Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cahangir Hacıyevle bağlı hökme 30 il sonra xitam verile biler -Borcu kim qaytaracaq?

18 Ekim 2016

5:40 pm


18/10/2016 [21:38]: xeber –
Həftələrdir davam edən səs-küylü “Beynəlxalq Bank işi” üzrə məhkəmə prosesi ötən həftə başa çatdı. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev başda olmaqla bu iş üzrə təqsirləndirilən şəxslər ağır cəzalar aldılar. Hazırda ictimaiyyət arasında əsas sual doğuran məsələlərdən biri 15 il müddətinə azadlıqdan məhrum edilmiş C.Hacıyev və digər təqsirləndirilən şəxslərin mənimsədikləri milyonlarla pulların taleyinin necə olacağıdır. Məhkəmənin hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki – “Beynəlxalq Banka” dəymiş 211 milyon manat və “Aqrarakredit” QASC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadan biri tam, biri isə qismən təmin edilib.Belə ki, hökmdə qeyd edilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanılmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi ilə bağlı qərar verib.  Sabiq bankirin hazırda ümumi borcu 70 milyondur“Aqrarkredit” QSC-nin mülki iddiası isə tam təmin edilib. Qərara əsasən QSC-yə dəymiş 7 milyon 423 milyon manatlıq zərərin Cahangir Hacıyev tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da məhkəmə Cahangir Hacıyevdən ümumi olaraq 70 milyon dəymiş zərərin ödənilməsi ilə bağlı qərar çıxarıb.Sabiq bankirin bu qədər pulu haradan alacağı, necə ödəcəyi müəmmalı vəziyyət yaradıb. Ödəməzsə, bunun nəticələrinin necə olması da suallar doğurur. C.Hacıyevlə bağlı müəmma doğuran məsələlərdən biri də onun hazırda Londonda yaşayan, 18 milyon dövlət vəsaitini mənimsəməkdə ittiham olunan həyat yoldaşı Zamirə Hacıyevanın  ölkəyə gətirilib-gətirilməməsi ilə bağlıdır. Bu ayın əvvəllərində onun arxasında Londona xüsusi əməliyyat qrupunun göndərildiyi məlum oldu. Lakin sonradan sabiq bankirin Böyük Britaniyadan sığınacaq alan həyat yoldaşının Azərbaycana gətirilməsinin mümkünsüzlüyü ortaya çıxdı. Hüquqşünas Müzəffər Baxış bildirdi ki, Cahangir Hacıyevlə bağlı məhkəmə hökmü elan olunubsa, qərarda nəzərdə tutulanlar məhkəmə icraçıları tərəfindən həyata keçirilməlidir: “Əgər Cahangir Hacıyevin bu qədər pullar mənimsədiyi təsdiqini tapıbsa, həmin vəsaitlər onun əmlakları hesabına, yəni müsadirə olunmaqla təmin edilməlidir. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı var, siyahıya alınması mümkün olan əmlaklarla bağlı. Buna əsasən deyə bilərəm ki, Cahangir Hacıyevin mülkiyyətində bir ev varsa, o müsadirə olunmayacaq. Bütün bunlar məhkəmə icraçıları tərəfindən həmin hökmün mülki iddia hissəsi təmin olunmalıdır. Əgər onun  heç bir əmlakı yoxdursa, hökmdə göstərilən vəsaitin ödənilməsi çox çətin olacaq. Cəzaçəkmə müəssisələrində iş yerləri yoxdur. Əgər olsaydı, Cahangir Hacıyev orada işləyəcəkdi, onun əmək haqqından 70% tutulmasına qanun icazə verəcəkdir. Amma bizim həbsxanalarda isə iş yerləri yoxdur. İcra orqanları onun əmlaklarını tapmalı, hökmün mülkü iddia hissəsini təmin etməlidirlər. Əmlakı olmayacaqsa, hökm də icra olunmayacaq. 30 il keçəndən sonra isə hökmün icrasına xitam veriləcək”.Hüquqşünas sabiq bankirin həyat yoldaşı ilə bağlı yaranan müəmmalara da aydınlıq gətirdi: “Bu çox maraqlı məsələdir. Cahangir Hacıyevin özü də məhkəmədə bu barədə ifadə verdi. Onun həyat yoldaşının arxasında Londona əməliyyat qrupu göndərənlərin  hüquqdan anlayışlarının olmadığı üzə çıxır. Dünyada gedən proseslərdən, beynəlxalq hüquqdan anlayışları yoxdur. Cahangir Hacıyevin həyat yoldaşı Böyük Britaniyandan vətəndaşlıq alıb. Heç bir dövlət öz vətəndaşını mühakimə edilmək üçün başqa dövlətə vermir. Bu birmənalı şəkildə qəbul edilmiş qaydadır. Zamirə Hacıyeva heç zaman Azərbaycana təhvil verilə bilməz. Nə vaxtsa özü könüllü istəsə gələ bilər. Əgər onun cinayətini sübut etmisinizsə, o zaman cinayət materiallarını Britaniyaya göndərin, orada müvafiq cəza ilə həmin şəxsi cəzalandırsınlar. Bütün bunlar mənasız söhbətlərdir və bunların hüquqi nəticəsi olmayacaq”.C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu həftənin sonu yaxud üzümüzə gələn həftə hökmdən apelyasiya şikayəti verəcəklərini söylədi: “Hökmdən sonra onunla görüşmüşük. Cahangir Hacıyev ibtidai istintaq və məhkəmə proseslərində bütün ittihamları rədd edib. Özünü heç bir ittihamlarda təqsirli bilməyib. Verilən hökmü də ədalətsiz hesab edir. Ona görə də apelyasiya şikayəti verib, bütün hüquqi proseduraları keçəcəyik”.Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin milyonlarla vəsaiti mənimsəməsi ilə bağlı olan hissələrə də toxundu: “Əvvəl 211 milyon irəli sürmüşdülər. Sonradan o ittiham təsdiq olunmadı. Sonra 63 milyonu ortaya atdılar. Bunlar da məhkəmədə təsdiq olunmadı. Bu uydurma rəqəm idi. Cahangir Hacıyevin o ittihamlarla bağlı dediyi məsələlərin heç biri yoxlanılmadı. Həmin məbləğlər layihələrə gedib, həmin layihələr mövcuddur. Göstərilən məbləğ də həmin layihələrə sərf olunub. O layihələr də Beynəlxalq Bankın girovluğundadır. Bunlar mülki icraat qaydasında olan məsələdir. Çünki vəsaitlər yönəlib layihələrə, layihələr də bankın girovluğundadır. O məbləğlərin Cahangir Hacıyevə heç bir dəxli yoxdur. Onun həyat yoldaşının ölkəyə gətirilməsi üçün sübut təqdim olunmadı. Britaniyada adi məsələ ilə bağlı insanı ekstradisiya etmirlər. Bunlar əsaslı bir fakt da irəli sürə bilmirlər. Onun ölkəyə gətirilməsi mümkün deyil. Hüquq müstəvidə məsələ həll olunmadan, ona təsir edə bilməzlər”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler