Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AZƏRBAYCAN TÜRKLƏRİNİN SON İMPERİYASI: QACARLAR DÖVLƏTİ

28 Ekim 2016

6:48 am


28/10/2016 [10:45]: xeber –
(XIII YAZI)1907-1909-cu illərdə Qacarlar hökmdarlarıyla Türk məşrutiyyətçilərinin münasibətlərinin kəskinləşməsi, yəni imperiyadakı iki Türk qüvvənin qarşı-qarşıya qoyulması hər ikisini zəif saldı. Şübhəsiz, Türk ağalıqla Türk məşrutiyyətçilərin qarşı-qarşıya gəlməsində mühüm rol oynayan yerli farsdilli qüvvələrlə onların havadarları daha çox qazanmış, yəni bu prosesdən güclü çıxmış oldular. Belə ki, Məhəmməd Əli şahın mütləqiyyətçilik düşüncəsindən, antiməşrutəçiliyindən istifadə edən farsdilli qüvvələrin iki tərəfə (Qacarlar ağalığına və Türk məşrutəçilərə) son, ancaq öldürücü zərbə vurmaq üçün hərəkətə keçmələri qədər, eyni zamanda Müzəffərəddin şah Qacarın elan etdiyi, ancaq oğlunun aradan qaldırmaq istədiyi məşrutəni qorumaq üçün türklərin ayağa qalxması da təbii idi.Beləliklə, Məhəmməd Əli Şahın məşrutiyyət deyil, mütləqiyyət yolu tutması Qacarların taleyini həll edən son faktor oldu. Belə ki, müəyyən bir aralıqdan sonra  yenidən məşrutiyyət, hürriyyət “meyvəsini dərmiş” Türk ulusunun hətta, qarşılarındakının öz soyundan olduqlarını bildikləri halda belə, bundan vaz keçməyəcəkləri, sonuna qədər mücadilə verəcəkləri bəlli idi. Şübhəsiz, bunu Məhəmməd Əli şahdan fərqli olaraq onu mütləqiyyət yoluna sürükləyən ruslarla ingilislər də yaxşı bilirdilər. Başqa sözlə, Qacarlar hökmdarının məşrutiyyəti ləğv edib mütləqiyyətə dönməsinə ilk etiraz edənlərin türklərin olması qaçılmaz idi ki, bütün bunlar gerçəkliyə çevrildi. Bu anlamda Türk (Azərbaycan) aydını Mirzə Ələkbər Sabir həmin dövrdə qələmə aldığı bir şeirində doğru yazırdı ki, Tehran irticaçıların (farsdillilərin, rusların, ingilislərin) əlinə keçdikdən sonra türklər Səttarxanla əhdü-peyman bağlayıb məşrutə-yeniləşmə əleyhdarlarına qarşı mücadiləyə başladılar:Ta ki, millət məcməin Tehranda viran etdilər,Türklər Səttarxan ilə əhdü-peyman etdilər,Zülmü istibdadə qarşı nifrət elan etdilər,Millətə, milliyyətə can nəqdi qurban etdilər..Ancaq daha sonra şairin yazması ki, “Həq mədədkar oldu Azərbaycan ətrakına (türklərinə), Ali-Qacarın protes etdilər Zöhakkına”, burada Məhəmməd Əli şahın ya da Qacarların istibdadının önə çəkilməsi fonunda Azərbaycan türklərinin onlara qarşı mücadiləçiliyi isə dövrün ideoloji təbliğatından yaranmış yanlışlıqların nəticəsi idi. Əslində Azərbaycan türklərinin mücadiləsi öncədən də dediyimiz kimi, “Qacarlar istibdadı”ndan çox Məhəmməd Əli şah Qacarı mütləqiyyət oyununa sürükləyən fasrdilli qüvvələrlə havadarlarına qarşı idi. Eyni yanlışılığı dövrün ideoloji şərtləri altında təkrarlayan Mirzə Möcüz Şəbüstəri də yazırdı ki, Türk olduqları halda türklüklərini danmalarına görə Qacarlar taxtdan düşməlidilər: Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!Bizcə, hər iki Türk mütəfəkkiri bu zaman daha çox “Qacarlar istibdadı” ya da “Məhəmməd Əli şah istibdadı”, o cümlədən Qacarların Türk kimliyinə yuxarıdan aşağı baxması kimi şişirdilmiş, təbliğat halına gətirilmiş düşmən ideolojilərdən çıxış etmiş, əsas antiməşrutəçilər farsdilli qüvvələrlə havadarlarının (İngiltərə, Rusiya) Türkü Türkə qarşı qoymaq kimi qorxunc, məkrli niyyətlərini tam dərk edə bilməmişlərDemək istədiyimiz odur ki, Səttarxanla Məhəmməd Əli şah Qacarı ya da türklərlə, o cümlədən Azərbaycan türkləriylə Qacarlar dövlətini qarşı-qarşıya qoymaq tamamilə yanlışdır. Şübhəsiz, Qacarlar dövründə elan olunmuş ilk məşrutənin faciəli sonluğunda Məhəmməd Əli Şah Qacar ya da bütövlükdə Qacarlar idarəediciləri, müəyyən qədər də Səttarxan başda olmaqla Türk məşrutəçilər yanlışlığa yol veriblər. Ancaq ilk məşrutənin faciəli sonlanmasında əsas rolu Məhəmməd Əli şah Qacarla Səttarxan ya da Qacarlarla Türk məşrutəçilər deyil, farsdilli qüvvələrlə onların havadarları (İngiltərə, Rusiya) oynamışlar. Bu anlamda Qacarların süqutunda Səttarxanmı yoxsa Məhəmməd Əli şahmı, Qacarlarmı yoxsa Türk məşrutəçilərimi günahkardır düşüncəsindən tamamilə uzaqlaşıb, artıq özümüzü özümüzə düşmən kimi qələmə verməkdən əl çəkməliyik.Bununla bağlı Əli bəy Hüseynzadə hələ, 1908-1909-cu illərdə yazdığı “Siyasəti-fürusət” əsərində çox incə, həssas şəkildə Ağa Məhəmməd şah Qacarın dilindən yazırdı ki, əslində Qacarlar özləri hakimiyyət başında olduğu müddətcə, məşrutiyyət və hürriyyət əleyhdarları da deyildilər. Bu anlamda Məhəmməd Əli şah da əslində məşrutiyyət əleyhdarı olmadığı halda oyuna gətirilmişdir. Hüseynzadə yazırdı: “Məhəmməd Əli şah ən xətərnak bir təriqi-zəlalətə sapmışdır. Onu o təriqə sövq edənlər də Əmir Bahadurlar, Hacübüddövlələr, siz və əmsalınızsınız (Mir Haşım, Şeyx Fəzlullah, Seyid Əli Yəzdi-F.Q,). Bu xainanə hərəkətinizdən utanıb qızarmıyorsunuz, qorxmuyorsnuz?!”.Ona görə də, 1907-1909-cu illərdə Təbrizi məşrutəni qoruma hərəkatının mərkəzi halına gətirən Türk (Azərbaycan) məşrutəçilərlə-yenilikçilərlə (Səttarxan, Bağırxanxan və b.) Məhəmməd Əli şahın da oyuna gətirilərək dəstəklədiyi daha sonra da xəyanət etdiyi irticaçı farsdilli qruplar arasında baş verən savaşları daha dərindən analiz etməliyik. Öncəlliklə, bilməliyik ki, Azərbaycan Türk məşrutəçiləri Qacarlara qarşı deyil, Məhəmməd Əli şahı əllərində oyuncağa çevirən antiməşrutəçi farsdilli müxtəlif irticaçılarla onların havadarlarına qarşı vuruşmuşdur. Əgər mərkəzi Təbriz olmaqla Türk məşrutəçiləri birmənalı şəkildə Qacarlara, Qacarlar dövlətçiliyinə qarşı qiyam qaldırıb onlarla savaşmış olsaydılar, o zaman deyə bilərdik ki, onlar xəyanətkardırlar, çünki bununla da Qacarların tarix səhnəsindən silinməsinə ciddi zəmin hazırlamışlar. Ancaq heç bir zaman Azərbaycan Türk məşrutəçilərinin Qacarları devirib onların yerinə başqa birini gətirmək kimi niyyətləri əsla olmamışdır. Türk məşrutəçilər başda Səttarxan olmaqla, yalnız Qacarların məşrutəli-konstitusiyalı bir dövlət halında qalması üçün Məhəmməd Əli şah Qacarın ətrafında toplanmış irticaçı farsdilli qruplara, eyni zamanda xarici düşmənlərə (ruslar, ingilislər) qarşı mücadilə veriblər. Ə.Hüseynzadənin təbrincə desək, Azərbaycan Türk məşrutəçilərinin mücadiləsi gerlikçilərə, irticaçılara, onların havadarlarına qarşı olub yenlikçilik və mədəniyyət uğrunda idi: “Çəkiliniz ortadan! Mədəniyyət gəlir. Təbriz mücahidlərinin, Səttarxanların qalibiyyəti ilə gəlir”.Bu baxımdan Təbrizdəki məşrutəçilərin lideri Səttarxan da, onun yolgöstərəni Nəcəf üləmaları da yaxşı bilirdilər ki, yerli irticaçı farsdilli qüvvələrlə onların dəstəkçiləri olan Rusiyayla İngiltərə Türk ulusunun öncüllüyündəki məşrutə hərəkatına qarşıdırlar. Türk məşrutəçilərinin tək güvəndikləri qüvvə isə Türkiyədir. Başqa sözlə, farsdilli “məşrutəçilər” ya da “antiməşrutəçilər” Rusiya və İngilətərədən dəstək alaraq hərəkət etdiklər halda, Türk məşrutəçilərinin yeganə ümid bəslədiyi Osmanlı türkləri (Gənc Türklər ya da “İttihad və Tərəqqi”çilər) olmuşdur. Bunu, Səttarxan Təbriz hərəkatı ruslar tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra (1909) üz tutduğu Tehranda sığıncaq tapdığı Osmanlı-Türkiyə konsulluğunda ondan bir jurnalist kimi müsahibə alan milli ideoloqumuz M.Ə.Rəsulzadəyə də etiraf etmişdir: “Sərdar (Səttarxan) qayətdə sadə və safdil bir adam olub, öz qüvveyi-bazusinə kəmali-əmniyyətlə inanan bir adam olduğu hər bir hərəkət və kövtari ilə aşkar ediyor. Nə üçün konsulxanada (Tehrandakı Türkiyə konsulluğu nəzərdə tutulur-F.Q.) bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı və ciddi bir tövr ilə:- Mən vətənimin istiqlalı yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü zaman, o doğma anam başqa bir həlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor (Türkiyə konsulluğuna sığınmasını nəzərdə tutur-F.Q.). Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvaifq gördük. Zira, İslam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir…Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm ediyor. Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkrarən bəyan etdiklərinə görə Nəcəf üləması hökmi-müqəddəslərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməsizin icrayə hazırdır.- Rus və ingilis konsulları yanıma gəldiklərində: məşrutə sənin əlindədir – dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazıram”.Deməli, Azərbaycan Türk məşrutəçiləri başda Səttarxan olmaqla, bir tərəfdən siyasi-ideoloji məsələlərdə Nəcəf üləmalarının fikirləriylə hərəkət edib, digər tərəfdən Osmanlı türklərylə yaxınlaşmağı məqbul görüblər. Şübhəsiz, Nəcəf üləmalarıyla Osmanlını idarə edən “Gənc Türklər” isə heç bir zaman Türksoylu Qacarlar dövlətinin devrilməsindən yana ola bilməzdilər. Belə olduğu təqdirdə deyə bilərik ki, Təbrizin Türk yeniləşmə hərəkatçılarının əsas məqsədi Qacarları hakimiyyətdən devirmək olmamışdır. Sadəcə, Azərbaycan Türk məşrutəçilərinin daim dəstəkləməyə hazır olduqları Qacarların hakimiyyətindən tək istəkləri Osmanlı kimi konstitusiyalı və parlamentli ölkə olmaq idi. Azərbaycan-Təbrizdəki məşrutə hərəkatının başçıları (Türkiyədəki Gənc Türklər kimi) hesab edirdilər ki, Qacarlar yeniləşmə sürəcindən, məşrutə hərəkatından kənarda qalacağı təqdirdə süquta uğrayacaqlar. Məhz bunun gerçəkləşməməsi üçün də Azərbaycan mərkəzli Türk məşrutə tərəfdarları Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə kimi idarə olunması yolunda mücadilə vermişlər. Bu anlamda Türk məşrutəçilərinin başladıqları hərəkat Qacarlara qarşı üsyan deyil, tam əksinə Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə olmasını qorumaq idi. Deməli, Türk məşrutəçilərinin savaşı da Qacarlarla deyil, Məhəmməd Əli şah Qacarı əlində oyuncağa çevirən xarici qüvvələrlə yerli farsdilli irticaçılar arasında olmuşdur.Dos., Dr. Faiq Qəzənfəroğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler