Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Armageddon…

01 Eylül 2016

6:36 am


01/09/2016 [10:33]: xeber –
“Amma mən şəxsiyyətəm. Və sizin müdaxilənizə etiraz edirəm”.“Armageddonda yuxuya dalmış”Rey Bredberi Armageddon – xristianlara görə, məhşər günündə Xeyirlə Şərin son döyüş yeridir…Sabah ertədən əlimə Rey Bredberinin cildi keçmişdi. Vaxtilə maraqla oxuduğum müəlliflərdən biridir. Hekayələrində Marsdan, marslılardan, insanların orada məskən salmasından çox yazır, amma bir şeyə fikir verdim ki, özgə planetlərə köçmək kimi səviyyəyə çatmış insanlardan yazsa da, elə hey Yer üzündəki müharibələrdən bəhs edir. “Armageddonda yuxuya dalmış” hekayəsi  isə müharibənin insan şüurunda, beynində getməsi barədədir. Yad bir planetdə qəzaya uğramış astronavt sağ qaldığına və planetin yaşayış üçün yararlı olduğuna sevinməyə macal tapmamış qəribə şeylər baş verməyə başlayır – yatıb dincini almaq istəyən kimi yuxusuna həmin planetin keçmiş sakinləri olan iki sərkərdə girib onun şüuru və bədənini özləri üçün döyüş meydanına çevirirlər. Demə, onlar beş min il müharibə aparıb bir-birilərini son nəfərədək məhv ediblərmiş. İndi isə cismən məhv olsalar da, ruhən hələ də savaş axtarırlar və astronavt Leonard Seyl onların kainatına, dünyasına çevrilir. Nə yazıq ki, savaş üçün…***Əskərliyimi 70-ci illərin sonu 80-cilərin əvvəlində Şərqi Almaniyada çəkmişəm. Dili bildiyimə görə, hərbi komendaturada qulluğa cəlb edilmişdim. Günlərin birində qoca bir alman kişisi şikayətə gəlmişdi. Nədənsə onunla söhbətimiz tutdu və bir xeyli danışdıq. Demə qoca, Hitleri görübmüş və onun haqqında dediklərindən belə qənaətə gəldim ki, cənab Aloiz Şikelqruberin oğlu dünyaya savaş açmaqla işsiz almanlara iş və xeyli firavan həyat veribmiş… Bir sözlə, Almaniya, daha doğrusu, faşistlər müharibəni resurslar uğrunda başlayıblarmış. Əslində, qoca almanın dediklərində qeyri-adi heç nə yoxdu. Zatən, bəşər tarixindəki bütün müharibələr yaşamaq uğrunda silsilə mübarizənin təzahürüdür. Quldarlıq dövründən tutmuş indiyədək hamı yeni resurslar əldə etmək istəyib – istehsal münasibətlərindən asılı olaraq onlar formalarını dəyişsə də, məğz dəyişməyib. Məhsuldarlığı artırmaq üçün bir zamanlar insanları əsir alıb onların qul əməyini istismar edirdilərsə, texnoloji inkişafla bərabər istismar formaları da dəyişirdi.Libertarian fəlsəfəsinin banilərindən biri, filosof, iqtisadçı və tarixçi olmuş məşhur avstriyalı Lüdviq fon Mizes hələ 1944-cü ildə mühazirələrinin birində deyirdi ki, azad ticarət və sahibkarlıq mühiti olan yerdə silahlı aqressiyaya ehtiyac qalmır. Totalitar rejimlər üçünsə işğal iqtisadi məqsədlərə çatmağın yeğanə yoludur.“Almaniya da digər Avropa ölkələri kimi təbii sərvətlərlə bir o qədər də zəngin deyil. Hər halda, həmin ehtiyatlar bütün əhalinin qarnını doyuzdurmaq və ərzaqla təmin etmək üçün kifayət qədər deyil. Almaniya böyük miqdarda xammal və ərzaq idxal etmək məcburiyyətindədir. Onların pulunu ödəmək üçünsə idxal olunan xammal hesabına istehsal edilən sənaye məhsullarını ixrac etmək gərəkdir. Azad sahibkarlıq şəraitində almanlar bu vəziyyətə çox asanlıqla uyğunlaşa bilmişdilər. 60-70 il bundan əvvəl, 1870-1880-ci illərdə Almaniya iqtisadi rifahına görə dünyada birincilər sırasındaydı. Alman sahibkarlar olduqca səmərəli sənaye müəssisələri yaratmışdılar. Sənaye istehsalının həcminə görə, ölkə Avropada birinci yerdə idi. Bütün zümrə və siniflərdən olan alman əhalisinin rifahı durmadan artırdı. Əslində, alman iqtisadiyyatının heç bir struktur dəyişikliyə ehtiyacı yox idi”.Amma…L.fon Mizesin düz yetmiş iki il əvvəl söylədikləri hələ də aktualdır. Almaniya iki Dünya müharibəsi törətməsinə və hər ikisində də məğlub olmasına baxmayaraq, indi onu darmadağın etmiş Rusiyadan iqtisadi cəhətdən qat-qat üstündür.Avropa Birliyi ölkələri,  o cümlədən də Almaniyanın, bu illər ərzində nə nefti əmələ gəlib, nə də qazı. Avropa, əslində, Rusiyanın karbohidrogen ehtiyatlarından, xüsusən də qazından asılıdır. Nefti isə əsasən ərəb, yəni müsəlman ölkələrindən alır. Bir sözlə, fon Mizes demiş, Almaniya, bizim halda AB, xammal idxalından asılıdır. Bəs karbohidrogenlərlə zəngin ölkələr necə, Qərbdən asılı deyilmi? Zənnimcə, ritorik sualdır, çünki yeni texnologiyalar olmasa, onlar yerin təkinə heç 1000 metr də nüfuz edə bilməzlər. Texnologiya isə Qərbdədir. Beləliklə, aydın olur ki, bu dünyada hamı bir-birindən asılıdır…Dünyadakı bütün müharibələr enerji resursları ucbatından baş verib və verir. Əvvəllər açıq-aşkar hərbi müdaxilələrə üstünlük verilirdisə, son bir neçə ildə yeni tendensiya sezilməkdədir. Artıq Qərb, xüsusən də AB, xammal asılılığı boyunduruğundan bezib. ABŞ hələki bu yeni trendə bir o qədər fəal qoşulmayıb, çünki özünün kifayət qədər karbohidrogen ehtiyatları var. Şift neft və qazını da nəzərə alsaq, Potomak sahillərində əyləşmiş cənabların özləri indi dünya neft bazarlarındakı qiymətlərə ağalıq edirlər.Qayıdaq Avropaya və onun texnologiyalarına. Xammal əvəzinə texnologiya və texnologiya əvəzinə xammal. Hansı tərəfindən baxırsınız baxın, mahiyyət dəyişmir. Qarşılıqlı asılılıq göz önündədir. Və bu paritetə riayət olunduqca, hər iki tərəf də bu və ya digər dərəcədə vəziyyətdən razı qalır və beləliklə də, əmin-amanlıq qorunub saxlanılır. Amma belə vəziyyət uzun sürmür, çünki neft və qaz ölkələrinin mütləq əksəriyyətinin demokratiyaya allergiyası olan idarəçilərini göydəndüşmə böyük pullar çaşdırır, onlar əvvəlcə büdcəyə əl uzadır, sonra vətəndaşının haqqını yeyir, yekunda isə, əslində, onun hakimiyyətdə qalmasına xammal müqabilində rəvac verən və qöz yuman Qərbə də diş qıcayırlar. Ən parlaq misallar İraq və Liviyadır. İndi bu ölkələrdən ölkəlik də qalmayıb. Lakin, Qərb də bundan çox şey qazanmayıb. Ərəb qaçqınlar Avropanı zinhara gətirib, onun mizanını, on illərlə qurub-yaratdığı rəvan və firavan həyatını zəhrimara çevirib. Terror aktları incəlmiş avropalıları vahiməyə salıb. Və… Avropa düşünməyə başlayıb, çıxış yolunu da, deyəsən, tapıb – bərpa olunan enerji mənbələri. Avropalılar asılı olduqları ünsürlərdən qurtulmaq üçün illərdir ki, təhsilə və elmə yatırımlar qoyurlar. Yuxarıda sadaladığım yalnız bir qisim problemlər belə, hal-hazırda bu istiqamətdə görülən işlərin intensivliyini xeyli sürətləndirib. Proqressiv dünya artıq yeni kateqoriyalarla düşünür və yaşayır. Karbohidrogen ehtiyatlarının da uzaq gələcək perspektivlərinin perspektivsiz olduğu nəzərə alınarsa, nefti və qazına güvənənlər, “Səhranın bəyaz günəşi” filmindəki gömrükçünün qara kürünü qaşıqla yeməyinə baxmayaraq adi əppəyə həsrət qaldığı kimi geydikləri Avropa geyimlərinə, mindikləri ultramüasir avtomobillərə, şəxsi jetlərə və hətta yeni santexnikaya belə həsrət qalacaqlar. Bu gedişlə nefti “içib”, qazı da balonlara vurub göydə uçacaq, özünü əvəzedilməz tranzit ölkəsi sayanlarsa, elə həmin boş boru kəmərlərinə doluşub Avropaya getmək istəyəcək, ya da boş qazan səsi verəcək boruları qaval yerinə danqıldadacaqlar. Avropa və proqressiv dünyaya isə nə onların sərvətlikdən çıxmış sərvəti lazım olacaq, nə də ac-yalavac, savadsız, vəhşi kütləsi…***Bürkü havadan asılı qalmışdı. Heç bir hərəkət yoxdu və ümid tək bir dənizə idi… Sahildən açıq dənizə doğru irəlilədikcə qulaqlarım küləyi daha aydın duymağa başladı!Elçin Şıxlı (ayna.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler