Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Düşmenleri onu qulluqçunn eli ile zeherleyirler…

03 Temmuz 2016

7:00 am


03/07/2016 [10:59]: xeber –
ŞEYX DEDİ Kİ, HEÇ VAXT EVLƏNMƏ… Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini  saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  sayt saytı yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. Beləliklə, əsərin yeddinci  hissəsi ilə tanış olun.Altıncı hissəni bu linkdən oxuya bilərsiniz:  moderator.az/news/143102.html ÜMMÜ XAN AVARSKİYuxarıda qeyd etdim ki, Məhəmməd Davudi ölümündən əvvəl Ümmü xan (bəzi mənbələrdə Ömər xan) Avarskinin qəbrinin ayaq tərəfində basdırılmasını vəsiyyət etmişdir. Bu fakt onu göstərir ki, Ümmü xan Carda yaşamaqla, böyük din xadimi və sərkərdə olmuşdur. Odur ki, bu kitabda onun da həyatına qısa bir nəzər salmağı vacib bildim.Ümmü xan 1761-ci ildə Dağıstanın Xunzax kəndində doğulub. Anası Baxu-Mesed Kaytax xanı Məhəmməd xanın qızı idi. Atası Məhəmməd xan 1775-ci ildə öldürüləndə (bəzi mənbələrdə onun Şamaxıda, bəzi mənbələrdə isə Qubada Fətəli xanın istirahət düşərgəsində öldürüldüyü qeyd edilir) Ümmü xanın 13 və ya 15 yaşı vardı. Həmin vaxtdan o, avarların lideri olan atasını əvəz etməyə başladı. Onun bütün həyatı Avar xalqına həsr olunmuşdur. Düzdür, rus və ruspərəst tarixçilər Ümmü xanın fəaliyyətinə kölgə salmağa çalışırlar; onu din xadimi və milli azadlıq mübarizi kimi deyil, sadəcə qəddar bir qaçaq-quldur kimi təqdim edirlər. Amma, onun qəddarlığı sadə insanlara qarşı deyil, Car-Balakəni işğal etmək istəyən rus və gürcü knyazlarına qarşı idi. O, yoxsullara qarşı çox rəhmli idi və onların himayədarı, yol göstərəni idi. Tarixçi Arzu Əşrəf qızı “Car-Balakən camaatlığı” kitabında həmin dövrün hadisələrinə dair belə bir fakt göstərir: “Rusiyanın Gürcüstandakı səfiri Kovalenski Ümmə (Ömər) xanı ağıllı, müdrik, tədbirli, yaranmış vəziyyətdən istifadə etməyi bacaran və bununla da öz xalqının və qonşu millətlərin arasında nüfuz sahibi olan bir insan kimi qiymətləndirirdi. O, qeyd edirdi ki, əslində Ümmə xanın şəxsi mülkü böyük deyil, lakin dağlı xalqlar arasında böyük nüfuz sahibidir. Onun kiçik bir yürüşü və ya tədbiri zamanı dağlılar dərhal onun dəstələrinə qoşulurlar. Göründüyü kimi, Ümmü xan Gürcüstan və Rusiyanın buradakı maraqları üçün təhlükəli düşmən idi. Buna görə də Qafqaz xəttindəki rus qoşunlarının komandanı bu igid xanı öz tərəflərinə çəkmək üçün və ya ən azından neytrallaşdırmaq üçün tez-tez ona hədiyyələr göndərir, xoş sözlərlə ələ almağa çalışırdı. Lakin öz mərdliyi, İslam ideyalarına sədaqəti ilə hamının hörmətini qazanmış Ümmü xan bu təkliflərin hamısını rədd edir və Axalsıx paşasının bir çağırışı ilə İslam dininin düşmənlərinə qarşı mübarizəyə başlayır.”Ümmü xan 1801-ci ildə Kaxeti bölgəsində Qabırrı çayının sahilində bir döyüşdə yaralanır və Balakənə gəlir. Orada Abdulla Kalacevin evində gizlənir. Burada düşmənləri onu qulluqçunn əli ilə zəhərləyirlər. Beləliklə, həmin ilin martında dünyasını dəyişən Ümmü xan Avariskini vəsiyyətinə uyğun olaraq Car məscidinin həyətində dəfn edirlər. Həmin vaxtdan bu günədək bu böyük şəxsiyyətin şərif məzarı dağlı xalqların müqəddəs ziyarətgahına çevrilib. Yaşadığı dövrdə Ümmü xan üç qadınla nikahda olmşdur. Birinci həyat yoldaşı Kitileydən üç övladı olmuşdur.  İkinci nikahı Xıztamamla olmuşdur. Üçüncü arvadı Daricanı ona Gürcü çarı hədiyyə göndərmişdir. Bu qadından da Yaxşı-Patimat adlı bir qızı olmuşdur. Eyni zamanda Qarabağ xanı İbrahimxəlil xan güclü olması üçün Ümmü xanın bacısı Baxtiqa ilə evlənmişdir. Qeyd etdiyim kimi, Ümmü xanın  məzarı Car kəndindəki məscidin həyətindədir. 1972-ci ildə bu qəbir və onun başdaşındakı kitabə yenidən bərpa olunub. Qəbri bərpa edən keçmiş muzey əməkdaşı, hazırda Avar cəmiyyətinin sədri olan Əsabəli Mahmudov bu hadisəni belə xatırlayır:-1972-ci il idi, Məhəmməd Davudinin qohumlarından biri məndən xahiş etdi ki, Məhəmməd əfəndinin qəbri uçulub dağılmaq üzrədir, yazıları pozulur, onu bərpa edək. Mən onun xaihşi ilə iki gün həmin qəbrin üstündə bir neçə nəfərlə işlədim və qəbri bərpa (restavrasiya) etdim. Həmin gecə qəribə bir yuxu gördüm: ağ libaslı, saçı və saqqalı ağappaq olan nurani bir kişi gördüyüm işə görə mənə təşəkkür etdi və Ümmü xanın köhnəlmiş qəbrini göstərib, amiranə səslə dedi: “Sabah gəl bu qəbri də bərpa elə!” Səhər tezdən durub qəbiristanlığa getdim və qəbrin üstünü, başdaşındakı kitabəni xüsusi boyalarla bərpa etdim. Halal xoşları olsun, bunu onların xeyir-duasını qazanmaq üçün etdim. MOLLA MƏHƏMMƏD HOLODİMolla Məhəmməd Holodinin qəbri Car kəndindən yuxarıda, dağın zirvəsində, bir vaxtlar mövcud olmuş Holodi kəndindədir. Onu da qeyd edim ki, bu kəndin yerində indi ancaq xarabalıqlar qalıb. Holodi kəndi 1741-ci ildə Nadir şahın əmri ilə Qəni xanın rəhbərlik etdiyi qoşun tərəfindən üç gün ərzində talan edilərək, nəhayət, tamamilə yandırılmışdır. Hazırda bu kəndin yerində Molla Məhəmməd Holodinin (bəzi mənblərdə Molla Məhəmməd Qolodinski yazılıb) müqəddəs məzarı mövcuddur ki, ətraf kəndlərin əhalisi hər il yaz-yay aylarında (payız-qış aylarında qar çox olduğundan yol bağlı olur) buranı ziyarət edirlər. Tarixçi Timur Aytberov “Qafqaz avarları” kitabında yazır: “Qızılyurtlu P. Hacıyevdə Molla Məhəmməd Qolodinskinin (Holodinin) öz müridi Umar (Ömər) Xaraxinskiyə verdiyi nəsihətlərin əks olunduğu ərəbcə əlyazmalar saxlanmaqdadır. Əlyazmalar XVIII əsrin əvvəli və XIX əsrdə Dağıstana gətirilmiş kağızlarda yazılıb. Nəsihət Umarın oğlu məşhur Tayyib tərəfindən atasına istinadən yazılıb. Tayyib yazır: Atam (Umar) mənə Molla Məhəmməd Qolodinskidən çox danışardı. Deyirdi ki, o, İlahiyyat alimi, bütün həyatını Allahı yad etməklə keçirmiş mütəfəkkir övliya olub. Atamın dediyinə görə, o, ömrünün bir neçə ilini Molla Məhəmmədin yanında elm öyrənməyə sərf etmişdir. Sonra atam ondan ayrılaraq öz vətəninə qayıtmışdır. Bir neçə ildən sonra isə, atam öz mürşidi ilə vidalaşmağa gedib. Vidalaşarkən atam ondan xahiş edib ki, tələbəsinə öz nəsihətlərini versin. Molla Məhəmməd atama deyib ki, məsləhət görürəm evlənməkdən imtina edəsən və vaxtlı-vaxtında ibadət edəsən. İnsanın dili Uca Allahın adını çəkməkdən həmişə nəm olmalıdır, heç vaxt qurumamalıdır. Sonra Məhəmməd Holodi nəsihətlərini yekunlaşdıraraq atama deyib: Bu nəsihətləri sənə verirəm, amma, hiss edirəm ki, sən bunların heç birinə əməl etməyəcəksən… Atam deyirdi ki, bu nəsihətləri alandan sonra vətənimə qayıtdım; evləndim, həyatın bal kimi şirin nemətlərini daddım… Nəhayətdə bunlar mənə natəmiz bir ilğım kimi göründü. Həmin vaxt mən elə vəziyyətə gəlib çıxmışdım ki, həyatın eyş-işrətinə başım qarışdığından dini ayinlərin çoxunu təxirə salırdım. Zamanımın çox hissəsində Allahın adını dilimə gətirmədiyimdən dilim də quru olurdu. Daha sonra atam dedi: – Mən Molla Məhəmməd Holodinin öldüyünü eşidib çox peşman oldum və xeyli ağladım. Sonra Quranda olan “Biz hamımız Allaha məxsusuq və Ona qayıdacağıq” ayəsini yada salaraq təskinlik tapdım. Mürşidim Molla Məhəmmədi vəsilə tutaraq, Allahdan bağışlanma dilədim” …. (Mətnin bu hissəsi oxunmur)Daha sonra Tayyib Umar oğlu yazır: “Atam danışırdı ki, mürşidim Molla Məhəmmədi yuxuda gördüm; soruşdum ki, Allah sənə nə eləyib? Dedi: “Allah məni imtahana çəkdi və böyük mükafat verdi”. Soruşdum ki, sən buna necə nail oldun? Dedi: – Mən Allah qarşısında daim diz çökdüm və sübh tezdən Allaha ibadət elədim. Həm də dünyəvi həyatda yaşasam da, onun şirin nemətlərinə uymadım. Daha sonra Məhəmməd Holodi yuxuda atama deyib: Umar, hələ mən sağ olan vaxtlarda sənə verdiyim nəsihətlərə əməl etmədin. Buna baxmayaraq, istəsən mən ölümümdən sonra da sənə nəsihət verə bilərəm. Atam deyib əlbəttə istəyirəm. Molla Məhəmməd deyib: Sən gündə beş dəfə namaz qılmalısan və buna bütün vücudunla, ruhunla bağlanmalısan. Özünü bütün günahlardan, haramdan qorumalısan. Dilini boş, mənasız sözlərdən qoru. Qiyamət gününün əzabından bu yolla qoruna bilərsən. Quranı, Allah sözlərini, Peyğəmbər hədislərini və İmam Qəzalinin “Min Həcc əl-Abidin” kitabını çox oxu. Quranı ən çox gecə oxu, həm də sübh tezdən və gün batanda oxu. Xeyirxah işlər gör və pis əməllərdən çəkin”. (Mətn rus dilindən tərcümə olunmuşdur. Odur ki, dil qüsurlarını nəzərə almağınızı xahiş edirəm – müəllif)“SARI PİRƏ SALAM DE” Məhəmməd Davudinin Car kəndindəki şərif məzarını ziyarət edib Bakıya qayıdarkən, yolüstü Sarı pir adlanan müqqədəs ziyarətgahı da yad etməyi özümüə borc bildim. Qeyd edim ki, Zaqatala rayonunun Qımır və Bazar kəndlərinin girişində yerləşən və əsasən sarılıq xəstəliyi keçirənlərin üz tutduqları Sarı pir haqqında keçən il çap olunan “Ziyarət yollarında” (I və II nəşrlər) kitabımda geniş bəhs etmişəm. Bu dəfəki ziyarətimdə də Sarı pirlə bağlı maraqlı bir əhvalat eşitdim ki, həmin əhvalatı diqqətinizə çatdırmağı vacib bilirəm.    40-cı illərin əvəllərində Qımır kənd sakini Mehdi kişi Zaqatalaya gedirmiş (o vaxtlar avtomobil olmadığından, insanlar bu yolu piyada gedərlərmiş). Yolda həmkəndlisi Murad Əfəndinin oğlu Rəsul Əfəndi ilə rastlaşır. Rəsul Əfəndi hal-əhvaldan sonra ondan hara getdiyini soruşur. Zaqatalaya getdiyini biləndə: “Məndən Sarı pirə salam deyərsən”- deyə, ondan xahiş edir. Mehdi kişi: “Baş üstə” deyib, yoluna davam edir. Lakin o, bu sözə ciddi əhəmiyyət vermədiyindən tez də unudur. Sarı pirin yanından ötüb, bir qədər keçdikdən sonra, arxadan bir nəfərin: “Ay Mehdi, ay Mehdi” – deyə, onu səslədiyini eşidir. Geri dönəndə, Sarı pirin həyətində ağ saqqallı, ağ libaslı, başında ağ əmmamə olan bir nurani kişinin onu çağırdığını və: “Molla Rəsulun salamı nooldu?” –  dediyini eşidir. Bununla da həmin nurani insan yox olur.        Bundan sonra Mehdi kişi geri qayıdaraq, Sarı pirə salam verir və dua etdikdən sonra yoluna davam edir.   Biz də öz növbəmizdə Sarı pirə salam verərək, yolumuza davam edirik…Paşa YaqubZaqatala – Bakı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler