Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağ filin uğur getirdiyi ölke…

Genel 17 Haziran 2016

3:08 pm


17/06/2016 [19:05]: xeber –
Yollar məni bir gözəllikdən başqa bir gözəlliyə apardıqca bu gözəllikləri anbaan yaşamaq, duymaq istəyirəm. İçimdən sərin meh kimi dualar ötüb keçir, durnalar uçub gedir… Ətrafımda nə varsa –  tarixin, yolun, cığırın, dağın-daşın, dənizin cana gəlib danışdığını hiss edirəm. Təbiətlə baş-başa qaldığım bu ilahi anlarda qulağıma hardansa min illərin o üzündən tanış, doğma  ün toxunur.  İnsan “üns”dən yaranmadımı? Doğma bir ün ünsiyyət körpüsü salmadımı? Yerlə, Göylə, Vaxtla, Tarixlə ünsiyyət dünyanın içində bir dünya yaratmadımı? Ünsiyyət cəhdi, ünsiyyət səyi zamanı yaşatmadımı?Budur, könlümün “Dünya duracaq yer deyil, ey can, səfər eylə” səslənişi yeni bir cəhd, ünsiyyət qapısı açır önümdə. Bu dəfə səfərim möcüzələr diyarı, güllər və çiçəklər səltənəti əfsanəvi Taylandadır! Tayland haqqında kitablardan oxumuşdum, fotoalbomlarda, sənədli filmlərdə özəlliklərinə nəzər salıb bitib-tükənməz gözəllikləri önündə “bir ara bulud olsam, keçsəm pərdə-pərdə başın üstündən” həvəsilə yaşamışdım. “Bir ara rüzgar olsam, əssəm səssizcə başın üstündən” istəyiylə yaşamışdım. Və nəhayətdə bir ara “yağmur olsam, yağsam narın-narın çöllərinə” duyğusunu bol-bol yaşamışdım. Elə o böyük sevgiqarışıq heyrət, duyğu havası çəkmişdi könlümü Tayland yurduna. Bizim qos-qoca “Kitabi- Dədə Qorqud” dastanımızın böyük ozanı Dədə Qorqud demişkən, “Allah-Allah deməyincə, işlər olmaz, qadir Tanrı verməyincə, ər bayımaz!”. Dədə sözü önündə nə deyəcəyimiz var ki? Doğrudan da, Allahın açdığı yol, qapı bütün gözəllərin ən gözəlidir. Ancaq səbəbsiz, səbəbkarsız da olmamış olmur. Ədalətin ən böyük təntənəsi hər kəsin haqqını öz adına yazmasıdı.  İndi möcüzələr ölkəsi, gözəlliklər diyarı Tayland haqqında xatirələrimi qələmə almağa başladığım mübarək məqamlarda ilk olaraq bu unudulmaz yolçuluğuma vəsilə olan, əlindən gələn köməyi əsirgəməyən dəyərli dost, Taylandın Türkiyədəki və Azərbaycandakı səlahiyyətli səfiri cənabTharit Charungvata  dərin minnətdarlıq hissi ilə anır, ona sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan-Tayland Parlamentlərarası dostluq qrupunun üzvü kimi mən həmişə bu ölkənin ictimai-siyasi, sosial həyatı, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yaxından tanış olmaq istəmişdim. Türkiyədə səfərlərdə olduğum zaman cənab səfirlə dəfələrlə görüşüb fikir mübadiləsi aparmışdıq. Qarşılıqlı şəkildə bildirmişdik ki, ölkələrimizin bir-birini daha yaxından tanıması, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə etməli, yararlanmalıyıq. İki ölkə arasında diplomatik münasibətin qurulmasının 25 illiyinin tamam olmasını nəzərə alsaq, bu  cür təşəbbüslərin həyati zərurət olduğunu daha aydın təsəvvür etmək olar.Növbəti görüşlərin birində qərarlaşdıq ki, Taylanda səfər edim. Səfər çərçivəsində həm Taylandın ictimai-siyasi həyatı, ictimai xadimləri, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları, ədəbiyyat və mədəniyyət, mətbuat nümayəndələri ilə  yaxından tanış olum, həm də Taylandı yaxından tanıyım. Bölgələrin mənzərəsini əyani şəkildə görməklə bərabər, Tayland insanlarına Azərbaycanla bağlı dolğun məlumatlar verim. Eyni zamanda artıq bir neçə cildi işıq üzü görən və qardaş Türkiyədə böyük maraqla qarşılanan “Qənirə Paşayeva ilə addım-addım Türkiyədə” kitabı formatında Taylandı Azərbaycanda bir kitab araya-ərsəyə gətirim. Beləliklə, mənim arzuladığım səfər – Tayland səfərim baş tutdu.DÜNYA XƏRİTƏSİNDƏKİ TAYLANDTayland krallığı Hind-Çin yarımadasında dövlətdir.4 ölkə ilə  – Kamboca, Laos, Myanma və Malayziya ilə həmsərhəddir.  Ərazisi 514 000 км²-dir.2013-cü ilin rəsmi məlumatına görə, əhalisinin sayı 70 milyondan çoxdu.  Ölkədə tay xalqından başqa, çinli, malaya, khmer, laoslu, vyetnamlı, hind kökənli etnik azlıqlar da yaşamaqdadır. Əhalinin təxminən 95 faizi buddizmə inanır, islam dini (4%), xristianlıq,  hinduizm və digər dinlər əsasən milli azlıqların dinidir. Tayland krallığı, konstitusiyaya əsasən, xalq tərəfindən etiqad göstərilən bütün böyük dinlərin qoruyucusudur.Dövlət quruluşuna görəmonarxiyadır. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildən Tayland adlandırılır.Taylandın paytaxtı Banqkokdur.  Banqkok sözünün tay dilində mənası “mələklər şəhəri” deməkdir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhərində Siyam Krallığının paytaxtı kimi salınan bu şəhər, indi Asiyanın ən böyük şəhərlərindən biridir.Tayland Krallığının dövlət rəmzləri: Tayland bayrağı, Tayland gerbi və Tayland himnidir.Taylandın bayrağı qırmızı, ağ, mavi rəngdən və beş zolaqdan ibarətdir. Ortadakı mavi zolaq krallığı təmsil edir və bayrağın üçdə birini əhatə edir. İki tərəfindəki iki ağ dar zolaq dini təmsil edir və toplamda bayrağın üçdə birini təşkil edir. Bunların da iki tərəfində xalqı təmsil edən və toplamda geridə qalan üçdə biri təşkil edən iki qırmızı zolaq vardır. Bu üç rəngli bayraq ilk olaraq Kral Vajiravudun (Rama VI, 1910-1925)  1917-ci ildəki əmri ilə istifadə edilməyə başlamış və qırmızı arxa plan üzərində ağ bir fildən ibarət olan köhnə bayrağın yerini almışdır. Beynəlxalq marş bütün önəmli mərasimlərdə səsləndirilir, bayraq isə hər səhər saat 8-də qaldırılır və axşam saat 6-da endirilir. Marşın sözlərinin tərcüməsi aşağıdakı kimidir:Xalqımız taylardır,bu torpaqlar Tay dövlətinindir.Gücümü hər zaman qoruyur,çünki tay xalqı hər zaman tək biləkdir.Tay xalqı barışı sevər, amma savaşmaqdan da qorxmaz,özgürlüyünün əlindən alınmasına əsla izn verməz,taylar xalqları üçün qanlarını son damlasına qədər fəda etməyə hazırdır.Sözləri krallığı tərifləyən “Krallığın marşı” kral həzrətləri və ya kral ailəsi üzvlərinin iştirak etdiyi dövlət mərasimlərində, konsert, teatr, kino nümayişləri və idman tədbirləri kimi insanların bir araya gəldikləri tədbirlərdə səsləndirilir. Lirik musiqidə xalqın hökmdarlarına ehtiramı və heyranlığı  ifadə olunur.     Dövlət gerbi Garuda – monarxiyaya aid elementləri özündə əks etdirən yarıquş, yarıinsan- əfsanəvi bir fiqurdur. Bütün dövlət qurumu nişanlarına Garuda daxil edilmişdir. Garuda nişanı kral tərəfindən xalqı üçün xeyirxah işlər görən və ölkə iqtisadiyyatına töhfə verən seçilmiş insanlara  mükafat olaraq verilir. Belə bir şərəfli mükafat nadir hallarda verildiyi üçün nüfuzlu mükafat sayılır. Kral Bumibol Adulyadejin doğum günü olan 5 dekabr Tay milli günü kimi qeyd edilir.  Ölkənin rəsmi dili tay dilidir. Tay dili cüt olmayan və ümumilikdə təkhecalı bir dildir. Çoxhecalı sözlərin çoxu khmer dili, pali dili və ya sanskrit kimi dillərdən alınmış əcnəbi sözlərdir. Fərqli ləhcələrdə danışılmaqdadır. Ölkədə digər dillər çin və malay dilləridir. Dövlət məktəblərində məcburi olaraq öyrədilən ingilis dili Banqkok və digər böyük şəhərlərdə bir çox insan tərəfindən danışılmaqda və anlaşılmaqdadır.TARİXDƏKİ TAYLANDƏfsanələr və möcüzələr ölkəsi olan Tayland miladdan sonrakı ilk min il boyunca bu torpaqlardan “Suvarnabhumi”, yəni “Altun ölkə” deyə bəhs etmişlər. Tayland ərazisində ilk dövlətlər I – II əsrlərdə yaranmağa başlayıb. Tayların üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu – XIII əsrin əvvəllərində yaranıb və Sukotai dövləti adlandırılaraq tarixə düşüb. XIII əsrin ortalarından sonra Tayland ərazisində Siam dövləti yaranıb. Ölkə Tayland adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra alıb. Bu yerlərdə aparılan arxeoloji qazıntılar zamanı çoxlu xəndək və hasarlarla qorunan Budda ikonaları, monastır qalıqları və ev əşyaları aşkar olunmuşdur.Tayland inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Çoxmillətli ölkə olsa da,  əhalisinin təxminən 90 faizini buddistlər təşkil edir. Sonra müsəlmanlar gəlir.  Burada həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Taylandın əhalisinin kiçik bir hissəsi xristianlardan, induistlərdən və az sayda siqxlərdən ibarətdir. KRALIN BÖYÜK BƏYANI“Xalqımız yüz illərdir azadlığını, dilini, sənətini və mədəniyyətindən gələn dəyərlərini mühafizə edib qoruya bilmişdir. Atalarımız bütün maddi və mənəvi qüvvələrini bu yolda fəda etmiş, həyatlarını bu özəlliklərin qorunmasına sərf etmişlər. Buna görə də mədəniyyətyönümlü mirasımızı gələcək nəsillərə çatdırmaq, əmanət etmək çox böyük önəm daşıyır”.Böyük qürur, vətəndaşlıq duyğusu ilə bəyan edilən bu fikirlərdən bizi 52 illik zaman məsafəsi ayırır. 1964-cü ilin söhbətidi; həmin il tarixdə ilk Tay krallığı olaraq qəbul edilən dövlətin adını yaşadan Sukotayda Ramkhamhaeng Ulucal Muzeyinin açılışı zamanı çıxış edən Kral Blhumibol Adulyadej belə demişdi.Öz milli-mənəvi dəyərlərinə böyük sevgi ilə yanaşan tay xalıqı haqqında bir səfər boyu bildiklərimi, gördüklərimi sizinlə bölüşməyə çalışacağam.RUNUN DİNCLİK TAPDIĞI YERCənnəti  Yer  üzərində görmək istəyən heç fikirləşmədən yolunu Taylanddan salsın. Əl dəyməmiş təbiət gözəllikləri, mistik havası, tarixi abidələri, maraqlı adət-ənənələri, mədəniyyəti, ləzzətli mətbəxi ilə Tayland dünyanın əsrarəngiz ölkələrindən biridir.  Sakitlik, rahatlıq, mənəvi dinclik axataranlar üçün bu yer əsl  dərmandır. Bu gözəl ölkəyə ilk səfərim zamanı proqramda rəsmi görüşlər, toplantılar nə qədər çox olsa da, bizə ayrılan vaxtda bu maraqlı ölkəni peşəkar bələdçilər vasitəsi ilə daha yaxından tanıdıqca bu möcüzələr diyarına aşiq olmağa başladım… Aşiqlik gözdən, könüldən sevməkdir. Ruhun səmada ilahi qata doğru uçuşudu. Bir diyara, təbiətin bir parçasına, Allahın yaratdığı gözəlliklərə aşiq olmaq bambaşqa, sözəgəlməz, izaholunmaz bir hissdir. Mənə elə gəlir ki, min illər ərzində Tanrı bir an da olsun Taylanddan nəzərini çəkməyib. Çünki bu yerin insanları təbiətə Tanrının bir parçası kimi baxıb, Tanrıya olan sevgini  təbiətə olan sevgi tamamlayıb.Qeyd etdiyimiz kimi, Tayland  xalqı  özlərini tay – azad adlandırır. Ölkənin  adı  Mueang  Thai –  “azadlar  ölkəsi”  anlamını verir. Tay xalq bütün inkişafı boyunca Şərq və Qərb dəyərlərindən harmonik şəkildə bəhrələnib. Həm Qərbin, həm də Şərqin mədəniyyətinin ən gözəl örnəklərini götürməklə  bu xalq azad dünyasını yaratmağa nail olub.  Bu ölkənin “Qızıl balta” anlamı verən “khvan thong” deyə adlandırılması da var. Səbəbi belədi ki, bu qızıl, verimli torpaqlar bir balta şəklində şimaldan cənuba 1.500 km uzanıb gedir və sonucda şərqə doğru qıvrılır.Bu azad  ölkənin insanları çox qonaqpərvərdirlər. Eynən bizim kimi. Onların çox sevdiyim xüsusiyyətlərindən biri üzlərindən əksik olmayan təbəssümləridir.  Nə problemləri olursa-olsun, üzlərindən təbəssüm əksik olmur. Tanımadıqları insanları belə təbəssümlə salamlamağı  sevirlər. Bu təbəssüm insana  müsbət enerji verir və tay xalqı hər kəsin yaddaşında beləcə gülümsəyir…Taylar əylənməyi  sevirlər (rak sanuk), sakitdirlər (chai yen) və isti qəlbə (chai di) malikdirlər. Taylar insanlara qarşı açıq və səmimidirlər. Dostluq eləməyi və bu dostluğu sonacan qoruyub saxlamağı bacarırlar. Taylandı görmədən əvvəl taylandlı dostlarım sayəsində bu ölkəyə olan gözəl duyğularım  səfərim boyu çiçəklənirdi. Səfər çərçivəsində Tayland Parlamentinin millət vəkilləri ilə çox maraqlı görüş və fikir mübadiləsi apardıq. Bildirdilər ki, ilk dəfədir azərbaycanlı millət vəkili Tayland Parlamentində millət vəkilləri ilə görüş keçirir. Onlarla keçirdiyimiz geniş müzakirə, söhbətlər çox maraqlı idi. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələr aparırdıq. Qeyd edim ki, parlament və senatdan ibarət olan iki palatalı məclis konstitusional monarxiyalı ölkənin idarəetməsini təşkil edir.Görüşlərdən sonra zaman itirmədən bu gözəl ölkəni daha yaxından tanımağa tələsirik. Taylandın  bugünkü torpaqları mədəniyyətin başlanğıcından bəri topluluqlara ev sahibliyi etmiş  bir  bölgədir. Asiyanın bu bölgəsində yaşayan ilk insanlar vəhşi heyvanları ovlayaraq və təbii məhsulları toplayaraq yaşamışlar. Daha sonra kişilər və qadınlar təbiətə nəzarət etməyi öyrənərək, düyü, taxıl əkib becərmiş, heyvanları əhliləşdirmişlər. Düyünün becərilməsi üçün bu yerlər kifayət qədər əlverişlidir. Bu gün Taylandın yerləşdiyi torpaqlarda aparılan müxtəlif arxeoloji qazıntılar zamanı ortaya çıxan ilkin ovçu və yığıcıların (homo erectus) bu bölgədə yaşadığı güman edilir. Buraları özlərinə yurd seçən ilk sakinlər bu torpaqlarda əkin əkmiş, qoruyucu ruhlara sitayiş etmişlər. Erkən tarixdə Mon və Khmer dili danışan topluluqlar bu gün Taylandın yerləşdiyi torpaqlarda yaşamışlar. Mon topluluqlar Dvaravati olaraq bilinən şəhərlər qurmuşlar. Bu ad onların mədəniyyətini və sənətlərini bildirir. Khmer topluluqları  isə bu gün Kambocada olan Angkor mərkəzli geniş torpaqlarda hökm sürür. XIII əsrdən öncə tay xalqı cənub-qərbi Çindəki çayların cənubuna enmiş və şimali Taylanddakı şəhərləri qurmuşdur. 1949-cu ilə qədər ölkə Siyam adıyla tanınıb, ancaq 11 may 1949-cu ildə ölkənin adı rəsmi olaraq dəyişdirilərək “Prathet Thai” – yəni Tayland adlandırılıb.AĞ BƏXTİN,  UĞURUN SİMVOLU  – AĞ FİLTayland ölkəsində ağ fil bəxtəvərlik, uğur simvoludur. Bu səbəbdən ölkədə olan bütün ağ fillər krala məxsusdur. Olduqca böyük və qürurlu olan ağ fillərə insan qədər qulluq və xidmət edirlər. 17 ağ fili olan Kral Bhumibol Adulyadej bugünəcən ən çox filə sahib Tay kralıdır. Kral üçün böyük uğur sayılan ağ fillərin 11-i hələ də sağ-salamat yaşamaqdadır. Hindu əfsanəsinə görə, Tanrı Vişnunun tikdiyi yarıinsan, yarıquş – əfsanəvi varlıq Garuda Bhumibol Adulyadejin krallığının əsasını bəzəyir və ölkədə daha çox istifadə edilən simvoldur. Dövlət işləri kralın himayəsi altında aparıldığından dövlət məmurlarınn papağında bu əfsanəvi heyvanın simvol-nişanı olur. Kral bu nişanla mükafat verir. Olduqca nadir hallarda verilən bu mükafatlar xalq arasında böyük dəyər daşıyır.TAYLANDIN 4 BÖLGƏSİƏvvəldə qeyd etdiyimiz kimi, Cənub-şərqi Asiyanın quru hissəsinin ortasında yerləşən Tayland krallığı şimalda Laos Demokratik Xalq Respublikası və Mynmar, şərqdə  Laos və Kamboca krallığı, cənubda Malayziya, qərbdə isə Myanma  ilə qonşudur.   Ölkədə dörd böyük bölgə vardır: Şimal, Chao Phraya Çay hövzəsi və digər daha kiçik çay hövzələri ilə İç Bölgə, Korat platosu olaraq bilinən Şimal-şərq bölgəsi və Malay yarımadasının şimal hissəsini əhatə edən Cənub bölgəsi.   Şimal bölgəsi dar vadilərlə əhatə olunmuş dağlıq ərazilərdən ibarətdir. Bölgədə meşələr, çaylar, çəltik zəmiləri və meyvə bağçaları üstünlük təşkil edir. Bölgənin şimalında Chiang Saen, Phayao, Nna, Phrae, Lampang, Lamphun, Chiang Mai və Mae Hong Son tarix mərkəzləri yerləşir. Bölgənin cənub hissəsinin mərkəzində Si Satchanalai və Lamgaeng Fetlə əhatəli tarixi Sukotay yerləşir.ASİYANIN DÜYÜ ÇANAĞI  Mərkəzi bölgə geniş, allüvial düzənlikləri və münbit  torpaqları ilə fərqlənir. Düyü istehsalında birinci olan bölgə Asiyanın düyü çanağı  da adlandırılır.  Bölgə Siyamın tarixi paytaxtı Ayuttaya ilə birlikdə ölkənin XIX əsrdən bəri ikinci rəsmi paytaxtı olan Lop Buri və Taylandın 1782-ci ildən bəri paytaxtı olan Banqkok yerləşir. Şərqi və qərbi torpaqları ölkənin təbii gözəlliklərinə malik əraziləridir.      Korat platosunun Şimal-şərqi ölkənin üçdə birini əhatə edən ən böyük bölgəsidir. İki tərəfdən sıra dağlarla əhatə olunan bölgənin içində dağlar və təpələr yerləşməkdədir. İqlim dəyişkənliyi tez-tez sellərə, ya da quraqlığa səbəb olur. Quraqlıq əsasən bölgənin cənub hissəsini əhatə edir.Bununla yanaşı, ən yaxşı düyü növü olan Kao Hom Mali və ya digər adı Yasəmin düyüsü olan düyü burda yetişdirilməkdədir. Gözəl mənzərəni möhtəşəm tarixi abidələr tamamlayır.Cənub təpəlik və dağlıq sahələrdən ibarət olsa da, bölgədə sıx ormanlar, zəngin mineral və mədən qaynaqları bu yerin təbii sərvətlərindəndir. Bura kauçuk, palma yağı, qəhvə və meyvə kimi məhsulların istehsal olunduğu bir bölgədir. Son illərdə bölgə gözəl sahilləri və rifləri sayəsində tam bir turizm mərkəzinə çevrilmişdir.   Taylandın şimal bölgəsində yerləşən dənizə paralel dağların orta yüksəkliyi  1200 metrdir.  Bölgədəki Ping, Vanq, Yom və Nan çayları vadilər yaradaraq  hamısı Chao Phraya çayına  tökülür. Şimaldakı dağların böyük qismi meşələrlə örtülüdür. Ölkənin ən yüksək nöqtəsi olan  Doi  İnthanon (2595 metr) bölgənin şimal-qərbində yerləşir.Bölgənin mərkəzi olan Chiang Mai ölkənin ikinci ən böyük şəhəridir. Böyük maraqla gəzdiyimiz bu yerlər haqqında bir az sonra daha geniş məlumat verəcəyəm.    Khotar  platosu olaraq da bilinən Şimal-şərqi bölgəsi böyük bir çanaq şəklindədir və bölgənin orta yüksəkliyi 20 metrdir. Mərkəzi Chon Buri olan və Tayland körfəzinin sahilində yerləşən Şərq bölgəsi inkişaf etmiş turizmi və sənaye baxımından şimal-şərqdən ayrılır. Ayrıca sənayesi və turizmi sayəsində bu bölgə İç Bölgədən sonra ölkənin ən zəngin ikinci bölgəsidir.   Malay yarımadasının şimal yarısından uzanan Cənub bölgəsi düzənlik baxımından yoxsuldur. Nəfəskəsən gözəllikləri ilə çöl bölgələri ölkədə inkişaf etməkdə olan turizm üçün bir nemətdir.  Bölgə, kauçuk başda olmaqla təbii qaynaqlar ilə zəngindir.      Ölkə müxtəlif  topoqrafiyaya  malikdir. Daxili bölgədə qıvrılaraq uzanan çaylar allüvial düzənlikləri kəsir, şimal-şərqdə platolar, şimalda dağ və təpələr meşələrlə zəngindir. Cənub isə əsasən təpəlikdir. Daxili bölgə çayları ilə, xüsusi ilə  Chao Phraya çay hövzəsi ilə məşhurdu. Qeyd edək ki, Taylandın çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqca aşağı düşür. Məşhur Ping, Vanq, Yom, Nan çayları vadilər boyunca axıb Chao Phraya çayına qovuşur. Şimal bölgənin dağ və təpələri meşələrlə süslənib. Dağları əhatə edən yamyaşıl meşələr ruhu oxşayır. Bu yerlərin çəltik tarlaları təkcə işləmək, zəhmətə qatlaşmaq meydanı deyil ki!  Bu tarlalar həm də insanların tanış olmaq, yeni əlaqələr qurmaq, doğmalaşmaq meydanıdır.Cənub təpələri ruha dad verir. Bu bölgə Banqkokla bir arada əhalinin ən sıx yerləşdiyi ərazi və düyü istehsalının mərkəzi kimi  tanınır. Əslində, mətbəximizin vazkeçilməz nemətlərindən biri olan düyünün nə qədər çətin becərildiyinin  yerindəcə  şahidi oldum. Amma, təbii ki, onun üçün hər əziyyətə dəyər.  Çünki Tayland mətbəxini düyüsüz, sadəcə, təsəvvür belə etmək mümkün deyil.  TAYLANDIN İQLİMİ, FLORA VƏ FAUNASI    Tayland   üç iqlimin keçdiyi isti və rütubətli bir ölkədir. Şimal, şimal-şərq və daxili bölgələri, yəni ölkənin böyük hissəsi savanna iqliminin təsiri altındadır. Bölgədə tez-tez yağışlar yağır, quraq mövsümlər uzun müddət davam edir. Azərbaycanda qışın ən sərt vaxtında Taylanda getmişdik. Ancaq  günəşlə zəngin bir iqlimlə qarşılaşdıq. Qışdan qaçıb canını qurtaran turistlər okean sahillərində yayın dadını çıxarırdılar.  Ümumilikdə, ölkənin böyük qismində mülayim subtropik və tropik iqlim mövcuddur. Meşə ilə əhatə olunan ərazi  ölkə ərazisinin təxminən 25%-ni təşkil edir. Dəyişkən nəm iqlim hər növ yağlı yarpaqlı ağacların bitməsinə şərait yaradır. Burda tropik meşələr, dağ meşələri, manqr meşələri, bataqlıq meşələri, sahil qarışıq yarpaq tökən meşələr, yarpaq tökən tropik meşələri və şam meşələri bir-birini əvəz edir. Tropik bitkilər və paxlalılar ölkə florasında önəmli  yer tutur. Meşə Nazirliyi və Milli Parklar, Təbii Həyat və Bitkiləri qoruma Nazirliyi meşə və təbii həyatın qorunması ilə meşə qaynaqlarını idarə edən başlıca qurumlardır. Taylandın 147 milli parkı, 108 meşə parkı,  49 düzənlik yasaq sahəsi, qalan meşəlik ərazisinin 60%-dən çoxunu, ekoloji önəmə sahib təbii qaynaqların çoxunu əhatə edən 16 botanika bağçası və 55 arboretumu var.  Burda 302 məməli növü, 982 quş növü, 350 sürünən növü, 137 iki həyatlı növü və 2,270 balıq növü, yüksək müxtəlifliyə sahib ekosistemləri və yerli faunalar var. Onurğalı qruplardan 133 növü Taylanda xasdır. Vəhşi heyvanları qoruma qanunu (1992) qoruma qanununa və təbiətin qorunması məqsədilə təbii həyat sığınacaqları və ova yasaq sahələrin yaranmasına səbəb olmuşdur. Günümüzə qədər 15 təbii fauna qorunan vəhşi heyvanlar olaraq müəyyən edilmişdir, canlı nümunələr və ölülərin ticarəti qadağan edilmişdir. Qorunan 15-dən artıq vəhşi heyvandan pələng təhlükə altında olan növlərdən biridir və başlıca yaşadığı yer Taylandın qərbindəki Huai Kha Khaeng və Thung Yai Narasuan Təbii Yaşam Sığınacaqlarıdır. Yabanarısı yarasası (donuz burunlu) olaraq adlandırılan və ən balaca məməli olan minik heyvanı isə dünyanın ən ciddi təhlükə altında olan növlərindən biridir. 1973-cü ildə taylandlı bioloq Kitti Thonglonayanın kəşf etdiyi yabanarısı yarasası yalnız Kanchanaburi əyalətindəki bir neçə mağarada mövcuddur. Təbii həyatı qorumaq məqsədilə hədəfləri gerçəkləşdirmək üçün Milli Parklar, Təbii Həyat və Bitkiləri Qoruma Nazirliyi təhlükə altındakı təbiətin qorunması ilə bağlı bir çox layihələr irəli sürmüş və müxtəlif qoruma üsulları tətbiq etmişdir. Topoqrafiya, iqlim, gəlir mənbəyi və sosial normaların fərqliliyilə bağlı olaraq bölgələrdəki ev tərzləri də dəyişməkdədir. Bu fərqli tərzlər aşağıda açıqlanmışdır:Daxili bölgə evləriMövsümi sellərdən qorunmaq üçün evlər yüksək dayaqlar üzərində inşa edilir. Bu həm də evlərin oğru və heyvanlardan qorunmasını, isti havalarda evin sərin qalmasını təmin edir. Evlərin altındakı hissə isə depo, axur, ya da atelye olaraq istifadə edilir. Dik divar və damlar sürətli yağmur drenajını təmin edir. Maili kənarlara sahib saçaqlar damların fırtınada  uçmasının qarşısını alır.Şimal bölgəsi evləriSoyuq iqlimi etibarilə bu bölgədə inşa edilən evlər otaqlara ayrılmışdır və küləyin girməsinin qarşısını almaq üçün pəncərələri balacadır. Dayaqlar üzərində inşa edilən evlərin altı su yığmaq üçün istifadə edilir. Öz damları olan axur və tövlələr evdən ayrı inşa edilir. Mətbəxlər ümumilikdə otaqlara bağlanan bir dəhlizə açılır. Ancaq Yuxarı Ping çay vadisində inşa edilən evlərin kalae adı verilən çarpaz saçaqlı dəstək divarları vardır.Şimal-şərqi bölgəsi evləriÖlkənin ən böyük bölgəsi olduğundan şimal-şərqdə ənənələrdə fərqliliklər nəzərə çarpır. Bu səbəbdən bölgədə tək bir ev quruluşundan bəhs etmək mümkün deyil. Burdakı evlər dayaqlar üzərinə yan-yana inşa edilən kiçik pəncərəli, taxta divarlı bölümlərdən ibarətdir. Digər bölgələrə nisbətən daha düz olan damlar kirəmit, taxta və ya faek yarpaqlarla örtülüdür və alçaq saçaqlar olduqca genişdir. Son zamanlarda bölgədəki ənənəvi evlərin sayı getdikcə azalmaqdadır.Cənub bölgəsi evləriŞərq ilə qərb sahilləri və daxili bölgələri arasındakı fiziki-coğrafi fərqliliyinə bağlı olaraq ev növlərində də fərqlilik özünü göstərir. Yarımadanın şərq sahilindəki evlərin uzun qalxan divarlı çatıları vardır. Balıqçı evləri bambukdan tikilir, damları isə palma yarpaqları ilə örtülür. Qərb sahilində həm kiçik klublar, həm də taxta evlər vardır. Alçaq təməlli və yerə yaxın binaların fırtınalara qarşı böyük saçaqları vardır. Dəniz sahilindəki evlər əsasən ayaqlar üzərində inşa edilir və evlərin altındakı qısma qayıq və sandallar çəkilir. Müsəlmanların yaşadığı evlər ənənəvi olaraq dörd, ya da altı bucaqlı çayılara sahibdir, divarlar hava alması üçün taxta hörgülüdür və qapı pərvazlarının bəzəkli panelləri vardır.  Ölkədə tayca çangvat adlanan 76 ədəd əyalət var. Bu əyalət amphoe deyilən vilayətlərə, tambon adlanan səmtlərə və mu ban adlanan kəndlərə ayrılmaqdadır. Banqkok meqapolisi seçkilərdə seçilən mer  tərəfindən idarə edilir və şəhər tayca “ket” adı verilən 50 ədəd rayondan ibarətdir.  Taylandda gözəl bir günü  başa vururuq. Buranın axşamları gözlərimiz qarşısında yeni bir dünya  açır.  Bu əsrarəngiz dünyada gözəl bir tablo canlanır: Tayland, səssizlik və sən…Ardı var 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler