Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda “Qarabağ: tarix ve irs” mövzusunda beynelxalq elmi konfrans keçirilir

10 Kasım 2016

12:12 pm


10/11/2016 [16:11]: xeber –
Noyabrın 10-da “Holiday İnn” hotelində “Qarabağ: tarix və irs” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşır.Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən, Qarabağ problemindən söz açdı: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tək torpaqlarımizin itirilməsi ilə hiss etmirik. Beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda da bunun şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə də hiss edirik. Müəyyən vasitələrlə, alimlərin hazırladıqları faktlarla bunun qarşısını almağa çalışırıq. Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətin bir çoxunun – muğam sənəti, çövkən oyunu, tar ifaçılıq sənəti, aşıq musiqisi, xalçaçılıq kimi mirasımızın UNESCO Qeyri-maddi mədəni irs siyahısına daxil olmasına nail olub. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzu böyük rol oynayıb”.Nazir diqqətə çatdırdı ki, ölkəmiz Qarabağın işğalı ilə çox böyük mənəvi və mədəni itkilərə məruz qalıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə, 149 yerli əhəmiyyətli abidə, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 heykəl, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib. Dünya əhəmiyyətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, nadir eksponatlara malik Şuşa Tarix Muzeyi, dünyada ikinci olan Ağdam Çörək Muzeyi, Zəngilandakı daş heykəllər ermənilər tərəfindən məhv edilib. Hazırda dağıdılmış və talan edilmiş memarlıq abidələri içərisində Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, eyni zamanda Yaxın və Orta Şərqin ən qədim yaşayış məskənlərindən olan Azıx və Tağlar mağaraları, Üzərliktəpə yaşayış məskəni, kurqanlar və yüzlərlə yerli və ölkə əhəmiyyətli tarixi abidə var.Konfransın materiallarının çap ediləcəyini bildirən Əbülfəs Qarayev Azərbaycan xalqının ağrılı problemini müzakirə edərək dəstəklədiklərinə görə beynəlxalq təşkilatların rəhbərlərinə, alim və mütəxəssislərə təşəkkür etdi, konfransın işinə uğurlar arzuladı.IRCICA-nın baş direktoru Halit Eren konfransın rəhbərlik etdiyi qurumla Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olduğunu söylədi. Layihənin məqsədi Azərbaycanın Qarabağ bölgəsindəki mədəni və memarlıq irsinə diqqət çəkmək və bu irsi qorumağa töhfə verməkdir. Bu layihə problemi müzakirə etməyə və sənədlər toplamağa, dünya ictimaiyyətini məlumatlandırmağa və Qarabağın mirasının qorunmasına yönəlmiş elmi, professional və təcrübi təşəbbüsdür. Layihəyə əsasən bölgənin tarixi ilə bağlı qaynaqların nəzərdən keçirilməsindən mirasın qorunması və restavrasiyasına qədər müxtəlif istiqamətlər, bunlarla bağlı sahələr mütəxəssislər tərəfindən müzakirə ediləcək.Bildirildi ki, təşkilatın 56 üzv ölkəsi bu mövzu ilə yaxından maraqlanır. Qurumun toplantılarında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarında demoqrafik, mədəni və fiziki quruluşu dəyişdirməyə yönəlmiş, mədəni mirasın və müqəddəs yerlərin dağıdılması və işğal edilməsi, iqtisadi və digər sahələrdə qanunsuz fəaliyyətlərindən narahatlıq ifadə edilir. Bu baxımdan qurum üzv dövlətləri effektli tədbirlər görməyə çağırır.Qurumun mədəni və memarlıq irsinin qorunması istiqamətində onillərə dayanan təcrübəsinin olduğunu söyləyən Halit Eren Qarabağın mədəni və memarlıq irsi ilə bağlı geniş layihəni IRCICA-nın illik proqramlarına saldıqlarını və bu mövzunu diqqətdə saxlayacaqlarını vurğuladı. Qeyd olundu ki, layihənin nəticələri qurumun sənəd və nəşrləri yolu ilə tanıdılacaq.AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və İlk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz və onların öyrənilməsi xronologiyası barədə danışdı. Qeyd etdi ki, Qafqazda arxeoloji tədqiqatların öyrənilməsi ilk olaraq Azərbaycanın Qarabağ bölgəsindən başlanıb. Azıx və Tağlar mağaralarında Daş dövrünün bütün mərhələləri əks olunub. Qarabağın coğrafi şəraiti insanların məskən salması üçün çox əlverişlidir.Qeyd edək ki, iki gün davam edəcək elmi konfransda “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi”, “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” mövzularda sessiya və müzakirələr aparılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler