Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda olmağım ölkeye ancaq xeyir getire biler”

31 Ağustos 2016

7:00 am


31/08/2016 [10:58]: xeber –
20 ildir Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb. O, Azərbaycan və regionla bağlı gündəmi əhatə edən məsələlərə dair fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik:- Öncə onu soruşaq, qardaşınız Sabir müəllimin vəfatı ilə bağlı yaxınlarınız tərəfindən ölkə rəhbərliyinə Azərbaycana gəlməyiniz, yasda iştirakınıza imkan verilməsi üçün müraciət edildimi? Yeri gəlmişkən, bu arada, ümumiyyətlə, birdəfəlik Azərbaycana qayıdacağınız barədə xəbərlər dövriyyəyə girmişdi yenə…- Bizim ailəmizdə müəyyən qayda-qanun hökm sürür. Mənim razılığım olmadan heç kim heç yerə müraciət etməz. Müraciət ediləcəksə, mən özüm etməliyəm. Mənim müraciət edib-etmədiyimi elan etməyimin isə heç bir əhəmiyyəti yoxdur. Çünki müraciətin əhəmiyyəti ancaq icazə veriləndə ola bilər. Hər halda, fikrimcə, ölkədə hakimiyyətin yuxarı pilləsində məntiqli düşünən, ağıllılar vardır. Həmin ağıllı şəxslər bilirlər ki, mənim Azərbaycanda olmağım ölkəyə ancaq xeyir gətirə bilər. Hökumətdə olanların hamısı yaxşı bilirlər ki, mən əqidəmdən heç vaxt dönmərəm. Məsələn, heç vaxt korrupsiya və rüşvəti dəstəkləmərəm və ölkənin bu xərçəng xəstəliyinə qarşı mübarizəmi heç vaxt dayandırmaram. Mənim gəlişim bu  xəstəliyi yayanları dərin təşvişə salır və onlar axıra qədər mənim gəlməyimə maneçilik törətməyə çalışacaqlar. Ancaq məntiqli düşünənlər mənim müxalifətdə olmağıma baxmayaraq, heç vaxt konstitusiyanın, qanunların əleyhinə gedib zorla hakimiyyət dəyişikliyinə can atmayacağımı da bilirlər. Əgər mən bu yolun adamı olsaydım, iki dəfə – 1994-cü  ilin oktyabr və 1995-ci ilin martında hakimiyyəti asanlıqla ələ keçirə bilərdim.- Rəsul Quliyev hazırda nə iş görür, hansı siyasi və ya ictimai işlə, əmək fəaliyyəti ilə məşğuldur Amerikada?- Hazırda kitab üzərində işləyirəm, ara-sıra ölkədə baş verənlərə facebook səhifəmdə münasibət bildirirəm.- Amerikadan baxanda ABŞ-Azərbaycan münasibətləri və əlaqələri, əməkdaşlığı necə görünür? – Amerika ilə elə bir yaxın münasibətlərin olduğunu görmürəm. ABŞ-ın beş-altı hərbi təyyarəsinin Azərbaycandan uçmasının elə bir əhəmiyyəti ola bilməz. ABŞ-ın hərdən “Azərbaycan bizim strateji partnyorumuzdur” deməsi dəcəl uşağın başını sığallamaqdan başqa bir şey deyildir. Yadınızdadırsa, ABŞ Rusiyanı 2014-cü ilə qədər özünün ən dəyərli strateji partnyoru adlandırırdı. Bir günün içərisində “Rusiya ancaq regional derjava ola bilər” (yəni təqribən 8 postsovet respublikasının siyasətinə təsir göstərə bilər) damğasını yapışdırdı. Rusiyanın enerji resurslarına baxmadan sanksiya qoydular. Çünki Rusiya, Azərbaycan daha çox neft istehsal edib satmaqda Qərbdən asılıdırlar, Qərb onlardan yox.- Türkiyədəki 15 iyul hadisələri sizin qiymətləndirmənizdə nəyin nəticəsi idi və bundan sonra nələr ola bilər? – Türkiyədə dövlət çevrilişinə cəhd başlanandan 15 dəqiqə sonra BBC bu barədə məlumat verdi. Maksimum 25 dəqiqədən sonra mən bu dərbənin Türkiyə üçün necə ziyanlı olacağı barədə yazı yazdım. Qeyd etdim ki, bu dərbə baş tutsa da, tutmasa da Türkiyənin AB-yə qovuşması 10 illərlə geri atılacaq. Xalqın ayağa qalxıb bu çevrilişin qarşısını almağının vacibliyini də qeyd etdim. Çox şükür, bu çevriliş baş tutmadı. Ancaq onun ardınca prezident Ərdoğanın dərbədən istifadə edib ona qarşı real müxalifətdə olanları kütləvi şəkildə işdən çıxarması (50 min müəllim, həkim, inzibatı orqanlardan 10 mindən çox adamı kənarlaşdırması, 30-dan TV, 46 qəzeti bağlaması və 102 jurnalisti həbs etdirməsi, 10-lara məktəb və xəstəxanaları bağlatdırması), bir sözlə, repressiya etməsi bu dərbənin rəsmi şəxs – prezident tərəfindən davam etdirilməsinə bənzədi. Dünyada 2500-dən çox məktəbi olan Güləni Türkiyənin bütün bəlalarının başçısı elan etməsi, ABŞ-a “ya Gülən, ya Türkiyə seçimi etməlisən” kimi nota verməsi əlbəttə ki, heç xoşagələn hadisə deyildi. Üstəlik, Qərbi “Rusiyaya yaxınlaşacağı” ilə şantaj etməsi sözün əsl mənasında Ərdoğanı sivil dünyada gözdən salan hadisədir. Bu davranışla faktiki Türkiyəni izolyasiyaya saldı. Ərəb ölkələri və İran tarixən heç vaxt Türkiyəni sevməyiblər. Almaniya (onsuz da əvvəldən Ərdoğanı sevmirdilər) Türkiyəyə qarşı neqativ münasibətini artıq bildirdi. NATO-dan çıxarılmasına səbəb olacaq bəyanatlar verməklə Türkiyə çox təhlükəli siyasət yeridir. Türkiyə böyük Osmanlı imperiyasından kiçik Türkiyə yaradılmasında, deyəsən, rus imperiyasının həlledici rolunu unudub. İndi ruslara yaxınlaşmaqla (NATO-dan çıxarılarsa) 18-ci əsrdən Bosfor boğazına nəzarəti ələ keçirmək istəyini (Qərbin hesabına bu işi görə bilmədi) reallaşdıracaq. Bir sözlə, Türkiyə çox böyük təhlükə qarşısındadır, Ərdoğanın apardığı siyasət bu ölkəni bankrota yaxınlaşdıra bilər, ciddi korrektələr edilməlidir mövcud siyasətə.- Azərbaycandakı siyasi durumu necə qiymətləndirirsiniz? – Ötən illərlə müqayisədə siyasi durumda elə bir dəyişiklik görmürəm. Nə hakimiyyət apardığı siyasəti dəyişib, nə də xalqda bir oyanış hiss olunur.- Referenduma çıxarılan məsələlərin hansı xeyri və ya fəsadı ola bilər?- Referenduma çıxarılan məsələlər sırasında insan haqları ilə əlaqədar, amma yerinə yetirilməyəcək bir sıra müddəalar vardır. Ancaq yerinə yetiriləcək və mövcud rejimi gücləndirəcək bir çox fundamental qanunlar vardır. – Son vaxtlar Qarabağ məsələsi ətrafında yeni planlar haqda danışılır. Diqqət xüsusilə Rusiyanın üzərinə yönəlib ki, Putin hansısa şərtlər daxilində Qarabağın qaytarılmasını həyata keçirə bilər. Nə dərəcədə realdır bu?- Hərdən mənə elə gəlir ki, Azərbaycan xalqının inana bilməyəcəyi adi və ya fantastik yalan tapmaq mümkün deyildir. Nə yazılsa, nə deyilsə inanacaq. Çünki Putin ən azı 16 ildir (hər il 3-4 dəfə)  Dağlıq Qarabağ  problemini bizim xeyrimizə həll edir. “Bu gün-sabah ermənilərlə ya dil tapıb, ya da məcburən əvvəl DQ ətrafı rayonları, sonra da bütövlüklə Qarabağı bizə qaytaracaq” şayiələri qəzetlərdə yer alır və camaat şad-xürrəm gözləyir. Bu şadlıq zəifləyəndə yenidən “Putin bu dəfə artıq hökmən torpaqları qaytartdırır” yazıları yenidən gündəmə gəlir. İnsanlar neçə il tam sadəlövh fantaziya, yuxu arzuları ilə yaşayar, bilmirəm. Bir il, maksimum 5 il. Mənə belə gəlir ki, azərbaycanlıların sadəlövhlüyünün hüdudu ölənə qədərdir. Mən 1996-cı ilin mayından bu yana bəlkə 50-ci dəfədir deyirəm ki, Azərbaycan rejimində köklü dəyişiklik olmadan biz heç vaxt Qarabağı geri qaytara bilməyəcəyik və heç bir ölkə, o cümlədən Rusiya bu məsələdə köməkçi ola bilməz. Əksinə, Azərbaycan Ermənistanla təkbətək danışıqlar aparıb (DQ nümayəndəsinin iştirakı ilə) müəyyən pozitiv bir nəticəyə gəlsələr, Rusiya istənilən provokasiya yaratmaqla bu işin qarşısını almağa çalışacaq.- Azərbaycanda hazırda hər kəsi narahat edən manatın devalvasiyası, dollar ajiotajıdır. Sizcə, bu prosesi tənzimləmək mümkün olacaqmı, yoxsa devalvasiya davam edəcək? – Azərbaycanda manatın devalvasiyasının qarşısını ala biləcək elə bir qüvvə yoxdur. Çünki bu, qarşısıalınmaz bir prosesdir. Bunu anlamaq üçün fundamental bir ağıla malik olmaq lazım deyildir. Elementar bir nümunə: Tutaq ki, 5 toyuğun  və bir inəyin var. Sən gündə 5 yumurtadan artıq yumurta yeyə bilərsənmi? Xeyr. İnək əgər 5 litr süd verirsə, ancaq o həcmdə içib və ya sata bilərsən. Bu aksiomdur. İndi bunu bir ailədən dövlətə keçirin. Dövlət nə qədər qazanırsa (dövlətin qazancı büdcəyə daxil olan pullardır) bir o qədər xərcləyə bilər, ondan artıq xərcləmək üçün başqa ölkələr və ya təşkilatlardan borc götürməlidir.Azərbaycan dövlətinin büdcəsinə gələn pulların 70-80 faizi 2003-cü ildən neftin xaricə satışından gələn puldur. Və bu illər ərzində (2015-ci ilə qədər) neftin bir barelinin qiyməti 20 dollardan 120 dollara qədər yüksəlib. Başqa sözlə, 5-6 dəfə artıb. Və nəticə olaraq vətəndaşlar istehsalı artırmasa da büdcə, məsələn, 4 dəfə artıb. Neftin qiymətinin belə qalxması spekulyasiyadan başqa bir şey deyildi. Yəni həmin yumurta məsələsinə qayıdaq. 5 toyuq 5 yumurta verib, ancaq yumurtaların sayı eyni olsa da, müəyyən dönəmdə – 10 ildə möcüzə baş verib və yumurtalar qızıl yumurtalar olub. Toyuq sahibi bir yumurta satmaqla həm özünü təmin edib,  həm də yerdə qalanları satıb pulu başqa şeylərə xərcləyib; ev tikdirib, bahalı maşın və başqa şeylər alıbdır. İndi 10 ildən sonra toyuq yenidən normal yumurtalar gətirir. Elə bilmisən, konkret halda hökumət elə bilib ki, həmişə belə olacaq, yəni toyuq həmişə qızıl yumurtlayacaq, nə əlavə 3-4 inək almamısan, nə torpaqlarında pambıq, taxıl əkməmisən. İndi gərək əvvəlki vəziyyətinə qayıdasan. Azərbaycan büdcəsi 10 il müddətində əsassız olaraq lazımsız tikintilərə, dövlət büdcəsindən maaş alanların maaşlarının qaldırılmasına  sərf edilib. İndi o maaşları aşağı sala bilməzsən, bu, açıq-aşkar inqilaba gedən yoldur. Xalqın anlamayacağı, daha doğrusu, çətinliklə və gec anlayacağı yol seçilir; veriləcək maaşın alıcılıq qabiliyyətini aşağı salmaq variantı. Bunun da daha gec anlanan forması manatın məzənnəsinin aşağı salınması forması seçilir. Başqa sözlə, manat dollara münasibətdə devalvasiya edilir, dollar alanların sayı azalır, xaricdən mal alıb gətirmək faizi aşağı düşür, bazarda qiymətlər qalxır və bugünkü 500 manata aldığı şeylərin bir aydan sonra ancaq 70 və 3 aydan sonra 50 faizini ala bilirsən. Yəni bu məsələni əlahəzrət bazar həll edir. Başqa bir yol isə sovet sistemidir, hökumət nə qədər pulu varsa, o qədər mal bazara çıxardır, talon və mallara standart qiymət qoyulması həyata keçirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler