Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Deleduzluqla üzleşen qadından Ramil Usubova ŞİKAYƏT…

07 Eylül 2016

5:04 pm


07/09/2016 [21:04]: xeber –
Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Heç şübhəsiz bu cür halların kütləviləşməsinin başlıca səbəblərindən biri dələduzluqla məşğul olan şəxslərin sərt şəkildə cəzalandırılmaması, bir çox hallarda hətta onların cinayət məsuliyyətinə cəlb edilməmələridir. Əksər hallarda polisdə, digər hüquq-mühafizə orqanlarında dələduzların qurbanlarına işdə cinayət tərkibinin olmadığı deyilir, onlara mülki iş kimi məhkəməyə müraciət etmək tövsiyyə olunur. Aylarla, illərlə uzanan məhkəmələrdə isə zərərçəkmişlərin haqları təmin edilmir. Elə Xətai tayonu, M.Hadi küçəsi 25 saylı evin 24-cü mənzilində yaşayan Mikayılova Zümrüd Güloğlan qızını da belələrindən hesab etmək olar.Fərq ondadır ki, Zümrüd Mikayılova hansısa yad bir adamın deyil, öz uzaq qohumu tərəfindən aldadılıb. Kifayət qədər böyük imkanları olan həmin şəxs Zümrüd Mikayılovanın etibarından, atasının vəfatından istifadə edərək onun illər boyu halal zəhmət hesabına topladığı 15 min dollarını mənimsəmək niyyətinə düşüb. Təəssüf ki, yerli polis orqanının əməkdaşları da bu məsələdə Zümrüd Mikayılovaya deyil, həmin şəxsə köməklik edirlər.Hər halda Zümrüd Mikayılovanın saytımıza şikayətində belə deyilir.Şikayətçi bildirir ki, 2008-ci ildə uzaq qohumları olan, hazırda Xaçmaz rayonunun Xudat şəhərində yaşayan, Nabrandakı “Dənizçi” İstirahət Mərkəzinin sahibi kimi tanıdığı Hüseynov Qurban Əhməd oğlu ona oradan torpaq almağı məsləhət bilib. Qurban Hüseynov bildirib ki, ərazidə qiymətlər günü-gündən artdığından, nə vaxt istəsə daha baha qiymətə sata bilər. Zümrüd Mikayılova da Qurban Hüseynovun təklifilə razılaşır. Uzun illər ərzində topladığı 15 min dolları Nabranda dəniz kənarından 6 sot torpaq sahəsi almaq üçün Qurban Hüseynova verir: “15 min ABŞ dollarını onun həyat yoldaşı Validə xanımın və bacısı Sevil xanımın yanında vermişəm.”Qurban Hüseynov da verdiyi pulun müqabilində ona dəniz kənarında yaxşı bir yerdən torpaq sahəsi aldığını bildirir. Hətta Zümrüd Mikayılovanı yüksək rütbəli məmurların, tanınmış şəxslərin evləri, villaları olduğu bir əraziyə apararaq, çox bahalı yer olduğunu, nə zaman istəsə oranı daha qiymətə satacağını bildirir: “Dedi ki, qohum olduğundan, buranı mən sənə ucuz aldım, nə vaxt istəsən mənə de, satım, üstündə xeyli pul qazan”.Zümrüd Mikayılova da torpaq sahəsini göstərdikdən sonra, ərazinin sənədləşməsi işini də hər zaman “Qurban dayı” deyə müraciət etdiyi Q.Hüseynova etibar edərək, Bakıya qayıdır. Bir müddət sonra Q.Hüseynov ona bildirir ki, torpağa dair sənədlər qaydasındadır, nə zaman satmaq istəsə heç bir problem olmayacaq. Zümrüd Mikayılova da həm Q.Hüseynovun sözünə etibar etdiyindən, həm də həmin ərazini bir müddət sonra satmaq məqsədilə aldığından torpağı öz adına sənədləşdirməyə xüsusi diqqət yetirməyib. Heç nədən şübhələnmədən gözləyir…Ancaq 2015-ci ilin yanvarında atası rəhmətə getdiyindən, pula ehtiyacı yaranır və həmin torpağı satmaq istəyir: “Bu zaman Qurban dayıdan torpağa müştəri tapıb satmasını xahiş etdim. O, hər dəfə hələ müştəri olmadığını bildirərək, bəhanələr gətirirdi. Nəhayət, mən özüm müştəri tapıb Nabrana apardıqda, məlum oldu ki, Qurban Hüseynov mənim etibarımdan sui-istifadə edərək, məni aldadaraq pulumu mənimsəmişdir”.Belə ki, həmin vaxt Qurban Hüseynov onu əvvələr göstərdiyi dəniz kənarında yerləşən əraziyə deyil, tamamilə başqa bir yerə aparır, ona buranı aldığını iddia edir. Hansı ki, həmin yerin heç 3000 manat belə dəyəri yoxdur, tamamilə yararsızdır: “Bu zaman mən torpağa dair sənədləri ondan tələb etdikdə, o bildirdi ki, torpaq onun oğlunun adınadır. Sənədlə tanış olduqda gördüm ki, onu 2011-ci ildə, yəni mənə guya torpaq satandan 3 il sonra əldə ediblər. Mənə tam aydın oldu ki, Qurban Hüseynov məni aldadaraq 15 min ABŞ dollarımı mənimsəyib. Və əslində həmin vaxt mənə heç bir torpaq sahəsi almayıb”.Zümrüd Mikayılovanın sözlərinə görə, başına gələnləri oradakı tanışlarına danışdıqda, ona bildirirlər ki, Qurban Hüseynov uzun illərdir belə işlərlə məşğul olur: “Mənə dedilər ki, Qurban Hüseynov rayon ərazisində dövlətə məxsus bəzi torpaq sahələrini müxtəlif yollarla öz yaxın adamlarının adına özəlləşdirir, sonra da mənim kimilərə göstərərək, aldatmaqla pul qazanır”.“Sonradan mənə o da məlum oldu ki, mənə göstərdiyi ərazini də bir başqasına sataraq, əvəzində mənə tamamilə yarasız bir ərazini vermək istəyib” – deyən Zümrüd Mikayılova, bununla razılaşmayaraq, Q.Hüseynovdan pulunu tələb edir.Ancaq Q.Hüseynov əvvəlcə “mənə pul verdiyini sübut edə bilməzsən, get hara istəyirsən şikayət elə, hər yerdə adamım var” deyərək, pulu qaytarmaqdan imtina edir. Hətta onu yüksək vəzifələrdə qohumlarının olduğunu deyərək, hədələyir. Bundan sonra Zümrüd Mikayılova özünə vəkil tutur, pulunu geri qaytarmaq üçün hüquqi yollara baş vurur. 1 saylı hüquq məsləhətxanasının vəkili S.Səlimova da Q.Hüseynovla əlaqə saxlayaraq, ondan Zümrüd Mikayılovanın pulunu qaytarmasını xahiş etsə də, o, kobud şəkildə bundan imtina edir: “Bildirdi ki, guya mən ona yalvararaq pul verib torpaq almışam. Ortada heç bir torpaq sahəsinin olmadığını dedikdə isə, o “mənə pul verdiyinizi necə sübut edəcəksiniz? Hara istəyirsiniz, şikayət edin” deyib, telefonda məni yüksək vəzifələrdə işləyən qohumları ilə hədələdi”.Q.Hüseynov pulu qaytarmaq niyyətində olmadığına görə, Zümrüd Mikayılova bu il iyun ayının 14-də vəkili vasitəsilə Xaçmaz rayonunun Xudat Polis Bölməsinə şikayət edir. Xudat Polis Bölməsinin rəisi Zaur Bayramov iyulun 6-da Zümrüd Mikayılovanı qəbul edərək, onun şikayətini dinləyir: “Məni dinlədikdən sonra qeyd etdi ki, həqiqətən də Q.Hüseynovun əməllərində dələduzluq faktı var və işi araşdırmağı tədqiqatçı Sevinc Hüseynovaya tapşırdı. Bundan sonra Zaur Bayramov məzuniyyətə çıxdığından, işə nəzarət müavini Zaur Abbasova keçdi.”Zümrüd Mikayılovanın sözlərinə görə, tədqiqatçı Sevinc Hüseynova da işlə tanış olduqda bildirib ki, Q.Hüseynova qarşı dələduzluq maddəsi ilə cinayət işi açıla bilər: “Biz oradaykən Q.Hüseynovu polis bölməsinə dəvət etdi”.Zümrüd Mikayılova deyir ki, onlar polisdə əllərində Q.Hüseynova 15 min dollar verdiklərini sübut edən telefon danışıqlarının, yazışmaların olduğunu bildirdiklərindən o, pulu aldığını etiraf edib: “Təhqiqatçı Sevinc Hüseynova da bizim yanımızda Q.Hüseynova pulu qaytarmalı olduğunu, əks halda ona qarşı cinayət işinin açılacağını söylədi. Ancaq Q.Hüseynov pulunun olmadığını iddia edərək, 15 min dolları köhnə kursla (0,78 manatdan) və hissə-hissə qaytara biləcəyini dedi. Mən də təbii ki, bununla razılaşmadım. Çünki əvvala mən ona 15 min dollar vermişəm. Və həmin vaxt o pulun dəyəri indikindən xeyli yüksək idi. İkincisi də, tanıyanlar bilir ki, onun nəinki 15 min dollara, hətta 150 min dollara da imkanı çatır”.Zümrüd Mikayılova bildirir ki, təhqiqatçı Sevinc Hüseynova da ona aldığı pulu tam şəkildə, yəni 15 min dollar qaytarmağın zəruri olduğunu dedikdə, Q.Hüseynov bundan imtina edib: “Dedi ki, mənə heç kim heç nə edə bilməz və durub getdi müavin Zaur Abbasovun yanına. Biz orada ola-ola Zaur Abbasov tədqiqatçı Sevinc Hüseynovaya zəng edərək, uca səslə Q.Hüseynovun yanında olduğunu, məsələni onun dediyi şəkildə yoluna qoymağı tələb etdi. Ancaq tədqiqatçı Sevinc Hüseynova da eyni tonla Zaur Abbasova ona işini öyrətməməyi, məsələyə qanunun tələb etdiyi şəkildə baxacağını dedi. Açığı məndə də bundan sonra işə qanuni şəkildə baxılacağına böyük ümid yaranmışdı. Düşünürdüm ki, Q.Hüseynova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq, məndən aldığı pulun geri qaytarılması təmin ediləcək. Lakin ümidlərim boşa çıxdı. Q.Hüseynova qarşı cinayət işi qaldırmaqdan imtina etdilər. İşi mülki iş kimi baxılmaq üçün məhkəməyə göndərirlər”.Zümrüd Mikayılovanın sözlərinə görə, bu fakt belə güman etməyə əsas verir ki, tədqiqatçı Sevinc Hüseynovanın onların yanında Q.Hüseynova dedyi sözlər, sadəcə gözdən pərdə asmaq üçün idi: “Bilmirəm Q.Hüseynov məni hədələdiyi yüksək vəzifəli qohumları vasitəsilə polisə təzyiq etdi, yoxsa başqa hansısa yollasa işin istədiyi kimi həllinə nail olur. Bu işin məhkəməyə göndərilməsi o deməkdir ki, həm cinayət məsuliyyətindən qurtarır, həm də mənim pulumu illər uzunu verməyəcək. Bəs budurmu ədalət? Qanunlarımız harada qaldı? Aldadaraq məndən 15 min dollar alan, 8 ildən sonra əvəzində real dəyəri 3 min manta ancaq olan torpaq təklif edən birinin əməli dələduzluq deyil, nədir?”Zümrüd Mikayılova sonda daxili işlər naziri Ramil Usubova müraciət edərək, məsələni öz nəzarətinə götürməyi xahiş edir: “Hörmətli Ramil müəllim, hamı Sizin ədalətli bir insan olduğunuzu deyir. Mən kasıb, maddi vəziyyətim çox ağır olan bir qadınam. Atamı itirmişəm, dolanışıq imkanlarım daha da çətinləşib. İllər uzunu qəpik-qəpik yığdığım pulu özünü gah məmur, gah iş adamı kimi təqdim edən Hüseynov Qurban Əhməd oğlu mənimsəmək istəyir. Çox təəssüf ki, Xudat şəhər Polis Bölməsinin əməkdaşları da bu işdə zərərçəkən kimi mənə deyil, dələduzluqla mənim pulumu mənimsəyən adama köməklik edirlər. Belə çıxır ki, bir məmurla bir polis əlbir olub, kimsəsiz bir qadının pullarını ələ keçirirlər.Cənab nazir! Ümidim Sizədir. Sizdən xahiş edirəm, işimi öz şəxsi nəzarətinizə götürərək, tezliklə ədalətlə araşdırılmasını təmin edəsiniz. Qəpik-qəpik yığdığım pulu dələduzluqla mənimsəyən Hüseynov Qurban Əhməd oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinə, pulumun geri qaytarılmasına yardım edəsiniz!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler