Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Axır ki, mene de sahib çıxan tapıldı…”

22 Haziran 2016

10:16 pm


23/06/2016 [02:13]: xeber –
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, şair, dramaturq, publisist  Seyran Səxavətin 70 illik yubileyinə orijinal bir təbrik töhfəsi olub. Belə ki, ədibin yaradıcılığının tədqiqatçısı Xəyalə Zərrab qızı Əfəndiyevanın Seyran Səxavət yaradıcılığına həsr etdiyi “Seyran Səxavətin bədii nəsrində sosial-psixoloji və mənəvi-əxlaqi axtarışlar” mövzusunda doktorluq dissertasiyası respublikamızın dəyərli elm adamlarının qatıldığı dəyirmi masada müzakirə olunub. Xəyalə ƏfəndiyevaProfessor Fəridə Səfiyevanın sədrliyi ilə baş tutan toplantıda yazıçı Seyran Səxavət, akademik Hətəm Quliyev, professor Abdulla Abasov, professor Tofiq Hüseynoğlu; professor Vaqif Sultanlı; professor İfrat Əliyeva; professor Nizaməddin Şəmsizadə; professor Almaz Əliqızı; professor Nüşabə Sadıxlı,  h.ü.f.d. Azər Namazov, dosent Elmira Mustafayeva, dosent Həqiqət Abdiyeva, dosent Sofiya Mirzəyeva; dosent Aytən Hacıyeva, dosent Vəfa Kazımova; fil.ü.f.d. Aytac Xalid qızı Zeynalova; dosent Sevinc Beydulla qızı Kazımova; fil.ü.f.d. Fərəh Niftəliyeva, fil.ü.f.d. Səidə Qafarova, fil.ü.f.d. Sevinc Muğanna, fil.ü.f.d. Sevinc Abasova və başqaları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Fəridə xanım bu geniş elmi müzakirədə böyük ziyalıları salamlamaqdan qürur duyduğunu dilə gətirdi: Bu gün bizim qızımız, gənc yetirməmiz, doktorant Xəyalə Zərrab qızı Əfəndiyevanın 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müzakirəsinə yığışmışıq. Bu müzakirənin bizim kafedra üçün iki əlamətdar cəhəti var. Birincisi ondan ibarətdir ki, Xəyalə bizim kafedranın ilk göyərçinidir. Biz hamımız hələ doktoranturaya qəbul imtahanı verəndə onun fədakarlığını, zəhmətkeşliyini, necə iradə ilə, yorulmadan çalışdığını görmüşük. Qısa zaman kəsiyində Xəyalənin öz tədqiqatını yekunlaşdırıb kafedraya təqdim etməsini də bütün müəllimlər təqdir etdi. Xəyalə Əfəndiyeva 2008-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə, 2010-cu ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə 5716.01- Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün əyani doktoranturaya daxil olmuş və doktorant olduğu illər ərzində beynəlxalq simpoziumlarda və respublika səviyyəli elmi konfranslarda məruzələrlə çıxış etmiş, tədqiqat mövzusu ilə bağlı 50-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Yəni bu, mənə elə gəlir ki, çox böyük müvəffəqiyyətdir. Bu mənada mən xüsusi qeyd etmək istəyirəm Xəyalənin nailiyyətlərini. İkinci əlamətdar hadisə onunla bağlıdır ki, bizim kafedranın bugünkü müzakirəsində mənim ən doğma adamlarım – mənim müəllimlərim iştirak edir. Mən onları salamlamaq istəyirəm ayrıca və onların hamısının mən öz adımdan da qeyd edirəm ki, bizim kafedrada işləyən çox adamlar da sözlərimə qoşular ki, onların bizim üstümüzdə çox böyük haqqı var. Haqqınızı halal eləyin, çox sağ olun ki, gəlmisiz və Xəyaləyə buna görə minnətdarlığımı bildirirəm ki, mənim əziz müəllimlərimi bura dəvət edib. İlk növbədə mən istərdim Xəyalənin rəhbəri, hörmətli Tofiq müəllim – professor Tofiq Hüseynoğluya sözü verək:Fil.e.d., prof. Tofiq Hüseynoğlu: Görürəm ki, burda çox görkəmli alimlər iştirak edir. Mənə nə qədər görkəmli ədəbiyyat adamlarından, alimlərdən zəng olub ki, bağışlayın ki, gəlib iştirak edə bilmədik. Bura gələn və gəlmiyib amma sevinən adamlar var ki, onlar təkcə Xəyaləyə görə yox, zəmanəmizin mən belə deyərdim ki, böyük Azərbaycan nasiri Seyran Səxavətə görə gəliblər. Seyran Səxavət bu gün bizim ədəbiyyatımızın nəsr sahəsində aparıcı müəllifidir. Yazıçı odur ki, ilk əsərində bir az zəif addım atır, ikincidə filanda onun yaradıcılığının inkişafını görmək mümkün olur. Seyran Səxavətdə bir cəhət mənim diqqətimi xüsusilə cəlb edir. O, ilk şeirlərindən, ilk şeir kitablarından, ilk əsərlərindən və romanlarından qətiyyən mövqeyini dəyişməyib. Yaradıcılığa necə başlayıbsa eləcə davam edib. Səməd Vurğun haqqında Mir Cəlal müəllim nə deyib. Deyib ki: Səməd Vurğun şair olmaq üçün kağız korlamayıb. Seyran Səxavət də yazıçı olmaq üçün, şair olmaq üçün, dramaturq olmaq üçün kağız korlamayıb. Çəmənzəminlinin birinci hekayəsi onun ən yaxşı hekayələrindən idi. Seyran Səxavət də subay planet haqqında şeir  yazanda ədəbi mühitdə yeniləşmə baş almışdı. Bundan əvvəl ədəbi mühitdə yeniləşmə halı bir qədər zəif idi və lap əvvəllər isə heç yox idi. O vaxt bir metod tələb olunurdu. sosialist realizmi metodu. Amma 60-cı illərdə metoda münasibət xaricdən belə dəyişmişdi. Xarici müəlliflər belə yazırdılar: indi sovet ədəbiyyatı deyilən ədəbiyyatda elə əsərlər meydana çıxır ki, onlar sosialist realizmi olduğuna görə yaxşı kimi təqdim olunurdu, yaxud yaxşı olduğuna görə sosialist realizmi kimi təqdim olunurdu. Məsələn: Şoloxovun “Sakit Don” əsərinə 60-cı illərin ortalarında sosialist realizmi ədəbiyyatının təmsilçisi kimi mükafat vermirdilər, onun əsərinin realizminin gücünə görə, sənətinin gücünə görə mükafat verdilər. Tolstoy deyir: Hər şey keçib gedəndir, qalan sənət olacaq. Bizim böyük dahilərimizin yaradıcılığında da bu problemlər həllini tapır, köhnəlir, gündəmdən çıxır, amma bu sənətkar qələmindən çıxmış olsa, onda görəcəyik ki, burda sənət qalır. Səməd Vurğunun çox şeirlərini biz ideyasına, fikrinə görə kənara ata bilmirik, amma Səməd Vurğunun bu gün gündəmdə olmayan şeirini oxuyanda ondakı sənət bizim fikrimizi qapayır. Sənət əbədidi, sənətkar qocalmır, sənət də qocalmır. Sənətkar qocalmır fikri akademik Məmməd Arifə məxsusdur, Sənət qocalmır fikrini də mən əlavə edirəm ki, bir elmi əsər öz gücünü, qüdrətini tez itirə bilər. Ən yaxşı elmi əsərin yaşamaq müddəti 50 il, 60 il, 100 il ola bilər. Amma ta Homer dövründən yazılmış yaxşı sənət əsərləri bu gün də həmin gücdədir. Şekspir bu gün də yaşayır.Seyran Səxavətin yaradıcılığında belə sənət və mövqenin, ideyanın, məzmunun, fikrin möhkəm qovuşuğunu görürəm. Seyran Səxavətə təşəkkür edirəm ki, ədəbiyyatımız sizin varlığınızla, sizin yaradıcılığınızla hər yerdə qürurlana bilər. Siz əgər Xəyalənin dissertasiyasını oxumuş olsanız, onda görərsiniz ki, Xəyalə qızımız sanballı bir əsər qoyub ortaya. Əsərin mövzusu da yenidi, problematikası da yenidi, yazı tərzi də yenidi, ayrı-ayrı fəsillərə verdiyi adlarla yanaşı, həm də ayrı-ayrı bölmələrə verdiyi adlar da yenidi. Həm də tədqiqat obyektində olduğu kimi onun mövqeyində dəyişmə yoxdu, titrəmə yoxdu, yaxud zəifləmə yoxdu. Seyran Səxavət onu elə tərbiyə eliyib ki, yəni, məcazi mənada deyirəm əsərləri ilə tərbiyə edib. Belə oxucularımızın sayı artdıqca ədəbiyyatımız və ədəbiyyatşünaslığımız güclənəcək. Belə oxucularımızın sayı artmasa, ədəbiyyatımız yerində sayacaq. Səməd Vurğunun bir sözü var, deyir: Yaradıcılıq böyük cəsarət məsələsidi. Bu mənada Seyran Səxavət seçilmiş müəllifdir. Seçilmiş sözünü yadıma salan yenə Xəyalə oldu. Burda “Seçilmişin faciəsi”ndən də söhbət gedir. İkinci mənəvi-əxlaqi axtarışlardan söhbət gedir ki, bunların hər ikisi əsl ədəbiyyat yarandığı bütün dövrlərdə ədəbiyyatla bağlı məsələ olub. Ədəbiyyat insanla bağlıdı. Sosial-psixoloji problemlərdən, mənəvi-əxlaqi problemlərdən danışa-danışa insan fenomenini axtarmaq Seyran Səxavətin baş qəhrəmanına məxsusdur. Fyodor Abramovun bir sözü var, deyir: İnsanda insanlığı, adamda adamlığı bütün gücü ilə uyğuya getməyə qoymamalısan. Seyran Səxavətin əsərləri məhz insanda insanlığı, adamda adamlığı uyğuya getməyə qoymayan yaradıcılıqdır. Ona görə də mən bu mövzunu seçmişdim və üstündə də təkidlə dayandım, mən yanılmamışdım. Çünki Xəyaləni tələbəlikdən tanıyıram. Seyran Səxavətdən əvvəl Xəyalə bilirsiz magistratura işini hansı mövzuda yazıb? Bilməyənlər üçün deyim, “Ramiz Rövşənin yaradıcılığı”ndan yazıb. Yəni ona görə deyirəm ki, Xəyalə mövqeyini dəyişməyən bir adamdı. Və bu barədə onun ilk və ən böyük müəllimi Seyran Səxavət olub. Seyran Səxavətin özü klassik dövrü mükəmməl bilir. O heykəllərin mitinqi zamanı klassiklərimizin hər birinin dediyi sözü elə həmin klassikin yaradıcılığından olduğu kimi çıxarıb verib ki, baxın bu belədi. Mən sizin hamınıza elmi rəhbər kimi öz təşəkkürümü bildirirəm, bu barədə çox uzun söhbətlər aparmaq olar, mümkündür. Hələlik ən yaxşı sözü deyən Xəyalədi. Uğurlar qızıma.Sədr: Çox sağ olun, Tofiq müəllim. Həqiqətən də hiss olunur həm elmi rəhbərin, həm iddiaçı Xəyalə xanımın bu yaradıcılığa münasibəti o qədər gözəldi ki, onlar bu barədə çox danışa bilərlər. Həqiqətən də, Seyran Səxavət yaradıcılığı Azərbaycan ədəbiyyatında bir mərhələdi və onu öyrənmək, bundan daha da geniş o yaradıcılığa müraciət etmək, əlbəttə ki, lazımdı.İstəyirəm sözü ilk rəyçimiz filologiya elmləri doktoru, professor Vaqif Sultanlıya verək. Buyurun, Vaqif müəllim.Fil.e.d., prof. Vaqif Sultanlı: Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Seyran Səxavətin yaradıcılığına həsr olunmuş dissertasiya işinin mövzusu olduqca aktualdır. Və bu aktuallıq iki aspektdə özünü göstərir. Birincisi, Seyran Səxavət çağdaş Azərbaycan ədəbiyyatının ən böyük, ən cəsarətli yaradıcılarından biridir. Yaradıcılığı ilə şəxsiyyəti arasında bütövlük olan və Azərbaycan ədəbiyyatında uzun illər boyu hökm sürən o yarımhəqiqətlər sərhəddini aşan çox nadir yazarlarımızdan biridir. Və ikincisi isə dissertantın tədqiqat üsulunun özü bir aktuallıq gətirir. Dissertasiyanın mövzusu elmi baxımdan yenidir və bu yenilik, əlbəttə, Seyran Səxavətin yaradıcılığının ilk dəfə araşdırılması ilə bağlı deyil. Ümumiyyətlə, Seyran Səxavət haqqında yazılan tədqiqatlara yanaşma tərzinin yeniliyi ilə bağlıdır. Seyran Səxavətin yaradıcılığının bütövlükdə Azərbaycan ədəbiyyatının uyğun dəyərləri ilə və çağdaş dünya ədəbiyyatının uyğun dəyərləri ilə müqayisəli fonda təhlilə cəlb olunması. Ümumiyyətlə, müasir ədəbiyyatşünaslıq müqayisələrdən kənarda mövcud ola bilməz. Bu gün dünya ədəbiyyatının ən dəyərli əsərləri müqayisəli konteksdə tədqiq olunur. Və bu mənada Xəyalənin yazmış olduğu dissertasiya işi də olduqca aktualdır və maraq doğurur. Dissertasiyanın strukturu elmi şəkildə tərtib olunub. Demək olar ki, birinci fəsil bilavasitə mövzu ilə bağlı olmasa da, mövzuya hazırlıq kontekstində qurulub. İkinci, üçüncü fəsillərdə isə Seyran Səxavətin bütöv yaradıcılığı, əvvəlki fəsillərdə, onun şeirlərindən tutmuş hekayələri, povestləri ümumi şəkildə təhlilə cəlb olunub. İkinci, üçüncü fəsildə isə onun “Nekroloq”, “Yəhudi əlifbası”, “Qaçhaqaç”, “Bəhanə” və digər əsərləri, çox ciddi, sistemli şəkildə, konkret problem kontekstində təhlilə cəlb olunub. Dissertasiyanın həcmi bir qədər böyükdür, amma bu böyüklük ora gətirib çıxarmayıb ki, sadəcə olaraq bu sitatlar yığınından ibarət olsun, lüzumsuz əlavələrdən ibarət olsun. Çünki tədqiqat işində bütün sitatlar, ayrı-ayrı tədqiqatçılardan gətirilən nümunələr, örnəklər bilavasitə problemlə bağlıdır. Xəyalənin bu tədqiqat işində gördüyü və dissertasiyanın içində, əlbəttə, bilavasitə öz əksini tapmayan məsələ bir də Seyran Səxavətin yaradıcılığını arxiv fonunda araşdırmasıdır. Bilirsiz, bizim ədəbiyyatımızda arxivlərin araşdırılması, arxiv yaradılması ənənəsi çox zəifdir, olduqca zəifdir. Çox az-az sənətkarların arxivləri var. Xəyalə Seyran Səxavətin arxivini ciddi şəkildə araşdırıb. Bəlkə onun özünün diqqətindən kənarda qalmış əsərləri, bəlkə, bundan sonra çap etdirməyəcəyi, yadından çıxdığı əsərləri, diqqət yetirmədiyi əsərləri də üzə çıxarıb. Onları köçürüb, hazır vəziyyətə gətirib, bir növ yazıçının arxivini səliqəyə salıb.Vaxtilə Abbas ağa Qayıbov Firudin bəy Köçərliyə yazırdı ki: Hərgah qırx il bundan əqdəm sizin kimi fikir adamı ilə, ədəbiyyata, şeirə, sənətə müsbət münasibət bəsləyən bir adama rast gəlsəydim, mən 30-40 cild əsər yazardım. Və mən də inanıram ki, yazıçı Seyran Səxavət qırx il bundan əvvəl bilsəydi ki, onun yaradıcılığını bu şəkildə ciddi şəkildə tədqiq edəcəklər, araşdıracaqlar, çox səliqəyə-sahmana salacaqlar, O, indikindən daha məhsuldar əsərlər yazardı. Mən bu tədqiqat əsəri ilə bağlı müsbət fikirdəyəm və onu müdafiəyə layiq bilirəm.Sədr: Çox sağ olun, Vaqif müəllim. İndi isə sözü verək professor Nizaməddin Şəmsizadəyə. Buyurun, Nizaməddin müəllim.Fil.e.d., prof. Nizaməddin Şəmsizadə: Əvvəla hamınızı salamlayıram. Burada çox doğma adamlar, doğma simalar gördüm. Və elə bilirəm ki, bu müzakirənin bir əhəmiyyəti də həm də ədəbi-elmi ictimaiyyətin gözəl nümayəndələrini birləşdirməsidir. Möhtəşəm bir müzakirədir, açığı 40 ilə yaxındır ki, mən müzakirələrdə iştirak edirəm, amma ilk dəfədi ki, bu qədər insanın müzakirədə bu cür iştirakını görürəm. Bu müdafiəyə daha çox oxşayır, nəinki müzakirəyə. Görünür, bu həm tədqiqatın obyektinin sanbalı ilə bağlıdır, həm də bu gənc qızımızın – doktorantın səviyyəsi ilə bağlıdır. Bu gün biz burda hər ikisini gördük. Mən ümumiyyətlə, gənc tədqiqatçılarımıza bir məsələni demək istəyirəm. Rəhmətlik Kamal Talıbzadəyə yazılarımızı yazıb aparanda deyirdi ki, Nizami bilirəm, yazırsan, amma yazandan sonra bir az ixtisar elə, onda sakit, sadə bir yazı ortaya çıxır. Heygelin məşhur bir sözü var: Ehtiras olmadan dahiyanə heç nə yaradılmır. Bu məqam gənclikdə xüsusilə vacibdir. Mən bunu qiymətləndirirəm. Amma tənqiddən misal gətirsək, Belinski ehtirasla yazırdı, Dobrolyubov soyuq ağılla yazırdı. Yəni hər ikisi vacibdi, amma elmdə soyuq ağıl daha yaxşı olar. Mən o vaxtı Əli Nazimdən yazırdım. Rəhmətlik Kamal Talıbzadə dedi ki: a kişi, sən Əli Nazimdən yaza-yaza özün də Əli Nazimə oxşamağa başlamısan. Bu da çox təbiidir. Tədqiqatçı öz mövzusuna aludə olmasa,  yaza bilməz. Bu aludəçiliyi mən Xəyalənin də işində gördüm. Xəyalə qızımız yaza-yaza Seyran Səxavətə oxşamağa başlayıb. Xəyalə xanım yəqin ki, bu kitabı çap edəcək. Mən çox istərdim ki, Seyran Səxavətin belə bir sözü var, mən on beş ildi o sözü hər yerdə deyirəm: Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə. Xəyalə, qızım, bunu epiqraf verərsən kitabında. Seyran Səxavət budu. Mən onun haqda bunu deyirəm, daha dostum, gözəl yazıçı kimi tərifləmirəm. Mən elmi rəhbərə öz təşəkkürümü bildirirəm. Belə bir obyekti seçib və özü də aspirantı ilə yaxşı işləyib. Mən dissertasiya ilə bağlı dörd məqamı qeyd etmişəm: Mövzu əhatə olunub. Əsas məsələ, mənim bu dissertasiyada qiymətləndirdiyim bu dissertasiyada maddə-maddə elmi yenilik var. Mənim fikrimcə, bizim tədqiqatçılar mətnə daxil ola bilmirlər. Bu gənc qız ilk dəfə mətnə daxil olur. Yəni bu kənardan durub öz nəzəri gücünə, həvəsinə güvənərək yazmır, yazıçıya məhəbbətinə güvənərək əsər haqqında danışmır. Bu qız mətnin içinə girir. Bu çox çətin bir yoldu, bu bizdə olmayıb, bizi sovet ideologiyası qoymayıb mətnə girməyə. Əvvəl Lenindən misal gətirmişik, sonra Brejnevdən misal gətirmişik, sonra gəlmişik ki, görək buralarda kim var, bir az da onlardan misal gətirək, axırda da bir kəlmə ilə yazmışıq ki, Süleyman Rəhimovun romanı yaxşı əsərdi. Bu qızımız mətn ilə işləməyi bacarır. Əziz dostlar, mətn bombadı, təhlükədi, yazıçının nəyi varsa, mətndədi. Tolstoy mətndi, Seyran Səxavət mətndi. Məsələn, tənqidçi var Cabbarlı haqda yazır, iki cümləsi bir-birinə uyğun gəlmir. Çünki cümlənin biri Məmməd Arifdən gəlir, biri Nizamədin Şəmsizadədən. Halbuki, bu Cabbarlının mətninə girmək lazımdı. Girsən görəcəksən ki, qardaş, Cabbarlı Füruzə hekayəsində sosializmi tərifləmirdi, ələ salırdı. Deyirdi ki, nəinki dünən burda o köhnə evi sökürdülər, hətta bu gün görürəm ki, o sökülmüş evin yerində park salınıb, orda ağaclar çiçək açıb. Bundan güclü sarkazm, ironiya ola bilərmi?Bu xanım qızımız dissertasiyanı çox peşəkar elmi üslubda yazıb. Xəyalə çıxış edəndə ona görə boylandım baxdım, gördüm ki, necə danışır, elə də yazıb. Onun danışığı da, nitqi də yazısı – üslubu kimi mükəmməldi.  Deməli, bu istedadlı adamdı, bu savadlı adamdı, bu cür gənc kadrların qədrini bilməliyik. Və bir də burda onun təhlilləri olduqca intellektual təhlillərdir. Bu gənc tədqiqatçı təfəkkür sahibidir. Bayaq da dedim, mən 40 ilə yaxındır, elmi tədqiqatla məşğulam, bir yaxşı aspirant axtarıram ki belə mövzu verəm: 20-30-cu illərin ədəbi məhkəmələri. Ərəb əlifbasını da bilsin, materialı da bilsin, gedib arxivi də Xəyalə kimi araşdırsın. Və fikirlərimi ümumiləşdirərək demək istəyirəm ki, bu gün biz müasir Azərbaycanın münəvvər gənclərindən biri – Xəyalə xanım Əfəndiyevanın dissertasiya işini müzakirə edirik. Doktorantın elmi-nəzəri səviyyəsi yüksəkdir, tədqiqat zamanı düzgün mövqe tutub, mövzuya yanaşma tərzi olduqca düzgündür. Müəyyən kiçik redaktələr etməklə bu işi müdafiəyə buraxmaq olar, əlbəttə. Təbrik edirəm sizi.Sədr: Çox sağ olun, Nizaməddin müəllim. Sədr: Sözü veririk Nüşabə xanım Sadıxlıya. Buyurun, Nüşabə xanımFil.ü.e.d., prof. Nüşabə Sadıxlı: Mən bu gün hesab edirəm ki, öz ürək sözlərimi deməsəm, cinayət olar. Doğrudan da, çox maraqlı müzakirə keçir. Mən çox az-az dissertasiya müzakirələrindən bu mənəvi zövqü alıram. Mən ilk növbədə Tofiq müəllimə təşəkkür edirəm ki, bu mövzunu verib Xəyalə xanıma. Məncə, sağlığında insanlara qiymət vermək lazımdır. Seyran Səxavətin özü bilməlidir ki, o nə boyda yazıçıdır. Bu cür təqdimatda ona çatdırmaq lazımdır. Mən çox qısa danışacağam ki, vaxtınızı almayım. Məni cəlb edən nə oldu? Məni cəlb edən bu iki tərəfin – gənc ədqiqatçının və obyektin oxşar xüsusiyyətləri, oxşar cəhətləri məni cəlb etdi. Orta əsrlərdə ülkər şairləri var idi, onlar bir manifest hazırlamışdılar və manifestdə yazılırdı ki: Sənətkarda iki əsas cəhət lazımdır, bir istedad, bir zəhmət. Bu iki tərəfin ikisində də biz onu görürük – Seyran Səxavətdə də, Xəyalədə də. Seyran bəyin yaradıcılığında da müxtəlif şaxələrdə, publisitika, dramaturgiya, nəsr sahələrində. Bayaq belə bir sual verdilər Xəyaləyə Seyran Səxavətin poeziyadan nəsrə keçməsi ilə bağlı. Mən sizə deyim ki, poeziyadan nəsrə keçən sənətkarların dili birbaşa nəsrdən gələn yazıçıların dilindən  çox fərqli olur. Yəni onların dili daha rəvan olur. Dünya ədəbiyyatında kifayət qədər belə müəlliflər olub. Höte şeirdən nəsrə keçib, Folkner poeziyadan nəsrə gəlib. Poeziyadan nəsrə gələnlərin yaradıcılığı, dili daha oxunaqlıdır. Mən həm tədqiqatçı qızıma, həm də obyektə bir arzumu bildirmək istəyirəm. Hötenin bir sözü var:Var-dövlətini itirmisənsə, az şeyini itirmisən. Mənəviyyatını itirmisənsə, çox şeyini itirmisən. Cəsarətini itirmisənsə, hər şeyini itirmisən. Mən hər ikisində bu cəsarəti görürəm. Arzu edirəm ki, o cəsarətlərini daima qorusunlar.Sədr: Çox sağ olun. Nüşabə xanım. Bir məqama toxunmaq istəyirəm. Bayaq da Vaqif müəllim dedi, mən özüm də heyran oldum Xəyalənin fədakarlığına. Xəyalə təkcə yazıçının əsərlərini təhlil, yaradıcılığını tədqiq etməyib, onun arxivini araşdırıb. Onun arxivdə olan elə əsərləri var ki, hansı ki, Seyran Səxavət özünün belə yadında deyildi ki, o belə əsərlər yazıb, Xəyalə məhz bütün unudulmuş arxivi üzə çıxarıb, yazıya köçürüb. Bu həm də yazıçının xoşbəxtliyidir ki, onun tədqiqatçısı hər cəhətdən onun yaradıcılığına bu cür diqqət göstərir. İndi isə sözü veririk filologiya elmləri doktoru, professor Abdulla müəllim Abasova. Abdulla müəllim buyurun.Fil.e.d., prof. Abdulla Abbasov: Bu günkü müzakirədə siz Xəyalənin ilk çıxışını dinlədiniz. Əlbəttə, bu gün o uşaq çox həyəcanlıydı, gərgin idi. Onu çox yaxşı tanıdığıma görə deyirəm ki, Xəyalədə sözü elmi cəhətdən əsaslandırıb demək qabiliyyəti olduqca yüksəkdir, çünki onun artıq formalaşmış filoloji təfəkkürü buna hər cəhətdən imkan verir. Bilirsiz, dəqiq düşünən adam həmişə fikrini dəqiq şəkildə ifadə edə bilir.Xəyalə bu mənada düşüncəsi, fikri olan adamdı. Bu müzakirənin iki tərəfi var: bir obyekt, bir də onun tədqiqi. Obyekt Seyran Səxavətdi- “Daş evlər” i yazıb, “Dar köynək”i, “Qaçhaqaç”ı, “Nekroloq”u, “Yəhudi əlifbası”nı yazıb. Xəyalə qızım bu dissertasiyasında Seyran Səxavətin bir nasir portretini yarada bilib. Bu dissertasiyanı oxuduqca çox maraqlı nəticələrə gəldim. Birinci yadıma düşən o oldu ki, Çingiz Aytmatov bir dəfə çıxışında demişdi ki, 60-cı illər sənətkarları, yazıçıları özünə qaytardı, 60-cı illər nəsri də ədəbiyyatımızda bir sıçrayışla yadda qaldı. Bu nəslin nümayəndələri elə əsərlər yaratdılar onlar nəinki Azərbaycan və ya İttifaq ədəbiyyatından, hətta dünya ədəbiyyatının nümayəndələrindən geri qalmadılar. Onlardan biri də Seyran Səxavətdir. Seyran Səxavətin əsərlərinin gücü ondadır ki, orda zaman var, zaman faktoru var. Bu əsərlərdə yer alan obrazların arasında bekar adam yoxdur, onların hər birinin o zamanla müəyyən əlaqəsi, bağlılığı var. Və bütün bu məsələlərə Xəyalə qızımın münasibəti mən deyərdim ki, çox elmi və nəzəri səviyyədədir. Əsəri oxuyanlar bilirlər, hiss edirlər ki, Xəyalə həm Seyran Səxavətin nəsr yaradıcılığı ilə yanaşı, həm də onun poeziyasına, dramaturgiyasına da bələd olub. Bu tədqiqat işində həm də Seyran Səxavətin yaradıcılığı ilə bağlı zəngin elmi nəzəri-ədəbiyyat öz əksini tapıb. Hansısa məsələlərlə bağlı kimlər nə deyib, necə deyib. Bir çox alimlərlə Xəyalənin çox nəzakətli bir polemikası var, üslub aydınlığı var. Xəyalənin yaradıcılığı ilə bağlı çox danışmaq olar. Xəyalə çox istedadlı, çox təmkinli bir alimdir. Özü də həmişə kafedraya gələndə mən papağımı qoyuram Xəyalənin başına, deyirəm ki, sən professor olacaqsan.İndi bir məsələ də var, bir sənətkarı fərqləndirən onun əsərlərinin sayı deyil, əsas olan odur ki, yazıçı öz əsəri ilə müasir ədəbiyyatımıza nə gətirib. Məhz dissertasiyada bu məsələlər öz əksini tapıb. O tam izah edə bilib ki, Seyran Səxavət Azərbaycan ədəbiyyatından bir mərhələ yaradıb. Mən Xəyaləyə uğur, Seyran müəllimə də can sağlığı, yeni yaradıcılıq sevinci arzulayıram. Sədr: Mən hesab edirəm ki, bu fikirlər təkcə Xəyalə üçün deyil, bu bütün doktorantlarımıza örnək olmalıdır. Əlbəttə ki, maraqlı fikirlər səslənir. İş olan yerdə bu qədər müzakirə olunmağı təbiidir. Yəni ortada iş var ki, Xəyalə böyük zəhmət çəkib, ona görə də bu qədər fikirlər səslənir, müzakirələr olunur. Buyurun, İfrat xanım. Sözü filologiya elmləri doktoru, professor İfrat xanım Əliyevaya veririk.Fil.e.d., prof. İfrat Əliyeva: Hamınızı xoş gördük, gününüz aydın olsun, həyatınız xoşbəxt olsun. Əziz dinləyicilər, mən bu gün böyük bir fəxarət hissi keçirirəm. Mənim əzizim, dostum, qardaşım Seyran Səxavət bizim tələbəmiz olub. Yetişdirdiyi tələbəsi ilə fəxarət hissi keçirən bir müəllim kimi təşəkkür etmək istəyirəm Seyran Səxavətə ki, Xəyalənin qolunu-qanadını açıb. Xəyalənin ürəyində olan sözləri açmaqdan ötrü ona təpər verib. Xəyalə, qızım, min dəfə Seyran Səxavətə sağ ol deməlidir, Mən burda üç adamı tərifləmək istəyirəm. Obyekt Seyran Səxavət, elmi rəbər hörmət elədiyim, həmkarım, dostum, qardaşım Tofiq müəllim və yenicə ədəbi ictimaiyyətdə qələmini sınayan, sinəsi sözlə, ağrıyla, acıyla, kinayə ilə, Seyran Səxavət demişkən sarkazmla dolu olan Xəyalə haqqında danışmaq istəyirəm. Bu əsər mənə Xəyalə haqqında çox söz dedi. Mən bu günə qədər heç kəsin zəhmətini aşağı salmaq, heç kəsin işini pisləmək istəmirəm, mən deyirəm bu əsər qeyrətli bir qələm sahibinin əlindən çıxıb. Buna görə Seyran Səxavətə və Xəyalə xanıma sağ ol demək istəyirəm. Bu ağrılar, bu acılar, bu göynəmələr xalqın həyatını, keşməkeşli yolunu duya-duya, yana-yana, can ağrısı ilə qələmə almaq hər kişinin işi deyil. Bu Seyran Səxavət kimi millətini, xalqını,elini, obasını, dərdini öz dərdi hesab edən qeyrətli azərbaycanlı övladının, qələm sahibinin xidmətidir. Sağ ol Seyran müəllim, buna görə. Sağ ol Xəyalə, sən də ona görə ki, bunları duymusan, tutmusan, o göynəyən yerləri aça, o ağrıları təhlil edə bilmisən. Məni təmin edən odu ki, Xəyalə xanım sadə, anlaşıqlı dildə əsəri təhlil edib. Və o təkcə Seyran Səxavətin əsərlərini təhlil etməklə kifaytlənməyib, Seyran Səxavətin portretini yaratmaq üçün, Seyran Səxavət kiçik həcmli əsərlərindən – şeirdən, hekayədən, povestdən tutmuş iri həcmli romanlarından, dram əsərlərindən hamısını, bütövlükdə Seyran Səxavət yaradıcılığını açmaqdan ötrü dünya ədəbiyyatına müraciət edib, arxivlərdə işləyib, Əlyazmalar İnstitutunda işləyib. Bu mən deyərdim ki, təkcə Seyran Səxavət obrazını yaratmaq üçün deyil, 60-cı illərdə ədəbiyyata gələnlər içində Seyran Səxavətin yolunu, cığırını göstərmək istəyib. Xəyalə Seyranın əsərlərində bütün ağrılar tuta bilib, duya bilib, verə bilib, buna görə çox sağ olsun. İkinci bir təfərdən əsəri maraqlı edən odur ki, müqayisələrin var sənin. Çox yaxşı müqayisələrin var. “Nekroloq” əsəri haqda mən bilmirəm, hansı cümləni deyim ki, o cümlə o əsərə yaraşsın. “Nekroloq” əsəri şedevrdi. Bu əsər eskiz kimi, rəssamlıq əsəri kimi qəbul etmək lazımdır. Qızım, çox gözəl edirsən orda xeyli müqayisələr aparırsan. Dissertasiyanı maraqlı edən cəhətlərdən biri də odur ki, Xəyalə olduqca zəhmətkeş xanımdır. Əzabdan, əziyyətdən qorxmur. Mən əvvəla təbrik edirəm Tofiq müəllimi, təbrik edirəm Xəyaləni çox gərgin işləyib zəhmət çəkib gərək haqqı itirməyəsən, haqqla danışasan, adamın başının üstdə Allah dayanıb. Ən əsası Seyran Səxavət müəllim sağ olsun ona görə ki, arayıb, axtarıb, dünənin acısını bugünə daşıyıb, Füzulinin daşlı kəsəkli yollarından bu dərdi çiyninə alıb belə bir əsəri meydana gətirib. Hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram. Sevinirəm ki, ədəbiyyatımız yeni bir imza tapır, yeni bir tədqiqatçı tapır, bu yolda Xəyaləyə uğurlar arzu edirəm.Sədr: Çox sağ olun, İfrat xanım. Bilirsiz, Xəyalənin formalaşmasında sözsüz ki, onu formalaşdıran mühitin böyük rolu var. O mühitdə ki, o yaşayır, bu elmi mühit ona çox təsir edir və bu mühitdə ki, ona bu cür məsləhətlər verilir, nəticədə o yaxşı bir alim kimi yetişir. Filologiya elmləri doktoru, professor Almaz xanıma Məmmədovaya sözü vermək istəyirik. Buyurun, Almaz xanım.Fil.e.d., prof. Almaz Əliqızı: İlk onu demək istəyirəm ki, sağ olun ki, belə bir möhtəşəm müzakirə təşkil etmisniz. Çünki bayaq burda deyildi, bu müdafiəyə daha çox oxşayır. Burda iki universitetin – Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti iştirak edir, eyni zamanda AMEA-dan da qonaqlarımız var. Bu həm sizin uğurunuzdur, həm Xəyalə xanımın uğurudur, həm də Seyran bəyin uğurudur.Müqəddəs hədisi şəriflərin birində deyilir ki, hər bir kəsin qiyməti Allahına olan sevgisindən sonra, millətinə olan sevgisi ilə ölçülür. Və bu hədisi-şərifi düşünəndə əgər Azərbaycan miqyasında gözümün qabağına 4-5 adam gəlirsə, onlardan biri mütləq Seyran bəydir. Qeyd edim ki, Seyran Səxavət haqqında bu dissertasiyanı yazan doktorantın da şüuru, düşüncəsi məhz Seyran Səxavətin ruhuna, düşüncəsinə uyğun gəldiyinə görə bu cür gözəl bir iş meydana çıxıb. Bu həqiqətdir ki, tarixin müxtəlif dönəmlərindən müxtəlif hadisələrdən əziyyət çəkən həmişə xalq olur. Və o dönəmdə xalqın gününə ağlayan Allahın seçdiyi ayrı-ayrı adamlar olur. Həmişə haqq-ədalətin itdiyi, o rejimlərin millətə zülm etdiyi məqamda həmişə Allah millətin içinə xüsusi adamlar göndərir ki, bu düzəni pozulmuş dünyanı, düzəni pozulmuş adət-ənənələri düzəltsin, insanları düzgün və doğru yola aparsın və mən belə insanlar sırasında Seyran Səxavəti görürəm. Seyran Səxavətin əsərlərini birləşdirən ümumi ideya Xalqdır, onun əsərləri milli konteksdən çıxır, bəşəriliyə yol alır. Mən ona görə ayaq Xəyaləyə sual verdim ki, qızım, Seyran Səxavəti azərbaycanlı olmasaydı, o bir ingilis yazıçısı olsaydı, necə olardı? Xəyalə haqlı olaraq dedi ki, müəllimə onda o, dünyanın ən məşhur yazıçısı olardı. Çünki bu yazıçı şedevr yaradır, bu insanlar dünya iqyasına çıxmalıdırlar. Mən düşünürəm ki, ortada dil baryeri var. Əgər o ingilis dilinə tərcümə olunsa, Seyran Səxavət kimi bir yazıçı mütləq dünyaya çıxmalıdır. Mən sevinirəm ki, bizim Xəyalə kimi bir gəncimiz, bir yetirməmiz Seyran Səxavətə müraciət edib. Bu təkcə Xəyalənin uğuru deyil, bu bizim hamımızın uğurudur. Məsələ burasındadı ki, ola bilərdi ki, bi dissertasiyanı elə bir adam yazardı ki, o Seyran Səxavətin ruhunu duymazdı, onu başa düşməzdi və nəticədə ortaya çox sönük bir əsər çıxardı. Mən bir az obrazlı demək istəyirəm, biz bu dissertasiyada hər şeyi başa düşən, dərk edən bir şəxsiyyəti – bir yazıçını və onun əsərlərini görürük. iİnsan o vaxt ki, hər şeyi dərk edir o zaman ağlın faciəsi başlayır. Yazıçı cəmiyyətdəki o nöqsanları ki, görür bax o, faciədi, böyük bir faciədi. Bu nöqteyi-nəzərdən mən Seyran Səxavəti bizim XX əsr nəsrimizin ən böyük yazıçılarından hesab edirəm. Və gəlirəm dissertasiyaya. Xəyalənin, ümumiyyətlə, çox maraqlı üslubu var. Həm onda elmi-publisistik dil var, həm də onun dilində üslubunda bir az bədillik var. Bax bu ikisi qovuşanda adama dissertasiyanı oxumaq ləzzət edir. Şəxsən mən dissertasiyanı oxuduqca mənə o qədər ləzzət edirdi ki, oxuyurdum dayanıb deyirdim ki, əla, əla. Özümü saxlaya bilmirdim yarıda dayanıb deyirdim ki, əla, hissiyata qapılırdım, eynəyimi çıxarırdım gözümdən deyirdim ki, əla, əla. Və düşünürdüm ki, bunu məhz belə Vətənə, millətə bağlı bir insan, belə gənc yaza bilər və dərk edə bilər.Mənə elə gəlir ki, bu mövzunun özü doktoranta bir elmi struktur, bir fabula qurmaq üçün geniş imkan verir. Mən burda rəhbərin də zəhmətini qiymətləndirirəm. Maraqlı bir struktur qurulub. Həmin bu struktur imkan verir ki, doktorant bütün bölmələrdə, bütün fəsillərdə özünün elmi qənaətləri ilə oxucunu inandırsın.  Onu deyim ki, bu dissertasiyada fikir meydanı genişdir. Necə yazıçının fikir meydanı genişdir, eləcə də doktorantın da fikir meydanı genişdir. Yəni təsirlənmə var. Yazıçının ruhu ilə doktorantın ruhu uyğun gəldiyinə görə nəticədə belə bir əsər meydana çıxıb. Dissertasiyada qənaət və nəticələr sərrastdır. Təhlillər inandırıcıdır. Doktorantın söz meydanı da genişdir. Bu genişlik özünü onda göstərir ki, təhlillərdə o təkcə Seyran Səxavətin yaradıcılığını izləir, bütün Azərbaycan ədəbiyyatının geniş mənzərəsini yaradır. Və Seyran Səxavətin əsərlərindən istifadə edərək bir növ göstərir ki, Seyran Səxavət yaradıcılığının kökü var, Azərbaycan ədəbiyyatında M.Ə.Sabir, Ə.Haqverdiyev, Mirzə Cəlil və bu kimi sənətkarlardan qidalanıb və məhz buna görə bu gün Seyran Səxavət yaradıcılığı məhz bu səviyyəyə gəlib. Bu dissertasiyada mənim ən çox xoşuma gələn o oldu ki, bizim bu gənc tədqiqatçımız yalnız Azərbaycan ədəbiyyatı ilə kifayətlənməyib, Avropa ədəbiyyatı ilə, dünya ədəbiyyatı ilə elə gözəl paralellər, elə gözəl müqayisələr aparıb ki, mən oxuyanda mənə çox ləzzət verdi. Şərtilik bizim ədəbiyyatımızda Sabir Əhmədlidə, Fərman Kərimzadədə, Sabir Azəridə, Mövlud Süleymanlıda var. Mənə elə gəlir ki, şərtilik məsələsi Seyran Səxavətdə qoyulan qədər o birilərdə yoxdur. Yazıçının yaradıcılığında olan bu incəlikləri, bu xüsusiyyətləri Xəyalə çox gözəl tutub. Onu da Sizə deyim ki, çəkinmədən demək istəyirəm ki, bizim hamımız namizədlik, doktorluq dissertasiyaları oxuyuruq. Amma mən bu səviyyədə çox az dissertasiyaya rast gəlmişəm. Çünki doktorantın səriştəsi püxtələşib. Bu həqiqətən də belədir. Çünki auditoriya onu, nitqini, düşüncəsini püxtələşdirib. Xəyalə olduqca gözəl, möhtəşəm mühazirələr deyir.  Onun geniş dünyagörüşü var. Bu da onun zəngin mütaliəsindən irəli gəlir. Məsələn, dünya ədəbiyyatından elə misallar, elə nümunələr gətirir ki, onu oxumamış qeyd etməsi mümkün deyil. Gərək oxuyasan ki, o paralelləri apara biləsən. Hətta obrazlarla, nümunələrlə dünya ədəbiyyatında paralellər aparır. Bunlar hamısı son dərəcə gözəldir. Amma “Nekroloq” əsəri, doktorantın bu əsərə yanaşması mənə elə gəlir ki, dissertasiyanın pik nöqtəsidir. O qədər gözəl təhlil edib ki. Düzdü, bütün əsərləri gözəl təhlil edib. “Qızıl teşt”i də, “Bəhanə”ni də. Xəyalə Tomas Mordan bir sitat gətirir: “Qoyunlar insanları yedilər” və sonra “Qızıl teşt”dən misal gətirir, deyir ki “Planlar insanları yedilər”. Bilirsiz, dünya ədəbiyyatından o boyda əsərləri oxumasaydı, Tomas Morun “Utopiya” əsərindən o ifadəni gətirə bilməzdi. Geniş dünyagörüşü var, güniş mütaliəsi var. Xəyalə bir-iki şeyi arzu edərdim, qızım. Sənin bu cür gözəl işində bir-iki şeylər əlavə et. Sən bayaq Toğruldan danışırdın, necə ki, dissertasiyada Xanəhməd müəllimi Kefli İsgəndərlə müqayisə edirsən, eləcə də Toğrulu Cəfər Cabbarlının Aydın, Oqtay Eloğlu obrazları ilə müqayisə edə bilərsən. Burda sən heç nə itirmirsən, amma dissertasiyan udar. Hətta Aydın nə deyirdi: Mən özümü elə bir gücdə hiss edirəm ki, bütün dünyanı, bütün yer kürəsini yerindən tərpədərəm. Amma axırda nə oldu. Bax Toğrul da elə oldu. Bax sən Seyran Səxavəti böyük ədəbiyyatın davamçısı hesab edirsən, bu məqamı verə bilərsən. Mən son olaraq onu demək istəyirəm ki, bu dissertasiya doğrudan da, çox mükəmməl bir dissertasiyadı. O həm bizim qızımızdı, həm də sizin qızınız. Onun bacarığı da, təfəkkürü də var ki, dediklərimiz kiçik məqamları düzəldəcək. Bilirsiz yaxşı yazıçı olmaq olar, əgər onda vətəndaşlıq mövqeyi olsa. Seyran Səxavət niyə bu cür şöhrət qazanıb ona görə ki, onda vətəndaşlıq mövqeyi var. Seyran Səxavətin qiyməti hələ sonralar veriləcək. Mən çox sevinirəm ki, bizim ədəbiyyatımıza, elmimizə vətəndaşlıq mövqeyi olan bir xanım, olduqca gənc tədqiqatçı gəlir. Təbrik edirəm qızımızı, uğurlar arzulayıram.Sədr: Çox sağ olun, Almaz xanım. Sözü verək akademik Hətəm Quliyevə. Buyurun, Hətəm müəllim. AMEA-nın həqiqi üzvü, akademik Hətəm Quliyev: Mən sizin hamınızı salamlayıram. Əlbəttə, sizin üçün bir az təəccüblü olacaq. Mən fizika-riyaziyyat elmləri doktoruyam. Bəlkə də Seyran Səxavətin ən yaxşı oxucusuyam. Onun oxumadığım əsəri yoxdur. Biz uşaqlıqdan dost olmuşuq. Biz o vaxtdan iki jurnala abunə yazılmışdıq: “Ulduz” jurnalı ilə, “Azərbaycan” jurnalına. Biz uşaq idik, bşinci-altıncı sinifdə oxuyanda hardansa mənim atam bir “Zorkiy” markalı fotoaparat alıb gətirmişdi, biz şəkil çəkirdik Seyranla, bu şəkli çıxartmaq indiki kimi asan deyildi o vaxtlar bu çox çətin bir prosedur idi. Sonra biz o çəkdiyimiz şəkilləri müzakirə edirdik ki, bu sənsən, yoxsa, mənəm. Çünki o şəkillərdə keyfiyyət aşağı olurdu, biz hansının o, hansının mən olduğunun müəyyən edə bilmirdik. Bunu ona görə danışdım ki, sözümün mənası o idi ki, yəni biz o vaxtdan çalışırdıq ki, dünyanın şəklini çıxardaq. Mən çox sevinirəm ki, Seyran Səxavət o şəkil çıxartmağı gətirdi çıxartdı böyük ədəbiyyata, dünyanın şəklini sözlə çəkməyə başladı, qeyri-adi böyük bir yazıçıya çevrildi. Mən Seyran Səxavətin əsərlərinin hər birini oxumuşam, özü də bəzilərini dəfələrlə oxumuşam. Bizim uzun illər böyük müzakirələrimiz olub. Hətta iddia edə bilərəm ki, onun bəzi əsərlərinin yaranmasında hardasa mənim də təsirim olub. Yəni mən adi bir oxucu olmamışam. Seyran Səxavətə qarşı tələbkar bir oxucu olmuşam. Bir qiymət vermək istəyirəm, xanım gözəl dedi bayaq. Seyran Səxavət xalqının azadlığını istəyib. Mən baxmayaraq ki, fizika-riyaziyyat elmləri doktoruyam, son 15 ildə kosmoqoniya ilə də məşğul oluram. Bu mənada demək istəyirəm ki, Azadlıq, ümumiyyətlə, təkcə insanın arzusu deyil. Azadlıq həm də materiyaya aiddir. Materiya maddədən ibarətdir, bir enerjidir. Bu iki hissə bir-biri ilə əbədi mübarizə aparır. Materiya, maddə enerjidən azad olmaq istəyir. Enerji də istəyir ki, maddə olmasın, azad olsun. Bu mübarizə qeyri-maddi aləmdə baş verir və bu arzuya çatmaq mümkün olmur. Nə maddə enerjini məhv edə bilir, nə də tərsinə. Sonradan bu zərurəti daha yaxşı həyata keçirmək üçün canlı aləm yaranır. İnsan da bu zərurətdən doğulur. İnsan tək bu arzunu təbii qanunlarla yox, həm də öz əlinin köməyi ilə də həyata keçirməyə çalışır. Və burda sizin müzakirə etdiyiniz məsələlər hamısı çıxır ortalığa: həqiqət nədir? Siz müqayisə üsulundan istifadə edirsiz, dünya ədəbiyyatının, Azərbaycan ədəbiyyatının ənənələri ilə. Müqayisə həqiqəti ortalığa çıxartmağın yeganə olmasa da, ən müvafiq meyarıdır. Xəyalə qızımız da bu işi çox gözəl görüb. Mənim bu əsərdə ən çox xoşuma gələn qızımızın yanaşmalarıdı. Elmi rəhbərin də, oxuduğu məktəbin də təsiri olub. Yəni o məktəb özünü göstərib. Biz elmi əsərə qiymət veririksə, o adam elmi tədqiqat bacarığına artıq yiyələnib. Bu adamın işi təkcə Seyran Səxavəti təhlil etmək olmayıb, bütün elmi-nəzəri ümumiləşdirmələri əsas problemlə bağlaya bilib ki, bu cür elmi-nəzəri fikirlərə də  ciddi ehtiyac var. Rəhbər onu çox düzgün istiqamətləndirib. Qaldı Seyran Səxavətin qiymətləndirilməsi məsələsi. Əlbəttə, əgər Seyran Səxavətə dissertasiya həsr olunubsa, bu artıq özü qiyətdir, bu çox böyük qiymətləndirmədir. Mövzu çox böyük, genişdir. Məsələn, burda sadalanan əsərlərin hər birinin haqqında o dissertasiyanı yazmaq olar. Hətta onun “İt intervüsü” hekayəsinə bir dissertasiya yazmaq olardı. Onun hər bir əsəri ədəbiyyatın təntənəsidi. Seyran Səxavətin ən gözəl xidmətlərindən birini xanım da gözəl qeyd edib, bizim dilimizin gözəlliyini, Qarabağ ləhcəsinin şirinliyini bacardığı qədər qoruyub saxlayıb. Xanım da bunu çox gözəl təhlil edib. Mən düşünürəm bu cür dissertasiyanın yazılmağı çox sevindirici bir haldı, həm də xanım kifayət qədər gənc bir adamdı. Bayaq Nizaməddin müəllim də dedi, biz doğurdan da, bacarıqlı aspirant tapa bilmirik. Mən on ildi ki, mexanika-riyaziyyat fakültəsindən, tətbiqi-riyaziyyat fakültəsindən bir oğlan uşağı tapıb mövzu verə bilmirəm. Mənim imkanım var ki, hər il 150-200 uşağın içindən bir nəfər seçim, onu seçə bilmirəm. Amma vaxt olub ki, mən bir ildə 10-12 namizəd yetişdirmişəm. Belə adamların, həm gənc, istedadlı, zəhmətkeş belə adamların varlığına mən çox sevinirəm. Mən Sizi təbrik edirəm, mən kafedranı təbrik edirəm. Burda sözsüz səliqəli bir elmi əsər, sanballı bir dissertasiya var. Yəni iş olan yerdə qüsur da olmalıdı, bir az təkrarçılıq var, orfoqrafik səhvlər var. Düzdü mən ədəbiyyatçı deyiləm, amma bunlar kiçik məqamlardı, sözsüz ki, ortada iş olan yerdə belə şeylər olmalıdı. Mən fəxr elədim ki, belə bir müzakirədə iştirak etdim, fəxr etdim ki, belə müəllimlər var, belə bir gözəl xanımı, cavan adamı alim kimi siz yetişdirmisiniz. Mən Seyran haqqında deyirdim ki, Seyran Səxavət milləti sınmağa qoymayan yazıçılardandı. Fuad Poladov isə deyirdi ki, mən hər gün işə gedəndə başımı qaldırıb Seyranı eyvanda siqaret çəkən görəndə onun varlığından rahatlıq tapıram. Belə gözəl bir xanımın, belə gənc qızımızın işi məni olduqca sevindirir. Bu cür yaradıcı gənclərin varlığından da biz rahatlıq tapırıq. Mən sizə təşəkkür edirəm, mən çox sevinirəm ki, sizin kimi tədqiqatçı var, çox fərəhlənirəm. Uğurlar arzulayıram. Sədr: Çox sağ olun, Hətəm müəllim. Sözü veririk dosent Sofiya xanım Mirzəyevaya. Fil.ü.f.d., dosent Sofiya Mirzəyeva: Biz bu gün Seyran Səxavətin yaradıcılığını yetərincə təhlil etdik. Çıxış edənlər hər biri Seyran Səxavətin yaradıcılığına öz münasibətini bildirdi. Mən Xəyalə haqqında danışmaq istəyirəm. Bir şeyi qeyd etmək istəyirəm ki, Xəyalə xanım tədqiqatçıdan çox gözəl oxucudu. Hər oxucu belə analiz edə bilməz. Oxucu kimi əsəri belə analiz edib araşdırmaq tədqiq etmək hər adamın xoşbəxtliyi deyil. Xanım çox gözəl qeyd elədi ki, Xəyalə həm bizim qızımızdı, həm Sizin qızınızdı. Bəli, Xəyalə bizim hamımızın əziz övladımız, qızımızdı. Xəyalə bizim hər birimizə qarşı o qədər diqqətli olub ki, bu gün biz canla-başla onun dissertasiya işinin müzakirəsində iştirak edirik. Mən tələbələrə Çağdaş Azərbaycan ədəbiyyatı tədris edirəm. Seyran müəllimin “Nekroloq” və “Yəhudi əlifbası” əsərlərini sevə-sevə oxuyurlar tələbələr. Elə gözəl müzakirələrimiz keçir ki, arzu edərdim ki, bir gün Seyran müəllim, siz bizim dərslərdə iştirak edəsiz, görəsiz ki, tələbələr sizi necə gözəl təhlil edirlər. Dissertasiya işinə gəlincə, işi diqqətlə oxumuşam. Burda ədəbi-tənqid də var, burda yaradıcılığıa oxucu münasibbəti də var, tədqiqatçı münasibəti də var. Xəyalə anım öz xarakterindən irəli gələrək o qədər geniş müzakirə edib ki, hər bir əsəri. Çox gözəl qeyd olundu ki, Xəyalə mətnə daxil olub. Bir şeyi qeyd edim, Seyran müəllim. Mən həmin şeirinizi bilmirdim Xəyalənin yazısından oxudum. Yazırsız ki:Dənizdə keçirər bütün ömrünü,Öləndə sahildə ölər gəmilər.İki misrada böyük bir məntiq var. Mənə elə gəlir ki, bu təkcə gəmilərə aid deyil. Bu, ümumiyyətlə, sizin yaradıcılığınızda böyük hərflərlə yazılan insan obrazına aiddir. Təşəkkür edirəm hər birinizə. Fəridə xanım, sizə təşəkkür edirəm ki, belə gözəl bir müzakirə keçirdiz. Bu eyni zamanda bizim kafedranın uğurudur. Xəyaləyə öz işində uğur arzulayıram. Kiçik iradlar varsa da belə güman edirəm ki, onu irda kimi qələmə vermək olmaz. Yəni o boyda böyük bir tədqiqat işinin qarşıısında ona irad demək olmaz. Təbrik edirəm. Çox təşəkkür edirəm.Sədr: Çox sağ olun, Sofa xanım. İndi isə sözü Elmira xanım Mustafayevaya veririk:Fil.ü.f.d. Elmira Mustafayeva: Seyran Səxavət Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi, dəsti-xətti olan yazarlardandır. Mövzu müasirliyi, problemlərin aktuallığı, mənəvi-psixoloji təhlilin dərinliyi “Ağrı”, “Dəyirmanın boğazında”, “Daş evlər”, “Nekroloq, “Yəhudi əlifbası” kimi əsərlərində özünü göstərən xüsusiyyətlər  Seyran Səxavəti dövrümüzün görkəmli nasiri kimi daha çox tanıtmış və sevdirmişdir. Seyran Səxavətin yaradıcılığı ədəbi tənqidin diqqətindən yayınmamışdır və onun tədqiqatçılarından biri də  bizim gənc alimimiz Xəyalə Əfəndiyevadır. İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Vaqif Bəhmənli və başqaları Seyran Səxavətin yaradıcılığı ilə bağlı çox maraqlı fikirlər söyləmişlər. Xəyalə Əfəndiyeva da ədibin əsərlərinin dili, bütövlükdə yaradıcılığını müxtəlif aspektlərdən təhlil edərək çox maraqlı tədqiqat aparıb. Bu mənada gənc tədqiqatçımız Xəyalə Əfəndiyevanın “Seyran Səxavətin bədii nəsrində sosial-psixoloji və mənəvi-əxlaqi axtarışlar” mövzusunda yazdığı dissertasiya işi öz elmi dəyər və aktuallığı ilə seçilir. Dissertasiyanı oxuduqca hiss olunur ki, doktorant Seyran Səxavətin yaradıcılığı ilə tanış olarkən onun əsərlərini sevə-sevə oxumuş, baş verən hər bir prosesi, hadisəni diqqətlə izləmiş, öz dərin mütaliəsi ilə yazıçının ədəbi aləminə daxil ola bilmişdir. Ümumiyyətlə, tədqiqat işi əhatəli, orijinal, elmi təfərrüatı zəngin olduğuna görə qarşıya qoyulan tələblərə cavab verir və hiss olunur ki, həqiqətən də Xəyalə xanım nasirin yaradıcılığını dəfələrlə oxumuş və o yaradıcı aləmə həqiqətən daxil ola bilmişdir. Ancaq dissertasiya ilə tanış olan zaman belə bir qənaətə gəldim ki, sanki orda Xəyalə xanım bir tədqiqatçı kimi yox, bir insan kimi bu aləmə daxil olur. Sanki yeri gələndə hönkür-hönkür ağlayır, çox kövrəlir, daha çox insani tərəfdən məsələlərə yanaşır. Amma düşünürəm ki, bir alim kimi o, prosesə bir qədər soyuqqanlı yanaşmalıdı, gələcəkdə ümumiyyətlə belə məsələlərə yanaşanda bir az başqa konteksdən soyuqqanlılıqla yanaşarsan. Kiçicik iradım sadəcə bununla əlaqədardır. Və dissertasiya çox sanballı, çox dəyərlidir və bütün tələblərə tam cavab verir. Sədr: Çox sağ olun, Elmira xanım. Sözü filologiya üzrə fəlsəfə dooktoru Aytac xanım Zeynalovaya vermək istəyirəm. Buyurun, Aytac xanım. Fil.e.f.d. Aytac Zeynalova: Söz verdiyiniz üçün təşəkkür edirəm, Fəridə xanım. Mən də bu işi oxumuşam. Həqiqətən də, çox dəyərli bir tədqiqat əsəridir. Əvvəla onu demək istəyirəm ki, Xəyalə çox şanslı tədqiqatçıdır ki, tarixi şəxsiyyətlərlə bir kafedrada fəaliyyət göstərir. Burada əlbəttə çox söz demək olar. İlk öncə Xəyalə xanıma uğurlar arzulamaq istəyirəm. Onun üslubu, filoloji təfəkkürü haqqında danışıldı. Qeyd etmək istəyirəm ki, nə qədər mürəkkəb cümlələr qurmağından asılı olmayaraq onun elmi məntiqi, elmi-nəzəri, filoloji təfəkkürü mahiyyətin açımasında aparıcı rol oynayır. Söz axtarışında sanki Xəyalə xanım çətinlik çəkmir, elə bil ki, o söz axtarışında deyil, uyğun gəldiyi yerdə bütün müvafiq sözləri tapıb yeri-yerində qoymuşdur. Sadəcə bəzi məqamlarda nəzəri fikirləri daha öndə görürəm, həmin nəzəri məsələlərin əhatəsində Seyran Səxavətin əsərlərinin təhlili bir az bəzi məqamda arxa planda qalır. Onu arzu edərdim ki, Xəyalə xanım onlara bir az diqqət göstərsin. Və bir də çox arzu edərdim ki, əsərin adında psixoloji məsələlər öndə götürülür, burada isə daha çox sosial-mənəvi məsələlərin təhlili nəzərə çarpır. Mən arzu edərdim ki, psixoloji məsələrdə bir qədər elmi tərəfdən yanaşılsın, məsələn orda mətnlər götürülür, əsərlərdən parçalar verilir. Amma həmin əsərlərin psixoloji təhlilində bir az boşluq hiss olunur. Bilirəm ki, Xəyalə xanımın kifayət qədər elmi potensialı var. Mən onun Ramiz Rövşən haqqında yazdığı magistrlik dissertasiyasını da oxumuşam. Ona görə də deyirəm ki, bu məqama da bir balaca yanaşsa, işin xeyrinə olar. Mən tədqiqatçıya uğurlar arzulayıram. Və prosedur qaydalara görə növbəti mərhələyə buraxılmağa layiq bilirəm.Sədr: Çox sağ olun, Aytac xanım. Sözü vermək istəyirəm filologiya üzrə fəlsəfə doktoru Nurlana xanım Quliyevaya.Fil.ü.f.d. Nurlana Quliyeva: mən ilk öncə Xəyalə xanımı təbrik edirəm. Dərin və geniş bir mövzunu işləyib. Oxuduğum zaman hiss etim ki, dissertasiyada elmiliklə bərabər bədiilik də var.  Seyran müəllimin hər bir əsərinə xüsusi qayğı ilə yanaşır, diqqətlə təhlil edir. Düşünürəm ki, dissertasiya elmiliklə bədiiliyin çulğalaşması xüsusilə qeyd olunmalıdır. Xəyalənin iki böyük şansı olub. Birincisi Tofiq müəllim kimi rəhbəri olmaq, ikincisi tədqiqat işini apardığı Seyran müəllimlə canlı ünsiyyətdə olmaq, yaradıcılığını təhlil etmək ayrıca bir şansdır. Uğurlar. Xəyaləni təbrik edirəm, uğurlar arzulayıram.Sədr: Çox sağ olun, Nurlana xanım. Sözü kafedramızın baş müəllimi Sevinc xanıma vermək istəyirəm. Sevinc xanım Kazımova, buyurun. Dosent Sevinc Kazımova: Fəridə xanım, çox sağ olun. İlk növbədə mən də Xəyalə xanıma təşəkkürümü bildirirəm, belə bir əsər belə gözəl bir dissertasiya işi meydana gətirdiyinə görə. Mən deyilənləri təkrar etmək istəmirəm. Hamınıza minnətdarlığımı bildirirəm. Sofa xanımın dediyi kimi, biz çağdaş Azərbaycan ədəbiyyatı dərsləri keçəndə Seyran Səxavətin yaardıcılığına xüsusi, ayrıca bir mövzu ayrılır. Arzum budur ki, bu günkü müzakirədən sonra Xəyalə xanımın dissertasiyası tez bir zamanda nəşr olunsun və biz həmin mövzuları keçəndə tələbələrə məhz həmin kitabdan istifadə etməyi tövsiyə edək. Çox sağ olun.Sədr: Həqiqətən də, Xəyalə xanımın ortaya qoyduğu elmi əsər buna imkan verir ki, bu tədqiqat işindən tələbələrimiz üçün geniş auditoriyada istifadə edək. Vəfa xanım, buyurun. Filologiya üzrə fəlsəfə doktoru Vəfa Kazımova: Fil.ü.f.d. Vəfa Kazımova: Mən qısaca olaraq Xəyalə xanımı təbrik etmək istəyirəm. Dissertasiyanı oxumuşam. Mən arzulayıram Xəyalə xanıma ki, gələcəkdə o, beynəlxalq konfranslarda Azərbaycan ədəbiyyatından apardığı tədqiqat işləri ilə bağlı uğurlu çıxışları olsun, onun tədqiqatına dünyada maraq ayrılsın, paralellər aparılsın, necə ki, dissertasiyada yazılıb. Çox sağ olun.Sədr: Çox sağ olun, Vəfa xanım. Sözü Aytən xanıma vermək istəyirəm. Filologiya üzrə fəlsəfə doktoru Aytən Hacıyeva. Buyurun, Aytən xanım.Fil.ü.f.d. Aytən Hacıyeva: Çox sağ olun, Fəridə xanım. Burda çox görkəli alimlər əsər haqqında, görkəmli yazıçımız haqqında, eyni zamanda tədqiqatçı haqqında öz fikirlərini səsləndirdilər. Mən də ancaq bir neçə cümlə qeyd etmək istərdim ki, əsəri oxudum. Həqiqətən də, çox dəyərli dissertasiyadır. Bu əsər çox oxunaqlıdır, axıcılığı ilə seçilir. Ancaq dili baxımından yox, məzmunu, elmi siqləti baxımından seçilən əsərlərdəndir. Mənim zənnimcə, ümumiyyətlə əsərin dəyəri  həm də orda istifadə olunan ədəbiyyat siyahısından bilinir. Ədəbiyyat siyahısı da zənginliyi və əhatəliliyi ilə seçilir. O cümlədən işin strukturu, quruluşu çox gözəl, səliqəlidir. O cümlədən, müqayisə aspektdə işlənilməsi. Nəinki öz çağdaşları, ümumiyyətlə, Azərbaycan klassik ədəbiyyatının tədqiqata cəlb etməsi və dünya ədəbiyyatının nümunələri ilə müqayisəli aspektdə araşdırılması təbii ki, işin çox dəyərli cəhətlərindəndir. Və bu müqayisə sadəcə müqayisə xatirinə edilmir, tədqiqatçı öz fikrini əsaslandıra bilir. Həqiqətən də, doktorluq işi səviyyəsində qoyulan tələblərə tam cavab verir. Xəyalə xanıma çox-çox uğurlar arzulayıram. Fil.ü.f.d., dos. H.N.Abdiyeva: Sonda bir cümlə də mən demək istəyirəm.Sədr: Buyurun, Həqiqət xanım. Filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət xanım Abdiyeva:Fil.ü.f.d., dosent Həqiqət Abdiyeva:  Hamı çox sağ olsun. Gözəl müzakirə keçdi. Biz Seyran Səxavətlə tələbəlikdən dostuq, tələbə yoldaşıyıq. Xəyalə haqqında onu demək istəyirəm ki, Xəyalə oxuduqca daha da oxumağa həvəslənir, əziyyət çəkdikcə bu əziyyətdən yorulmayan, daha da ləzzət alan bir tədqiqatçıdır. O, həm Bakı Dövlət Universitetində bizim kafedramızın əməkdaşı kimi hər cəhətdən layiqli bir insandı. Sevinirəm ki, ədəbiyyatımıza, elmimizə bu cür gözəl, savadlı bir gənc gəlir. Bu yolda ona uğurlar arzulayıram. Deyirəm ki, bunun elmi işini birbaşa növbəti mərhələyə buraxmaq olar.Sədr: Sözü yazıçı Seyran Səxavətə veririk. Buyurun, Seyran müəllim.Yazıçı Seyran Səxavət: Mənim, bəlkə də, bura gəlməyə ixtiyarım yoxdu. Gəlmişəmsə də, bəlkə də, danışmağa ixtiyarım yoxdu. Sədr: Əksinə, Seyran müəllim, biz Sizin gəlişinizə çox sevindik.Yazıçı Seyran Səxavət: Xəyalə qızım çox təkid elədi ki, gəlin. Dedim, ay Xəyalə, əgər sən Füzulidən yazsaydın, yazıq Füzulini necə çağıracaqdın (Hamı gülür). Gördüm ki, uşağın ürəyi istəyir, gəldim. Və bu fürsətdən istifadə edib hamınıza təşəkkür etmək istəyirəm. Əslində bura yığışanlar hamısı mənim qohumlarımdı. Bu günün aspektindən baxanda biz hamımız ata qohumuyuq, çünki hamımız Sözün belindən gəlişik. Ən dəqiq ünvan o ünvandı – Sözdü. Bu mənada, biz hamımız qohumuq. Fürsətdən istifadə edib bir şey deyəcəm. Xəyalə ərə gedəndə, yəni ailə quranda sözü bir az sığallıdı, bizdə belə deyirlər. Xəyalə ərə gedəndə mən üzürlü səbəbdən ona cehiz verə bilməmişəm, çünki o vaxt onu tanımırdım. İndi bir də bir belə adamı harda görəcəm, istəyirəm burda hamınızın şahidliyi ilə Xəyaləni öz yaradıcılığımın varisi olmağı vəsiyyət eləmişəm. Allah onu qorusun. Halal xoşu olsun!Bu istəyim mənim içimdəki ehtiyacdan doğuldu. Axır ki, mənə də sahib çıxan tapıldı. Var ol, Xəyalə!Sədr: Çox sağ olun, Seyran müəllim. Mən ilk dəfədir ki, hansısa elmi müzakirənin sonunda hər kəsin bu cür kövrəldiyini – bu cür duyğulu anlar yaşadığını görürəm. Söz tapmağa çətinlik çəkir adam. Seyran müəllim, biz sizə yaradıcılığınızda uğurlar, can sağlığı arzulayırıq. Allah qolunuza qüvvət versin. Gənc yetirməmizə – Xəyalə qızımıza da elmi araşdırmalarına başarılarla davam etməyi, müvəffəqiyyətlə müdafiə etməyi arzulayıram. Uğur həmişə səninlə olsun, qızım! Bununla da iclasımızı bitmiş hesab edirəm. Sağ olun. Hamınıza can sağlığı, uğurlar arzulayıram.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler