Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçibey de Ərdoğan kimi xalqı meydana çağırsaydı…

20 Temmuz 2016

7:04 am


20/07/2016 [11:03]: xeber –
Türkiyədə 15 iyul qiyamı Azərbaycanda və dünyada ən müxtəlif aspektlərdən müzakirə olunur. Azərbaycanda həmçinin bu olayla 1993-cü ilin iyun hadisələri arasında paralellər də aparılır.Belə iddialar hər zaman səslənib ki, 1993-cü ilin 4 iyun qiyamı o zamankı AXC hakimiyyətinin qətiyyətsizliyi ucbatından Surət Hüseynovun Gəncədən başlatdığı qiyam Bakıda qələbə ilə başa çatmışdı. Türkiyədəki 15 iyul və dünyada bu tipli hərbi çevriliş cəhdlərində isə həmin ölkələrin rəhbərləri ilk olaraq, xalqın gücünə arxalanıblar və xalqı meydanlara çağırmaqla qiyamı yatırıblar. Necə ki, 15 iyulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə etdi. Eyni zamanda 1994-cü ilin  oktyabrı və 1995-ci ilin martında da belə hadisələr ölkəmizdə yaşanıb və o zaman Azərbaycan prezidenti olan Heydər Əliyev xalqı meydanlara çağıraraq, siyasi hakimiyyət üçün yaranan  təhlükənin qarşısını almışdı. Bütün bunların fonunda 1992-93-cü illərdə Azərbaycanda hakimiyyətdə olan Əbülfəz Elçibəy hökumətinin 4 iyun qiyamında bu şansdan istifadə etməməsi daim suallar doğurur. İndinin özündə də Türkiyədəki qiyamın ardından ölkəmizdə ən çox müzakirə olunan məsələ budur. Elçibəy hökumətində milli təhlükəsizlik nazirinin  müavini işləmiş, Azad Demokratlar Partiyasının sədri AXC Sülhəddin Əkbər hakimiyyətin bu tarixi fürsətdən nə üçün yararlanmamasına bu cür aydınlıq gətirdi: “Türkiyədəki hadisə çox ibrətamizdir. Türk xalqı keyfiyyətcə yeni bir mərhələyə qalxdığını bütün dünyaya göstərdi. Xalq demokratiyanın gücünə inandı və ona sahibləndi. Türkiyə artıq inkişafda olan demokratiyanın başlanğıcındadır. İstər xarici, istərsə də daxili güclərdən heç kəs xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə cəhd etməyəcək. Əks halda, qarşısında xalqı görəcək. Azərbaycan hakimiyyəti bundan ciddi nəticə çıxarmalıdır. İlk növbədə, iqtidar illərdir dediyim ”beşinci kolon”u zərərsizləşdirməlidir. Bunu etməyəcəyi halda günün birində bu qüvvələr baş qaldıracaq və hakimiyyət, xalq, dövlət üçün təhlükəli vəziyyət yaranacaq. Elçibəyin bu şansdan istifadə etməməsi ilə bağlı bir söz deyə bilmərəm. Çünki həmin dövrdə siyasi hakimiyyətdə olmamışam və siyasi qərarların qəbulunda iştirak etməmişəm. Hansı müzakirələrin olduğu barədə məlumatım yoxdur. Amma xalq, müxalifət və media üçün bir mesajdır ki, öz qanuni hakimiyyətini qoruya bilmədiklərinə görə 23 ildir bu qiyamın acı meyvələrini yeməklə məşğuldurlar. Əgər zamanında xalq ayağa qalxıb hakimiyyətinə sahib çıxsaydı, belə vəziyyət yaranmazdı. 1993-cü ildə də çox təəssüf ki, eyni səhvlər edildi. Həmin dövrdə zamanında “beşinci kolon” barədə Elçibəy hökuməti əvvəlcədən xəbərdar edilmişdi. Təəssüflər olsun ki, siyasi rəhbərlik zamanında tədbirlər görmədi və nəticədə özünün devrilməsi ilə nəticələndi. Buradan iki nəticə çıxır. Birincisi, hakimiyyət gözlənilən təhlükəni təmizləməlidir, əks halda “beşinci kolon”un hədəfi olacaqdır. İkincisi, zamanında bu tədbirlər görülməsə, 4 iyun qiyamında olduğu kimi, gec olacaq. Nəzərə alaq ki, zamanında xalqımız və müxalifət səhvlər etməsəydi, bu gün  tamam başqa Azərbaycana şahidlik edəcəkdik. 23 ilimiz də hədər getməzdi”.Sabiq MTN-çi zamanında hərbi qiyam barədə Elçibəy hökumətinə xəbər verdiyini bildirdi: “Həmin dövrdə hakimiyyətə gələr-gəlməz hökumət daxilində ”beşinci kolon”un olması, rəhbərlikdə vəzifə tutmuş yüksək rütbəli şəxslər barədə siyasi hakimiyyətə öz vəzifəm gərəyində müraciət etmişəm. Hətta aylarla tədbirlər görülməsi barədə xəbərdarlıqlar etmişəm. Çox təəssüf ki, siyasi qərarlar verilmədi, həmin şəxslər rəhbərlikdə vəzifələr tutmaqda davam etdilər. Sonucda da qiyamda iştirak etdilər. Nəzərə almaq lazımdır ki, belə situasiyalar yarananda demokratik yolla hakimiyyətə gələnlər xalqa müraciət edirlər. Çünki demokratik hakimiyyətin əsas dayağı xalqdır. Xalqın meydanlara çıxdığı, öz hakimiyyətinə sahib durduğu vaxtda təhlükələrin qarşısı alınır. Bunu Türkiyədə gördük. Hətta qiyam tərəfi belə tərəddüd edir. Türkiyədə hamımız xalqın tankları, zirehli texnikaları necə tərk-silah etdiyinin şahidi olduq. Əsgərin öz xalqına atəş açması asan məsələ deyil. Dərin psixoloji tərəfləri var. Bu baxımdan, xalqın gücündən belə hallarda istifadə olunur”.Partiya sədri 1993-cü ildəki Azərbaycan müxalifətinin fəaliyyətinin Türkiyədəki son qiyamda müxalifətin fəaliyyəti ilə müqayisə edilməsinin vacibliyini vurğuladı: “15 iyul qiyamında müxalifət hakimiyyətin yanında oldu. Bunun da nəticəsini gördük. Halbuki 4 iyun qiyamında bunun əksi idi. Azərbaycan müxalifəti hərbi qiyamçılarla birləşmişdi. O zaman müxalif media hərbi qiyamı böyük sevinclə qarşılayırdı. Xalqımızın bir hissəsinin qiyamı dəstəkləməsinin, əksəriyyətinin isə susqun qalmasının böyük  təsiri oldu. Edilən bu səhvlərin bu gün nəticələrini yaşayırıq. Bunu hər kəs anlamalıdır ki, hərbi qiyam qalib gəlirsə, bu, bütün millətə və dövlətə ziyandır. Heç kəs bundan sevinməməlidir. İstəyirəm ki, xalqımız qardaş ölkədə son baş verən hadisələrdən ciddi ibarət dərsi çıxarsın. Önümüzdə də ölkəmizi çətin sınaqlar gözləyir. Heç olmasa bu dəfə səhvlərə yol verilməsin”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler