Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakının yeni Qarabağ açılımı: “Ən yaxşı teze – unudulmuş köhne…”

20 Ekim 2016

7:36 am


20/10/2016 [11:35]: xeber –
Qarabağ məsələsi ətrafında pozitiv bir hərəkətlilik müşahidə edilməkdədir. Sevindiricidir ki, bu gəlişmədə Türkiyə amili xüsusilə diqqət çəkir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Putinin İstanbul səfərindən dərhal sonra verdiyi “5 rayon” bəyanatının ardınca onun rusiyalı həmkarı Sergey Lavrovun ötən həftə İrəvanda verdiyi açıqlama bu yöndə nikbinliyi artırıb. Həm də ona görə ki, Lavrov həmin açıqlamada qardaş ölkənin Qarabağ nizamlanmasında önəmini vurğulamaqla yanaşı, açıq işarə elədi ki, konflikt nizama salınmadan və ya onun həllində irəliləyiş olmadan Ermənistan Türkiyə ilə əlaqələrin qaydaya salınacağına ümid etməməlidir. Bu da İrəvanın siyasi və ekspert dairələrində narahatlıq və təlaş yaratdı. Niyə?   Ona görə ki, İrəvan daima bu mövqedən çıxış edir ki, Türkiyə ilə sərhədlər qeyd-şərtsiz, yəni Dağlıq Qarabağ məsələsi nəzərə alınmadan açılmalıdır. Yada salaq ki, Qərbin moderatorluq elədiyi bədnam Sürix protokolları da elə bunu nəzərdə tuturdu. Ermənilərin narahatlığının ikinci bir motivi isə əlbəttə ki, nizamlamada Türkiyənin iştirakına Moskvanın “yaşıl işıq” yandırmasdır. ***Rəsmi İrəvan əndişə keçirir ki, Türkiyə-Rusiya əlaqələrinin dərinləşməsi, iki dövlət arasında iri və çoxmilyardlıq layihələr də daxil, energetika və iqtisadi-ticari sferada əməkdaşlığın genişlənməsi, üstəlik, Yaxın Şərqin böhranlı məsələlərinə, o sırada Suriya böhranına dair uğurlu əməkdaşlıq Ankaranın Qarabağ məsələsinə də təsirini  həlledici səviyyəyə çatdıra, düşmən üçün qorxulu Ankara-Moskva əməkdaşlıq presedenti yarada bilər.Düşmən tərəfin narahatlığına əsaslar əslində yetərincə ciddidir. Ona görə ki, ermənilər istəsə də, istəməsə də Dağlıq Qarabağ məsələsində Türkiyənin rolu qulaqardı edilməyəcək. Bu mümkünsüz və vazkeçilməzdir. Əgər bunu indi Rusiya kimi regional güc başa düşürsə, “Türkiyə bacardıqca nizamlamadan uzaq saxlanmalıdır” deyən və bütünlüklə Moskvadan asılı olan cırtdan Ermənistan kimdi ki, onun rəyi də həlledici olsun?Türkiyə Yaxın Şərq problemlərinin həllində önəmli, açar rol oynaya bilir, amma həmsərhəd Güney Qafqazdakı Qarabağ konfliktinin həllində kənarda qalacaq ki? Əlbəttə ki, yox. Kənarda qalacaq, ciddiyə alınmayacaq bir şey varsa, o da İrəvanın Türkiyəni prosesdən uzaqlaşdırmaqla bağlı arzusu olacaq.***Məsələ də ondadır ki, Qarabağ məsələsində yekun sözü yəqin ki, Azərbaycanın və Qərbin rəyi nəzərə alınmaqla Türkiyə-Rusiya cütlüyü deyəcək. Burdaca onu da yada salaq ki, indiyədək Qarabağ konflikti üçün ən uğurlu həll formatı Rusiya-Türkiyə-ABŞ üçlüyü olub. Bu formatın Minsk Qrupu ilə, Türkiyənin isə Fransa ilə əvəzlənməsinin nə qədər yanlış olduğunu MQ-nin 24 illik vasitəçilik “missiyası” əyani şəkildə sübut edir. Necə deyərlər, “Ən yaxşı təzə – unudulmuş köhnədir”. Hər halda, acı gerçək budur ki, 24 il ötsə də “Qarabağ yükü” hələ də öz köhnə yerində qalır. Bu durum ən əvvəl işğalçı Ermənistan üçün yaxşı heç nə vəd eləmir. Çünki hər necə olmasa, konfliktə cəlb olunan başqa ölkələr, Azərbaycan öz inkişafını pis-yaxşı təmin edir. Ermənistan isə izolyasiyadadır. Bu xüsusda rəsmi Bakı prezident İlham Əliyevin dilindən Türkiyənin də mövqeyini ifadə edən, faktiki, Ermənistan üçün yeganə xilas yolu olacaq həll variantını deyib, hamı üçün yeni və ən sərfəli Qarabağ acılımı edib: ətraf rayonların azad olunması, sərhədlərin açılması qarşılığında Dağlıq Qarabağa muxtar respublika vədi, oradakı erməni əhalisinin isə rifahı və təhlükəsizliyinə zəmanət. Diqqətçəkici həm də odur ki, prezident İlham Əliyev bu xilas formulunu Lavrovun Türkiyənin rolu barədə məlum açıqlamasından dərhal sonra bəyan edib – özü də elə Rusiya mediasına. Ermənistan üçün yeganə xilas formulundan imtinanın alternativi isə sözsüz ki, yalnız böyük müharibə ola bilər. Yəni seçim ermənilərindir.***KTMT-nin İrəvan sammiti və bu sammitdə işğalçı ölkənin fiasko ilə üzləşməsi, o sırada Qazaxıstan prezidenti N.Nazarbayevə görə “Rus NATO-su”na erməni baş katibin gətirilməsinin ertələnməsi də göstərdi ki, Ermənistan Rusiya üçün regionda nə qədər forpost rolunu oynasa da, Kremldən ötrü Azərbaycan, Türkiyə, hətta Qazaxıstanla münasibətlər üçün heç də az önəm kəsb eləmir. Başqa sözlə, Moskva İrəvanla əməkdaşlığın səviyyəsini türk dövlətlərinə nəzərən quracaq. Beləcə, Ermənistan Rusiya üçün həmişə olduğu kimi, “xırda pul” statusunda olacaq. Demək, Ermənistanın bu statusdan və izolyasiyadan qurtulub, normal inkişaf eləməsi üçün öncə türkdilli dövlətlərlə, ilk növbədə isə Türkiyə və Azərbaycanla münasibətlər qurması qaçılmazdır. Ötən 25 il də göstərdi ki, ermənilər Rusiyanın vassalı olmaqla nə Qarabağ məsələsini öz xeyirlərinə həll edə bildilər, nə də normal dövlət kimi iqtisadi tərəqqiyə nail oldular. Heç İrəvanın özü Dağlıq Qarabağı “müstəqil” dövlət kimi tanımağa cürət eləmədi.     Bu, erməni siyasi elitası və toplumu üçün çox böyük bir yekun, siyasi dərsdir. Əgər qonşu ölkənin siyasi rəhbərliyi və xalqı reallıq hissini itirməyibsə, o zaman özləri üçün ciddi nəticə çıxarmalıdırlar. Əks halda, ermənilər Rusiya olmasa da, başqa iri güclərin siyasətləri üçün “xırda pul”a çevriləcəklər və günün birində nəinki “ikinci erməni dövləti”, Ermənistanın özü də dövlət olaraq dünya xəritəsindən silinəcək. ***Əfsus ki, işğalçı ölkədə belə perspektivi hesablaya bilənlər çox deyil. Çünki Qarabağda 24 il öncəki müvəqqəti hərbi qələbənin doğurduğu əsassız eyforiya buna imkan vermir. Hərçənd ara-sıra praqmatik fikirlər də eşidirik. Məsələn, tanınmış erməni politoloqu Manvel Sərkisyana görə, son olaylar göstərir ki, Rusiya Qarabağ məsələsində Türkiyənin mövqeyinə keçib. Sərkisyan erməni portalına müsahibəsində deyib: “Bunu gözləmək olardı. Çünki Rusiya neçə aylıq mübahisələrdən sonra Türkiyə ilə əlaqələri bərpa eləmək imkanlı qazanıb. Təbii ki, bunun ardınca gündəlikdə ilk olaraq erməni məsələsi duracaq. KTMT-nin İrəvan sammiti ilə bağlı verilən bir sıra bəyanatlar da onu göstərir ki, onlar yeni mövqelər tutmağa, öz mövqelərini irəli aparmağa çalışırlar. Türkiyə tələb irəli sürüb, Rusiya da mövqeyini bildirib. Məntiq aydındır: Ermənistanın Azərbaycanla əlaqələri qaydaya salması üçün Türkiyə 5 rayon haqda tezis və şərt irəli sürüb və bəyan edib ki, Rusiya da bunu dəstəkləyir. Öz növbəsində Moskva türk-erməni əlaqələrinin normallaşmasını Qarabağ məsələsi ilə əlaqələndirməklə Ankaranın yanaşmasını təsdiqləyib. Halbuki, indiyədək belə bir şey yox idi və Rusiya Ermənistanın ”türk-erməni münasibətləri Qarabağ şərti olmadan normallaşmalıdır” yanaşmasını dəstəkləyirdi. İndi isə, Rusiya faktiki, Türkiyənin mövqeyini qəbul edib və Azərbaycan da öz mövqeyini bildirməli idi”.Azərbaycan isə qəti mövqeyini ölkə başçısının dilindən artıq ortaya qoyub – Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu – “muxtar respublika”, əhalisinə isə təhlükəsizlik və rifah vəd eləməklə. Bu, ən optimal təklifi də ermənilər rədd edəcəksə, o zaman özlərinin sabiq prezidenti Levon Ter-Petrosyanın 19 il öncə dediyi məşhur xəbərdarlığını uzun müddət yada salmalı olacaqlar: “Bizə indi təklif ediləni götürməsək, vaxt gələcək onun üçün yalvaracağıq, çünki zəifləməkdə davam edəcəyik”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler