Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərebler Bakıya axın edir – FOTOLAR

13 Temmuz 2016

6:12 pm


13/07/2016 [22:09]: xeber –
Bakıda bu il turistlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə də onlar arasında ərəblər üstünlük təşkil edirlər. Ərəblər əsasən Bakının mərkəzi küçələrində, bulvar ərazisində və “Fəvvarələr meydanı”nda gəzirlər. Elə müxtəlif kafe və mağaza sahibləri də təsdiqlədilər ki, iyunun 20-dən sonra paytaxtımıza gələn ərəblərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Onların sözlərinə görə, xüsusilə də iyul ayından etibarən ərəblər Bakıya kütləvi şəkildə gəlməyə başlayıblar. Bakı küçələrində müşahidə etdik ki, gələnlərin arasında daha çox qadınlar üstünlük təşkil edirlər. Onlar paytaxtda rahat şəkildə gəzib, ticarət mərkəzlərindən alış-verişlər edib, bahalı kafelərdə qidalanırlar. Artıq Bakıda bəzi kafelərin də üzərində ərəbcə elanlara, yazılı lövhələrə rast gəlmək olur. Maraqlı məqam ondan ibarətdir ki, Bakıda heç bir bələdçi olmadan gəzən ərəblərə şəhərin əsasən tarixi yerlərində deyil, mağazaların, iaşə obyektlərinin çox olduğu yerlərdə rast gəlmək olur. İqtisadçı ekspert Fikrət Yusifov mövzu ilə bağlı bildirib ki, ərəblərin Azərbaycana üz tutması ilk olaraq, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliklə əlaqəlidir: “Digər tərəfdən prezident Bakıda keçirilən “Formula-1” yarışları öncəsi xarici vətəndaşlara viza verilməsi məsələlərinin sadələşdirilməsi ilə bağlı müəyyən addımlar atdı. Bu da təbii ki, turistlərin ölkəyə axınının artmasına səbəb olan amildir. Azərbaycan ümumiyyətlə, turizm baxımdan cəlbedici ölkələrdən biridir. Ölkəmizin  gözəl guşələri var. Statistikaya görə, Şəki şəhərinə gələn turistlərin sayı son bir neçə il ərzində 10 dəfələrlə artıb. Bu, o deməkdir ki, ora gələn insanlar  həm də təbliğatçı rolunu oynayaraq, ətraflarında olan digər şəxslərin də ölkəmizə gəlməsinə vasitəçilik edirlər. Eyni zamanda hazırda yay mövsümü olduğu üçün ölkəmizdə çimərliklərin, istirahət guşələrinin olması xarici vətəndaşları cəlb edən nüansdır”.Ekspert bildirib ki, ölkəmizə gələn ərəblər təkcə turist kimi deyil, başqa cür də iqtisadiyyatımıza fayda verə bilərlər: “Ümumiyyətlə, neft ölkəsində yaşayan insanların əksəriyyəti əsasən varlı şəxslərdir. Bu insanlar isə ölkəmizdə təbii ki, aqrar sektora yatırım edə bilərlər. Eyni zamanda onlar burada müştərək biznes də qura bilərlər. Bu, bizim üçün müsbət hal olar və qeyri-neft sektorumuzun inkişafına yardım edər. Azərbaycanın iqlimi elədir ki, burada kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün çox gözəl imkanlar var”. F.Yusifov bildirib ki, indiki məqamda turizm və xidmət sektorunda bəzi məsələlərdə dəyişikliklər etmək lazımdır: “Bəzi məsələlərdə biz geridə qalırıq. Bu gün turizm sektorunda xidmət göstərənlər qonşu dövlətlərin, xüsusilə də Türkiyənin təcrübəsindən faydalanmalıdırlar. Reallıqlarla hərəkət etmək lazımdır. İndi elədir ki, dünya internet dünyasıdır və informasiya almaq çox asandır. Hər bir insan haradasa istirahət üçün seçim edərkən kompüter qarşısında oturaraq, bu barədə araşdırma aparır. Onlar qiymətləri, xidmətin keyfiyyətini müqayisə edirlər. Yalnız bundan sonra yekun qərar verirlər. Təbii ki, əgər misal üçün Türkiyədə otelin qiyməti Azərbaycandan ucuzdursa, orada baş verən terror hadisələri fonunda müəyyən narazılıqlar olsa belə, turist Azərbaycanı seçməyəcək. Ona görə də bu məsələdə qiymət siyasəti ən əsas məsələlərdən biridir. Düzdür, keyfiyyət də aparıcı göstəricilərdən hesab olunur. Ancaq bəzən keyfiyyətdə o qədər də ciddi fərq olmadığında buna əhəmiyyət vermirlər. Bu baxımdan bizdə turizm xidməti göstərənlər qiymət məsələlərində reallığa söykənməlidirlər. Ərəblər üçün menyuya hər hansı bir dilin artırılmasına gəlincə, bu, elə də çətin iş deyil. Sözsüz ki, ərəblər əgər başqa yerə gedirlərsə, müəyyən qədər ingilis dilini bilirlər. Ancaq ərəblərin Bakıya axını kütləvi hal aldıqda, dil məsələsinə də diqqət etmək lazımdır”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler