Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aka, cavab ver” – Şehid batalyon komandirinin qanla suvarılan döyüş yolu…

Genel 18 Haziran 2016

9:28 am


18/06/2016 [13:26]: xeber –
 “Aka, cavab ver”… “Aka cavab ver…” Aka susur, “Aka, cavab ver”…
Aka cavab verməyəcək. O əbədi susub. Efirdə sükutdur. Ürəklərə elə bil soyuq su
səpələnib. Kimsə nə edəcəyini bilmir, kimsə elə bil nəyin baş verdiyinin fərqində
deyil. Hamı öz-özünü aldadırmış kimi, yenidən Aka ilə əlaqə yaratmaq üçün bir də
cəhd etmək istəyir. Bəlkə bir də cəhd edək… reallıqla hesablaşmaq lazımdır,
barışmaq lazımdır. O reallıqla ki, kamandan atılan ox, bir daha geri dönmür.
Onun efiri dolduran zəhmli səsi, bəzən sakitcə dediyi “ne panikuyte” (panika
salmayın) sözü bir daha eşidilməyəcək oldu. Amma deyirlər təbiətdə heç nə itmir
və əgər mistikaya inansaq, insanların 2000 il əvvəl dediyi sözlər belə eşidiləcək.
Bu məntiqlə Aka susmayacaq, o həmişə efirdədir, sadəcə biz onu eşidə bilmirik,
Astral formada, paralel dünyamızda, axirətdə də… nə isə… Bu özünü təskinlik
üçün insanın xəyallar dünyasına, hansısa paralel dünyada xəyallar burulğanında
guya təsəlli tapmaq üçün etdiyi uğursuz cəhddən başqa bir şey deyil. Acı
reallıq isə budur: “Aka heç vaxt danışmayacaq. Aka susur”. Gerçəkliklə barışmaq
lazımdır.

 Aka onun ləqəbi
idi. Bu sözün etimologiyasını heç kim bilmir. Deyirlər bu adı O Ukraynanın
Dnepropetrovsk şəhərindən gətirib. O yerdə ki, o uzun illər yaşayıb – yaradıb,
ağır zəhmət bahasına böyük uğurlar əldə edib və “beş kişidən biri olmuşdu”. Gəldi
ki, yüz kişidən biri olsun. İlyas 1990-cı ildə öz doğma kəndinə, keçmiş Martuni
rayonunun Muğanlı kəndinə qayıdır. Özü də əliboş yox “Karlı pulla”. Gəldi ki, halal
zəhməti ilə qazanmış olduğu pullarını, halal torpağının müdafiəsinə sərf etsin.
Getdikcə qızışan münaqişədə O, bütün vəsaitini, bütün enerjisini, bacarığını
ortaya qoydu. Təmənnasız… təmənna uman deyildi Aka… Hadisələr onu və ailəsinin
bütün üzvlərini torpaqların müdafiəsi istiqamətində gedən proseslərin öncülünə
çevirdi. Hardan idi onda bu əzmkarlıq, iradə, enerji, fanatizm dərəcəsində olan
vətənpərvərlik?. Deyirlər torpaq sevgisi daha çox kəndlilərdə hiss olunur. İlyas
təpədən dırnağa kimi “kəndçi” idi. Zəhmətkeş, torpağa bağlı insan bəlkə də
bundan ilham alırdı?

Aka kəndin özünümüdafiə qüvvələrinin yaradılmasında, nizam –
intizamın formalaşmasında əvəzsiz rol oynadı. Öz pulu ilə bir neçə ədəd
artilleriya qurğusu almıştı… mərmi və güllədə həmçinin o qayda ilə. Özü
cavanlığında sovet ordusu sırlalarında artilleriya peşəsinə yiyələnmişdi.
Artilleriya bölüyünə də özü rəhbərlik edirdi. Öz topları ilə ermənilər üçün əsl
başağrısına çevrilmişdi. Dəqiq artilleriya zərbələri ilə Martuni istiqamətində
düşmənin bir neçə ağır hərbi texnikasını və çoxlu canlı qüvvəsini məhv etmişdi.
Əgər müharibə olmasaydı, hamı onu çox bacarıqlı, təsərrüfatçı olduğunu deyərdi.
Sən demə bu adam anadan hərbiçi doğulmalı imiş. Hədsiz dərəcədə dəqiqiliyi,
qayda –qanun sevən, olduqca sərt, tələbkar, riskli, prinsipial… Akanın sərtliyi
əvvəl onun özünə, doğma qardaşlarına, ən yaxın qohumlarına, sonra isə digərlərinə
qarşı yönəldilmişdir. Bütün döyüş əməliyyatını o və qardaşları Eyvaz, Əbülfət
hazırlayır, əməliyyatı isə icra edən yenə öz qohumları, əfsanəvi kəşfiyyatçı
kiçik qardaşları İbad, əmisioğlu Müşfiq və bibisoğlu Ədalət edərdi. Əməliyyatlarda
öndə getmək üçün bu qohumlar arasında qızğın mübahisə gedərdi. Təbii ki, şəhid
olanlar, əlil olanların əksəriyyəti bu nəslin payına düşürdü. Şərait belə idi
ki, cəmiyyətin önündə olanlar təyin olunmur, seçilirdilər. Bu müqəddəs yolda
İlyas və  qardaşları valideynlərindən
xeyr –dua almışdılar. Ot kökü üstə bitər. Valideynləri Mövsüm kişi və Kifayət
ana yalnız fiziki göstəricilərinə görə proseslərə qarışa bilmirdilər. Döyüşlərdə
qardaşlardan Eyvaz, Əbülfət ağır yaralanır, estafeti İlyas qəbul edir, o da
yaralanır, lakin qarabağlılar demişkən bu “bekara şeydir”. Aka əvvəlcə qərargah
rəisi, sonra isə batalyon komandiri təyin olunur. Artıq bu zaman düşmənə qarşı
sonsuz nifrəti, içindən gələn
qisas etirası ilə çalğalanan Aka, öz şəxsi ambissiyasını, prinsipiallığını həyata
keçirmək üçün şans əldə edir. Onun şəxsi ambissiyası o dövrlər üçün hələ Azərbaycanda
analoqu olmayan çox güclü döyüş qabiliyyəti, nizamlı, komplektləşdirilmiş ordu
hissəsi yaratmaq idi. Çox çətin adam idi İlyas. Onda qəribə bir prinsipiallıq
var idi. Ola bilməzdi ki, o mövcud kllasik hərb elmi ilə razılaşsın. Nə isə
yenilik gətirmək istəyirdi. Gətirdi də. Baxmayaraq ki,ali hərbi təhsili yox
idi.rmənilərin düzgün hərbi taktika ilə manevr etdiyini  analiz edərək, yerli coğrafi quruluşu  və bir çox başqa şeyləri götür –qoy etdikdən
sonra, effektli mübarizə taktikası işləyib hazırladı. Heç kim tərəfindən bu
ideya təsdiqlənməsə də, o bildiyini edirdi. Dahilərdən biri deyib ki, heç bir
şeyə vaxtında qiymət vermək olmur. Həqiqətən belə idi. Yaxudda ki, biz o dövrdə
İlyası başa düşəcək səviyyədə deyildik.

Komandir heç nəyə məhəl qoymur və yeni bir taktika işləyir.
“Qranatomyot taktikasi”. Artilleriyanı və ağır döyüş texnikasını əvəz edən
qranatomyot. Taktika tətbiq olunur. 1994-cü il yanvarın 26-da ermənilərin nəzarəti
altında olan Kuropatkin kəndinin strateji yüksəklikləri bir həmlə ilə geri
alınır. 60 erməni məhv edilir. 1 tank, 1 zenit qurğusu sıradan çıxarılır.
1994-cü ildə aprel ayının 14-27-də  ermənilər
Ağdamın Tağıbəyli və Suma kəndləri istiqamətində genişmiqyaslı hücuma keçir.
Düşmənin ən mühüm hücum qüvvələri  İlyasın iki rotası tərəfindən məhv edilir.

Qeyri –bərabər, amansız döyüşlərdə uğurlu nəticələr əldə olunur. Iki
həftə davam edən aramsız döyüşlərdə batalyon 5 şəhid, 45 yaralı verdiyi halda.
Ermənilərin elit hərbi hissələrinin onlarla canlı qüvvəsini məhv etmiş, 3ədəd
ağır texnikasını sıradan çıxarmış, xeyli qənimət əldə etmişdi.

Deyəsən
inandırıcı olmadı, elə deyilmi? Bu mövzuda yazılmış məqalələrdə tez –tez
rastlaşdığımız, üzr istəyirəm şablon cümlələr, şişildilmiş rəqəmlər oxucunu
yorur. Yuxarıda elə rəqəmlər göstərdik ki, həqiqətən buna inanmaq çətindir. Tam
məsuliyyəti ilə bəyan edirəm ki, bu belədir. Biz ermənilərin bu döyüşlərdə nə qədər
itki verməyinin fərqində olmasaq da düşmən bu itkidən şoka düşür.

Bu ağlasığmaz
qəhrəmanlığı İlyas və onun batalyonu edə bilərdi. Həmin hadisələrin canlı
şahidi Müdafiə Nazirliyinin  döyüş
istiqaməti üzrə müavini polkovnik Cahangirovun təşəbbüsü ilə yalnız İlyasın
batalyonunun tapşırığı yerinə yetirmək gücündə olduğu etiraf edilir. AKA tərəfindən
cızılmış plan əsasında həyata keçirilən əməliyyatlar həmişə uğurla başa
çatırdı. Tam komplektləşdirilmiş rotalar və qərargah arasında radio əlaqə vacib
idi. İlyas Hüseynovun radio tezlikdə parolu “AKA” idi. Döyüşçüləri onu məhz AKA
deyə çağırırdılar, bütün döyüşlərdə ən kritik anlarda ratsiya ilə əlaqə
saxlayan AKA-nın efirdə olması döyüşçülərdə əlavə enerji yaradır, yeni stimul
verirdi. ən ağlasığmaz, demək olar ki, ümidsiz vəziyyətlərdə AKA-nın insan
şüuruna, onun psixologiyasına hesablanmış danışıq tonunda verilmiş tapşırıqlar
döyüşçüləri ruhlandırır, “əgər AKA bunu deyirsə, demək mümkündür” məntiqi ilə
düşünən döyüşçülər verilən əmirləri icra edirdilər. Ilyas özü də bilirdi ki, elə
şeylər var ki, insan şüuru, onun potensial bacarığı bunu etməyə qadir deyil. Lakin
ekstermal vəziyyətdə adi söz belə insanı möcüzələr yaratmağa vadar edir.
AKA-nın radiotezlikdə efirdə olması müvəffəqiyyətin rəhni demək idi. AKA -nın
efirdə olması döyüşçülərdə belə bir təəssürat oyadırdı ki, komandir onların
yanındadır, əgər yanındadırsa demək heç bir problem yoxdur. Tanıyanlar ona
müraciətlə komandir, həmkəndliləri isə Elyas deyərdilər. Lakin bir qayda
olaraq, döyüşçülər onu Aka çağırardı. Aka onlar üçün həm zəhmli böyük qardaş, həm
də ən adi mehriban bir insan idi, baxmayaraq ki, xaraktercə çox ağır, tələbkar
idi. Xalq arasında belə bir deyim var: “filankəsin ortası yoxdur”. Ilyas həmişə axıra qədər
mübarizə aparan, yarımçıq adam deyildi. O əsəbləşəndə elə bil ildırım çaxardı,
Aka güləndə elə bil günəş yenidən doğurdu. Onun sərtliyi də, mərhəməti də hüdud
bilmirdi. Vətənə, torpağa bağlı bu vətənpərəvər insan atəşkəs dövründə də hərbi
qaydalarla yaşayır, yenə də canından əziz sevdiyi torpaqda yaşayırdı.
Respublikadan bəlkə də çoxları bilmir ki, işğal edilmiş Dağlıq, eləcə də aran
Qarabağ arasında kiçik bir ərazi də var ki, bu torpaq məhz Dağlıq Qarabağ ərazi
vahidinə aid torpaqdır. Xocavənd rayonun ərazisidir. Məhz Aka və onun batalyonu
tərəfindən azad edildi, bu gündə onun rəhbərlik etdiyi keçmiş batalyonu
tərəfindən müdafiə olunur. Xarakatercə prinsipial adam olan Aka, atəşkəs
dövründə məhz həmin o kiçik Dağlıq Qarabağ ərazisində, döyüş xəttinin lap
yaxınlığında yaşayaraq, müqəddəs Azərbaycan bayrağını ora sancmışdır. Aka
bununla içindən gələn vətən yanqısının, torpaq sevgisinin, düşmənin lap gözünün
qabağında ona nifrətini bildirirdi.

Lakin odlu –alovlu, vətənpərvər çılğın təbiətli bu adam
döyüşlərdə almış olduğu çox saylı yaralardan qəflətən vəfat etdi.  II qrup Qarabağ müharibəsi əlili olan İlyas
Hüseynov aldığı kontuziya və yaralarlar, eyni zamanda Vətən sevgisi və həsrəti
ilə yaşayırdı. O, şəhid əsgərlərinin qanı bahasına azad etdiyi bu müqəddəs
torpağı sona kimi tərk etmədi və Nərgiz təpədə yaşadı. Və elə orada, sona kimi
müdafiə etdiyi Vətən torpağında həyata əlvida dedi. Onun vəfatı onu tanıyan
insanlara, onun dövlət, vətən qarşısında misilsiz xidmətlərinin şahidi olmuş
keçmiş döyüşçülərə çox böyük mənəvi zərbə oldu.

Aka əbədi susmuşdu. O bir daha efirdə öz döyüşçülərini
ruhlandıra bilməyəcək. Onun zəhmli səsi bir daha eşidilməyəcək. Heç kim bu acı
həqiqəti həzm etmək istəmir.

Bəlkə efirdə texniki nasazlıq var, bəlkə bir də cəhd edək?
“Aka cavab ver… Aka, cavab ver”… Aka susur, adamın bağrını yaran lənətə
gəlmiş bu sükut nə vaxtadək davam edəcək? Lakin… başınızı uca tutun, Aka
həyatda istədiyi, həyata keçirmək istədiyi hər şeyi etdi. Onun etmək istədiyi
amma edə bilməyəcəyi bir şey qalmadı. Bu prinsipial şəxs öz funksiyasını yerinə
yetirdi. Məyus olmaq, kədərlənmək yox fərəh hissi, qürur duymaq lazımdır.
Insanın şərəfli ölümündən də məmnun qalmağı bacarmalıyıq.(Bu yazı keçmiş döyüşçü Sahib Şirinov tərəfindən Xocavənd batalyonunun komandiri İlyas Hüseynovun vəfatı ilə əlaqədar olaraq  illər öncə yazılmışdır.)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler