Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cavidi ve Cavadı Vurğunla, Rzayla eyni prizmadan qiymetlendirmek yanlışdır

03 Kasım 2016

5:12 pm


03/11/2016 [21:07]: xeber –
Günümüzün ağrılı məsələlərindən biri də budur ki, bizim alimlərimiz nəinki keçmiş tariximizə, heç sovet dövrünə düz-əməlli, doğru-dürüst dəyər verməyiblər. Fikrimcə, Hüseyn Cavid və Əhməd Cavadı Səməd Vurğun və Rəsul Rza ilə bir cərgəyə qoyub eyni prizmadan qiymətləndirmək kökündən yanlışdır. Ona görə də ötən əsrin təxminən 70 il ömür sürən sovet dövrünü və ondan əvvəlki dövrü daha dərindən öyrənməyə ehtiyac var.Düzdür, M.Ə.Rəsulzadə başda olmaqla müsavatçılar qonşularımızla yanaşı 18-20-ci illərdə müharibədən çıxan çar Rusiyasının zəif düşməsindən istifadə edərək öz cümhuriyyətlərini qurdular. Bu, uzun fasilədən sonra, ərazilərimizin bir hissəsinin əlimizdən çıxması hesabına olsa da, gələcək respublikanı formalaşdırmaq yolunda müsbət addım idi. Rusiya kimi nəhəng bir dövlətin yenidən Güney Qafqaza qayıdacağı reallığı da nəzərə alınmalıdır. Eyni zamanda farslar, ingilislər, daha nə bilim kimlər ərazilərimizə göz dikmişdilər. Azərbaycan bundan da çox ərazi itkisinə məruz qalmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Türkiyədən kömək ummaq isə absurd idi. Hərçənd Türkiyə əlindən gələni etdi. Ancaq bu, Azərbaycanın tam xilası üçün yetərli deyildi. Bütün bunları nəzərə alaraq M.Ə.Rəsulzadə cümhuriyyəti sovetlərə təhvil verib xaricə üz tutmaq məcburiyyətində qaldı.Bəs sovet quruluşunun mahiyyəti nədən ibarət idi? Daim pislənilən bu quruluşun yalnız millətləri əsarət altında saxlayan, asıb-kəsən obrazı formalaşdırılıb. Üstün keyfiyyətləri barədə bir kəlmə də danışılmır.Hər bir dövrə çəkilib kənardan baxanda pisi-yaxşısı çox aydın görünür. Sovet dövrünə də çəkilib kənardan baxmaq lazımdır. Son vaxtlar düşmən təbliğatına uyub Azərbaycanın bütün müqəddəs dəyərlərinə çamur atanlar dəstəsi peyda olub. Onlar birtərəfli mülahizələr irəli sürərək iddia edirlər ki, sovet rejiminin işi-peşəsi ancaq Azərbaycanı əzmək imiş. Əslində tarixə nəzər salsaq hər bir dövrün ağrılı-acılı günləri olub. O cümlədən sovet dönəmi ağrısız ötüşməyib. Bunun da obyektiv səbəbləri var idi. İnqilabdan sonrakı dövrdə ac xalqa çörək vermək lazım idi. Bir qrup həddən ziyadə varlanmış, xalqın böyük əksəriyyəti isə səfalət içində yaşayırdı. Savadsızlıq baş alıb gedirdi. Ədaləti bərpa etmək üçün dəmir ələ ehtiyac vardı. Tarix bu məsuliyyəti Stalinin üzərinə qoymuşdu. Etiraf etmək lazımdır ki, siyasi mübarizədə itirdiklərimizlə yanaşı qazancımız da oldu. Eyni taleyi digər sovet respublikaları da yaşayırdı. Məhv olmuş iqtisadiyyatı dirçəltmək üçün gecəli-gündüzlü işləmək lazım idi. Bu işdə şair və yazıçılar öz əsərləri ilə dövlətə dəstək verirdilər. Hər kəs işlə təmin olunur, hamı evinə bir tikə çörək apara bilirdi. Gecə məktəbləri açılmışdı. İşdən sonra insanlar yazmaq oxumaq öyrənirdilər. Ədəbi dilimiz formalaşır, doğma ana dilimiz hərtərəfli inkişaf edirdi. Cəmiyyət zülmətdən çıxıb, kütləvi şəkildə işığa qovuşurdu. Oğurluq, əyrilik edənlər sərt cəzalanırdılar. Kasıb uşaqları irəli çəkilir, məsul vəzifələrdə çalışırdılar. Bir sözlə, sovet dövləti kasıb-kusubun dövləti idi. Hər kəs ucu-bucağı olmayan ölkənin bu başından o biri başına rahat gedib-gəlirdi. İmperiya adlanan dövlətin proqramı böyük Nizaminin “İskəndərnamə” poemasında qoyulan ideya, arzu və istəklərlə üst-üstə düşürdü. Bağlar çəpərsiz olsun, sürülər çobansız otlasın. İnsanların dünyagörüşü artsın, təfəkkür inkişaf etsin, oğurlüq, əyrilik kimi hallar aradan götürülsün. Aşıb-daşan maddi nemətlər bolluğu yaradılsın. Millətlər arasında ayrı-seçkilik olmasın. Yeri gəlmişkən, ölkəyə başçılıq edən şəxs də rus deyildi, gürcü millətinin nümayəndəsi idi. S.Vurğun başda olmaqla bir qrup şair-yazıçı quruluşun üstünlüklərinə yüksək dəyər verir, onu tərənnüm edirdi. H.Cavid və Ə.Cavad kimi şairlər isə yeni quruluşa uyğunlaşa bilmirdilər. Onlar bu quruluşu dəyişmək üçün əslində heç üsyan da etmirdilər. Ara-sıra nostalji hisslərini bəzi şeirlərində büruzə verirdilər. Xüsusən, H.Cavid etiraz etməkdən daha çox kamil bir cəmiyyət barədə fəlsəfi düşüncələrini qələmə alırdı. Belələrinin bu cür qeyri-müəyyən mövqeləri gələcək faciələrini hazırlayırdı.Nə edəsən ki, erməni başbilənləri, siyasiləri bizdən fərqli olaraq yatmayıblar, həmişə ayaqda olublar. Stalin dövründə quruluş mükəmməl olmasa da, qanunlar sərt idi və çox effektli şəkildə işləyirdi. Bununla belə başçıların yanında yer almağı və yarınmağı bacaran ermənilər mövcud şəraitdən ustalıqla yararlanır və Azərbaycanın əleyhinə əl altdan iş aparırdılar. Bu günün özündə də ermənilər balaca xalq olmasına baxmayaraq böyük dövlətlərin qoltuğuna sığınır və təkcə bizi deyil, o böyüklükdə Türkiyəni də gözdən salmaqda, şərləməkdə əllərindən gələni əsirgəmirlər. Sovet dövründə hətta bizim tariximizi ermənilər yazıb. İqrar Əliyev və Fəridə Məmmədova kimi alimlərimiz də tutuquşu kimi onların dediklərini təkrarlayıblar. Çox vaxt sadə, məlum həqiqətləri belə dilə gətirməkdən çəkiniblər. Vaxtında heç kəs yazmırdı ki, Azərbaycan türk respublikası olduğuna görə Türkiyə ilə sərhəd bağlarını qırmışdılar. Çünki Türkiyənin Almaniya ilə müttəfiqliyi vardı. Mümkün təhlükələrdən qorunmaq üçün bu kimi tədbirlərə əl atılırdı. O zaman ayrı-ayrı respublikaların deyil, ümumilikdə sovet dövlətinin maraqları nəzərə alınırdı. Yenicə yaradılmış dövləti qorumaq və dağılmaq təhlükəsini aradan qaldırmaq üçün bütün tədbirlər görülürdü. Başqa səbəblər də var idi və tarixçilərimiz qərəzsiz şəkildə həqiqətləri açıb ortaya qoymayıblar. Sovet dövrü lazımı səviyyədə araşdırılmadıqca, keçmişimizə çamur atanların, regionlarımızı bir-birinə qarşı qoyanların sayı artıb çoxalacaq. Təəccüblüdür ki, bu günkü alimlərimiz də hələ bu həftəbecərin içində çapalayırlar. İndi Avropada qloballaşma siyasəti yürüdülür. Dövlətlər arasında sərhədlər simvolik xarakter daşıyır. Avropalılar hazırda sərhədlərdə heç bir maneəyə rast gəlmədən bütün Avropanı sərbəst şəkildə gəzib dolaşa bilirlər. Bunun nəyi pisdi? Hər halda sovetlər birliyində belə bir modelin əsası qoyulmuşdu. Keşməkeşli yollardan keçən sovet dövlətinə qarşıya qoyduğu ideyaları həyata keçirmək nəsib olmadı.1941-45-ci il müharibəsindən sonra ölkədə yenidən iqtisadi böhran yarandı və bu böhranı aradan qaldırmaq üçün çalışmaq tələb olunurdu. Bu məqsədlə əhali yenidən səfərbər olundu və zavod-fabriklərə, tarlalara yönləndirildi. Digər sovet xalqları necə yaşayırdısa, Azərbaycanda da eyni ab-hava yaşanırdı.Stalinin ölümü ilə sovet rejımının dayaqları sarsıdı, Xruşşov, Brejnev kimi rəhbərlər idarəetmədə çoxlu boşluqlar buraxdılar və hakimiyyətlərindən sonra anekdot qəhrəmanları kimi yadda qaldılar.Görəsən, keçmişlə müqayisədə bu gün hansı üstünlüklər əldə etmişik? Məncə yeganə qazancımız müstəqilliyimizdir. Ancaq həmişə arzusunda olduğumuz bu müstəqil ölkədə işsizlik baş alıb gedir. Bir qrup yenidən sürətlə varlanıb və varlanmaqdadır. Təhsil pullu, səhiyyə pullu, hər şey alınıb satılır. Günü-gündən bahalaşma da çoxluğu təşkil edən kasıb təbəqənin dizini yerə gətirib.Mən müstəqilliyimiz əleyhinə deyiləm. Ancaq keçmişlə bu günü müqayisə etdikdə çalışın ədalətli olun.Amil AVOĞLU


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler