Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arvadını qarğadı, oğlu öldü…

27 Temmuz 2016

4:16 pm


27/07/2016 [20:12]: xeber –
Arvadına etdiyi qarğış oğluna düşdü və öldü … XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının – müridizmin formalaşmasında əsas rol oynamışdır…Davamı: (əvvəlin bu linkdən oxumaq olar: http://www.moderator.az/news/145614.html )Mövlanə İsmayıl Şirvani dünyasını dəyişəndə yerinə ən kamil müridi Şeyx  Həmzə Nigarini xəlifə təyin etdi. Həmzə Nigari 1805-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində dünyaya gəlmişdir. Atası Mir Rüknəddin Əfəndi Mir Paşa təxəllüsü ilə tanınmışdır. (Türk mənbələrində isə Seyid Paşa kimi göstərilmişdir.) Anası Xeyransa xanım isə Qızxanım adı ilə tanınmışdır.Şəcərəsi Ağabalım və Malikəjdər Baba vasitəsi ilə Həzrəti Peyğəmbərimizə qədər gedib çıxır.Elm ardınca diyar-diyar gəzən Seyid Mir Həmzə ona bu yolda maddi və mənəvi dəstək olan iman və səxavət sahibi Nigar xanımın şərəfinə «Nigari» təxəllüsünü götürmüşdür. Həmzə Nigari ilk təhsilini Şəkinin Dəhnə kəndində almışdır. Sonra isə böyük sufi mütəfəkkiri Mövlanə Xaliddən dərs almaq üçün səyahətə çıxmışdır. Xarputa çatanda Xalidin vəfat etdiyini eşitmiş, oradan Sivasa getmişdir.Həmzə Nigari Sivasda olarkən, Mövlanə İsmayıl Siracəddin Şirvaninin adını eşitmiş, ona mürid olmaq üçün yola çıxmışdır. O Azərbaycanda olarkən, Rus dövlətinin təzyiqləri ilə üzləşmiş, yenidən Türkiyəyə – Sivas şəhərinə qayıtmışdır. Mürşidi Siracəddin Şirvaniyə də burada yetişmişdir. Həmzə Nigari burada təsəvvüf elminin sirlərini öyrəndikdən sonra mürşidindən icazə alaraq ziyarət səfərinə çıxmışdır. Əvvəlcə Konyaya gedib Mövlanə Cəlaləddin Ruminin türbəsini ziyarət etmiş, sonra isə, Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə gedərək, müqəddəs yerləri ziyarət etmişdir.Ziyarətini tamamlayıb, Amasiyadan dönən Həmzə Nigari irşad etmək üçün mürşidi Mövlanə Siracəddin Şirvanidən icazənamə almışdır.Həmzə Nigari İrşad fəaliyyətinə Bərgüşad və Bərdə ərazisində başladı. Burada mollaların təqib və təzyiqləri ilə üzləşdi. Daha sonra Qazax bölgəsində geniş fəaliyyət göstərmiş, ətrafına minlərlə mürid toplamışdır (Qarabağ mahalında «Şıx əfəndi» Qazax bölgəsində isə «Həzrəti Pir» təxəllüsü ilə məşhur olmuşdur).Vətənpərvər və azadlıqsevər olan Mir Həmzə Azərbaycanın Rusiya dövlətinin əsarətində qalmasına dözə bilmirdi. Xalqı çar hökumətinə qarşı üsyana qaldırmaq üçün təbliğat aparır və əqidədaşı Şeyx Şamilin ruslara qarşı apardığı müharibəyə canlı qüvvə və maddi yardımla vaxtaşırı dəstək olurdu. Çar hökuməti bunu bildiyindən Mir Həmzə Seyid Nigarinin gizli şəkildə ölümünə qərar verir. Bir neçə dəfə Şeyxə qarşı sui-qəsd təşkil edilsə də Allah Öz dostunu bütün təhlükələrdən hifz etmişdir. Nəhayət, bu böyük sufi mütəfəkkiri mühacirət etmək məcburiyyətində qalır. Bir neçə ay Qubadlı rayonunun Çələbilər kəndi yaxınlığında Hərtiz dağındakı mağarada gizlənir. Burada ona Səfər adlı mömin bir şəxs qulluq edir.Nəhayət, gizli yollarla Osmanlı dövlətinə mühacirət edən Nəqşibəndi Şeyxi Həmzə Nigari Krım müharibəsindən sonra Ərzurumun Bakurlar məhəlləsinin məscidindəki dərsxanada üç il dərs verdi.Həmzə Nigariyə müraciət edənlərdən Kim olursa-olsun, əvvəlcə müraciət edənin halını, səviyyəsini diqqətlə tədqiq edər, ona görə də rəftar edərdi. Yəni, misal üçün, dərviş olmaq istəyən şəxsin fitri qabiliyyətini tədqiq etdikdən sonra, ona istedadına görə tapşırıq verərdi. Bəzisinə də fərz olan ibadət etməsini və haramdan çəkinməsini tapşırmaqla kifayətlənərdi.İnabətdəki təlim üsuluMüridin idrak və zəkasına uyğun onun anlaya biləcəyi səviyyədə mütaliə tapşırar, artıq yükləmədən çəkinərdi. Müridinin anlamaqda çətinlik çəkəcəyi ifadələri işlətmirdi. Onun qüdsi nəfəsləri o qədər təsirli idi ki, ən bəsit ifadələri belə dinləyicisinə zövq verər və anlaşılardı.Başına ürfan tacını qoyub dərsə və ya ibadətə girərkən, bam-başqa bir hal alarmış. Üzünü bir nur, bir işıq haləsi bürüyər, riqqətdən tələbələrinin bir çoxunun ürəyi gedərmiş.Ərzurumdan İstanbula gələn Həmzə Nigari bir müddətdən sonra Amasiyada məskunlaşmış, təfsir və hədis elmlərini tədris etməklə yanaşı, təsəvvüfü fəaliyyətlə də məşğul olmuşdur.Ətrafına on minlərlə müridlər toplanan nəqşibəndi şeyxi Həmzə Nigarinin nüfuzundan narahat olan Sultan Əbdülhəmid onun Xarputa sürgün edilməsinə fərman verdi.Burada diqqət çəkən məqamlardan biri odur ki, həmin vaxt Osmanlının  Daxiliyyə Naziri Nigarinin şeyxi və onu xəlifə təyin edən Mövlanə  Siracəddin Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa idi. O, hakimiyyətdə yerini isti saxlamaq üçün atasının dostlarını və müridlərini təqib edirdi. Həmzə Nigarinin sürgün olunması fərmanını da Sultan  məhz Mehmet Rüşdi Paşanın raportlarına əsasən vermişdi. Bu barədə müridləri Həmzə Nigariyə sual verəndə Şeyx deyib: “Allah heç bir  valideynə xeyrsiz övlad qismət etməsin”.Həmzə Nigari 1886-cı ildə dünyasını dəyişdi. Vəfatından əvvəl Xarput valisindən Amasiyada dəfn olunmasını xahiş etdi. Vali Amasiyanın 8 günə dəf ediləcək bir məsafədə olmasını və bu müddətdə cəsədin iylənəcəyini əsas gətirib, vəsiyyətə etiraz etmək istədi. Şeyx cavabında: «80 il «Allah-Allah» deyən bu bədən 8 günə qoxuyacaqsa, qoy qoxusun»-deyir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Amasiyaya gətirilib, burada dəfn olunmuşdur. Qarabağdakı müridlərinin yardımı ilə türbəsi və Şeyxin adına məscid inşa edilmişdir.Həmzə Nigarinin «Fütuhati-məkkiyyə»yə yazdığı «Təvzihat», türkcə və farsca Divanı, «Nigarnamə» və «Saqinamə» adlı əsərləri vardır.Aşağıda adları çəkilən məşhur övliyalar şeyx Həmzə Nigariyə mürid olaraq, ondan irşas etmək üçün icazənamə almışdılar.1) Hacı Mahmud əfəndi Qərani (Qazax rayonu)2) Mir Seyid Həsən Hüsnü əfəndi əd-Dağıstani3) Ağarəhim Ağa Dilbazi4) Qazi Osman əfəndi5) Şahnigar Xanım Rəncur6) Hacı Teyyub əfəndi7) Hacı Zəkəriyyə əfəndi😎 Hacı Mustafa əfəndi9) Postlu Hacı Mahmud əfəndiMir Həmzə niyə “Nigari” təxəllüsünü götürdü?Yuxarıda qeyd etdim ki, Seyid  Mir  Həmzə yaxın dostu Nigar xanımın şərəfinə “Nigari” təxəllüsünü götürmüşdü. Araşdırmalar göstərir ki, Nigar xanım ərli və zəngin bir qadın olmaqla, Mir Həmzəyə böyük inam və etiqad bəsləmiş, ona elm almaq üçün dünyanı dolaşmaqda böyük maddi və mənəvi dəstək vermişdir (necə ki, Xədicə anamız Peyğəmbər əfəndimizə dəstək olmuşdur). İman əhli olan bu xanımın elmə böyük marağı olmuş, elm adamlarına yardım etməyi özünə mənəvi borc bilmişdir. Onun dəstəyindən yararlanan Mir Həmzə də bu köməyin əvəzi olaraq həm ona daim duaçı olmuş, həm də adını təxəllüs götürərək, bugünkü və gələcək nəsillərə çatmasına səbəbkar olmuşdur. (Bu əhvalatda ibrət alınası məqamlardan biri də odur ki, Peyğəmbərimizin zamanında (elə ondan sonra da) Xədicə kimi minlərlə zəngin qadın vardı. Onlardan ancaq  Xədicə anamız öz sərvətini Allaha xoş gedən bir işə: İslamın yayılmasına və Peyğəmbər əleyhissəlamın fəaliyyətinə sərf etdiyi üçün, yalnız onun adı bugünümüzə gəlib çıxıb və qiyamətə qədər də nə qədər ki, Məhəmməd əleyhissəlamın adı çəkiləcək, onunla yanaşı Xədicə anamızın da adı yaşayacaq. Eyni zamanda Mir Həmzənin dövründə də Nigar xanımdan da zəngin sonsuz sayda qadınlar vardı. Onlardan yalnız Nigar xanım Həzrət Xədicənin missiyasını davam etdirdi. Ona görə də ancaq onun adı bugünümüzə gəlib çıxdı. Şübhəsiz ki, gələcək nəsillər də bizim kimi Həmzə Nigarinin irsini araşdıranda mütləq bu təxəllüsün haradan götürüldüyünə  də diqqəti yönəldəcəklər…)Diqqətinizi maraqlı bir məqama da cəlb edək ki, bütün qadınlar kimi Mir Həmzənin həyat yoldaşı da onu Nigar xanıma qısqanırdı. Onun adını təxəllüs götürməsini heç cür həzm edə bilmirdi. Günlərin birində iman və səxavət sahbi olan Nigar xanım dünyasını dəyişir. Bu bəd xəməri Mir Həmzəyə sevinə-sevinə çatdıran həyat yoldaşı Nigar xanımın haqqında təhqiramiz ifadələr işlədib: “filankəs” öldü deyir. Bu bəd xəbər və mömün bir xanımın belə cahilliklə təhqir olunması Seyid Nigarinin qəlbini dağlayır və qəzəblə üzünü arvadına tutaraq: “Sənin ciyərin yansın” deyə qarğayır. Duaları kimi ah-naləsi də keçərli olan bu imam övladının qarğışı ünvanına çatır. Amma, necə? Bildiyimiz kimi, hər bir övlad valideyninin ciyəridir (ciyərparəsidir). Qarğınan qadının da ciyəri yeganə oğlu Siracəddin idi. Odur ki, həmin andan Siracəddinin halı pisləşərək yatağa düşdü. Kəramət əhli olan Həmzə Nigari o saat başa düşdü ki, arvadına etdiyi qarğış oğluna düşdü və bu səbədən belə vəziyyət yarandı. Nə qədər namaz qılıb, dualar etsə də vəziyyəti dəyişə bilmədi. Artıq olan olmuşdu – Siracəddin güllə dəymiş yaralı kimi yataqda  qıvrılırdı. Hadisənin sabahı günü Həmzə Nigari atını çaparaq, özünü ətraf kənddə yaşayan  başqa bir kəramət sahibinin – ustadı Şeyx Alı Çələbinin mənzilinə çatdırır. Vəziyyəti ona danışıb, kömək etməsini xahiş edir. Alı Çələbi yan otağa keçərək, namaz qılıb, dualar edir. Qayıdıb Mir Həmzəyə təəssüflə bildirir ki. Artıq gecdir, oğlun sabah dünyasını dəyişəcək, get tədarük gör. Beləliklə, Həmzə Nigarinin yeganə oğlu Siracəddin əfəndi atasının qarğışı səbəbindən (şübhəsiz ki, taleyinə bu cür dünyadan gedəcəyi yazılıbmış) üç günün tamamında Haqq  dərgahına qovuşdu. Yuxarıda qeyd etdim ki, Həmzə Nigarinin şəcərəsi Laçının Cicimli kəndində türbəsi olan, Həzrət Əlinin yaxın silahdaşı  Malik Əjdərə bağlanır. Onu da qeyd edim ki, həmin bölgədə Malik Əjdərin soyundan olan başqa kəramət sahibləri də yetişmişlər. Buna misal olaraq bütün Qarabağda kəramətləriylə məşhur olan, Mir Həmzənin yaxın qohumu Şıx Fərzalı babanın (1853-1928) adını çəkmək olar. Bu övliyanın kəramətlərini sübut edən bir çox əhvalatlar xalq arasında indi də dillər əzbəridir. Onlardan birini moderator.az-ın oxucularına çatdırım ki, bu Allah dostunun dualarının necə keçərli olduğu barədə təsəvvürə malik olsunlar. Əhvalat belə olmuşdur:Qubadlı rayonunun Dəmirçilər kəndindən Şıx Mustafa babanın Qiymət adlı qızı həddibuluğa çatmamış rəhmətə getmişdi. Bu hadisə uşağın anası Həcəri çox sarsıtmışdı. O, gecə gündüz dayanmadan ağlayırdı. Həyat yoldaşı Mustafa baba Həcəri heç cür  sakitləşdirə bilmirdi. Ona görə də qonşu Saray kəndində yaşayan Şıx Fərzalı babaya kömək üçün müraciət etdi. Bir qədər məsləhət-məşvərət edəndən sonra belə qərara gəldilər ki, ananı qızının qəbri başına gətirsinlər və onu qızı Qiymətin ruhu ilə danışdırsınlar.  Razılaşdırılan vaxt uşağın atası, anası, Fərzalı baba və bir neçə kənd ağsaqqalları qəbristanlığa gəlib məzarın başında dayanırlar. Övliya namaz qılıb, dua edir və uşağın ruhunu çağırır. Üçüncü çağırışda məzardan səs gəlir: “Can baba, eşidirəm”. Fərzalı baba soruşur ki, qızım, niyə gec cavab verdin? Uşaq cavab verir ki, Cənnətdə çayın qırağında oynayırdım, gördün çağırırsan, qaça-qaça gəldim. Övliya soruşur ki, qızım, anan səndən nigarandır, ona sözün varmı? Uşaq cavabında deyir ki, anama deyin mən Cənnətdəyəm, amma, anam daim ağlayır deyə çox narahat oluram. Ona deyin ağlamasın. XX əsrin əvvəllərində baş verən bu heyrətamiz hadisənin bir çox şahidləri olmuşdur. Onlardan  sonuncu rəhmətə gedən İsmayıl Abuşov keçən əsrin 70-ci illərinə qədər yaşamışdır. O, şahidi olduğu  bu hadisəni daim məclislərdə danışarmış. İsmayıl kişiyə  istinadən bölgənin bir çox yazarları bu hadisəni öz əsərlərində işıqlandırmışlar (elə biz də bu hadisəni qələmə alarkən, həmin yazarlardan Şakir Mirlərə və övliyanın həmkəndlilərinə istinad etdik).  Həmzə Nigari dini əsərlər yazmaqla bərabər, həm də gözəl qəzəllri də qalmışdır. Bu  qəzəllərdən birni oxuculara təqdim edirəm:Çıxmadı sahibi-dəva, nə əcəb?Açmadı bayraqi-bala, nə əcəb?Çıxdı çün firqeyi-Dəccal, nəh,Çıxmadı Mehdi, Məsiha nə əcəb?Atdı atəşlərə Nəmrud bizi,Gəlmədi bir Xəliləsa, nə əcəb?İrdi Firoon bizim dadımıza, İrmədi bir yədi-beyza, nə əcəb?Olmadı milləti-islama kömək,İrmədi bir mədəd, aya, nə əcəb?Ey Nigari, qədəri-Mirim üçünTövbə qıl, söyləmə haşa “nə əcəb?”.Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler