Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atam meni qumarda dostuna uduzdu..” -QANDONDURAN OLAY

26 Ağustos 2016

2:32 pm


26/08/2016 [18:30]: xeber –
“…Gecə atam bir kişi ilə evə gəldi. Atamdan qonağın kim olduğunu soruşdum. Əvəzində kişi cavab verdi ki, atan səni qumara qoyub, mən də udmuşam. Həmin kişi ilə dalaşdım, buna görə də atam məni möhkəm döydü. Evdən qaçdım, həmin gün qorxumdan yaxınlıqdakı binanın damında gecələdim…”Bu qandonduran əhvalatı virtualaz.org saytının müxbiri ilə söhbətində 19 yaşlı Gülnarə Məmmədova (adlar şərtidir-red.) danışıb… Öncə onu deyək ki, virtualaz.org saytı Ağdaşda əyyaş atası tərəfindən evdən qovulan bacılar haqqında özünün 14 sentyabr tarixli buraxılışında məlumat vermişdi. Qızların ikisi “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına, ailənin 16 yaşlı kiçik qızı isə azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.  Bu məsələ mətbuatda işıqlandırılandan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bacıları himayəsinə götürüb.  Bacılarının bütün problemlərinin ağırlığını ailənin ikinci qızı, 19 yaşlı Gülnarə çiyninə götürüb. Onunla söhbətimiz “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində baş tutdu. Gülnarə virtualaz.org saytına müsahibəsində atalarının ağlasığmaz əməllərindən, doğma qızlarına qarşı amansız münasibətindən danışdı…  Qeyd edək ki, 4 qızın küçələrdə gecələməsinə səbəb olan ata illərdir müəllim işləyir, başqalarının uşaqlarına əxlaq öyrədir, təhsil verir…  Gülnarə söhbətə belə başladı:- Anam xərçəng xəstəsi idi. Onun-bunun həyətində işləyib, qonşulara ot biçib əməliyyatı üçün pul toplamışdı. Amma atam həmin pulu oğurlayıb qumarda uduzdu. Anam müalicə olunmadı deyə 2008-ci ildə dünyasını dəyişdi. Onda mənim 13, balaca bacımın isə 10 yaşı vardı. – Bəs sizə kim sahib çıxdı?- Əmim, xalam, dayım var. Doğrudur, əmimin üzünü görməmişəm, amma deyirlər ki, polisdə işləyir, yaxşı ailəsi var. Xalam da, dayım da atama görə bizə baxmadı. 4 bacı atamın yanında qaldıq. Atam bizi hər gün söyürdü, döyürdü. Atamın birinci ailəsi alınmayb, anam onun ikinci arvadı idi. Anam Məshəti türküdür, atam ona çox əziyyətlər verib.- Bəs anan xəstə olanda niyə dayından, xalandan kömək istəmədiniz?- Atam Rusiyaya gedib qayıdana kimi yaxşı yaşamışdıq. Anam deyirdi ki, Rusiyadan gələndən sonra içki içməyə, qumar oynamağa başlayıb. Mən məktəbə getməmişəm, anama baxmışam. Amma bacılarım məktəbə gedirdilər. Bir gün evdə yox idim. Qayıdanda gördüm atam anamı o qədər döyüb ki, ağzından qan axır. Atama “sən qeyrətsiz kişisən” dedim və o gündən bacılarımı oxudacağıma, anama baxacağıma söz verdim. Nə dayım, nə də xalam bizə kömək etdi. Anam öləndən sonra atam bizi döyüb evdən qovmuşdu. Biz dayımgilə getdik, qapının ağzından dayanıb zəng vurduq ki, qapını açıb evlərində qalmağımıza imkan versin. Dayım biz eşidə-eşidə telefonda evdə olmadıqlarını dedi. Səhərə kimi küçədə qaldıq. Sonra bacılarımı da götürüb Ağdaş Rayon İcra Hakimiyyətinə apardım. Orada uşaq evində qalmaq istədiyimizi dedik. Bizi Gəncədəki uşaq evinə yerləşdirdilər.- Uşaq evində sizə necə baxırdılar?- Biz o qədər çətinlik çəkmişdik ki… Atam heç bir bayramları keçirməyə qoymurdu. Anam öləndən sonra bizi döyüb gecə evdən qovurdu. 4 qız uşağının rayonda küçələrdə qalması bilirsiniz nədir? Atam daim içki içirdi deyə bir çoxları da bizi pozğun, yiyəsiz sayırdılar. Cavan oğlanlar gecələr qapını qırıb bizə görə evimizə girmək istəyirdilər. Axı gecə küçədə qalan qızlara kim yaxşı baxar? Amma mən və bacılarım hamıya sübut edəcəyik ki, o cür kişinin də qeyrətli qızları ola bilər.- Atan uşaq evinə sizi görməyə gəlirdimi?- Atam uşaq evinə yalnız sərxoş olanda gəlirdi. Uşaqların yanında bizi söyüb təhqir eləyirdi, döyürdü. Uşaq evində də yaşamağa imkan vermirdi. Bayramlarda hamının yaxını, doğması gəlirdi, biz dörd bacı isə bir yerə yığışıb qapıdan kiminsə girəcəyini həsrətlə gözləyirdik. Elə uşaq evində qərar verdik ki, ağlamayacağıq, xalama da, dayıma da, bizi tanıyan rayon camaatına da sübut edəcəyik ki, biz pozulmadıq.- İndi iki bacı bu sığınacaqda qalırsınız. Kiçik bacın isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır. Bəs böyük bacın haradadır?- Böyük bacımın 20 yaşı var. Mənim 19, özümdən sonrakı bacımın 17, kiçiyinin isə 16 yaşı var. Biz Gəncə uşaq evində olanda tələbələr internata gəlirdi, yardım gətirirdilər. Bacım isə universitetə hazırlaşırdı. Uşaq evinə yardım gətirən tələbələrdən biri bacıma elçi düşdü. Onlar bacımı uşaq evinin müdirəsi Nazilə İsmayılovadan istədilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Yelmar müəllim (Yelmar Vəliyevi nəzərdə tutur-red.) bacıma toy etdi, cehiz verdi. İndi Mingəçevirdə yaşayır, iki oğlu var. Onun həyatı yaxşıdır, həyat yoldaşı ailəcanlıdır. Biz internatdan çıxandan sonra yanına aparmaq istədi. Amma iki otaqda yeznəmin ana-atası ilə birgə 6 nəfər yaşayırlar. Biz onlara yük olmaq istəmədik. Atam bacımın ailəsini dağıtmaq istəyirdi. Gəncə uşaq evinə gəlib dava salırdı ki, ünvanı verin, gedib qızımı öldürəcəm. Eyni vəziyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də baş verdi. Məni komitəyə çağırmışdılar, dedilər ki, Ağdaşda sizə ev kirayələyəcəyik, orada işlə təmin olunacaqsınız. Atam da orada idi. Atam məni komitə işçilərinə əxlaqsız kimi təqdim etdi. Dedi ki, bunu da, bacılarını da övladlıqdan çıxarmışam, mənim bu adda qızlarım yoxdur. Mən orada atamı alçaltmaq istəmədim. Amma demədi ki, özü müəllim ola-ola bizi oxutdurmadı. Mən 12 yaşından ot biçirdim, yumurta satırdım, başqalarının evini təmizləyib pul qazanırdım.- Atan müəllim işləyir?- Hə, Ağdaşda orta məktəbdə idman müəllimidir. Amma atam ailəsini içkiyə, qumara dəyişdi. Atam, atama görə xalam, dayım bizi əzəndə, qapıdan qovanda bir məqsədim vardı: hərbçi olub generala qədər yüksələcəm və onda ətrafımızdakı insanlara sübut edəcəm ki, məcbur qalıb küçələrdə gecələyən çarəsiz qızların haqqında çox söz demək olar, amma belə deyil, bizə sahib çıxmadınız, heç olmasa susun.- Qayıdaq komitənin təklifinə. Ağdaşa nə vaxt gedəcəksiniz?- Mən gəlib bacılarımla məsləhətləşdim. Biz daha Ağdaşa qayıtmaq istəmirik, daha o kinayəli baxışları, təhqirləri eşitmək istəmirik. Öz qızını qumara qoyan atanın qızlarına başqaları necə baxarlar? Gecələr küçədə qalan qızlara kömək etməzlər, amma onlar haqqında danışarlar. Ağdaşa qayıtsaq, atam bizi sakit buraxmayacaq, yenə döyəcək, söyəcək. Biz yenidən o günlərə qayıtmaq istəmirik. Biz oradan hər şeyə, bizə xor baxanlara nifrət edib çıxmışıq. Qayıdanda yalnız öz ailəmizlə qayıdacağıq. Komitə indi söz verib ki, bizə bir həftəyə cavab verəcək. Biz onlardan narazı deyilik, mən başımıza gələnlərdən danışmadım. Demədim ki, oğlanlar az qalıb qapını qırıb evimizə girmək istəyirdilər ki, Vaqifin qızları gəlib, Vaqif qızlarını satıb. Atam bizi qumara qoymuşdu deyə oğlanlar da fikirləşirdi ki, atam qızlarını satıb. İndi biz o şəhərə necə qayıdaq? Mən uşaqlıqdan özümlə bıçaq gəzdirirdim ki, bacılarımı qoruyum. Hələ yaxşı ki, 4 il Gəncə uşaq evində yaşamışıq.- Uşaq evindən çıxandan sonra Bakıya gəldiniz?- Yox, mən Gəncədə iş tapdım, ev kirayələdim. Bacımın uşaq evindən çıxmasını gözləyirdim. Kirayə qaldığım evi satdılar, bundan sonra ev kirayələməyə imkanım olmadı. Bacılarım da uşaq evindən çıxmışdılar, qalmağa yerimiz yox idi. Gecə yağış yağırdı. Bacılarımı kirayədə yaşadığım məhəllədə qonşunun evinə apardım. Dedim ki, otursunlar, sabah səhər gəlib aparacam. Özüm isə bir klub vardı, ora gedib qapıda gözlədim. Hamı evinə çıxıb gedəndən sonra içəri girib səhərə kimi gözlədim. Sonra bacılarımı da götürüb polisə getdik, vəziyyəti danışdım, kömək istədim. Dedilər ki, Gəncə qeydiyyatında olmadığınızdan sizə kömək edə bilməyəcəyik. Ancaq sağ olsunlar, Bakıya gəlmək üçün yolpulu verdilər. Bakıya gəlib balaca bacımı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yanında qoydum. Kəmalə xanım Gəncəyə uşaq evinə gəlmişdi, oradan tanıyırdım. Özüm isə burada Mehriban xanımın yanında qalıram. Amma bu sığınacaqlar müvəqqətidir, bir gün gec, bir gün tez çıxmalıyam. Hamı elə fikirləşir ki, uşaq evlərindən çıxan qızlar əxlaqsız olurlar. İndi özünüz deyin – ev yox, iş yox, yemək, geyim tapa bilmirsən. Hara gedirsənsə, qapılar üzünə bağlanır, amma sən də yaşamaq istəyirsən. Axı kənardan baxan üçün danışmaq asandır. Bu qızlara yalnız bir yol qalır. Mən və bacılarım oxumaq istəyirik. Mən orta məktəbi oxumamışam, anama, bacılarıma baxmışam. Ancaq bir arzum var, mənə kömək eləsinlər, hərbçi olmaq istəyirəm, lap elə əsgər aparsınlar. Bacılarım da universitetdə oxumaq istəyir. Əgər imkanlı adamlar istəsələr, bacılarımın universitetə hazırlaşmaları üçün kitab alsınlar. Onlar polis olmaq istəyirlər, istəyirik ki, bizim kimi qızlara kömək edək. Bir də ona görə yaşayıram ki, atama, xalama, dayıma sübut edim ki, biz atamızın deyil, anamızın qızıyıq. Anam ağır xəstə olsa da dözürdü, o sağ ikən bacılarım əlaçı idi, ən yaxşı məktəbdə oxuyurdular. Biz anamız kimi əzablara dözsək də kiminsə qarşısında sınmayacağıq. İşləyərək həyatımızı qazanacağıq.***Qeyd etdiyimiz kimi, iki bacı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yerləşdirilib. Onlar bu sığınacaqda psixoloji yardım da alırlar. Qızların dediklərinə görə, ilk dəfə burada özlərini evlərindəki kimi hiss edirlər.  Təşkilatın sədri Mehriban Zeynalova virtualaz.org saytına dedi ki, qızlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir: “Komitənin işçiləri onlarla hər gün maraqlanır, qızlara kirayə ev tutmağa, iş tapmağa çalışırlar. İndi də təklif olunur ki, Gəncədə ev tutsunlar, işlə təmin edilsinlər. Amma qızlar nə Gəncəyə, nə də Ağdaşa getmək istəmir. Deyirlər ki, hər iki şəhərlə bağlı pis xatirələri var. Bacılardan biri hərbi sahədə işləmək istəyir, onun arzusunun reallaşmasına çalışırıq. Onun yeganə istəyi hərbçi olmaqdır. Ona bu işdə kömək göstərilməsini istəyirik”.  “Ağdaşda əyyaş atası tərəfindən atılan bacıların kiçiyi təşkilatımızın sığınacağında yerləşdirilib. Qızların taleyi ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinin nəzdindəki yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlamışam. Amma onlar bu bacıların problemlərini həll etmək istəmirlər” – bunu isə virtualaz.org saytına azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.  Hüquq müdafiəçisinin sözlərinə görə, komissiyanın əməkdaşı qızların Ağdaşa qayıtmalarını istəyib: “Komissiyanın əməkdaşı dedi ki, qızlar geri qayıdıb rayondakı evlərində yaşasınlar. Amma ata daim sərxoş olur, evdə yaşamaq üçün şərait yoxdur. Ağdaş RİH komissiyasının əməkdaşları isə qızlara deyil, onları küçəyə salan ataya haqq qazandırdı. Məsələ burasındadır ki, ata əvvəllər rayonda nüfuz sahibi olub, buna görə də ona bir söz demirlər. Qızların sözlərinə görə, ata onları incidərkən polis şöbəsinə gediblər, şikayət ediblər. Sonradan isə qızlar Gəncə uşaq evində yaşayıblar. Balaca bacı bizim təşkilatın sığınacaq evində yaşadığı müddətdə psixoloji dəstək alacaq, təhsilini davam etdirəcək”.  Ağdaş Rayon İcra Hakimiyyətindən virtualaz.org saytının bu məsələ ilə bağlı sorğusuna cavab vermək istəməyiblər.  Ağdaş Rayon Polis Şöbəsindən isə onlarda bu haqda heç bir məlumatın olmadığını dedilər. Şöbədən bildirdilər ki, həmin qızlar polisə ataları tərəfindən döyülmələri, küçəyə atılmaları barədə heç bir müraciət ünvanlamayıb.  Polis şöbəsindən həmin qızları xatırlamadıqlarını da əlavə etdilər: “Bizə ataları tərəfindən döyülən bacılar tərəfindən rəsmi müraciət edilməyib. Söhbətin hansı bacılardan getdiyini də bilmirik”.  Səslənən bu ittihamlarla bağlı qızların atası Vaqif müəllimlə (soyadını dəqiqləşdirə bilmədik-red.) də əlaqə saxlamağa, onun da mövqeyini öyrənməyə çalışdıq. Amma bu cəhdlərimiz uğursuz alındı.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler