Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Daha heç bir Tanrı övladı bir de Yeliseyin – Çöl Qalanın kodunu aça bilmeyecekdi!”

26 Haziran 2016

2:20 pm


26/06/2016 [18:18]: xeber –
Dəyərli oxucu!Bir müddət idi ki, tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış “Çöl Qala” povestinin sayt saytı tərəfindən hissə-hissə təqdimatına başlamışdıq. Nəhayət, uzun yolçuluqdan sonra gəlib sonuncu dayanacağın bir addımlığna çatmışıq və beləliklə kitabın epiloqunu oxucularımıza təqdim edirikƏvvəlini bu linkdən oxuya bilərsiniz— moderator.az/news/142008.htmlYeri gəlmişkən, kitabı pdf faylda müəllifin bloqundan yükləmək olar—https://vahidqazi.wordpress.com/2016/06/03/col-qala/Epiloq(Davamı) Elə bilirdim Qadının görüşdən qaçmasının səbəbini anlamışam. Əsl səbəb heç ağlıma da gəlməzdi. Onun sirlərini bildikcə, yaşadığı hiss və həyəcanlarını duyduqca mənə nə qədər doğmalaşdığının fərqindəydim. Deyəsən, əməlli-başlı aşiq də olmuşdum. Vurulmaq ayrı necə olur ki! Onu unuda bilmirdim!Qəribə vəziyyət yaranmışdı. Qəribəlik gülməli halımda idi. Məni tanımayan, heç mövcudluğumdan xəbəri olmayan birinə aşiq olmuşdum. Hər halda ona bəslədiyim duyğunun nə olduğunu kəsdirə bilirdim. Birinci dəfə yaşamırdım ki, bunu!Uşaqlıqda qəşəng aktrisalara vurulan vaxtlarım az olmayıb. İrina Alfyorovaya, elə bizim Həmidə Ömərovaya aşiq olduğum kimi. Şəkillərini jurnallardan kəsib otağımın divarlarına vururdum. Bir dəfə atam içəri girib onlara baxanda utanmışdım da. Amma o, etiraz eləməmişdi, eləcə bir xeyli baxıb, “Qəşəng qızlardı, zövqün pis deyil” demişdi. Birinin utancaq təbəssümü, o birinin iri gözləri məni sehrləmişdi. Onlardan əvvəl isə birinci belə “sevgilim” İvan Kramskoyun məşhur portretindəki “naməlum qadın” idi. Növbəti ilin divar təqvimini o rəsmlə çap eləmişdilər. Anam kitab mağazasından alıb mətbəxin divarına vurmuşdu. Mən də çıxarıb öz otağıma aparmışdım. Çarpayımla üzbəüz divara yapışdırmışdım. Gecələri onun xəyalıyla yatır, sabahları mənə sirli bir maraqla baxan gözləriylə açırdım. Sonralar bildim ki, sevginin bu növünə platonik sevgi deyirmişlər.Təzədən, özü də bu yaşımda belə bir sevgini təkrar yaşamağım qəribəmə gəlirdi.***Avqustun son çərşənbə günü vədələşdiyimiz vaxtda sərgi salonuna gəldim. Xanımı qapının kandarındaca gözüm aldı. Salonun o biri başında “Tamamlanmayan naməlum qadın portreti”nə tamaşa edirdi. Allah bilir fikri onu haralara aparmışdı. Ayırmaq istəmədim. Ensiz, uzun salonun yuxarı tərəfində ondan başqa saqqallı bir tamaşaçı da vardı. Yerli adama oxşamırdı. Aşağı başdan isə fəhlələr tabloları divarboyu tavandan sallanan iplərdən açıb qablaşdırırdılar. Sərginin son günüydü. Sərgi İstanbula gedirdi. Sentyabrın əvvəllərində orda açılış olacaqdı.Tablolara baxsam da, bir gözüm ondaydı. Salonun başındakı bir cüt göz şəkli ilə o gözlərin tamaşasına duran tənha qadının özü ağappaq divar fonunda rəsm əsərini xatırladırdı. Elə bil Rəssam tabloya baxan qadın rəsmini ağ divara çəkib. Virtual sevgilinin gözü və real sevgilinin bədəni çəkilmiş tablo.Şəkillərə baxa-baxa ona yaxınlaşırdım, həm də gözüm evində gördüyüm evliliklərinin ilk ayları çəkilən portreti gəzirdi. Onu görmədim. Sərgiyə ilk dəfə açılışda gəlmişdim. Onda adamlarla söhbətə başım qarışdığından həmin portretin yoxluğuna fikir verməmişdim.Rəssamın sonuncu tablosu qəribə alınmışdı. Yalnız bir cüt göz vardı tabloda. Diqqətlə baxanda elə bilirdin göz günəşə çevrilir. Günəşin üzündəki ləkələr göz bəbəyinin içindəki fiqurların eyni idi. Fiqurdan çox simvollara bənzəyirdilər. Mən bunları anlamırdım. Qədim heroqliflərə də oxşayırdılar, gəbə naxışlarına da. Elə bil hərəkət edirdilər. Burduqca rəngli naxışları dəyişən kaleydoskop oyuncağı kimi.Beləcə on beş dəqiqəyəcən gözlədim. Bir addımlığında dayansam da, məni görmür, duymurdu. Salam verməyə də ürək eləmirdim. Nəhayət, nəzərlərini tablodan ayırıb mənə baxdı. Salamlaşdıq. Söhbətindən bildim ki, tablo emalatxanada çəkilib. Rəssam hər başladığı yeni işindən ona danışarmış. Amma bundan xəbəri olmayıb. – Sizin gözlərinizə oxşayır, – dedim.Qəribə təbəssümlə: – Yox, mənimki deyil, – dedi. Onun üz ifadəsini ayırd eləmək asan deyildi. Elə bil orda hər duyğudan bir az pay vardı. Kədər, sevinc, təəssüf, kinayə, təəccüb, nifrət, sevgi – bəli, düz oxudunuz, sevgi – qarışmışdı bir-birinə. İçində onların qanlı mübarizəsi gedirdi. O isə bütün gücüylə təmkinini saxlayır, daxilindəki təlatümün heç bir vəchlə üzə çıxmasına imkan vermirdi. Bir-biriylə əlbəyaxa olan duyğuların bağırtısını içində boğurdu. Rəssamla son illər münasibətləri necə olub? Bunu artıq üzündən-gözündən oxuyurdum, səsindəki güclə seziləcək xırıltıdan duyurdum – Rəssamın Qadınla yazışmalarından bilirdim. Dəyişmişdi, son dövrlərdə gördüyüm deyildi, əvvəlki qadın olmuşdu, tələbəlik illərinin təkəbbürü yenidən qayıtmışdı ona. Belini zərrə qədər də əymədən düz saxlayır, başını dik tuturdu. Gözlərindəki adamı əzən baxışları daha da ağırlaşmışdı. Gözünün içinə baxmaq olmurdu. Azca sıvri burnu, yay kimi çəkilmiş qaşı və o qaşların altından boylanan alıcı gözün zəhmi gözəlliyinə bir sərtlik qatırdı. Yaşı əlli civarındaydı, amma ona bu yaşı vermək olmazdı. Sərtliyin qadını yaşlı yox, cavan göstərən halı da varmış.Söhbəti çox uzatmadı, yazdığım kitabı soruşdu. Əlyazmanı gətirmişdim. Oxuyub fikrini bildirəcəkdi, əlavələrə, ciddi dəyişikliyə ehtiyac bilməsə, nəşriyyata göndərəcəkdi. Qəhvəyi dəri çantasını açıb bir zərf çıxartdı. Qonorarım idi. “Oxuyandan sonra verərdiniz”, qımıldandım. “Nə fərqi var” dedi.Çantanı dizimə dirəyib açdım. İçində Rəssam haqqında bioqrafiq kitabın əlyazması, bir də onun gizli yazışmaları olan iki qovluq vardı. Birini çıxarıb ona verdim. İkinci qovluğun ünvanı o deyildi! İstanbul sərgisinin açılışından sonra Bakıya qayıdacağını, elə o vaxt görüşüb birlikdə son variantı müzakirə edəcəyimizi dedi. Danışa-danışa qovluğu açıb ötəri göz gəzdirdi. Sonra qayıdıb əvvəlki səhifələrdən cümlələr oxumağa başladı. Kitab Rəssamın nə doğum, nə də uşaqlıq illəriylə başlayırdı. Birinci hissə onların tanışlığına, ilk görüşlərinə həsr olunmuşdu. Bioqrafik əsərin belə başlanması ona təəccüblü gəldi. – Kitabda ilk şəkil evliliyinizin əvvəl aylarında çəkilən rəsminiz olacaq, – dedim. – Mənə ayrıca bölmə ayırmaq, özü də onu kitabın başlanğıcına salmaq nə qədər maraqlı ideyadı, bilmirəm. – Gəlin indi müzakirə eləməyək, oxuyun, İstanbuldan qayıdanda danışarıq. – Olsun! Söhbətin bitdiyinə işarə vursa da, bayaqdan marağında olduğum sualı verməyə bilmədim: – Evinizdə gördüyüm o rəsminiz sərgidə nümayiş olunmur. Amma o, Rəssamın ən uğurlu əsəridi bəlkə də. – Onu İstanbula da aparmayacam! Çox göstərilib. Bir də daha bu gözlər var də, – deyib kinayəsi açıq duyulan gülüşlə divardakı tablonu göstərdi. Açığı, diksinən təhər oldum. Sanki mənim bildiyim sirri o da bilirdi və bunu ondan gizlətdiyimə acı istehza ilə işarə vururdu. Bir anlıq pərt oldum. Amma bu vəziyyət uzun çəkmədi. Sağollaşmaq üçün əl uzatdı. Hiss elədim ki, daha getməyimi istəyir. Onun ipək kimi yumşaq əlini sıxdım. İlk dəfə gözlərinin altında güclə seziləcək qaramtıl çöküntü gördüm. Nə qədər gizlətməyə çalışsa da, ürəyini sarmış əzabın ağırlığını duyurdum. İçinə hakim kəsilən əzabı bölüşməyə adamı olmayanda qadın ya ağrıya təslim olub intihar edir, ya da içinin bütün duyğularını süpürüb atır. Tək birini saxlayır – nifrəti!Amma onu da mütləq deyim ki, o, bütün ovqatlarında xoş duyğu ötürməyi bacarırdı, hər halda buna çalışırdı.İstanbul sərgisindən sonra görüşəndə kitabdakı ona aid bölmənin çıxarılmasını təkid edəcəkdi. Quru bioqrafik əsərin sönük alınacağını, oxucu üçün tanınmış adamların şəxsi həyatı, xüsusən də intim həyat səhnələrinin maraqla qarşılandığını deyib həmin yerlərin saxlanmasına inandıracaqdım. Sonda onunla bağlı ayrıca bölməni çıxarmağa, o biri bölmələrdə ayrı-ayrı epizodlarda verməyə razılaşacaqdıq. Həm də kitab daha onların tanışlığı ilə başlamayacaqdı. Bunlar sonra olacaqdı.İndisə çantanı bağlayıb çiynimə keçirdim. Sağollaşıb küçəyə çıxdım. Üzüm Xəzərəsarıydı. Çantamda bir qovluq, bir-iki kitab vardı. Amma elə bil çiynimdən bir ton ağırlığında yük sallanırdı, çantamı sağ çiynimə ötürüb o biri qovluğun yiyəsini axtarmağa getdim. ***Qadının son məktubları yazdığı andakı ovqatını əks etdirirdi. İyunun ilk günündə qoyduğu mesajdakı təyyarə qəzası haqda xəbəri internetdən tapdım:“İyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğramış “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin düşdüyü zonada axtarış tədbirləri həyata keçirən Braziliya hərbçiləri dənizdən daha 8 nəfərin cəsədini çıxarıblar. Bununla da dənizdə tapılan cəsədlərin sayı 24-ə çatıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Braziliya Hərbi Hava Qüvvələrinin polkovniki Enri Munyos meyitlərin Fernando-de-Noronya arxipelaqından 640 km şimal-şərqdə və təyyarənin sonuncu dəfə qəza barədə avtomatik siqnal göndərdiyi yerin 70 kilometrliyində aşkarlandığını deyib. Bundan başqa, Braziliya Hərbi Dəniz Qüvvələri təyyarənin quyruq hissəsinin fraqmentini də tapıblar. Bu isə “qara qutu”ların da aşkarlanacağına ümid verir. Belə ki, “qara qutu”lar məhz təyyarənin arxa hissəsində yerləşir. Bundan başqa, axtarış zamanı təyyarənin qanadının fraqmentləri, konstruksiyasının bir hissəsi, kreslolar, oksigen maskaları, sərnişinlərin şəxsi əşyaları da çıxarılıb. Xatırladaq ki, Rio-de-Janeyro – Paris marşrutu ilə uçan “Airbus 330-200” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 4 saat sonra radarlardan itib. Təyyarənin içində 216 sərnişin və 12 ekipaj üzvü olub”.Ölənlərin hansı ölkə vətəndaşı olması haqda xəbərdə heç nə deyilmir. Həmin gün Rio-de-Janeyrodan Parisə tək bir reys olub. Əgər Rəssam həmin təyyarəyə minibsə, qəzada öldüyünə şübhə ola bilməzdi. Qadın Rəssamın ölməsinə inanmaq istəməsə də, onun təyyarədə olduğuna əmin idi. İyunun birində qoyduğu mesajda belə yazıb: “Allahım, məni yenəmi sevdiklərimlə sınağa çəkirsən? Hələ çoxmu olacaq bu sınağın? Olmaya o da bu təyyarədədir? …Qurbanım olum, mənə bir söz yaz! Yoox! Sən saytların yazdığı bu qəzada ola bilməzsən!!!” İndi məni bir sual düşündürür: çantamdakı qovluq dolu ikinci əlyazmayla neyləyim? Rəssam haqda yazacağım bir məqalə yerinə iki kitab alınıb. İkinci birincidən də maraqlı gəlir mənə. Onu bəzi əlavələrlə romana çevirmək çətin iş deyil. Yeni süjetlər qurub, obrazlar əlavə edib çəkici, oxunaqlı roman düzəldərdim. Dediyim odur ki, əlimdə bir kitablıq material var. Ondan dərin məzmunlu bədii-fəlsəfi əsər də, maraqlı bir sevgi romanı da alınar. Lap qəhrəmanları başqa adla da vermək olar, süjeti, yer adlarını, hadisələri də dəyişmək mümkündü. Oxucu bunu mənim bədii təxəyyülüm kimi qəbul edər. Düzü, bu yazışmaları tək sevgi məktubları hesab eləmirəm, onlara yalnız kişi-qadın münasibətləri kontekstində baxmıram. Onlar yaşadığı dünyada “kirayənişin” qalanların öz dünyalarını qurmaq istəyindən, çabasından bəhs edir. Hər bir insanın xəyalında yaratdığı dünyadan. İlğım kimi şirin dünya. Hələ istəsəm bunu pyesə də çevirərəm. Mətnin dili onsuz da yüz il əvvəlki səhnə əsərlərinin dilinə yaxındı, dialoqlar dram dilindədi elə bil. Bəlkə də yeni əsrin ən gözəl dram əsərini ortaya qoya bilərəm. Suallar, fikirlər beynimdə qatma-qarışıqdı.Cavaba vaxtım olacaq, hələliksə əvvəl Qadını tapıb görüşmək istəyirəm. Nə deyəcəyimi fikirləşirəm. Bircə xəstəliyini bəhanə edib görüşdən qaçmaya. Ona bəslədiyim hissləri gizlədə biləcəyəmmi? Açığı, onun Rəssama yazdığı son mesajları içimdə qibtə duyğuları göyərdib. İlk dəfədir ki, ölən adama paxıllığım tutur. Zahiri belə gözəl, daxili aləmi bu qədər zəngin bir xanımın sevgi etirafı hər kişini xoşbəxt edər, onu buludlaracan qaldırar. Telefonu bir kişi götürdü. Adını çəkəndə bir qədər duruxdu, kim olduğumu soruşdu. Köhnə dostuyam dedim. İşdə deyildi, xəstəliyiylə bağlı İstanbula aparıblarmış. Ev telefonunu istədim, verdi. Sağollaşıb dəstəyi yerə qoydum.Demək İstanbula gedibmiş. Aparıblarmış. Özü istəməsə də. Talenin ironiyasıydı sanki – elə bil Rəssam İstanbulda xəstə yatan sevgilisinə çiçək dəstəsi yerinə onun rəsmini göndərirdi. Mistik duyğular axşamacan məni buraxmadı.Növbəti həftələrdə evlərinə vurduğum zəngə cavab verən olmadı.***Yaşıl tumurcuqlardan açılan yarpaqlar kimi hamı eyni cür doğulur. Amma hamı bir cür ölmür. Sürülən ömür təki ölümlər də müxtəlifdi – eynən xəzandı elə bil: biri saralıb üzülür, biri qızarıb düşür. Birini də küləklər elə yaşılkən qoparıb salır.İyirmi günlük ezamiyyətdən, dalınca bir aylıq məzuniyyətdən sonra ilk iş günüm xoş xəbərlə başlasa da, yaxşı xəbərlə bitmədi. Xoş xəbər Xanımdan gəlmişdi. Bir bağlamada kitab, bir də kitabın təqdimat mərasiminə dəvət açıqcası göndərmişdi. Zəng vurub kitabın nəşri münasibətiylə təbrik elədim. Təqdimatın tarixini mən qayıdana saxladığını dedi. İşə zəng vurub məzuniyyətdən nə vaxt dönəcəyimi öyrənibmiş. Bu tezliklə nəşr olunacağını gözləmirdim. Nəfis bir kitab alınmışdı. Redaktorluğunu da özü edibmiş. Görünür, daha mənimlə məsləhətləşməyə ehtiyac duymayıb, eləcə, düzəlişini edib, verib nəşrə. Az danışdıq. Təqdimatda görüşməyi sözləşib sağollaşdıq.Nahardan sonra ilk işim virtual qadını – az qala məni də başdan edəcək Qadının ev telefonunu yığmaq oldu. Elə bil özüm qəsdən vaxtı uzadırdım. Əlim gəlmirdi. Düzdü, bu iki ay uzunu özümü ələ ala bilmişdim, ona yönəlik hisslərmi bir xeyli boğmuşdum. Ta mənasız iş tutduğumun, uşaqlıq elədiyimin, ağrımayan başıma buz bağladığımın fərqindəydim.Telefonu yaşlı kişi götürdü. Jurnalist kimi təqdim eləmədim özümü, keçmiş iş yoldaşıyam deyib onu soruşdum. Adını eşidən kimi hıçqırıb ağladı. Elə hönkürdü ki, elə bildim telefonun o biri başında yox, yanımdadı. Atasıymış. Sonra dəstəyi bir qadın aldı. Gəlinləri olduğunu dedi. İstanbulda ötən ay öldüyünü söylədi. Xərçəng imiş. Qalaaltında, anasının yanında basdırıblarmış.Telefonu qapadanda elə bildim içimdə nəsə qırıldı, nəfəsim daraldı. Elə bil əziz adamımı itirdiyimin xəbərini aldım. Dünya bir andaca gözümdə qaraldı. Niyə belə olduğumu kəsdirə bilmirdim. Axı o mənim nəyimdi ki? Mən niyə belə hala düşdüm? Sonra ürək döyüntülərim artdı, elə bil bayaqdan durmuşdu, indi birdən-birə qəfil döyünməyə başladı. Özü də sürətlə, yerindən çıxacaqmış kimi. Məni qəribə bir hiss bürüdü. Guya bütün bu olanların baiskarı mən imişəm. Mənim günahım ucbatından təyyarə qəzaya uğrayıb, Qadın xərçəng tapıb. Onu xəstə qoyub getmişəm, guya qalıb sağaldacaqmışam. Axı mən yazılanları dəyişə bilməzdim! Pozub, yenidən, başqa cür yaza bilməzdim! Onları qovuşdurub, sonu sevinclə bitən bir sevgi dastanı yaza bilməzdim!Bunu edə bilərdimmi? Yazılanı pozmaq olurmu?***İşdən tez çıxdım. Evə gedib qovluğumdakı yazışmaları bir də oxumaq istədim. Başım dumanlıydı. Avtobusdan bir dayanacaq tez düşdüm. Qalan yolu piyada getmək istəyirdim. Səkidə adamlar, yolda maşınlar içimi bürüyən duyğular kimi xaotik hərəkətdəydi. Evin yanında dostlarla adına ”Gözəlin kafesi” dediyimiz, sovet dövründən qalma yeməkxanaya girdim. Yemək hayında deyildim, Gözəl arvad bir boşqab meyvə doğradı, limon dilimlədi. Bir şüşə də araq gətirdi…Gözümün qabağından onların siması çəkilmirdi. Bu vaxt ərzində mənə elə doğmalaşmışdılar ki… Lakin bilmirdim necə doğmadılar! Bəzən atam-anam olurdular, məni dünyaya onlar gətiribmiş. Ata-anasını heç vaxt görməyən yetim uşağıydım sanki. Gah da balam olurdular, bəxtsiz balalarım. Mən də qəlbində bala dağı daşıyan ata. Birdən də Qadın mələküzlü sevgilimə çevrilirdi, Rəssam da onu əlimdən almaq istəyən qara düşmənə. Qadına vurulub şirin xəyallara getməyim də olurdu, Rəssamı qısqanc duyğularla anmağım da. Bəzən də taleləri əlimdə olan quşcuğaza dönürdülər – istəsəm açıb buraxaram, istəsəm boğazlarını üzərəm. Amma daha çox məndən imdad diləyən köməksiz sevgiliyə bənzəyirdilər. Mən də onlara istədikləri hər şeyi verə biləcək, onları xoşbəxt edəcək güc sahibinə!Turş şərab qoxulu meyxanada nə edəcəyimi fikirləşirdim. İçimdə böyük bir təlatüm vardı, duyğuların nizamı pozulmuşdu. Əslinə qalsa, daha bu duyğuların heç bir əhəmiyyəti qalmamışdı. Onlardan azad olub soyuq başla düşünmək istəyirdim. Düşünüb qərar verməliydim. Qərarlı olmalıydım!***Axırıncı müştəri olduğumu kafedən çıxanda bildim. Soyuq noyabr küləyi üzümü yalayır, köynəyimin açıq düyməsindən bədənimə dolurdu. Rəssamın təsvir etdiyi kimi havada uçan qar dənəsi tək yüngül hiss edirdim özümü. Bir şüşə araq sanki məni ayıltmışdı. Nə edəcəyimi daha bilirdim! Evə qalxıb kompüteri açdım. Onların yazışmaları olan faylı “qovluq”dan da, “səbət”dən də sildim. Şəbəkədə Rəssamın səhifəsini bağladım. Sonra əlyazmaları götürüb həyətə düşdüm. Dalandar Əli kişinin köşkünün yanında ocaq çatıb vərəqləri bir-bir oda atdım. Kağız odun deyil, yananda çəkdiyi əzabın dözülməzliyindəndi yəqin, qıvrılır, büzüşür. Bəlkə də elə bu ağrıya görədi, tez yanıb qurtarmaq istəyir – öz dünyalarına tez köçmək istəyən adamlar kimi.Əlyazma yanıb kül oldu. Ocağın qaralan külündə sonuncu közərti qapqara göy üzündə parlayıb itən tənha ulduz kimi söndü. Onların ağrısı bitdi. Ağrının, kədərin olmadığı yerə getdilər. Ayrılıqların bitdiyi yerdən başlayan əbədi qovuşuqda gözdən itdilər. Daha heç bir Tanrı övladı bir də Yeliseyin – Çöl Qalanın kodunu aça bilməyəcəkdi!Üçüncü dünyanın mövcudluğuna sübut olası əlyazma Allahın ”Ol!” əmriylə, ya Böyük Partlayışdan yarandığı bilinməyən bir dünyada qala bilməzdi. Burda adamın həyatına Allah da, bəndə də müdaxilə edir. İnsanın özü yaratdığı dünyaya isə girməyə heç kimin gücü çatmaz, çünki o, daha burda kirayənişin deyil. Dünyasının Allahı da, Bəndəsi də özüdür! 2009 – 2015Vaşinqton, Bakı, Xızı, Karlskrona




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler