Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Türklerini son imperiyası:Qacarlar dövleti

10 Ağustos 2016

4:04 pm


10/08/2016 [20:02]: xeber –
Oğuz-Türkmən soylu Qacarlar çoxda uzaq olmayan bir dövrdə, yalnız rəsmi olaraq 1935-ci ildən etibarən “İran” adlanmağa başlayan ərazidə, əslində isə əsasən, tarixi Turan-Midiya-Azərbaycan torpaqlarında aşağı-yuxarı 150 ilə yaxın, təxminən 1780-ci illərdən 1925-ci ilədək hakimiyyət sürmüşdür. Böyük bir ərazidə, özü də siyasi, etnik baxımdan olduqca mürəkkəb bir şəraitdə hakimiyyət sürmüş Qacarların tarixi Səfəvilər, Əfşarların tarixi kimi tarixçilərin əksəriyyəti tərəfindən ideoloji olaraq çox dolaşdırılmışdır.Doğrudur, Qacarların bir Türk sülaləsi olmasını əsasən nə dünya tarixşünaslığı, nə də bölgənin Türk, Fars, Ərəb və başqa tarixçiləri inkar etmirlər. Öncə, Türk-Moğol haklimiyyəti, ancaq əsasən Səfəvilər dönəmindən başlayaraq Qarabağın, Gəncənin, Şirvanın, Şəkinin, İrəvanın və onlara yaxın ərazilərin hakimləri Qacarlar olmuşlar. XIX əsrin başlarında Qacarlar dövrünün ilk tarixçilərindən Əbdürrəzaq bəy Nəcəfqulu oğlu yazır ki, Türk-Moğol hökmdarı Abaqa xanın əmriylə Qacarlardan Sərtaq ağa Arqun xanın atabəyi təyin edilmiş, o, Xorosan və Təbəristanın əmirülümərası olmuşdur. Sərtaq ağanın oğlu Qacar da həmin nəslin ən tanınmış şəxsiyyətlərindəın biridir. Türk-moğollardan sonra Əmir Teymur da Qacarlara böyük etimad göstərmiş, onlardan 50.000 min ailənin İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirilməsinə əmr vermidşir. Daha sonra Səfəvi hökmdarlarından I Şah İsmayıl, I Şah Təhmasib, I Şah Abbas Qacarlara daima etimad göstərərək yerlərdə (Gəncə, İrəvan, Şirvan, Qarabağ, Astrabad vəb.), eləcə də mərkəzi hakimiyyətdə onlara böyük üstünlük tanımışlar. Səfəvi Qızılbaşların Qacarlara olan bu etimadı real olaraq onların sonuncu hökmdarı olmuş II Şah Təhmasibə qədər davam etmişdir. Hətta, II Şah Təhmasib Astrabad bəylərbəyi Fətəli xan Qacarı 1722-ci ildə Səfəvi ordusunun baş komandanı və vəkilüdövlə təyin etmişdir.Ancaq 1726-cı ildə sui-qəsd nəticəsində öldürülümüş Fətəli xan Qacarın yerinə Səfəvi ordusunun baş komandanı təyin edilən, başqa bir Oğuz-Türkmən soylu Əfşarlardan Nadir xan Əfşarın ulduzunun parlaması, çox keçmədən də bütün imperiya daxilində daha güclü mövqeyə və nüfuza malik olması bir müddət Qacarların önə çıxmasını əngəlləmişdi. Üstəlik, Səfəvi imperiyasının süqutundan sonra Əfşarlarla Qacarların araları xeyli dərəcədə açılmışdır ki, buna səbəb də sonuncuların Səfəvilər sülaləsinin rəsmən məhviylə razılaşmaq istəməməsi, üstəlik bunun baş verməsində Əfşarları günahkar hesab etmələri idi (başqa səbəblər də istisna deyil).Qacarlar Əfşarlar dönəmində bir qədər kölgədə qalsalar da, Nadir şah Əfşarın sui-qəsd nəticəsində ölümündən dərhal sonra (1747), Türk-Moğol hakimiyyəti, eləcə də I Şah Təhmasiblə (1524-1576) I Şah Abbasın dövründə (1587-1629) Şimali Azərbaycandan (Gəncə, Qarabağ, İrəvan vəb.) gələrək daha çox cəmləşdikləri, hətta Səfəvilər dönəmində uzun müddət bəylərbəyi kimi hökm sürdükləri Astrabadda Qacar-Astrabad xanlığının əsasını qoydular. Beləliklə, Qacar-Astrabad xanlığı da Əfşarların süqutundan sonra yaranmış digər xanlıqlar kimi, öncə müstəqilliklərini müdafiə etmək daha sonra digər xanlıqları özlərinə tabe etdirməklə yeni dövlət yaratmaq uğrunda uzun müddətli bir mübarizəyə qoşuldu. Qacar-Astrabad xanlığı başlanğıcda, yəni xanlığın qurucusu Məhəmmədhəsən xan Qacarın  dövründə (1749-1759-cu illər) müəyyən qədər uğurlar əldə etsə də, sonralar zəifləmiş hətta, tamamilə aradan qalxmaq (1760-1770-ci illər) təhlükəsiylə üz-üzə qalmışdır. Ancaq Qacar-Astrabad xanlığının taleyini müsbət anlamda iki məsələ: 1) Qacarların Şimali və Cənubi Azərbaycanda, o cümlədən digər qonşu ərazilərdə (Astrabad, Xorasan vəb.) kütləvi yaşması və bu ərazilərdə hakim təbəqə olmaları; və 2) Məhəmməd­həsən xan Qacarın böyük oğlu Ağa Məhəmməd xan Qacarın (d.1741/42-ö.1797)  dahi və uzaqgörən siyasəti həll etmişdi.Deməli, Astrabad-Qacar xanlığının digər xanlıqlardan əsas özəlliklərindən biri Qacarların yalnız Astrabadda deyil, eyni zamanda Gəncə, Qarabağ, İrəvan, Şəki, Xorasan, Şirvan və başqa ərazilərdə kütləvi şəkildə yaşamış, hakimiyyət sürmüş böyük bir Oğuz-Türkmən boyu olması idi. XIX əsrin ortalarında milli filosofumuz, milli tarixçimiz Abbasqulu Ağa Bakıxanov Qacarların Azərbaycana olan bağlılığını çox aydın şəkildə ifadə etmişdir: “İrəvan, Gəncə və Qarabağ əhalisi və əhalisinin çoxu, Qacarlar nəslindən olduğu üçün, onlar çox vaxt Şirvan ölkəsində sakin və hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi də Qacar deyirlər”. Bu isə, Qacarların kiçik bir xanlıqdan böyük bir dövlətə çevrilməsi yolunda böyük şans idi. Şübhəsiz, Qacarlardan bu şansı yaxşı dəyərləndirərək onu gerçəkləşdirə biləcək birinə ehtiyac var idi ki,  həmin şəxs də Ağa Məhəmməd xan olmuşdur. Ağa Məhəmməd Qacarın böyük uzaqgörənliyi və siyasi taktikları nəticəsində məhv olmaq üzrə olan Qacar-Astrabad xanlığı nəinki yenidən dirçəlmiş, çox keçmədən onun bünövrəsində yeni bir Oğuz-Türkmən dövləti olan Qacarlar ortaya çıxmışdır.1779-cu ildə Qacar-Astrabad xanlığının başına keçən Ağa Məhəmməd Qacar çox bacarıqlı, uzaqgörən siyasətçi kimi yaxşı anlayırdı ki, əski Səfəvilər torpaqlarında möhkəmlənməyənə qədər, yeni dövlətin ömrü Əfşarlar dövləti kimi, qısa sürəcəkdir.  Bunun üçün isə, hərbi ugurlar azdır eyni zamanda dövlətin ideoloji əsaslarını möhkəmlətmək lazımdır. Ona görə də, Ağa Məhəmməd şah Qacarın  Təbriz yaxınlığındakı Tehranı ələ keçirdikdən sonra (1786) onu Qacarlar dövlətinin paytaxtı kimi seçməsi çox ağıllı siyasət idi. Onun əsas məqsədi yeni dövlətin ana sütunu olan Azərbaycandan, Azərbaycan türklərindən daima dəstək almaq, eyni zamanda çar Rusiyasının işğalçılıq siyasətini pozmaq idi. Hətta, yalnız Azərbaycan Türk xanlıqlarını deyil, Qacarlar dövlətinin tərkibinə qatılan digər xanlıqları da mərkəzi dövlət tərəfindən idarə etmək üçün paytaxtın Tehranın seçilməsi dogru addım idi. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Ağa Məhəmməd şah Qacarın qurduğu Qacarların dövlətinin ideolojisi “Fars-İran hökmranlğı” ideyasından çox uzaq idi.  Üstəlik, Ağa Məhəmməd şah Qacarın yeni dövlət yaratmaq amacıyla təkcə özünü deyil, Qacarlar nəslinin böyük bir qismini də bu yolda qurban verməsinin “Fars-İran hökmranlığı”na heç bir aidiyyəti ola bilməz. Buna ən bariz nümunə müdrik, böyük dövlət xadimi Ağa Məhəmməd şah Qacarın vahid dövlət ətrafında birləşmək naminə Urmiya Xanlığının xanı Əli xan Əfşara yazdığı məktubdur. Həmin məktubda Qacarlar dövlətinin qurucusu yazırdı: “Türk tayfaları Əfşarlar və Qacarlar birbirilə müharibə aparmaqla ümumu düşmənin (bizcə, Ağa Məhəmməd şah “ümumi düşmən” dedikdə, çar Rusiyasını nəzərdə tutmuşdur- F.Q.) qələbəsi üçün imkan yaradırlar. Qacar tayfaları ilə ittifaq bağlamaqla Əfşar tayfaları öz vilayətlərinin müstəqilliyini qoruya bilərlər və heç kimin onların torpaqlarına hücum etməyə cəsarəti çatmaz”.Hesab edirik ki, Ağa Məhəmməd Qacarın bu fikirləri onun “İran” ya da “İran taxt-tacı” ugrunda deyil, tam əksinə Türk birliyi, Səfəvilər dövlətinin varisi kimi yeni Oğuz-Türkmən dövləti uğrunda mübarizə aparmasının ən aşkar örnəyidir. Bununla yanaşı, Ağa Məhəmməd Qacarın türklüyünü, Oğuz-Türkmən dövləti uğrunda  mücadilə verməsini ortaya qoyan ikinci mühüm dəlil də vardır. Bu da, Ağa Məhəmməd Qacarın vəlihəd təyin etdiyi qardaşı Hüseynqulu xan Qacarın oğlu Xanbaba Cahanbaniyə yazdığı vəsiyyətnamədir. Həmin vəsiyyətnamədə, vaxtilə Çingiz xanın həyata keçirdiyi yasaya da uyğun olaraq Qacarlar dövlətinin hökmdarlarının (ata və ana tərəfdən) yalnız Qacarlar soyundan olması xüsusilə vurğulanmışdır ki, bunu da yalnız qeyri-türklərin hökmdar soyuna qarışmasını əngəlləməklə izah etmək olar. Şübhə etmirik ki, Ağa Məhəmməd şah Qacar Səfəvi hökmdarlar nəslinin farslaşmasının acı nəticələrini yaxşı bildiyi üçün, belə bir vəsiyyətnamə yazmalı olmuşdur.Ona görə də, Sovetlər Birliyi dövründə Qacarlar haqqında yazılmış bütün tarixi saxta tarix adlandırır, Ağa Məhəmməd şah Qacarın yeni dövlət qurmaq yolunda atdığı bütün addımları, verdiyi fərmanları, apardığı savaşları, o cümlədən Cənubi Qafqazla onun bir parsaçı olan Şimali Azərbaycan uğrundakı müharibələri müqəddəs hesab edirik. Bu anlamda gənc tədqiqatçı Şivani Ədillinin Qacarlarla bağlı yazdığı aşağıdakı fikirlərinin tamamiylə razılaşdığımızı da ifadə edirik: “Qacar xanlığının şahlığa çevrilənədək apardığı mübarizənin, müxtəlif qüvvələrlə keçirdiyi çoxsaylı döyüşlərin ardıcıl, sistemli şəkildə ayrıca tədqiqi və yazılması təəssüf ki, indiyə qədər həyata keçirilməmişdir. Halbuki, Azərbaycan-türk dövlətçiliyi tarixində Qacarların bu mübarizə dövrü çox önəmli bir mərhələ təşkil edir. Tarix dərsliklərində isə əksinə, Quzey Azərbaycan xanlıqlarının separatçı fəaliyyəti milli dövlətçiliyimizin inkişafı kimi təqdim edilmiş və qabardılmış, Qacarlar yadelli işğalçı, düşmən kimi qələmə verilmişdir”.Doğrudan da, bu gün “Azərbaycan tarixi” (özəlliklə, 7 cildlik “Azərbaycan tarixi”) adını daşıyan kitablarda Qacarların əski Səfəvilər torpaqlarını birləşdirmək istəyi işğalçılıq kimi qələmə verilir. Onların “İran” adı altında ümumiləşdirilərək “işğalçı” və “düşmən” kimi qələmə verilməsi Sovetlər Birliyi dövrünün sözdə “elmi tarixçi”liyinin məhsuludur. Çox yazıqlar olsun ki, Sovet tarixinin bu saxta metodologiyasını çağdaş Azərbaycan tarixçiliyi demək olar ki, böyük ölçüdə davam etdirməkdədir. 7 cildlik  “Azərbaycan tarixi”nin 3-cü cildində Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycan xalqının düşməni, işğalçı kimi qələmə verilir. Halbuki, “İran işğalçısı” kimi qələmə verilən Əfşarlar və Qacarlar soyundan olanlar bu günün özündə də Şimali və Cənubi Azərbaycanın əhalisinin xeyli bir qismini təşkil edirlər. Bu o deməkdir ki, millət olaraq özümüz özümüzü işğal etmişik?!Ona görə də hesab edirik ki, Ağa Məhəmməd şah Qacar Əfşarların süqutundan sonra ortaya çıxan bütün xanlıqları, o cümlədən Cənubi Azərbaycan xanlıqlarını yeni dövlətın ətrafında birləşdirdiyi kimi, çox haqlı və təbii olaraq Şimali Azərbaycan da daxil olmaqla Cənubi Qafqazı da bu birliyin, vahidliyin içində görmüşdü. O, bu işdə birinci deyildi. Ağa Məhəmməd Qacardan öncə Oğuz xan, Alp Ər Tonqa, Aran, Babək, Əbu Sac Divdad, Sultan Səncər, Şəmsəddin Eldəgiz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl, Nadir şah Əfşar və başqa türk öndərləri eyni addımı atmışdılar. Bu anlamda Ağa Məhəmməd şah Qacardan çox-çox öncələr, yeni dövlətin yaranmasını rəsmən elan etmək üçün Azərbaycanın bütününə sahib çıxmaq bir ənənə halına almışdı. Bir sözlə, hər hansı Türk-Oğuz boyu Azərbaycanın tamamına sahib çıxırdısa, onlar digər əraziləri də hakimiyyəti altına alır, eyni zamanda güclü, qanuni bir dövlət olduqlarını sübut etmiş olurdular. Bu anlamda sələflərinin yolunu davam etdirən Qacarların Sovetlər Birliyi dövründə “İran işğalçısı” adı altında yadlaşdırılması anlaşılandırsa, ancaq müstəqil Şimali Azərbaycanda hələ də, buna son qoyulmaması çox düşündürücüdür.Dos., Dr. Faiq Qəzənfəroğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler