Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Türklerinin son imperiyası: Qacarlar dövleti…

08 Eylül 2016

1:48 pm


08/09/2016 [17:45]: xeber –
VI YAZIŞimali Azərbaycan tarixçiliyi Sovet tarixçiliyi metodologiyası ənənəsinə sadiq qalaraq hazırda da Rusiya-Qacarlar müharibələrini (1796-1797; 1804-1813; 1826-1828) “Rusiya-İran müharibəsi” kimi qələmə versə də, əslində bu, “İran” adı altında ümumiləşdirilən Qacarların rus qoşunlarının Cənubi Qafqazdan, o cümlədən Şimali Azərbaycandan çıxarılması uğrundakı savaşı idi. Bu anlamda Şimali Azərbaycan Türk Xanlıqlarını, o cümlədən Azərbaycan türklərini “Rusiya-İran müharibəsi”nin qurbanı kimi qələmə verilməsinin əleyhinə çıxaraq özəlliklə, Azərbaycan tarixinin 4-ci cildində bununla bağlı yer almış fikirləri qətiyyən doğru hesab etmirik. Bizcə, Şimali Azərbaycan Türklərinin SSRİ tarixçiliyi ənənəsinə sadiq çağdaş Azərbaycan  tarixçilərinin yazdıqlarının tam əksinə olaraq həmin müharibələrdə mövqeləri, bəzi xəyanətkar xanlarla kiçik ətrafları istisna olmaqla bütövlükdə birmənalı olmuş, onlar Qacarların yanında yer alaraq digər Oğuz-Azərbaycan türkləri ilə birlikdə çar Rusiyasına qarşı savaşmış, nəticədə də iki deyil bir xarici qüvvənin işğalçılıq siyasətinin qurbanı olmuşdur. Bu müharibədə yeganə işğalçı qüvvənin çar Rusiyasının olmasını təsdiq edən ən mühüm fakt odur ki, rəsmi Moskva müharibənin gedişi zamanı onun yanında yer alan xanların (İbrahimxəlil xan vəb.) zaman-zaman qətlinə fərman verdiyi halda (təxminən bir əsr sonra da eyni işi rus bolşeviklər onlarla “əqidə” yoldaşı olan Türk-Azərbaycan bolşeviklərinin başına açmışdır), ancaq vaxtilə Qacarlara xəyanət edən xanlar Ruslardan qaçıb onlara sığınanda belə bir problemlə qarşlaşmamışlar.Bütün bunların doğru olub-olmadığını müəyyənləşdirmək üçün həm Şimali Azərbaycan Türk Xanlıqlarının Rusiya-Qacarlar müharibələri dövründə tutduqları mövqeyə, həm də çar Rusiyasıyla Qacarların onlara olan münasibətlərinə nəzər salmaq kifayətdir. Hələ, ikinci Rusiya-Qacarlar müharibəsi (1804-1813) ərəfəsində,  məcburi şərtlər altında əvvəllər Rusiyaya yaxınlıq göstərən bəzi xanlıqlar (Gəncə, Bakı, Quba vəb.) səhvlərini anlayaraq Qacarlar tərəfinə keçməyə başlamışdılarsa, Qarabağ xanlığı başda olmaqla digər xanlıqlar (İrəvan, Şəki, Şamaxı vəb.) isə şimal imperiyasından üz döndərməyə cəsarət etmirdilər. Hər halda Gəncə xanlığı, başda Cavad xan olmaqla çar Rusiyasının Qafqazdakı işğalçı ordusuna, onun başçısı general Sisianova qarşı (1803-1804-ci ilin yanvarı) mərdliklə, şərəflə döyüşdükləri bir vaxtda, Qarabağ xanı İbrahimxəlil xan Rusiyanın vassallığını qəbul etməyə hazırlaşaraq hətta, Qacarlardan müdafiə olunmaq üçün ruslardan hərbi yardım istəmişdi. Üstəlik, İbrahim xan vaxtilə Qacarlar sarayına göndərdiyi, daha sonra Fətəli şah Qacarın göstərişiylə Qarabağa onun üzərinə gələn oğlu Əbülfət xanın 5 min nəfərlik hərbi qüvvəsini Qarabağ yaxınlığında düşmən kimi qarşılamışdı.Əslində Fətəli şah Qacarın istəyi Qarabağ xanlığını döyüşsüz Qacarlara tabe etdirmək idi. İbrahimxəlil xanın Rusiyaya güvənərək, öz oğlu Əbülfət xanın başçılıq etdiyi Qacarlar ordusuyla döyüşdüyünü yaxşı anlayan Fətəli şah Qacar bütün bunlara baxmayaraq, növbəti dəfə onun yanına elçilər göndərdi. Şahın elçiləri bildirdilər ki, İbrahim xan Rusiyayla müharibədə Qacarlarla birləşəcəyi halda Qarabağ xanlığına toxunulmayacaq və Qarabağ mahalının var-dövləti, hakimiyyəti daima onun nəslinin olacaq: “Bunlardan məqsəd odur ki,  Allahın əlilə yaradılmış, Gürcüstan və Şirvanın əsas qapısı olan möhkəm Şuşa qalası Rusiya dövləti qoşununun əlinə keçməsin”. Bir sözlə, Fətəli şah Qacar bütün vasitələrdən istifadə edərək İbrahimxəlil xanın Rusiyaya itaət etməsini əngəlləməyə çalışmışdı. Qarabağ xanlığının Qacarlara birləşdirilməsi məsələsini xoşluqla etməyə çalışan Fətəli şah Qacar bunun üçün İbrahimxəlil xanın bütün tələblərini yerinə yetirməyə hazır idi. Fətəli şah Qacarın İbrahimxəlil xana böyük güzəştlər qarşılığında Qarabağın Rusiyaya qarşı dirənməyə sövq etməsini ağıllı və doğru siyasət kimi qəbul edirik.Ancaq İbrahimxəlil xan Fətəli şah Qacarın tarixi çağırışını doğru cavablandırmaq əvəzinə, onun bu fikirlərini Tiflisdə oturan Sisianova çatdırdı, üstəlik sonuncunun istəyi üzrə 1805-ci ilin mayın 14-də Rusiyayla utancverici Kürəkçay müqaviləsi bağladı. Mirzə Camal Cavanşir yazır: “Mərhum İbrahim xanın qızı Ağabəyim ağa Fətəli şahın baş hərəmi, oğlu Əbülfət xan isə əmirəlüməra və hörmət sahibi olduqlarına baxmayaraq o, yüksək Rusiya dövlətini əbədi, böyük imperatorun ədalət və mərhəmətini daimi sanıb, imperatorun mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. İran dövlətinə (Qacarlar dövlətinə-F.Q.) və onun mərhəmətinə məhəl qoymayıb, yenidən Tiflis şəhərinə elçi göndərdi. Sərdar Sisianovla görüşmək və itaət şərtlərini qurtarmaq istədiyini bildirdi”. Hesab edirik ki, Qarabağ xanlığının Şəki xanlığını da təhrik edərək Rusiyayla Kürəkçay müqaviləsi bağlaması Qacarlar üçün də həm gözlənilməz, həm də sarsıdıcı bir hadisə olmuşdur. Bizcə, Gəncə xanı Cavad xandan fərqli olaraq İbrahimxəlil xanın, onun kürəkəni Səlim xanın, eləcə də Şamaxı xanı Mustafa xanın Rus ordusuna qarşı dirəniş göstərməməsi milli faciəmizdə həlledici rol oynadı. Əgər onlar Cavad xan kimi, rus ordusuna qarşı döyüşsəydilər, yaxud da ən azından Kürəkçay kimi utancverici müqavilə bağlamaqdan imtina etsəydilər o zaman durum fərqli ola bilərdi.Bu baxımdan biz də razılaşırıq ki, Rus-Qacar müharibəsi ərəfəsində, eləcə də müharibənin ilk illərində (1804-1806) bu savaşa münasibətdə Şimali Azərbaycan Türk Xanlıqları arasında ikitirəlik mövcud olmuşdu. Özəlliklə, Qarabağ xanlığının Rus-Qacar müharibəsinin ilk illərində tutduğu əsasən rusyanlı mövqeyi etiraf olunmalıdır ki, bəzi xanlıqlar (Şəki, Şamaxı vəb.) da İbrahim xanın təsiri altında onun yolunu getmişlər. Bu  anlamda deyə bilərik ki, Rus-Qacar müharibəsi ərəfəsində və ilk illərində Gəncə, Dərbənd, Quba, Bakı kimi xanlıqlar Qacarlarla birlik nümayiş etdirdikləri halda, Qarabağ və ona yaxın xanlıqlar isə Rusiyaya meyil göstərmişlər. Ancaq onu da etiraf etməliyik ki, sonuncuların özləri də Qarabağ xanı İbrahim xan başda olmaqla, Rusiyaya münasibətdə sona qədər qətiyyətli mövqe ortaya qoymadılar. Görünür, İbrahim xan hətta Kürəkçay müqaviləsinə baxmayaraq, hansısa səbəblərə görə Rusiyaya tam etimad göstərməmişdir. Özəlliklə Cənubi Qafqazdakı Rus qoşunlarının komandanı general Sisianovun 1806-cı ilin fevralında Bakı yaxınlığında Bakı xanlığının xanı Hüseynqulu xanla görüş zamanı öldürülməsi etimadsızlığı artırmış, bu hadisədən az sonra İbrahim xan Qacarlarla münasibətlər qurmuşdur. “Qarabağnamə” müəllifləri bunu, İbrahim xanın qocalığı, xəstəliyi və başqa səbələrlə bağlamağa çalışsalar da, bütün hallarda  Qacarlarla yaxınlaşma hadisəsi olmuşdur. Qarabağ xanının zamanla dəyişən ikili mövqeyi Rusiyayı narahat etdiyi üçün, ruslar İbrahimxəlil xanın ölümünə fərman verdi. Əslində İbrahimxəlil xanın aqibətinin bu cür sonlanacağı bəlli idi. Çünki Qacarlardan fərqli olaraq Rusiya Qarabağ xanından istədiyini almış, onunla Kürəkçay müqaviləsi olaraq tarixə keçən bir müqavilə bağlamağa nail olmuşdu. Bu anlamda İbrahimxəlil xanın guya, rus mayoru Lisaneviçə şərləndiyi üçün öldürülməsi uydurmadan başqa bir şey deyildir. İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsinə əsas səbəb “rus mayoruna şərlənməsi”nə görə deyil, ikili mövqeyi (gah Rusiyaya, gah da Qacarlara meyliliyi) və bunun müqabilində artıq Kürəkçay müqaviləsindən sonra Rusiya üçün xeyli dərəcədə əhmiyyətsizləşməsi olmuşdur. Hər halda xanlığı dövründə əsasən Rusiyanın himayəsinə sığınmasına baxmayaraq, İbrahimxəlil xanın bəzi məqamlarda Qacarlara meyillənməsi Rusiyaya problem yaradırdı ki, bu isə ruslara heç cürə əl vermirdi. Xüsusilə, rusları narahat edən İbrahim xanın Kürəkçay müqaviləsindən imtina edib Qacarlara birləşə bilməsi ehtimalı idi. Halbuki Kürəkçay müqviləsinin 1-ci maddəsində yazılırdı: “Şuşalı və Qarabağlı İbrahim xan iranlı (Qacarlar-F.Q.) və hər hansı bir başqa dövlətdən hər cür vassallıq və aslılıqdan həmişəlik imtina edir və yalnız Rus imperatorununun hakimiyyətini qəbul edir”. Məhz Rusiyaya bağlılığı bildirən bu maddənin dəyişməz qalmasının tək real yolu, onun öldürülüb yerinə atasından daha çox Rusiyaya bağlı olan Mehdiqulu xanın gətirilməsi idi ki, çarizm bunu çox “uğurlu” şəkildə həyata keçirdi. Burada tək təskinliyimiz odur ki, Şimali Azərbaycan Türk Xanlıqları arasında əsas rol oynayan Qarabağ Xanlığı məsələsi böyük ölçüdə Rusiyanın xeyrinə, Qacarların isə zərərinə həll olunsa da, ancaq bu hadisədən Qacarların deyil məhz rəsmi Moskvanın işğalçı olması açıq şəkildə ortaya çıxmış oldu.İbrahim xanın qətliylə (1806, iyun) Rusiyanın Xanlıqlar üzərində çirkin bir oyun oynadığını daha gerçək olaraq anlayan Şəki, Quba, Bakı, Şamaxı, İrəvan kimi xanlıqlar Qacarlara üz tutaraq Şimal imperiyasına dirənişlər göstərməyə başladılar. Bu dirənişlər hərbi anlamda ciddi uğurlarla nəticələnməsə də (1806-cı ilin sonların doğru Lənkəran, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla digər xanlıqlar Rusiya tərəfindən işğal olundu), ancaq prinsipial olaraq Şimali Azərbaycan Türkləriylə Qacarların daha sıx birləşməsinə səbəb oldu. Hər halda bir şeyi anlamaq çətin deyildi ki, Qacarlara tabe olan xanlıqlar varisliklərini davam etdirdikləri halda, çar Rusiyasının vasallığını qəbul edən ya da qəbul etməyən bütün xanlıqların varlığı bütün anlamlarda yavaş-yavaş aradan qaldırılmağa başlanmışdı Belə bir durumda, Rus-Qacar müharibəsinin sonrakı illərində (1807-1813, 1826-1828) Şimali Azərbaycanın işğal altında olan ərazisində çar Rusiyasının “parçala və hökm sür” siyasətinə qarşı üsyanlar baş qaldırırdı ki, bunu gerçəkləşdirən üsyançılar da Qacarlarla bir yerdə hərəkət edirdilər.Şübhəsiz, Qacarlarla Şimali Azərbaycan Türkləri arasında birliyin yaranmasında Rusiyaya meyilli xanların acı aqibətiylə yanaşı, əski dövrlərdə olduğu kimi vahid vətən, vahid dövlət, vahid millət halında yaşamaq istəyinin güclənməsi də mühüm rol oynadı. Bizcə, ən azından 1796-1797 və 1804-1813-cü illərədə baş tutmuş Rus-Qacar müharibələrində vətən, dövlət, millət ideyaları din amili ilə müqayisədə  ön planda tutulmuşdu. Yalnız 1812-ci ildən etibarən ingilislərin məsləhətiylə Fətəli şah Qacar Rusiyaya qarşı müharibəni din uğrunda müqəddəs cihad kimi bəyan etmişdi. Bu zaman belə bir sual yaranır ki, niyə bu vaxta qədər (1812) Qacarlar ruslarla savaşda din məsələsini arxa planda tutmuş, üstəlik, xristian ingilislərin müsəlman Qacarların xristian Rusiyayla müharibəsinə dini don geyindirməkdə məqsədi nə olmuşdur?Dos., Dr. Faiq Qəzənfəroğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler