Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Demiryolçular 136 yaşlarını qeyd edirler…

12 Ekim 2016

6:12 pm


12/10/2016 [22:10]: xeber –
136 illik fəaliyyət tarixi olan Azərbaycan dəmir yolu nəqliyyatı ölkə  iqtisadiyyatının  ən  önəmli  sahələrindən  biridir. Fəaliyyətdə  olduğu  on  illlər  boyu  varlığı  çox  zəngin  və  əhəmiyyətli  əməllərə  söykənən dəmir yolu zaman-zaman ağır sınaqlardan keçmiş, amma heç vaxt dövlət və dövlətçilik siyasətində öz əhəmiyyətli yerini itirməmişdir. Doğrudur, Sovet hakimiyyəti illərində Azərbaycan dəmir yolu nəqliyyatının inkişafına ciddi diqqət yetirilməsi də Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə və sonrakı dövrlərdə məhz onun qayğısı sayəsində bu nəqliyyat sahəsi sürətli inkişaf yoluna qədəm qoymuşdur. Məlumdur ki, keçmiş Sovet hakimiyyəti illərində iqtisadiyyatın bütün sahələri, o cümlədən də dəmir yolu nəqliyyatı mərkəzləşdirilmiş şəkildə Moskvadan idarə olunur, heç bir respublikaya müstəqil iqtisadi siyasət hüququ tanınmırdı. Bu sistemin süqutundan sonra bütün iqtisadi sahələr kimi dəmir yolları da ağır sınaqlara məruz qaldı. 1991-ci ildən üzü bəri haqqına və hüququna şərəflə sahibləndiyimiz dövlət müstəqilliyi illərində ciddi tədbirlər reallaşdırılsa da, dəmir yolu nəqliyyatının sivil texnologiyalara və üstün fəaliyyət prinsiplərinə sahiblənməsi mühüm məsələ kimi gündəmdə qalmağa davam etmişdir. Çünki Sovet rejimindən qalma köhnə texniki baza və beynəlxalq nəqliyyat sisteminin üstünlükləri ilə uzlaşmayan idarəçilik prinsipi bu sahənin böyük islahatlara möhtac qaldığını ortaya qoyurdu. Bu yeniləşmənin təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyuldu və Azərbaycan dəmir yolu nəqliyyatının dünya dəmir yollarına inteqrasiyası gerçəkləşdi. Hazırda ulu öndərin dəmiryolçulara yönəlik qayğılı siyasəti hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu real faktlarla diqqətə gətirsək: “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin layihələrini xatırlatmaq kifayətdir. Bu layihələr Azərbaycan dəmir yollarının Avropa və Asiya ölkələrinin nəqliyyat sistemləri ilə əlaqələrini yüksək həddə çatdıracaqdır. Uzun illər boyu dərin sıxıntılar içərisində fəaliyyət göstərən dəmir yolu nəqliyyatının 2015-ci ilin əvvəlindən yeni inkişaf mərhələsinə qədəm qoyduğunu desək, yəqin ki, yanılmarıq. Köhnə və kustar texniki bazadan, zamanla səsləşməyən texnoloji proseslərdən qurtulmaq üçün yeni rəhbərliyin tələbkar və prinsipial mövqeyinə ürəklə tərəf durdular. Çünki beynəlxalq nəqliyyat sisteminin üstünlüklərinə yiyələnmək üçün bu, ən doğru yol idi.   Yeni rəhbərlik öz əməli işinə çoxdan bəri həllini gözləyən bir sosial sifarişin icrası ilə başladı. Bakı-Sumqayıt sərnişin xəttinin əsaslı təmiri layihəsi dəmir yolunda keyfiyyətli dəyişikliyin başlanğıcı oldu və 63 km uzunluqda olan xəttin əsaslı təmirinə 2015-ci il mart ayının əvvəlində start verilməklə sentyabr ayında başa çatdırıldı. Elə sentyabr ayının12-də hörmətli Prezidentimiz İlham Əliyevin xeyir-duası ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış KİSS markalı ikimərtəbəli yeni elektrik qatarları istismara buraxıldı. Azərbaycan dəmir yolları üçün tamamilə yenilik olan bu hadisə ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Hazırda Azərbaycan dəmir yolunda bu tipli qatarların sayı 5 ədəddir.İlk layihənin uğurla başa çatdırılması dəmir yolunun bütün təsərrüfatlarında əsaslı yeniləşmələrə geniş meydan açdı. Artıq öz funksiyasını itirməkdə olan vaqon təsərrüfatının geniş fəaliyyəti üçün 3 min ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması bu sahənin xarakterini tamamilə dəyişdi. Bu yeniləşməni vaqon təsərrüfatının fəaliyyəti tarixində keyfiyyət sıçrayışı kimi dəyərləndirmək olar. Bakı-Sumqayıt sərnişin xəttinin istismarından sonra yolların əsaslı təmirinə xüsusi önəm verən dəmir yolu rəhbərliyi Bakı-Böyük Kəsik istiqamətində 330 km yolun əsaslı təmirini nəzərdə tutan ikinci böyük layihənin icrasını reallaşdırdı. Ötən ilin noyabrında başlanan layihə çərçivəsində bu günə qədər 170 km yol əsaslı təmir olunub. O cümlədən yolların daha etibarlı və sürətli hərəkətə yararlı olması üçün dəmir yolunda ilk dəfə olaraq yoldəyişən qurğuların dəmir beton şpal və tirlər üzərində quraşdırılmasına start verilib. Bu, dayanıqlıq baxımından uzunömürlü və etibarlı, maddi nöqteyi nəzərdən olduqca sərfəlidir. Onu da qeyd etmək lazımdır ki, əsaslı təmir proseslərinin ehtiyaclarını ödəmək üçün dəmir yolu rəhbərliyi tərəfindən müəssisələrə CSM və USP yol təmiri maşınları, yol döşəyən kranlar, portal platformalar, hoper vaqonlar və bir çox texnika və avadanlıqlar alınıb.Ölkəmizin və region ölkələrinin iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icrasında da tamamlama işləri sürətləndirilib. Bu bağlantı Avropa və Asiya ölkələri arasında iqtisadi münasibətlərin, tranzit yük danışmalarının inkişafında əhəmiyyətli rol oynayacaqdır. İqtisadi münasibətlərin daha intensiv xarakter alması üçün Azərbaycan və İran İslam Respublikası cənub sərhədində 8,3 km yolun tikintisinin başlanması da bu əlaqələrin gələcək uğurlarından xəbər verir. Artıq bu tikinti yekunlaşmaq ərəfəsindədir.Son dövrdə bir-birinin ardınca uğurlu layihələr həyata keçirən dəmir yolunda daha bir yüksək ictimai əhəmiyyət kəsb edən layihənin icrasına start verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyə və göstərişinə əsasən yaxın vaxtlarda dəmir yolunda “ASAN xidmət” mərkəzinin tələblərini özündə əks etdirən “ASAN qatar” fəaliyyətə başlayacaq. Bu məqsədlə Bakı vaqon deposunda 3 ədəd xüsusi xidmət vaqonu hazırlanır. İlin sonuna qədər hazır olacaq bu vaqonlar dəmir yolu xətti boyu bütün istiqamətdə hərəkət edəcək, “ASAN xidmət” qaydaları çərçivəsində əhaliyə xidmət göstərəcək. Göründüyü kimi, dəmir yolu nəqliyyatı son dövrdə yeni və uğurlu islahatlar mərhələsinə qədəm qoymuş, bütün istehsalat sahələri yeniləşməyə istiqamətləndirilmişdir. Cəmiyyətin inzibati binasının, Bakı dəmir yolu vağzalının, Səngəçal istehsalat bazasının əsaslı təmiri, elektrik təchizatı, işarəvermə və rabitə sahalərində aparılan uğurlu islahatlar da məhz burda reallaşan keyfiyyət dəyişikliyinin nəticəsidir. Bu da ona imkan yaradır ki, biz gələcək illərdə dəmir yolu nəqliyyatımızı dünyanın üstün texnologiyalara sahiblənmiş nəqliyyat sistemləri ilə bir sırada görə biləcəyik. Hazırki inkişaf və yeniləşmə mühiti məhz bunu vəd edir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler