma uşaqlar bilirdilər.– Maraqlı olardı…– O mayor əmri yerinə yetirmədi. Dedi “Sürət miiəllim, bunların başı xarab olub, bu əmr qanunsuz əmrdir, bunu yaxşı bilirəm, amma əmrdir veriblər, biz nə edək, əmr almışıq, vurmalıyıq”. Əsəbiləşdim… Düzü, Elçibəyə də ağır sözlər dedim. Dedim, yaxşı, get, işinlə məşğul ol. Elə oradan da ştaba xəbər verirlər. Ştab da küçənin başında yerləşirdi. 150 metr arası olardı. Bu mayoru çağırıb, dərhal işdən kənarlaşdırıblar ki, niyə əmri yerinə yetirməyibsən?Maşınla hərbi hissəyə gedəndə gördüm ki, şəhərdə postlar qurublar. İnan Allaha, elə bil, hamısının gözünü bağlamışdılar. Bir postda məni saxlamadılar (gülür…). Düz gedib girdim hərbi hissəyə, gördüm minomyotla hərbi hissəni dağıdırlar. Dedim sür, qorxma. Sür düz kabinetin qarşısına, ştaba. Ştaba girər-girməz, bir minomyot gülləsi gəlib ştabın böyük otağına düşdü. Zabitlər dedilər ki, Sürət müəllim, burada durmaq olmaz, təhlükəlidir, çıxaq binanın arxasındakı “bombaubejişə”. İstəyirdim çıxam, qapının ağzına bir qranatomyot gülləsi düşdü. Hərbi hissənin iri şüşələri dağıldı, tez əyildim. Gördüm ki, durulası deyil, artıq girmək lazımdır “bombaubejişə”.– Hələ reaksiya verməyibsiniz?– İnan Allaha, heç nə yoxdur. Bu zaman Gəncə batalyonunun komandiri, rəhmətlik Mehman ağ bayraq qaldırdı və snayper tərəfindən vuruldu. Onu da, yanındakını da vurdular. Batalyonun uşaqları da orada idilər. Mehman ağ bayraq qaldırıb ki, nə edirsiniz, qardaş-qardaşa güllə atmaz, atəşi dayandırın. Onlara tərəf gedib. Bu tərəfdən. İnandırım sizi, bir dənə güllə də atılmayıb. Postda duranlar yaralanıb, şəhid olanlar şəhid olub. Çox yaralımız var idi. Mən də əmr vermişəm ki, atmayın. Amma tankları düzüblər, döşəyirlər. Qazaxdan gələn tanklarla atırlar. Mən bir güllə də işlətmədim. Şəhər camaatı tökülüb gəldi hərbi hissəyə kömək eləməyə…– Axıra qədər silahdan istifadə etmədiniz?– Bir dənə də silah işlətmədik.– Bəs Tahirgili kim öldürdü?– Günah Tahirin özündə olmuşdu. Tahirin özü güllə atmışdı. İki avtobusla gəlmişdilər. Avtobusların biri gəlib dönür hərbi hissəyə, ikinci “Mercedes”də də Tahir olur. O maşını sürən və KQB-dən bunları gətirən bizim adamlardan idi. Yanlarında da bir nəfər əsgər olub. Tahir onu vurur və şofer qapını açıb özünü tullayır, qışqırır ki, uşaqları vurdular. Tahir başlayır oradan ata-ata hərbi hissəyə doğru gəlməyə. Avtobusdan öz zabiti düşür və Tahir özü öz zabitini də vurur. Başlayırlar özləri öz aralarında atışmağa. Amma maşını saxlamadığı üçün çöldə daha kimlər olub, bilinmədi. Arxadan da bir “oçeret” avtomatla buraxırlar. Orada da bir neçə nəfər ölür. Amma Tahir ölmür. Gətirirlər bunları içəri, qalanlarını da tez xəstəxanaya götürürlər. Mən güllə səsi eşitdim, dedim, o nə səs idi elə? Dedilər ki, Tahir idi, öz-özünü güllələdi. Uşaqlar düşüblər Tahirin üstünə ki, bizim başımıza iş açdın, sən güllə atmasaydın, elə də olmazdı. Başlayıblar Tahiri danlamağa ki, öləsi sənsən.– Tahir ölməmişdi?– Yox e, Tahiri öz uşaqları danlamağa başlayıblar ki, sən elədin bunun hamısını. Sən gülləni atırsan, bilmirsən hara atırdın? Başın xarab olmuşdu? Başlayıblar buna ki, öləsi sənsən, bu qədər uşaq öldü burada. 9 əsgər ölmüşdü. Onun birini Tahirin özü vurmuşdu və sonra da ozü ozünü vurmuşdu.– Yəni Tahir özü özünü öldürüb?– Bəli, Tahir özü-özünü öldürüb.– Deyənlər var ki, Tahiri şəxsən Sürət Hüseynov güllələyib. Bu məsələ müəmmalı və qaranlıq qalır, o baxımdan israrla soruşuram…– Sürət Hüseynovun ümumiyyətlə o əmri verməyə vaxtı çatmazdı axı. İki daşın arasında bunu necə edə bilərdim? Tahir ata-ata gedir, mənim də kabinetim hərbi hissənin o başında. Mənə məlumat çatana… mən lazımi reaksiyanı verənə… Edə bilməzdim axı. Bu, bir anın içində baş verib.– Yanılmıramsa, bu fakt ilk dəfədir ki, deyilir…– O gün mənim yanıma o vaxt prezident qvardiyasında olan, o hadisədə iştirak edən bir adam gəlmişdi – yadıma salaram. İndi də prezident qvardiyasında işləyir. O özü şəxsən dedi ki, günah Tahirin özündə olub. Şahiddir.– Özü özünü vurub?– Özü özünü vurub. Uşaqlar bunu danlayıblar ki, sən silahı çıxarıb atırsan, sonra da hərbi hissəyə atırsan, güllə də gedib avtobusdan düşən öz zabitinin başına dəyir. Bunları gətirirlər hərbi hissəyə. Uşaqlar düşürlər üstünə. Tahir də özünü vurur. Lazım olsa, günü sabah avtobusda olan o zabitə deyərəm, təsdiq edər. Yəni biz tərəfin heç bir günahı olmayıb. Günah hamısı Tahirdə olub. Tahir də özünü ona görə güllələyib ki, uşaqlar onu biabır edib, deyiblər ki, öləsi sənsən.– Nə vaxt qərar verdiniz ki, artıq Gəncədən çıxıb Bakıya yürümək lazımdır?– Bəli, Gəncədən çıxdım.– Sizi əsəbiləşdirən, “bu hökumət getməlidir” qərarını verdirən səbəb nə idi?– Səbəb bilirsiniz nə idi? Bu hökumətin getməsi-fılan-feşman, mən o haqda fikirləşməmişdim də. Sadəcə olaraq, o müşavirə oldu e… Fəhmin Hacıyev dedi ki, camaatı çıxarın, Gəncəni yerlə yeksan edim. Mən nə etdim? Mən də əmr verdim ki, fıkir verməyin, Fəhmin Hacıyev başdan xarabın biridir. Heç bir təcrübəsi yoxdur, heç vaxt döyüşməyib, özü də əl-ayağa dolaşır. Qarabağ döyüşlərində elə xəyanətlər edib ki, o Fəhmin Hacıyev. İnşallah, vaxt gələcək o da açılacaq. Onda ona qiymət verərlər, kimdir, nəçidir? Fəhmin Hacıyev erməniyə güllə atmayıb e, azərbaycanlıları güllələyib həmişə… Bu faktları şəxsən mən sübut edəcəyəm, vaxt gələcək. Hələ mən demirəm ki, vəzifədə oturanlar kimlər idi. Türmədədirlər, qoy çıxsınlar. Onlarla oturacağam, bax, beləcə masa arxasında… ağsaqqaları yığacağam, kənar adamlar da, partiya liderləri də, Cəbhənin o vaxtkı iqtidarında olanlar da gəlib oturacaqlar… söhbət edəcəyəm. Mən çox istəyirəm ki, bunu xalq bilsin. Qardaş, bu, tarixdir, bilinməlidir. Məsələn, ora dəvət edəcəyəm “telefonistka”nı… hansı ki, birbaşa qulaq asıb.– Ağdamdakı “telefonistka”nı?– Bəli, onu gətirəcəyəm. Qoy o qadın gəlib danışsın ki, kimlər hansı əmri veriblər ki, “hücum əməliyyatı alınmamalıdır!” “20 Yanvar” batalyonunun yerləşdiyi məktəbi necə partlatdılar ki, 19 nəfər yerindəcə, biri isə xəstəxanada olmaqla 20 nəfər ölmüş, 60 nəfər yaralanmışdı…– Ora gələcəyik. Sizi Bakıya yürüməyə və “bu hakiıniyyət getməlidir” qərarını verməyə vadar edən səbəb nə idi?– O müşavirədən sonra fıkirləşdim ki, belə adamlardan nə desən gözləmək olar. Bunların hərəkətlərini artıq görmüşdüm, bunlar özlərini göstəmişdilər, mənim üçün tam aydın idilər. Ona görə əmr verdim ki, qoşun çıxsın və gedib iki istiqamətdə dayansın. Hacıqabuldan yuxarıda ağ dağlar yoxdur… orada mövqe tutdular. Dedim, qoy orada sizi bombalasın, nə edir etsinlər, mənə məlumat verərsiniz. Fəhmin Hacıyev döyüşmək istəmir? Qoy qoşununu gətirib döyüşsün, amma şəhəri bombalamasın. Şəhərdən heç kim çıxası deyil, bu da şəhəri bombalasa, dinc əhali qırılacaq. Döyüş mövqeyində duran briqadadan bir əsgər çağırmadım köməyə. Hamısı sona qədər postlarında dayandılar. Üstəgəl, əhali də məni dəstəkləyirdi. Onları tərksilah eləməyimdə də əsas əhalinin köməyi oldu. Əhalini hərbi hissəyə qoymadım ki, bura girməyin, bura atırlar. Sadəcə, bir nəfərə əmr verdim ki, tankları zərərsizləşdirin. Dedim, elə yerindən vurun ki, içəridəkilərə heç nə olmasın. Məndə də hamısı işi bilən idilər, başa düşürsünüz? Balacaboy bir “qranatamyotçik” vardı. Getdi, şalvarını dizinə qədər çirmələyib 3 dənə tankı, iki dənə də BMP-ni otuzdurdu yerində. Özü də elə vurdu ki, içində olan bir adama bir şey olmadı. Mənə lazım idi ki, atmasınlar. Bir qrupu da göndərdim binanın arxasına. Oradan minomyotla atırdılar. Əmr verdim ki, onları həbs edin. Dedim, heç olmasa, bura atmasınlar, çünki camaat gəlir. Hamısını tərksilah elədim. 1380 nəfər həbs, tərksilah olundu. Onları bir müddət saxladım. İstintaq getdi, ifadələri alındı, Gəncədə yerləşən hərbi prokurorluq tərəfindən istintaq aparıldı. Sonra buraxıldılar, çıxıb getdilər.– Əvvəlcə hökumətin, az sonra da Elçibəyin istefasını tələb etdiniz. Beyninizdə bir model vardımı ki, hakimiyyətə kim gəlsin, necə olsun? Artıq bilirdiniz ki, bunlar gedir, sizə təxminən məlum idi…– Təxminən belə idi, mən Kürdəmirə çatanda Heydər Əliyev gəldi, deyəsən. Heydər Əliyev ayın 13-ü gəldi?– İyunun 9-da Bakıya gəldi…– İyunun 9-u gəlib, eləmi? İki gün sonra Gəncəyə gəldi, deyəsən. Dəqiq tarixi fıkrimdən çıxıb. Heydər Əliyev Bakıya gələndən sonra zəng elədi ki, görüşmək, Gəncəyə gəlmək istəyirəm. Dedim, buyurun gəlin, öz gözlərinizlə görün. Gəldilər… jurnalistlər də gəlmişdi. Dedim, bu kişi ağsaqqaldır, gəlib, günahkar kimdir düzü-düzünə qiymət verəcək. Heydər Əliyevin Ali Sovetə sədr olmasına Elçibəy artıq razılıq vermişdi. Razılıq verdim, dedim ki, ikiəlli razıyam.– …Heç ağlınıza gələrdimi ki, sizin yanınıza ağsaqqal kimi gələn, sakit, sizə böyük hörmətini izhar edən adam sonra dövlətin başına gələcək. Və hadisələr bu səpkidə inkişaf edəcək. Bunu təxmin edirdinizmi?– Mən sözümün ağasıyam. Bir zamanlar Elçibəy demişdi ki, mən Heydər Əliyevin yerinə olsaydım, Sürət Hüseynovu güllələyərdim. O, nəyə görə o ifadəni işlətmişdi, jurnalistlər yaxşı bilirlər. Heydər Əliyev gəldi, mənimlə görüşdü, dedi, Elçibəy deyir ki, ətrafımdakıların əlindən bezmişəm, getmək istəyirəm. Bu, faktdır, qardaş! Mən o vaxt məhkəmədə də bunu demişəm. Elə çıxmasın ki, ölülərin arxasınca danışıram. Rəhmətliklərin ikisi də sağ olanda demişəm bu sözləri. O vaxtı bu sözü demişəm ki, “Heydər Əliyev dedi ki, mənə Elçibəy deyir ki, bax bu ətrafımdakıların əlindən xirtdəyə gəlmişəm, bezmişəm, daha mən bu prezident vəzifəsində oturmaq istəmirəm, çıxıb getmək istəyirəm.” Mən də dedim ki, Heydər Əliyeviç, siz bilərsiniz, siz Ali Sovetin sədri seçilibsiniz. Elçibəy gedəcək, getməyəcək, bilmirəm. Məni maraqlandıran odur ki, burada qan tökülüb. Siz bu qanı bir ağsaqqal kimi görməlisiniz, gedək hərbi hissəyə. Dedi, gedək baxaq, hər şeyə mən baxacağam. Dedim, baxın, əgər mənim günahım varsa, mən cəzalanım, onların günahı varsa, qoy onlar cəzalandırılsınlar. Bu, tarixdir, millət bilməlidir ki, burada nə baş verib. Bunlar adımı qoyurlar ki, guya, Gəncədə qiyam olub. Nə qiyam ola bilər ki? Gəlib evimin içində məni güllələyirlər, hərbi hissəni vurub dağıdırlar. Hansı qiyamdan söhbət gedə bilər? Axı bu qiyamı mən başlamamışam. Qiyamı bunlar başlamışdı mənə qarşı!– Sürət bəy, baş nazir olacağınız haqda razılaşma da o zaman qərarlaşdırıldı, eləmi?– Bilirsiniz, o dövr qarışıq dövr idi. İstər-istəməz Heydər Əliyevin özünə də tək işləmək bir az çətin olardı. Ona görə Heydər Əliyev təklif elədi ki, mən Ali Sovetin sədri, siz də baş nazir olun. Dedim, bəs bu biri məsələlər necə olsun. Dedi, o məsələnin buna dəxli yoxdur, deputat istintaq komissiyasının üzvlərinin hamısı cəbhəçilərdir. Nə dəxli var ki, siz baş nazir oldunuz, ya olmadınız. Onlar rəylərini yazacaqlar, o rəylər əsasında da Milli Məclisdə səsə qoyulub qərar qəbul olunacaq. Mən də baş nazir olmağa razı oldum, vəssalam. Baş nazirlik məsələsi belə həll olunub. Vəzifələrin hamısı boş idi. Kimi gətirəcəkdilər ki? Kim gəlməliydi ki? Respublikada stabillik yaratmaq üçün bu iki insanın – Heydər Əliyev və Sürət Hüseynovun vəhdəti olmalı idi.– Bir məqamı da soruşum. Rəhmətliklər Zobiklə Vaqif var idi. O ərəfələrdə ikisi də bir gündə öldürüldü. Sonra belə məlumat yayıldı ki, arada narazılıq olub bir-birini güllələyiblər. O məsələyə aydınlıq gətirmək istəyirsinizmi?– Aydınlıq gətirəndə…– Hətta belə versiyalar da var ki, o iki adam Sürət Hüseynovun əsas dayaqları idi və onları ortadan götürməklə, eyni zamanda Sürətin dayaqlarını ortadan götürdülər.– O işlə bağlı məhkəmə də oldu. Hal-hazırda bir adam da ömürlük həbsdə yatır. Doğrudur, onlar mənim dostlarım olub. Biri sağ, biri sol əlim idi. Deməli, Ruslan (Zobik – Red.) gedir icra hakimiyyətinə. Arada xırda bir narazılıq olur və hadisə baş verir. Sadəcə olaraq, bu hadisə haqqında geniş danışmaq istəmirəm. O vaxtkı məhkəmə işini qaldırsannız, məhkəməyə istinad eləsəniz, daha yaxşı olar.– Başqa motiv varmı?– Yox, başqa motiv yoxdur. Əslində, çox əhəmiyyətsiz bir hadisədən münaqişə yaranıb.– Yəni siyasi motiv yoxdur?– Heç bir siyasi motiv yoxdur. Güllə atan bu saat türmədə yatır. Hacı Vaqifə bir sillə vurulmuş, Hacı Vaqif də tapançanı çıxarıb Ruslanı vurmuşdu. Ruslanın mühafızəçisi də avtomatı götürüb, Hacı Vaqifı və onun müavinini biçmişdi. Qorxusundan atmışdı. Elə bilmişdi ki, bunu da vuracaqlar. Qaranlıq qalmasın deyə deyim: elə bil ki, kombinatdan öz qohumunu çıxart, mənim qohumumu qoy. Mən də Vaqifə tapşırmışdım ki, vəzifə dəyiş-düyüş söhbəti ola bilməz. Biz cəbhəçilərin getdiyi yolu gedə bilməzdik.– Yeri gəlmişkən, sizə qarşı irəli sürülən ən böyük ittihamlardan biri də odur ki, Sürət Hüseynov bir-bir kəndləri, rayonları götürə-götürə gələndə, fərmansız-filansız hər rayonun icra başçılarını dəyişirdi. Bunun özü dövlət çevrilişi demək deyildimi?– Mən rayonları götürə-götürə getməmişəm. Hansı rayona getmişəm, gül-çiçəklə qarşılanmışam.– Sürət bəy, məsələn, Neftçalada icra hakimiyyətinin başçısını dəyişdiyinizi dəqiq deyənlər var axı?– Nefçalada da mən dəyişməmişəm, qardaş. Bilirsən, kim dəyişib? Yerli sovet yığışıb özləri özlərinə icra başçısı təyin ediblər.– Amma deyirlər ki, sizin nümayəndələriniz bu işləri edirlərmiş.– Mən heç yerə nümayəndə-zad göndərməmişəm. Bütun rayonların öz nümayəndələri yığışırdılar. Mən nə edə bilərdim? Bunlar vəzifələrini ya dondurmuşdular, ya qaçıb getmişdilər. İcra başçıları yox idi. Məsələn, Gəncənin icra başçısı yoxa çıxmışdı. Elxan idi – kababçı. Kababxanası var idi.– Qədimov?– Ay sağ ol. Qədimov – onu icra başçısı qoymuşdular.– Deyirlər, Arif Hacıyev onu vəzifəyə təyin etmək üçün bir vedrə qızıl alıbmış…– Ay sağ ol. (Gülür…) Hamısını bilirsən, maşallah. Bir Çingiz Qəniyev var e… mənim başım çıxmır, bu, necə hüquq müdafıəçisidir ki, partiya mövqeyindən çıxış edir? Ə… sən hüquq müdafıəçisisənsə, heç bir partiyanın üzvü ola bilməzsən. İndi başlayıb mənim əleyhimə… Hələ türmədə yatanda da belə idi. Başım çıxmır, mən bunun dədəsinə, yoxsa anasına güllə atmışam? Əli Kərimli oturdu işlədi, heç ona deyən olmadı ki, çıx get. Heç birinə heç nə deyilməyib. Ay Çingiz Qəniyev, sən o balaca başınla, savadsız kəllənlə qorxundan qaçıb getdin. Bunlar gör nə fıkirləşirdilər? Özlərini dondururdular! Ə, bə özünüzü dondurdunuzsa, niyə sağ qaldınız, mənim başım çıxmır? Donan adam da heç dirilə bilər? (hamı gülür…). Bu nətəhər donmaqdı? Nə eksperiment idi bu? Birinci dəfə idi bu eksperimentlə tanış olurdum. Özlərini dondururlar! (Gülür…)– Rəhmətlik Heydər Əliyev də deyirdi ki, gedin Kələkidə üstünüzə isti su tökün…– Donunuz açılsın…(Bu yerdə Heydər Əliyevin əleyhinə “Yeni Müsavat”da yazılan məqalələrdən söhbət açılır, o hissəni də ixtisar etmişik – red.)Kənardan müdaxilə:– Sənin həyat yoldaşının da rus olduğunu yazmırdılarmı?– (Əsəbiləşir…) Eşidirsən, inan Allaha, bu həşəratları… Mən bunlara həmişə həşərat demişəm, doğrudan da həşəratdırlar. Onları təmizləyəcəyik Allah qoysa. Mən bunların kimliyini xalqa deməliyəm. Gör, neçə ildir gözləyirəm. Sadəcə olaraq nədənsə şikayət etmək, “nə edim, necə edim” kimi sözlər mənim xarakterimə uyğun deyil. Məhkəməmdə sadəcə bir epizod aşkarlandı ki, bizim əsgərləri necə güllələyirlərmiş. Ancaq hakimə bu lazım deyildi deyə, üstündən sükutla keçdi. O hakimə başqa şey lazım idi. Eldar Həsənov ona nə demişdi, o da onunla işləyirdi.– Bir məqama da aydınlıq gətirməyinizi xahiş edirəm. Bu da illərlə ittiham kimi səsləndi. “Kəlbəcəri ermənilərə əlborcu vermişəm, alacam” demisiniz. Nə vaxt demişdiniz o sözləri?– Deməmişdim.– “Əlborcu” məsələsini dilinizdən tez-tez verirdilər televiziyada.– Mənim dilimdən deyil.– Maraqlıdır…– Yadınıza gəlirsə, bu sözü Elçibəy işlətmişdi. Elçibəy demişdi ki, əşi, elə bil ki, əlborcu vermişik, alacağıq. Lap Gəncə də getsə, qaytarıb alacağıq.– Yəni o söz Elçibəyin sözü idi?– O vaxt mən mühasirədə olanda ağsaqqallar yanıma gəldilər. Kəlbəcər təzə getmişdi. Ağsaqqallara dedim ki, təsəvvür eləyin, Azərbaycanın prezidenti bu sözləri deyir: “Kəlbəcəri əlborcu vermişik, qaytarıb alacağıq.” Bu görüş bütünlüklə videokasetə çəkilib. Sonra mən həbs olunanda evdən götürüblər. Televiziyaya da montaj olunmuş formada çıxarıblar. Elçibəyin adını çıxarıb, sözləri mənim adımdan veriblər. Gəlin, tarixi sənədləri qaldıraq. Az TV-dən Elçibəyin dediyi o sözləri arxivdən çıxarsınlar. Elçibəy deyirdi: “Kəlbəcəri vermişik, Gəncəni versək nə olacaq, sonra alacağıq”. Mən Elçibəyin bu sözlərini demişəm. Bu sözləri mənim əleyhimə çevirib, başlayıblar döşəməyə. Mən türmədə olanda qarabağlıları mənim əleyhimə qaldırmaq üçün belə ediblər. Kəlbəcəri necə verə bilərdim ki? Fevral ayının 9-da kənarlaşdırılmışdım. Martın 26-da ermənilər hücuma keçdi. 9 fevral hara, mart ayının 26-sı hara? Aprelin 2-də Kəlbəcər artıq verilmişdi. Mənim 3 günə aldığım “Ömər dağı” da artıq ermənilərin əlində idi. Yəni o sözü mən deməmişəm. Getsinlər, arxivdən Elçibəyin dediyi sözləri çıxarsınlar. Mən Elçibəydən sonra demişəm. O görüşdə iştirak edən ağsaqqallardan bəziləri bu gün də yaşayır. Kəlbəcər gedəndən sonra biz Ağsaqqallar Birliyini yaratdıq. 39 rayondan ağsaqqal gəldi və məni Ağsaqqallar Birliyinin sədri seçdilər. Sonra 4 iyun hadisələri gəldi…– Bir müddət Baş nazir kimi Heydər Əliyevlə bir yerdə işlədiniz. Nə vaxt hiss elədiniz ki, artıq bir yerdə işləyə bilməyəcəksiniz?– Başqa səbəb yox idi. Sadəcə, Heydər Əliyevlə mənim aramı vurmuşdular. Necə vurmuşdular, kimlər vurmuşdu, o da aydındır. Bilinir.– Deyəcəksiniz?– Saat neçədir? (Görüşün uzunluğu artıq evdəkiləri də narahat edir. Həm də gələnlər var… – Ə.Z.)– 15.35-dir. Azalır…– Heydər Əliyev elə bir şəxsiyyət olub ki, mən istəmərəm ki, onun dövründə olan o söhbətlərə aydınlıq gətirəm. Allah rəhmət eləsin ona. Mən bu adamla duz-çörək kəsmişəm, onunla işləmişəm, durum indi hər şeyi mətbuatda açıqlayım?– Heç olmasa….– Aramızı vurmuşdular. Bu, fakt idi. Kim vurub Allah ona lənət eləsin, vəssalam.– Sizi Moskvadan necə gətirdilər?– Mən Moskvada olmamışam.– Yəni Rusiyaya necə getdiniz, necə gəldiniz?– Mən Rusiyaya getmişdim ki, Qərbdən sığınacaq götürəm. Bütün qohum-əqrəbam qaçaq düşmüşdü. İstəyirdim onları başıma yığam. Tulaya getmişdim. Başqa pasportla yaşayırdım, öz pasportumla yox.– Yəni Heydər Əliyevdən gizlin gedibsiniz?– Bəli. Düzü, Heydər Əliyev məni səfır göndərmək istəyirdi. Bu söhbət də olmuşdu aramızda. Biz Heydər Əliyevlə görüşdük öpüşdük, mənə dedi ki, səfır gedərsənmi? Dedim, Heydər Əliyeviç, fikirləşim, bir az dincəlmək istəyirəm… İndi də bilmirəm, nə idi bu Gəncə haqq-hesabı. Mənim üçün qaranlıqdır. Nə isə… qismət Allahdandır. Allahın yazısına pozu yoxdur. Sonra Eldar Həsənov tərəfindən adam göndərildi ki, guya, mənim həbsimə göstəriş verilib. Mən də bilirəm ki, Heydər Əliyeviç mənə söz verib. Biz onunla kişi kimi söhbət eləmişdik. Burada başqa söhbət ola bilməzdi. Onun özü də bilirdi ki, burada mənim heç bir günahım yoxdur. İndi nə olub Gəncədə, nə baş verib, onu aydınlaşdırmaq lazım idi… Gəncədə OMON-çuların qalxdığı doğrudur. Polislər də həmkar olduğu üçün yaxın durmayıblar. Bunu mənim dayım oğlu Kəramət də, OMON-un komandiri də təsdiq etdilər. OMON-un komandiri dedi ki, yanıma İlqar Səfıxanovun adamları gəldi ki, buradan bütün postlar yığışdırılsın. Çünki nə baş versə, Sürət müəllimin adına çıxacaqlar. Onların komandirləri mühasirəyə alınıbmış, buna görə də əmri dinləməyiblər. 4 nəfər icra hakimiyyətindən telefonla Arif Rəhimzadə ilə danışıb, tələblərini deyiblər. OMON-çular deyiblər ki, komandirimizə qarşı güc işlətsəniz, biz də Gəncədə belə hərəkət edəcəyik.– Yəni 1994-95-ci il hadisələrində sizin heç bir rolunuz yoxdur?– İnanın Allaha, yoxdur. Bütün cinayət işini götürüb özünüz baxsanız, gülərsiniz. Bu, bir yumor toplusudur.– Heydər Əliyevlə aranıza kim girmişdi, bəlkə deyəsiniz?– İndi mən nə deyim? Kim giribsə, mənə məlumdur. Sağlıq olsun, vaxt gələr, onlarla da söhbətimiz olar. Bu söhbət bəlkə də sonralar açılacaq.–  Tuladan necə gəldiniz? Həbs edib gətirdilər?– Bəli, məni Tulada həbs elədilər. Martın 20-si Novruz bayramı idi. Evdə, uşaqların yanında idim. Əvvəlcə elə bildim ki, bizi “qara millət” olduğumuza görə incidirlər. Elə bilirlər ki, araq-zad bağlayırıq. Çünki bir az əvvəl bulaqdan su gətirmişdim.– Kənddə qalırdınız?– Yox, Tulanın özündə idik. Məhəllə evlərində yaşayırdım. Həmin gecə oğlum Nail, mən, bir də şofer – qonşuluqda yaşayan azərbaycanlı idi – evə su gətirmişdik. Gördüm, 6-7 maşın gəlib. Fikirləşdim ki, yəqin ruslar satıblar və məsələ nə isə məişət xarakterlidir. Qapını açanda gördüm “spesnaz” tökülüb gəlib. İcazə istəyib içəri girdilər. Mədəni davrandılar, artıq hərəkət eləmədilər. Sənədləri tələb etdilər. Sənəddə başqa adla idim – Gürcüstan vətəndaşı, fılan-feşman… Oradakı şəklimə də oxşamırdım. Bığ buraxmış, kökəlmişdim. Başqa pasportla yaşayırdım.– Nə idi adınız?– Adım?.. Nə bilim e…– Doğrudan, maraqlıdır…– O vaxt demişdilər. Familyam yadımdan çıxıb (Bir az düşünür…) Əhməd adlı bir işçim var idi, onun adını götürmüşdüm… Buraya niyə gəldiyimizi soruşdular. “Rəssamam” – dedim, – “gəlmişəm pul qazanmağa. Azərbaycanda pul yoxdur, ailəmlə gəlmişəm ki, burada işləyəm”. Şöbəyə getməyi xahiş etdilər, etiraz etmədim.– Hiss etdinizmi ki, həbs olunursunuz?– Vallah, hiss eləmədim. Sonradan özləri dedilər. 7-8 maşınla məni apardılar düz Moskvaya. Şəhərin girəcəyində dayanıb yolu yoxladılar. Qorxurdular ki, məni azad etmək üçün hücum ola bilər. Məni gətirdilər Moskvaya. Petrovkada izahat aldılar. Müstəntiq dedi ki, biz sənin Sürət Hüseynov olduğunu bilirik. “Siz səhv edirsiniz, Sürət Hiiseynovun adını mən də eşitmişəm, ona böyük hörmətim var, ancaq mən Sürət Hüseynov deyiləm, heç onun dırnağı da deyiləm”- dedim. Axtarışda olan şəkli çıxardılar. Dedim, axı bu, mən deyiləm, Sürət Hüseynovdur. Dedi, bəs siz kimsiniz? Dedim, pasportumu oxumursan, Əhmədəm də mən, kim olacağam (gülür…). Nə isə, məlum oldu ki, oraya gələndə mənim kim olduğumu bilirlərmiş. Dedilər ki, bizlik heç nə yoxdur.– Kim demişdi yerinizi?– Əvvəlki sürücüm satmışdı məni. Sonralar onu işdən qovmuşdum. Yerimi o demişdi. Daxildən satılmasaydım, heç kim məni tuta bilməzdi.              – Sürət bəy, həbs olunanda təhqir, təzyiq, söyüş, həqarətə məruz qaldınızmı?– Mənə qarşı heç belə hərəkət olmadı. İstintaq, psixoloji təzyiqlər olub. Məsələn, pişik leşini gətirib qapının ağzına qoyur, içəri qaz buraxırdılar…– Sui qəsd-fılan olmadı?– Yox, heç nə. İşgəncə də olmayıb.– Həbsdən sonra Heydər Əliyevlə görüşmədiniz ki?– Yox, nə görüşmədim, nə də əlaqə saxlamadım.– İllər tezmi keçdi?– Nə deyim? Yaxşı deyiblər ki, insan ömrü 3 günlükdür.– Maraqlı ömür yaşayıbsınız. Hakimiyyətə gəlirsiniz, parlamentdə hamı sizi alqışlayır… Sonra gedirsiniz, hamı əleyhinizə danışır… Necə duyğudur?– Heydər Əliyev də Siyasi Bürodan çıxarılanda Azərbaycanda onun arxasınca çox danışanlar oldu. Hətta öz yaxın adamları da ondan üz döndərmişdilər, heç yanına da getmirdilər. İnsan yıxılmasın… yıxılana balta vuran çox olar.– Həbsdə olduğunuz müddətdə yaxınlarınız, dostlarınız sizə lazım olan münasibəti göstərdilərmi, razı qaldınızmı insanlardan? Ailənizə, özünüzə münasibət necə oldu? Deyəsən, ananız haqqında vətənə xəyanət maddəsi ilə iş açmışdılar.– Onu məhkəməm vaxtı götürdülər. 57-ci maddə ilə axtarış vermişdilər 72 yaşlı arvada. Bilirsiniz, mənim heç kimdən umacağım olmayıb. Mənə bir “salaməleyk”dən başqa heç nə lazım deyildi. Əsas bu idi. Bu, mənə bəs eləyirdi.– Oxudunuzmu bu illərdə?– Bu 7 ildə türmədə yatanların heç biri mənim qədər oxumayıb.– Bu geniş mütaliədən sonra keçmişinizi təftiş elədinizmi, nədəsə özünüzü günahkar bildinizmi? Yəni “kaş ki, bunu etməyəydim” dediyiniz hadisələr varmı?– Siyasətdə səmimi olduğumu özümə bağışlaya bilmirəm. Mən həddindən artıq səmimi olmuşam. Onu özümə bağışlaya bilmirəm. Səmimi olmaq lazımdır, amma o qədər yox. Səmimi olasan, ancaq mənim qədər deyil. Bütün günahım da bunda – günahsızlığımdadır. Mən elə bir adamam ki, mənə yalan danışanı özümə düşmən hesab edirəm. Ata-babalarımız da, köhnə kişilər də həmişə səmimi olublar. Bu isə siyasətlə düz gəlmir. Gərək siyasətdə səmimi olmayasan, yalan danışasan, vədlər verəsən. Mən də bunları etməmişəm. Real nə edə bilərəmsə, o sözü vermişəm. Ziyan çəksəm də, mənə zərəri olsa da, verdiyim sözə əməl etmişəm. Ağzımdan çıxan sözü yerinə yetirmişəm.– Bir vaxt “gərək hamınızı asaydım” demişdiniz. İndi heç fikirləşirsinizmi ki, bəzilərini doğrudan da gərək asaydım?– Bu sözü Milli Məclisdə Ədalət Rəhimliyə demişəm. Ona görə demişəm ki, axı mən sizə heç nə eləmədim, indi niyə mənim əleyhimə danışırsınız. Deməli, sizə etdiyim yaxşılığı başa düşmürsünüz. Bu ifadə də bu məqsədi anlatmaq üçün işlədilib ki, bunlar qansınlar. Qandırmaq üçün dedim ki, gərək sizi o vaxt “Azadlıq” meydanında asaydım ki, gəlib-gedən cəmdəyinizə tüpürəydi. Nə deməliydim ki? Onların bir dənəsini tutmadım, birinə heç nə eləmədim, özləri özlərini dondurdular, 52 min fırıldaq düzəltdilər. Dünya praktikasında olmayan hərəkətlər etdilər. Axı, günahkar özləri idi. Kimə nə pislik eləmişdim ki? Onlar burada kefdə idilər, boğazlarına güc verirdilər. Mənim də gecə-gündüzüm yox idi, ovurdum-ovurdumdan keçirdi, müharibə aparırdım, 220 ədəd yaşayış məntəqəsi azad eləmişdim. Buna görə də mənə Miili Qəhrəman adı vermişdilər. Heç kim mənə heç nə etməmişdi, bu adı mən özüm qazanmışdım. Onsuz da Qarabağ camaatı məni Milli Qəhrəman kimi qəbul edirdi.– Məhkəmədə demişdiniz ki, çıxandan sonra intiqam alacağam…– Mənim üç dostum – Nüsrət Budaqov, Aypara Əliyev və Əliyev Vaqif istintaqdan sağ çıxmadılar. Birini 4, birini 5, birini də 1 ay içində döyüb öldürdülər. Dediyiniz sözü də ona görə dedim ki, dostlarımı döyüb öldürən adamları diri-diri yerə çalacağam. Bu sözü dostlarımı kimlər öldürüb, onlara ünvanlamışdım. Əgər öldürmək istəyirdilərsə, bir güllə vurub əziyyətsiz öldürəydilər. Daha bu qədər işgəncə verib, sonra öldürmək niyə? Bu, çox dəhşətli ölümlər idi, heç terroristləri də belə öldürmürlər. Belə şey etmək olmazdı. Nəyisə əldə etmək üçün adamları qorxutmaq, lap bir-iki şiliə də vurmaq olar, necə ki, 16 oktyabrda şəhəri dağıdanları, maşınlara daş atanları və s. edirlər, amma adamları döyüb öldürmək olmaz axı.– Siz bir hakimiyyətə son verdiniz, yeni bir hakimiyyətin başlanğıcını qoydunuz. Bütün bunların baş verməsində ortada olan əsas fiqur siz idiniz. İndi vəzifəniz yox, uzun illər də içəridə oturmusunuz, rəsmi, qeyri-rəsmi və özəl qüvvələr tərəfindən xeyli tənqid, hətta ittiham olunmusunuz. Keçən müddətə baxıb, heç özünüzdən soruşursunuzmu ki, nəyi düz, nəyi səhv etdiniz?– Mətbuatın cüzi – müxalifətə aid hissəsi mənə qarşı tənqid, bəzən də ittiham mövqeyində dururlar. Nə etmək olar ki? Demokratiyadır, onlar da müxalifətdir. Düzünü götürsək, onlar mənə müxalifətdədirlər. Amma buna müxalifət deməzdim. Bunların adı demoqoqdur – bunlara ən gözəl yaraşan ad budur. Heç bir fakta söykənmədən demoqoqluqla məşğuldurlar, vəssalam, əllərindən gələn budur.– Bayıra çıxmağınız Azərbaycan tarixinin ən azı son 10-15 ilinə yenidən işıq salacaq. Çünki həmişə bir tərəf danışıb. İndi artıq ikinci, həm də əsas tərəf danışacaq. Çünki son 12 ildə beləcə rahat jurnalistləri qəbul edib, danışmaq vaxtınız və imkanınız da olmayıb. Bu baxımdan, indi bir çox qüvvələrin narahat olduğu təbiidir. Sizə elə gəlmirmi ki, Heydər Əliyev sizi həm də qoruyub?– Mənə də elə gəlir, mən də elə fikirləşirəm. Ola bilsin ki, belə də olub. Bəlkə onda elə bir məlumat varmış ki, mən onu bilmirəm.– Seçkilərdə kimə səs verdiniz?– Kimə səs verdiyimi gəlin heç deməyim.– Olar…– Müxalifətə-zada səs verməmişəm. Ancaq səs vermişəm.– Aydın oldu…– Mən onlara səs verə bilməzdim ki…– O vaxt içəridə olan İsgəndər Həmidov açıq bəyanat vermişdi ki, İsa Qəmbəri dəstəkləyirəm.– Mənim də qayınanamın yanına adam göndəriblərmiş ki, İsa Qəmbərə səs verim…– İsa Qəmbərin mesajları gəlirdi?– Sadəcə qayınanama deyiblər, o da heç mənə deməyib. Deməyə ehtiyac da yox idi.– Bəs hakimiyyətdən necə, təklif gəldimi?– Yox, gəlmədi. Müxalifətdən olan təkliflər də gəlib çatmadı. Qayınanama deyiblər, o da mənə deməyib.– Maraqlıdır… Qayınananıza desələr belə, bu, sizə uzadılmış əl idi…– Mənim mövqeyimi hamı bilir. Onları nəyə görə dəstəkləməli idim? Sizə bir şey deyim, onu da mütləq yazın. Yazın ki, bunu xalq da bilsin. İndi məni qınayanlar çoxdur ki, Heydər Əliyevi hakimiyyətə gətirdim. Gəlin, keçmişə nəzər salaq. Gəlin, bir anlığa təsəvvür edək ki, bu illər müddətində Heydər Əliyev yox, Cəbhə hakimiyyətdə idi. Bu respublikadan nə qalacaqdı, bu barədə heç fıkirləşmisinizmi? Bir anlıq düşünün ki, Heydər Əliyev heç hakimiyyətə gəlməyib və Elçibəy, Cəbhə hakimiyyəti davam edir. Vaxtilə hamımız Cəbhəçi olmuşuq. Mən ön cəbhədə olmuşam, vuruşmuşam. Bu Cəbhə hakimiyyətə gələndə mən də demişəm ki, qoy gəlsinlər, cavandırlar, bunlarda demokratik təfəkkür çox inkişaf etmiş olar. Sonradan bunlar elə hərəkətlər elədilər ki, mən özüm indiyədək də onlara etdiyim köməkliyə görə, özümü bağışlaya bilmirəm. Gör, kimlərə köməklik etmişəm…– Yeri gəlmişkən, Etibar Məmmədovun Elçibəyin lehinə namizədliyini geri götürməsinə nail olduğunuzu demişdiniz.– Bəli, demişdim.– Amma bu günlərdə Etibar Məmmədov, deyəsən, bunu şiddətli şəkildə təkzib etdi.– Əgər Etibar Məmmədov onu təkzib edirsə…– Özü yox, onun adından Məhərrəm Zülfüqarlı təkzib vermişdi. Demişdi ki, Sürət Hüseynov kimdir mənə desin ki, şən Elçibəyə görə geri çəkil…– İnanmıram Etibar elə desin. Əgər deyirsə… (Əsəbiləşir…) Deyir, Sürət kim idi? Bəs Etibar, sən kim idin ki, prezident olaydın? Mən də ona görə sənə dedim ki, çəkil, dur qıraqda, Cəbhənin lideri var, qoy o kişi də getsin prezident olsun. Yəni biriniz qabağa gedin, sonra da yığılın onun ətrafına işləyin. Demirsiniz, millətə kömək etmək istəyirik? Nə fərqi var, prezident oldun, ya da başqa vəzifəni tutdun. Əgər xalqa, millətə kömək etmək istəyirsinizsə, gedin əl-ələ verin, Elçibəy də sizin başçınız, lideriniz olub, elə deyilmi? Qanunla da o prezident olmalıdır. Həm də bizim qarşımızda Qarabağ problemi durur, onu həll etməliyik. Bu sözləri Etibar Məmmədova Yevlaxda demişəm. Onun özü də bu söhbəti təsdiq edib. İndi bunların heç biri danışıqlarını bilmirlər. Bir kişi ki, dediyi sözü danırsa, deyirsə ki, Sürət kim idi… Yaxşı, bəs sən kim idin? Sürət döyüşçü idi, müharibə edirdi. Onu bütün komandir batalyonlar özlərinə ağsaqqal seçmişdiiər. Sən, Etibar, sən kim idin? …O vaxt 100 nəfərlə gəldi və dedi ki, guya, türklər onlara təlim keçib. Əynində də birtəhər bir kurtkası vardı. Buna belə baxdım, dedim, budurmu Etibar Məmmədov, bu nə geyinməkdir, bu nədir?– Yanınıza tez-tezmi gəlirdi?– O vaxt Laçına gedəndə gəlmişdi. Dedim, Etibar, namizədliyini geri götür, müharibə gedir. Gəlin, əl-ələ verib müharibəni qurtaraq. Elə orada da dedim ki, ay Etibar, sən gedirsən Laçına, özü də deyirsən ki, 150 nəfər döyüşçüm var. Gördüm ki, bunlar döyüşçüyə oxşamırlar. O vid-fasonda olanlara döyüşçü kimi baxa bilməzdim. Elə bəzənmişdilər ki, elə bil, toya gedirdilər. Görün ona nə dedim? Dedim ki, ay Etibar, deyirsən ki, gedirəm Laçına kömək etməyə, gedib ermənilərə fılan-fılan şeylər edəcəyik. Dedim, gedirsənsə get, amma oradan çıxma. Oradan çıxdınsa, o camaat da arxanca çıxacaq. Bilsələr ki, Etibar gəldi və çıxıb getdi, camaat da qalan deyil, hamısı “panikaya” düşüb qaçıb dağılacaq. Dedi, yox e…, gedirəm. Özü də bilirsən, bunlar necə döyüşçülərdi? Mən həmin Etibara bu sözləri demişəm. Etibar da getdi ora. Topun bircə mərmisi böyrünə düşəndə, yanındakılar deyiblər ki, bəy, buradan qaçmaq lazımdır, o da dabanına tüpürüb aradan çıxıb…– Deyirsiniz ki, o zamanın hadisələrində iştirak edənləri yığıb, kişi kimi söhbət edəcəyəm. Bunun mexanizmi necədir, sizmi bu adamları yığacaqsınız?– Hamısını dəvət edəcəyəm. Gəlməsələr, xalqa bəyan edəcəyəm ki, bunlar budur.– Özünüz dəvət edəcəksiniz ki, gəlin, camaatın qabağında söhbəti xırdalayaq?– Bəli, dəvət edəcəyəm ki, gəlin, söhbət edək. Masa arxasında əyləşib, söhbət edəcəyik. Ki, o vaxt hansı işləri görüb, hansı cinayətləri törədib, xalqa qarşı hansı xəyanətləri ediblər. Üzbəüz oturub danışacağıq. İstəyirəm ki, xalq kimin nə hərəkət etdiyini bilsin. Konkret faktlarla, sübutlarla.– Neçə nəfər dəvət etmək fikriniz var?– O vaxt iqtidarda olanların hamısını.– İsa Qəmbərdən Pənah Hüseynova qədər?– Bəli, hamısını. Türmədə olanlar var, gözləyirəm ki, çıxsınlar. Ancaq mən türmədə olanda arxamca nələr danışmamışdılar?– Fəhmin Hacıyevi də gözləyirsiniz, yoxsa əsasən Pənahla Arifı?– Fəhmin kimdir? O kimdir ki, onunla bir masa arxasında əyləşim. Məni düzgün başa düşün. Belə götürəndə, heç o birilərlə də bir masada oturmaram. Ancaq millətin xətri üçün onları dəvət edəcəyəm. Gəlsinlər ki, məsələlərə aydınlıq gəlsin. Bir mənə desinlər görüm, nəyə görə o vaxtı onlar erməniyə kömək ediblər? Məni maraqlandırır ki, bunu hansı məqsədlə ediblər? Bilmək istəyirəm, bunlar erməninin adamları olublar, yoxsa məni vurmaq üçün adamlarımı vururdular? Bunları bilmək istəyirəm. Bu iqtidar qoşun göndərib məni vurdurmaq istəyirdi. Millətin pulunu millətin oğlunu öldürmək üçün istifadə ediblər. O qoşunlar oraya pulsuz getməyiblər, yəni böyük xərc çəkilib. İstəyirəm ki, o vaxt etdikləri cinayətə görə xalqa cavab versinlər. Onların məqsədi nə olub? Mən sadəcə o məqsədi bilmək istəyirəm.– Sizcə, onlar sizin çağırışınıza gələcəklərmi?– Gəlməyəcəklər, mən də bütün xalqa hər şeyi bəyan edəcəyəm. Faktlarla, şahidlərlə, sübutlarla…– Ola bilərmi ki, anlaşıb millətə nələrisə deməkdən imtina edəsiniz?– Eşidirsiniz? Qarabağ məsələsi Sürət Hüseynov məsələsi deyil, xalqın məsələsidir. Tək Pənah Hüseynov yox, onların hamısı bir yerdə yalvarsalar ki, nəyisə xalq bilməsin, keçməz. Bu, xalqın işidir, xalq da bunu bilməlidir. Tarixin işidir, tarix də bunu bilməlidir. Tarixə yalnız həqiqətlər yazılmalıdır. Böyük filosoflardan biri deyir ki, “tarixi saxtalaşdıranları qəlp pul kəsənlər kimi mühakimə etmək lazımdır.” Azərbaycan tarixi düzü-düzünə yazılmalıdır. O cümlədən də Elçibəy hakimiyyəti və onun təmsilçilərinin törətdikləri işlər. İstəyirəm biləm ki, bunlar bu işləri qanmazlıqdan görüblər, yoxsa kiməsə işləyirlərmiş?– Sizcə, deyəcəklər ki, kiməsə işləyirmişlər?– Mənə fərqi yoxdur, onu buraxacağıq xalqın müzakirəsinə. Xalqın gözü tərəzidir və xalq özü düzgün qənaətə gələcək.– Azərbaycanm keçmiş Baş naziri, müharibə işini bilən bir adam kimi, necə düşünürsünüz, Qarabağı bu gün azad etmək mümkündürmü?– Bəli. Ancaq necəsini soruşmayın, çünki hərbi sirrdir. 7 il türmədə olmuşam. Bu 7 ilin elə bir günü olmayıb ki, Qarabağ problemi və onun həlli yolları haqqında fıkirləşməyim. Bu məsələnin sülh yolu, danışıqlar yolu ilə həlli barəsində tez-tez danışırlar. Qoy bu da olsun və bu danışıqlar da hələlik davam etdirilsin. Burada zərərli heç nə yoxdur. O ki qaldı o biri yollara, bu barədə hələlik heç nə demirəm, heç siz də soruşmayın. Mən əvvəl indiki iqtidarla söhbət etməliyəm…– Əgər İlham Əliyev – prezident və Ali Baş Komandan sizi çağırsa, oturub söhbətləşsəniz, rahat olsanız ki, əsgər, döyüşçü, general kimi gedirəm Qarabağı azad etməyə və heç kim də mənə vətən xaini deməyəcək, heç kim narahat olmayacaq ki, Sürət Hüseynov dövlət çevrilişi edir, o zaman Azərbaycan xalqı Qarabağın azad olunacağına inana bilərmi?– İdeyalar verə bilərəm. Ağlasığmaz planlarım var.– Bəs beynəlxalq təşkilatlar və güclər inciməz ki?– Bu təşkilatlar və güclər macal tapıb inciyənə kimi, məsələ həll oluna bilər. Bir daha deyirəm, məsələnin danışıqlar və sülh yolu ilə həlli nə qədər imkan var, qoy getsin. İstər-istəməz, beynəlxalq təşkilatlar və güclər bölgədə müharibənin alovlanmasına imkan verməyəcəklər. Bu, hamıya bəllidir və hər bir ağıllı adam başa düşməlidir ki, müharibə olarsa, Azərbaycana hər tərəfdən təzyiqlər olacaq. Danışıqlar yolu hələlik davam etməlidir. 1-2-3 il – nə qədər çəkəcəksə, o qədər. Başqa yolumuz da yoxdur. Amma son söz bizim olacaq… Danışıqları aparırıq, ancaq eyni zamanda ordumuzu ən müasir silahlarla təmin edir və ciddi təlim keçirik. Bir şeyi də deyim ki, Qarabağın ağası mənəm, vəssalam! Türmədə yatanda da deyirdim ki, Qarabağın ağası türmədə yatır, Qarabağ da ermənilərin əlindədir. İstəsək, Qarabağı ala bilərik. Necə ola bilər ki, öz torpağımızı almayaq? Hələlik gözləməliyik ki, beynəlxalq təşkilatlar məsələni ədalətli həll etsinlər… SonMüsahibə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən götürülüb və 2004-cü ilin 28 mart – 23 may aralığında “Xural” qəzetində dərc olunub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler