Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Keçici Qırmızı Bayraq alsın deye pambıq yığmışam”

08 Temmuz 2016

3:28 pm


08/07/2016 [19:24]: xeber –
Həyatda mütləq anlamda “yaxşı, pis” olduğunu düşünmürəm. Hər şey nisbidir, mənim pis adlandırdıqlarımı kimlərsə özünə ideal seçər, dostlarım kimlərinsə düşməni ola bilər. Oxucudan bircə xahişim var: mənə kiminsə övladı, bacısı, arvadı, valideyni, dostu, qohumu prizmasından baxmasın. Qəbul etdiniz, etmədiniz, mənə Mən kimi baxın.Birinci fəsilAtam Asim, anam Fəridə dil-ədəbiyyat mülləmləri idi. Kirovabad (Gəncə) Pedaqoji institutunda bir qrupda oxumuş, beşinci kursda evlənmişlər.Asim müəllimÇox gənc olduqlarından ana nənəm bu evliliyə qarşı olub, amma sonra atam onun sevimli kürəkəninə çevrilib.Fəridə müəlliməMən valideynlərimə “papa”, “mama” deyirdim. Belə öyrətmişdilər. Sovet ideologiyasından gəlmə seçim idi. Valideynlərim öz valideynlərindən danışanda “atam”, “anam” deyərdilər. Anam hətta atasını “dədəm”,  hər ikisi ata babamı “ağam” deyə xatırlardılar. Mənsə hələ də “papa, mama” deyə danışıram valideynlərim barədə. Özü də hər zaman sağmışlar, yanımdaymışlar kimi. Onların adının qarşısına “rəhmətlik” sözünü yaraşdırmıram. Heç ölümüylə barışa bilmədiyim yeznəm Xudayətə də.Gecəli-gündüzlü müəllim nəzarətində olmaq- çətindir.  Özü də ötən əsrin 60-70-ci illərində. Sovet təhsil sisteminin gurlayan, parlayan çağlarında.  Allahım, mən ötən əsrdənmi qalmışam? Deyəsən başımın üstündən, yan-yörəmdən  illər üç-üç, beş-beş uçub gedib. Bunu niyə hiss eləmirəm görəsən? Onlardan elə biri yoxdur ki, uçub getdiyinə təəssüflənəm. Çox pis.Müəllim adının ən hörmətli, müqəddəs çağları idi o zamanlar. Məktəbdə uşaqlar məndən soruşardılar ki, atan, anan evdə çay içirmi, çörək yeyirmi? Cavabım onları qane etmirdi. Inanmırdılar mənə. Atam məktəbimizin direktoru idi.  24 yaşında Gəncədən təyinatla getdiyi Samux rayonunda müəllim işlərkən onu direktorluğa layiq bilmişdilər. 1954-cü ildə Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Samuxun suyun altında qalan bir neçə kəndini Bərdə rayonuna köçürəndə valideynlərim Gəncəyə qayıtmır, kənd camaatı ilə birlikdə yeni salınan “Qırmızı Samux”a gəlirlər. Leninabad kəndinə. Ailədəki dörd uşaqdan tək mən bu kənddə doğulmuşam. O birilər “korennoy” gəncəlidirlər. Bərdəyə köçən ili atam qabaqca çiy kərpicdən 5-6 sinif otağı olan məktəb tikdirir. Sonra ora-bura yazıb min zülümlə daş bina tikilməsinə razılıq alır. Yaraşıqlı, hər cür imkan və şəraiti olan  yeni məktəb binası tikdirir. Mən o yaraşılı binada oxumuşam. Yaşadığımız kənd 1954-cü ildə Sovet dönəmində xüsusi planla tikildiyindən qəsəbəyə bənzəyirdi. Asfaltı, qazı, suyu, işığı, hamamı, çayxanası, dəlləkxanası, ərzaq və sənaye malları mağazaları, stadionu, mədəniyyət evi, kino salonu, hər evdə telefon, mərkəzləşmiş radio şəbəkəsi, daha nə bilim nəyi, gülü-çiçəyi, səliqə-sahmanı yerində. İndinin qaçqın qəsəbələri kimi. Ara-sıra Bakıdan kəndə bizə qonaq gələn musiqi nəzəriyyəsi müəllimi Fərman dayım kəndin asfalt döşənmiş  yollarına baxıb bizə sataşırdı: “Kənddə bədən tərbiyəsi”. Yəni bu qədər inkişaf etmisiniz, asfaltda gəzirsiniz. Hardasa haqlıydı da.Məktəbə beş yaşımda getmişəm. Ailəmizin sonbeşiyiyəm. Özümdən iki yaş böyük bacım birinci sinfə gedəndə bir neçə ay onun çantasını daşımışam. Sonra mənə də kitab, çanta alıblar. Birinci sinif yaşım çatanda mən hamıdan “savadlı” idim.Birinci sinifdəValideynlərim, ayrıca atam çox ciddi və tələbkar idi. Dərsdən qalmaq, məktəbə gecikmək, dərsi öyrənməmək söhbəti yoxdu. Müəllimlər hər səhvimi birinci atama deyirdilər. Əlbət direktorluğuna həsəd aparırmışlar. Onun zəhmi adamı basırdı. Bu zəhmi yaradan direktorluğu, partiya üzvlüyü, aşırı ciddi adam olması idi. Atamın rayon boyda hörməti vardı. Gənc yaşlarında onu kəndin ağsaqqalı bilib yanına məsləhətə gəlirdilər, elçiliyə, qız qaçırılanda barışığa aparırdılar. Atam həm də şair idi, gözəl şerlər yazırdı. Şair ürəyi yumşaq, qəlbi həssas olur. Hərdən atamın xarakterində direktorluğu şairliyini üstələyirdi. Ömrünün sonlarına yaxın xəstəlik onun qəddini əydi, sağlamlığını üstələdi.  1990-cı ilin 20 Yanvar gecəsində yaşadığı həyəcandan anamın da səhhətində problemlər yarandı. Dörd övladı Bakıda olan anam o gecə ciddi sarsıntı keçirib bütün kəndi ayağa qaldırmış, sonra şəkər xəstəsi olmuşdu. Odur ki, atamla anam təqaüdə çıxıb Gəncəyə köçdülər. İndi hər ikisi Səbzikar qəbristanlığında uyuyur, Allah rəhmət eləsin!Atamın 70 yaşı olanda qardaşım onun şer kitabını çap etdirdi. Atam çox sevindi, qardaşım bu kitabla övladlıq borcundan çıxdı. Mən borclu qaldım… Atamın “Gəncəm” şeirinə dayım Nəriman Əzimov eyniadlı mahnı bəstələyib. O kitab, bizim nəslin toy rəqsinə çevrilən “Gəncəm” atamdan qalan ən böyük xatirədir. (Zəruri əlavə: bu il atamın 90 yaşına ikinci şeir kitabını çap etdirdik).Sahil bağının keçmişiAnam şəhər uşağı, gəncəli qızıdı. Amma kəndə elə uyğunlaşmışdı ki, deyərdin burda doğulub. Hamıya əl tutur, hamıyla  dil tapır, kömək edirdi. Deməzdin direktor arvadıdır. O kəndin qadınları şəhər adətlərini-ev bəzəməyi, zövqlü  süfrə açmağı, löyünbəlöyün, yəni növbənöv ətirli, şəffaf mürəbbələr bişirməyi, geyinib-gecinməyi ondan öyrənirdilər. Atam IX-X, Anam V-VIII siniflərə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. Dərsini yaxşı oxuyan uşaqları tərifləyəndə “İstəyirəm ürəyimi yarıb səni ürəyimin içinə qoyum” -deyirdi. İnanırdım, ürəyim düşürdü. Anam çox gözəl qadın, əla müəllim, super evdar xanımdı. Bizdən heç razı qalmırdı: “Biriniz də mənə oxşamadınız”-deyirdi. Amma biz üç bacı elə ona oxşamışıq.Keçmiş Lenin sarayının qarşısıAna babamı, ata nənəmi, babamı yaxşı xatırlamıram.  Tək o yadımdadır, atam bizim hamımızı Gəncəyə xəstəxanaya aparmışdı, orda xəstə yatan babamla görüşmək üçün. Amma babam onun üzündən öpməyə qoymadı bizi. Bir beçə gün sonra səhər çalınan telefon zənginə oyanan anam atamı yuxudan oyadıb, “Asim, dur Ağamı gətiriblər”-dedi. Babam, İsa Çələbi dünyasını dəyişmişdi…Orta məktəb həyatım kənd uşaqlarınınkından fərqlənməyib. Sentyabrdan-noyabracan Azərbaycan Keçici Qırmızı Bayraq alsın deyə pambıq yığmışam (gündə70-80 kiloqram), yayı Gəncədə, Bakıda, Kəlbəcərdə, Xaşbulaqda keçirmişik. Məni bir dəfə olsun dərsdən yayınmağa qoymayıblar. Yuxarı siniflərdə oxuyanda bir yol dərsimi öyrənməmişdim deyə, özümü xəstəliyə vurub məktəbə getmədim. Guya başım ağrıyırdı. Səhəri gün donuzqulağı (svinka) olub düz 14 gün dərsdən qaldım. Yatmaqdan bezdim. Bir də özümü xəstəliyə vurmadım. Sonralar, işləyən zaman bu hal bir neçə dəfə təkrarlandı. Nə zaman vacib iş üçün yalandan xəstəlik vərəqi (bülleten) alsaydım arxasınca xəstələnər, daha bir- iki həftə işdən qalardım. Orta məktəb illərində fasiləsiz  bədii ədəbiyyat oxuyurdum. Evimizdə çoxlu kitab vardı, məktəb kitabxanasında da nə istəsən tapmaq olardı. O kitabların hamısını oxumuşdum. İnşa yazılarından həmişə “5” alardım. Atam məktəb direktoru olduğuna görə beş almırdım, “5” halal qiymətim idi. Mən atamın qorxusundan, daha doğrusu direktor qızı olmağın məsuliyyətindən yana əlaçı olmuşdum. Bir növ məcburi qaydada. Onuncu sinfi bitirəndə bütün fənlərdən “5” almışdım. Amma kimya və fizikadan “5”i yəqin ki, atama görə vermişdilər. Buraxılış imtahanında atamla hər zaman çəkişmədə olan Müysüf müəllim riyaziyyatdan  mənə “4” yazdı, bununla da “Qızıl medal”  ala bilmədim.  Çantasını daşıdığım  bacım Dinar məndən qabaq Qızıl medal almışdı. Tibb institutuna daxil olub istəmədiyi fakültəyə düşdüyünə görə noyabr bayramında (Böyük Oktyabr Sosialist İnqilabının ildönümü) evə gəlib instituta qayıtmamışdı. Rektor Zəhra Quliyevadan dalbadal teleqramlar gəlirdi, axırda atam gedib dedi ki, qızım bu fakültədə oxumaq istəmir. Eşidən- bilənin gözü kəlləsinə çıxmışdı. O illər Tibb institutunun qiyməti 20-25 min idi. Təxminən beş jiqulinin qiyməti. Bizim maşınımız yox idi, amma jiqulinin qiymətini bilirdim. Məktəbdə xadimə işləyən Nabat xalanın oğlu lotoreyada jiquli udmuşdu, (bir dəfə də biz “Zil Moskva” soyuducusu udmuşduq, hələ də işləyir) onu kənddə sürüb “avtoşluq” edirdi, elə bilirdi qızların ağzının suyu axacaq. Gördü belə deyil, maşını 5 min rubla satıb Bakıya getdi. Onu, əlində dəstə-dəstə qırmızı onluqlarla, göy iyirmi beşliklərlə görəndə gözüm kəlləmə çıxmışdı. Bu qədər  pulu ilk dəfə görürdüm. Jiquli necə havayı gəlmişdisə, pullar da elə havaya uçdu. Bacım ikinci il o zamankı qəbul qaydalarına uyğun olaraq bir imtahandan “5” alıb Tibb institutunun müalicə-profilaktika fakultəsinə qəbul olundu. Yəni bizim “5”-lər halal beşlərdi. Haram insanlar onlara şübhə ilə baxırdı.  Müysüf müəllim qardaşımla mənim Qızıl medala gedən yolumuzu bilərəkdən kəsmişdi. Sən bir bax, insanın iki dəfə adını çəkdim, heç birində “rəhmətlik” sözünü yaza bilmədim.Doqquzuncu sinifdə oxuyanda indiki uşaqların tanımadığı, bizim nəslin “babası” ( indiki nəslin də öz “baba”sı var)-, “proletariatın dahi rəhbəri  V.İ. Lenin” haqqında yazdığım inşa Maarif (indiki Təhsil) nazirliyinin keçirdiyi respublika müsabiqəsində mükafata layiq görülmüşdü. Qəzetlərdə adım, yazımdan parçalar çıxmışdı. Şəklimi verməsələr də çox sevinirdim. Bu uğur həm də məktəbin adına yazılmışdı. Ona sevinməyənlər də vardı, əvəzini çıxdılar. Müsabiqə qalibi olandan sonra həvəsləndim, doqquzuncu, onuncu sinifdə rayon qəzetinə kiçik yazılar yazdım. Bərdədə çıxan “Kommunizm yolu” qəzetində çap olunan saralmış, yapışqanlı yazılarımı hələ də saxlayıram. Sırf sovet üslubudur. Patriotik ruh, supertərif, gələcəyə inam. Ağzında “Kommunizm yolu” deyirsən. Tələbəykən mən o qəzetdə təcrübədə oldum, nə qədər şablon olsa da Rafil Hüseynovun yazılarını daha çox bəyəndim. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir jurnalist nə zamansa icra başçısı ola bilər. Harda? Masallıda.Rafil HüseynovDünyanın qəribə işləri tək mənim başma gəlmir. Bu qəribəliklər kiminə xeyir gətirir, kiminə zərər. Nə qədər qəribə görünsə də hər zaman ətrafımdakılardan fərqlənmişəm. Bir dəfə mənə dəyər verən dostlardan biri “hardandır səndə  bunca sərbəstlik, özgüvən, azadlıq” -deyə soruşdu. “Bilməm” dedim. Sonra xatırladım, mən- kənd məktəbində oxuyan bir qızcığaz hər zaman bacarığımla, savadımla, davranışımla, geyimimlə, görkəmimlə, hətta maneralarımla öndə, diqqət mərkəzində olmağa, seçilməyə çalışmışam, buna doğru getmişəm. Kənddə yaşayanda ən çox Alla Puqaçovanı, Co Dasseni, Afrik Simonu, ABBA-nı dinləyirdim. Puqaçovanın mahnıları  ilə rəqs edirdim. “Feleçita”nı sevirdim. Nəinki sinfimizdə, hətta məktəbdə kimsə onları tanımırdı. Onların vallarını Bakıda həkimlik oxuyan qardaşım alıb gətirmişdi. Hər gün val çaldırır, dinləyirdim. Özü də yüksək səslə. Avtoş qaqaşlar maşında musiqiyə necə səs verilərsə elə. Həyətimiz məktəbin həyətinə bitişikdi-dərsə gedən də bu musiqiləri eşidirdi, dərsdən qayıdan da.  Məktəbdən bizə iki dəqiqəlik yoldu, evə gələn kimi musiqiyə güc verirdim. Atam, anam işdən qayıdana yaxın söndürürdüm üstü patefonlu radionu. Indi zövqüm dəyişib, yüksək səslə musiqi nədi, danışığı belə dinləyə bilmirəm. Səs beynimə işləyir: taq, taqq, taqqq, taraqqq. Elə gün olmur ki, Sezen Aksunu dinləməyim. Onun mahnıları mənim həyatımdır-öz adına çıxır.  Onun mahnılarının sözlərini mən yazmışam, ayrıları imza atıb-o qədər doğmadır.Hərdən Xumar Qədimovanı dinləyirəm. Fərqli olsalar da, Xumar mənim üçün yerli Sezen Aksudur. Flora Kərimovaya aşiqəm. Onların sinələrində döyünən, kobud ifadə olmasın, hansısa ət parçası deyil, hər an oxuduğu yerdə dayana biləcək qədər həssas ürəkdir. Indi belə düşünürəm. Mühit, bir də mühit, indikilər yazdığı kimi yazsam, ortam -insanı o formalaşdırır, dəyişdirir. Mən sərbəst düşüncəylə doğuldum, bəzi illər sıxılsam da, bütövlükdə həyat bu sərbəstliyi əlimdən ala bilmədi. Çoxları bunu qəbul etmək istəmir, illah da indiki yaşda. Etməsinlər, öz günahlarıdır.Onuncu sinifdə oxuyanda  biologiya olimpiadasının respublika turunda 3-cü yerə çıxmışdım. Mənə fəxri fərman, mükafat olaraq çoxlu kitab verdilər. Hələ də anlaya bilmirəm, mənim biologiya olimpiadasında nə işim vardı. Çünki beşinci sinifdən bilirdim ki, hüquqşünas olacam. Özü də ancaq və ancaq müstəntiq. Bu sənətlə bağlı o qədər əsər oxumuşdim ki… Hətta Şerloks Holmsu da tanıyırdım.Fimar Asimqızı…Davamı 10 iyulda…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler