Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atam hekime deyende ki, yarada bint qoymusan, gözlemediyi cavabı aldı…”

25 Haziran 2016

1:20 pm


25/06/2016 [17:16]: xeber –

Azərbaycanda həkimin şəkərli diabet xəstəsi olan 82
yaşlı qadının xəstə ayağının yerinə sağlam ayağını kəsməsi xəbəri nəinki ölkə
mediasında, hətta xarici mediada belə ildırım sürətilə yayıldı. Eşidənləri dəhşətə
gətirən bu xəbər sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrildi. Sosial şəbəkə
istifadəçiləri həkimlərlə, səhiyyə ilə bağlı qarşılaşdıqları kədərli hadisələri
paylaşıblar.

sayt həmin paylaşımlardan bir neçəsini təqdim
edir.

Jurnalist Züleyxa
Nadir: “Məlum oldu
ki, əməliyyat zamanı baldırın içərisində BİNT qalıb…”

“1979-cu ildə qardaşım avtomobil qəzasında sağ
ayağından ağır yaralandı. Əməliyyat lazım idi, amma həkim ləngidirdi. Tovuzda məşhur
həkim var idi – Çingiz Namazov (bilmirəm sağdı, ya ölüb) düzdü savadlı idi,
amma sözün həqiqi mənasında cəllad idi. Beş gün qardaşımın ayağı daşdan asılı vəziyyətdə
qaldı. Və Çingiz doktor istədiyi məbləği alandan sonra əməliyyata başladı.
Sonralar deyəcək ki, bu əməliyyata guya əlində zəhərlə giribmiş, xəstə əməliyyatda
ölsə zəhər içəcəkmiş. İnanmadıq təbii ki…

Aylar sonra qardaşımın gipsə salınmış ayağından dəhşətli
ağrı ilə müşaiyət olunan çirk axmağa başladı. Çingiz doktor dedi ki, sümüyün
içinə qoyduğu mil tərpənib. Yerli keyitmə ilə qardaşımın baldırının yuxarı hissəsini
kəsib çəkiclə mili yerinə saldı. Yusifin bağırtısı hələ də qulaqlarımdadı…

Yenə də çirk dayanmadı. Cürbəcür iynə dərman… təsiri
olmadı, günbəgün çoxalırdı. Bu dəfə Namazov özü Bakıya Travmatologiya
İnstitutuna Talışınskinin yanına getməyi məsləhət gördü. Professor Rəşid
Talışınski… heç zaman unutmadığım ŞƏXSİYYƏT. 35 yaşında elmlər doktoru
olmuşdu. O dövrlərdə bu yaşda bu adı almaq tək-tək alimlərə qismət olurdu. Heyf
uzun ömürlü ola bilmədi, çox gözəl həkim, çox da gözəl insan idi. 1988-ci ildə
ölümünü eşidəndə qardaşım hönkür-hönkür ağlamışdı…

Bu dəfə əməliyyatı professorun tapşırığı ilə Nadir
Cəbiyev adlı bir həkim etdi. Məlum oldu ki, Çingiz Namazov əməliyyat vaxtı
baldırın içərisində BİNT-SALFETKA qoyub. Cəbiyev onu bizə göstərdi,
cürümüşdü…

Günlər keçdi çirk dayanmadı…

Üçüncü dəfə Talışınski özü əməliyyata girdi. Demə həmin
bint parçası sümüyə ləkə salıb, xeyli hissəsi qaralıb, dözülməz ağrılar da
ondan imiş. Talışınski sümüyün o hissəsini qaşıyıb… Çirk dayandı, amma
qardaşımın sağ ayağı nəzərəçarpacaq dərəcədə qısaldı və bu onun yerişini dəyişdi…Yusifin
axsayan yerişi ömrünün sonunacan bizim gözümüzü çıxardı… (((

Atam Çingiz doktora deyəndə ki, yarada bint
qoymusan, gözləmədiyi cavabı alıb: “ola bilər, operasiyaya girəndə inamım
yox idi ki, oğlun sağ çıxacaq. Günah məndədi, operasiyanı gecikdirmişdim, ona
görə də tez-tələsik bitirməyə çalışmışdım”…

… Məsuliyyətsiz və vicdansız həkimlər bütün dövrlərdə
olub. Yaxşı ki, bu gün kompüter texnikası var, heç olmasa vicdansızlar, ən azı,
ictimai qınağa tuş gəlirlər…

…Amma hər zaman yaxşı, savadlı, İNSAN həkimlər də
olub, yenə də var…”

 

Jurnalist Dilqəm
Əhməd: “Tibb
bacıları boynumdakı iri vəsiqəyə fikir vermədən soruşdular: pastel pulunu kim
verəcək?”

“SOS Uşaq Kəndində işləyirdim. Xidmət göstərdiyim
uşaqlardan birinin anası zəng elədi ki, ölürəm, apendisit partlamaq üzrədir.
Bizim ofis də Əfəndiyev adına 2 nömrəli xəstəxanaya yaxın idi. Dedim, zəng edə
bilirsənsə, təcili yardıma zəng elə, bura gətirsinlər, biz də gəlirik. Təcili
yardım qadını gətirdi, qadın pis vəziyyətdə ağrıdan qıvrılır. İçəri aparmaq istədik
ki, yaşlı bir həkim gəldi ki, bizlik deyil, aparın Semaşkoya. Dedim, nətər
sizlik deyil, qadın ölür ee. Dedi qəti bizlik deyil. Qadın da bu arada ağrıdan
bayılmaq üzrədir. Dedim yaxşı heç olmasa, nəsə təcili bir şey edin ora aparım.
Qəti yox dedi. Tüpürdüm sosial işin etik qaydalarına, yaxasından tutdum, həyatımda
ilk dəfə qışqırdım ki, nətər sənlik deyil, korsan, ölür qadın. Kişinin rəngi
saraldı, bala, sənə neyləmişəm filan. Gəlib araladılar. Xeyri olmadı (qadını təzədən
təcili yardıma mindirdik, Semaşkoya gedirik. Yollar bərbad, içəridə sağlam
adamın da apendisti partlaya bilər. Tibb bacısı deyir ki, normaldır, belə vəziyyətdə
hamilə qadın aparanda, yollara görə doğuş da olub maşında… Semaşkoya çatdıq,
təcili qadını bir palataya yerləşdirdik, tibb bacıları boynumdakı iri vəsiqəyə
fikir vermədən iki sual soruşdular: pastel pulunu kim verəcək? (Sonra öyrəndim
ki, xəstəyə təzə pastel salmaq 3 manat imiş), Əri var da, gələcək? (Yəni ki,
işimizi bilək, bizə kim pul verəcək). Mən də getdim, baş həkimin yanına. Baş həkimin
bütün barmaqlarında qaşları yumruq boyda üzüklər vardı. Qayıtdı ki, Dilqəm müəllim,
bura dövlətin pulsuz xəstəxanasıdır, arxayın olun, ən son iynəmizə qədər sizin
xəstəyə vuracıq. Bir həftə sonra xəstə zəng elədi ki, mənə ancaq sistem
vurdular, deyirlər bəsindir, get….

Başıma bu kimi işlər çox gəldi, səhiyyə ilə bağlı.
O gündən bütün maaşımı da verərək, yeri gələndə borc da alaraq ancaq özəl xəstəxanaya
gedirəm. Başqa çarə yox. Diş əvəzinə gözümüzü çəkdirəsi deyilik.

P.S. Dövlət xəstəxanalarında çalışan savadlı,
vicdanlı həkimlərimiz də var. Onlara salam olsun”.

 

Jurnalist Vüsal
Qarayev: “Anamın öləcəyini adi hadisə kimi deyib, getdi…”

“Həyatım boyu unutmayacağım, ömrümün sonuna kimi mənə
əzab verəcək bir xatirəm var bu savadsız həkimlərlə bağlı. Anamı Respublika
Kliniki Xəstəxanasına aparmışdım. Adi yoxlama üçün sadəcə. Həkim analizin
cavabından sonra mənə yaxınlaşıb, olduqca rahat şəkildə “Ananız hepatet C-ni
hardan tapıb? Aparın evə”- dedi. O vaxtı da bu zəhrimar xəstəlik hələ çox tanınmırdı,
dedim yəqin yüngül bir şeydi, müalicəsi evdə gedəcək. Soruşdum müalicə
yazırsınız? Sanki bir lazımsız əşya haqqında danışırmış kimi cavab verdi ki, yazacam
yüngülvari, 5-6 ay nə yaşayar-yaşayar. Mən dondum qaldım, şokdaydım. Həkim məni
orada o vəziyyətdə qoyub, üzünü çevirib çıxıb getdi…

Şişirtmə yoxdu, necə var elə danışdım. Həkim xəstənin
öləcəyi xəbərini oğluna dəhlizdə, ayaqüstü, adi bir hadisə kimi deyib, üzünü
dönüb gedir. Tanıdığım çox dəyərli həkimlərimiz də var əlbəttə…”

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler