Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əlimizden Türkiye üçün dua etmekden başqa heç ne gelmir…

25 Temmuz 2016

12:12 pm


25/07/2016 [16:09]: xeber –

Tanınmış
politoloq Cümşüd Nuriyev dövlət çevrilişinə cəhddən sonra Türkiyədə cərəyan
edən hadisələrlə bağlı sayt-ın suallarını cavablandırıb.

 

– Dünən Türkiyə telekanallarına müsahibə verən baş
nazir Binəli Yıldırım iyulun 28-də Türkiyə Cümhuriyyətinin Təhlükəsizlik
Şurasının fövqəladə toplantısının ilk dəfə Çankaya köşkündə keçiriləcəyini dedi.
Sizcə, bu toplantıda hansı qərarlar qəbul ediləcək?

– Açığı, Türkiyə
bu dəqiqə o qədər proqnozlaşdırılmayan bir ölkəyə çevrilib ki, hansı
toplantıda, hansı qərarın veriləcəyi bir qədər qeyri adi ola bilər. Amma bütün
hallarda Çankayada keçiriləcək toplantıda Türkiyənin yeni dönəmi üçün xeyirli
qərarlar çıxarılacağına inanmaq istərdik.

Türkiyədə
indi türk cumhuriyyətinə yaraşmayan elə qərarlar çıxarılır ki, düzü bunların
haqqında fikirləşmək və bu fikirləri dilə gətirmək istəmirəm. Ola bilər ki,
bəziləri həddindən artıq hirsdən, bəziləri uzaqgörməməzlikdən, bəziləri
eyiforiyadan bu fikirləri söyləyir. Amma hər halda Türkiyənin geriyə addımlamaq
istəməsi faktı ortadadır. Arzu edək ki, Çankayadakı toplantıda geriyə yox,
irəliyə, daha doğrusu birliyə, yeniliyə doğru qərarlar qəbul olunsun.

Amma Türkiyənin
hazırkı mövqeyi, yəni nisbətən liberallaşması, xüsusilə Rusiyayla
münasibətlərinin yaxşılaşması təbii ki, Azərbaycan üçün çox önəmlidir və çox
lazımlıdır. Həm Qarabağ məsələsində, həm bizim qardaş dövlət olaraq Türkiyəyə
daha çox sevgimizdən doğan məsələdir.

Açığını deyim
ki, bu topantıda nələrin qəbul olunacağını proqnazlaşdırmaq mənimçün bir qədər
çətindir.

– Sizcə həmin toplantıda Ərdoğan Əhməd Davudoğlunun
kadrı olan Hakan Fidanı kiminləsə əvəz edəcəkmi? Yoxsa ona toxunmayacaq?

– Ərdoğan
çox ağıllı bir ifadə işlətdi, dedi ki, “Keçid vaxtı döngədə atı dəyişmirlər”.
İndi ona görə düşünürəm ki, hələlik Hakan Fidana toxunmaz. Əslində baş verənlər
bir lətifəyə bənzəyir, çünki əvvəlcədən xəbər veriblər, hərbi qüvvələrin baş komandanlığına
xəbərdarlıq göndəriblər. Ancaq onlar bunu bir zarafat kimi dəyərləndiriblər. Bu
qədər məsuliyyətsizlik ondan xəbər verir ki, Türkiyənin MİT-i də kifayət qədər
qeyri ciddi bir qurumdur və onun dedikləri də qeyri ciddi qəbul edildiyindən
Türkiyə bu vəziyyətə düşüb. Əgər MİT yaxşı işləsəydi, bu proseslər baş verməzdi
və yaxud da vaxtında qabağı alınardı. İndi Türkiyə bu qədər də çox çətinə
düşməzdi. Birdən-birə 13 min nəfərin vəzifədən kənarlaşdırılması, bunun 8 mini
hərbçidir, bu qədər alimlərin, məktəblərin zərər çəkməsi, Gülənçilərin bu qədər
əl-ayaq açması, bütün bunlar onu göstərir ki, həqiqətən də Türkiyənin xüsusi
xidmət orqanlarının çox ciddi problemləri var.

İnanmıram
ki, Ərdoğan Hakan Fidanı bu dəqiqə dəyişə, amma yaxın bir ay ərzində dəyişəcək.
Cünki əgər Ərdoğan prezident qvardiyasını buraxırsa, deməli Hakan Fidanı da
dəyişəcək. Həm də ki, Hakan Fidan artıq özünü doğrultmadı, bundan əvvəl də PKK
ilə bağlı özünü doğrultmamışdı. Hər halda indi Türkiyə yeni bir düzənə
girməlidir. Çünki Gülən 150 ölkədə özünə qol-qanad açıb, o cümlədən,
Azərbaycanda da onun tərəfdarlarının olma ehtimalı çox yüksəkdir. Amma MİT
ortaya konkret faktlar qoymur. Bilirsiz ki, Azərbaycan ötən dəfə də FETO-yla
bağlı özü qərarlar qəbul etdi, bu dəfə də Azərbaycan özü qərarlar qəbul edib.
İndi vəzifələrdə kimlərin olduğunu deyə bilmərəm, amma bütün hallarda
Azərbaycanda uzun müddət bunların 15 orta məktəbləri, bir universitetləri olub
və bunların da hamısı gülənçilərdir. Nurçular demək olar ki, çox azdır, əsasən
Gülənin tərəfdarları burada təhsil alıblar, yetişiblər, ABŞ-a gedib- gəliblər.
Yəni izlər çox qarışıb. Ona görə də bunları daha çox MİT etməlidir, MİT-in isə,
Ərdoğanı bir kənara qoyaq, heç Türkiyə üçün uğurlu bir fəaliyyəti yoxdur. Fəaliyyətsizliyin
də özü bir cinayətdir.

– Sizcə, baş qərargah rəisi Hulusi Akarın aqibəti
necə olacaq?

– Onların generallarının
hesabtlarını oxudum. Əslində Hulusi Akar hadisəni yatırtmağa gedibmiş, onu nəyə
görə terrorun başçısı kimi həbs edirlər, bu anlaşılan deyil. Çünki bunların
özlərinin etibar etdiyi generallar açıq şəkildə bildirir ki, bu insan bunları
bu məqsədlə deyib və ona görə də gəlib. Ona qarşı hörmətsizlik etmək Türkiyəyə
başucalığı gətirmir. Türkiyədə çox təəssüf ki, cahil bir təbəqə yetişib, xüsusilə
əsgərləri linç edirlər. Axı əsgərin verilən əmri yerinə yetirməməsi problemdir.
Yerinə yetirdiyinə görə də indi bunlar problem yaradır. Türk əsgəri tarixən də
öz millətini və dövlətini sevən əsgər olub və onlarda komandanlığa xüsusi hörmət,
rəğbət olub. Onlar da verilən əmri icra ediblər. Bu baş verənlər isə savadsızlıqdan
doğan məsələdir.

Eyni zamanda
türk ordusunu gözdən salmaq üçün uzun müddət Qərb ölkələrinin, o cümlədən
Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi Şərq ölkələrinin edə bilmədiklərini
indi dinçilərin əliylə edirlər. Ona görə də bu, açığı məni çox narahat edir.
Amma bütün hallarda Türkiyə ordusunun içərisində hələ də Ərdoğanı istəməyən
qüvvələr var. Çünki bunların deməsinə görə, 14 hərbi gəmi bu günə qədər hələ də
ortada yoxdur, heç bir əlaqəyə girə bilmirlər. Bundan başqa hərbi
təyyarələrindən də itkin düşənlər var. Bunların harada yerləşməsi, hansı
ölkənin onları saxlaması da maraqlıdır. Türkiyə NATO-nun üzvü olduğuna görə o
təyyarələr Yunanıstanda da, Bolqarıstanda da, Səudiyyə Ərəbistanında da, elə
İsrailin ərazisində də ola bilər. Yəni hər yerdə gizlənə bilərlər.

Mən arzulamazdım
ki, bu proses davam etsin, proses davam etdiyi müddətcə çevriliş cəhdi
qalmaqdadır. Əgər Türkiyəyə  yenidən bu
bəlaya düçar olsa, Azərbaycanın 1992-93-cü illərdəki vəziyyətinə, çox ağır günə
düşəcək. Mən heç vaxt bunu arzulamıram. Ona görə də Türkiyə üçün ancaq dua
etməkdən başqa əlimizdən başqa bir şey gəlmir. Çünki orada artıq siyasət
yerimir.

Bu məsələlər
vaxtilə çox deyildi, qarşılığında da bizləri təhqir etdilər, söydülər. Ancaq dediklərimizin
hamısını Ərdoğan həyata keçirdi. Sağ olsun etdi, ancaq çox gec oldu, bunları
vaxtında etmək lazım idi. İndi də Ərdoğan üçün nəsə deməyə adam ehtiyat edir.
Çünki bilirik ki, nəticəsi olmayacaq. Amma bütün hallarda yenə də onu demək
olar ki, Ərdoğan hökumətinin ağıllı bir konsepsiya qəbul etməsi yaxşı olar. Həm
də ordunu hörmətdən salmaq məsələsi gündəmdən çıxsın, bu qədər prokuroru,
hakimi, alimi işdən qovmaq yenidən daxili parçalanmaya gətirib çıxara bilər. Türkiyə
vətəndaş müharibəsinin qarşısını almaq, birlik konsepsiyasını hazırlamalıdır və
bunu da həyata keçirməlidir. Amma düşünürəm ki, Davudoğlu kimi baş naziri
olmayan Türkiyə hökumətinin indiki durumu bir qədər acınacaqlıdır. Türkiyənin
baş naziri kifayət qədər ölçülü-biçili danışmır. Türkiyə Cumhuriyyətinin baş
naziri cumhuriyyət səviyyəsində olan baş nazir deyil. Həm prezidentin, həm də
baş nazirin dinçi olmasının, kifayət qədər modernlik olmamasının Türkiyə üçün
problemlər yaratma ehtimalı çox yüksəkdədir. Məni də narahat edən budur.

– “Hürriyet” qəzeti Türkiyənin Ermənistanla sərhədləri
açmağa hazırlaşdığını, bu istiqamətdə danışıqlara başlayacağını bildirib. Ərdoğan
avqust ayında Putinlə görüşəndən sonra  Türkiyənin Ermənistanla sərhəddi açıla bilərmi?

– Buna
inanmıram. Bir şeyi dəqiq proqnozlaşdırmaq mümkün olar ki, Ərdoğanla İlham
Əliyevin o qədər sıx münasibətləri var ki, hətta bütün Türkiyə, ətrafındakılar
belə istəsə Ərdoğan buna getməz. İkincisi, bunu Rusiya istəməz. Çünki Ermənistanın
özündə vəziyyət  çox gərgindir. Əgər
Ermənistan bir dəstə silahlının əlində əsir-yesir qalıbsa, onun öhdəsindən gələ
bilmirsə, deməli dövlət yoxdur. Dövlətçilik də çox aşağı səviyyədədir. Bundan
da başqa çox ciddi məsələ var, tarixən onsuz da Ermənistan bütün Qafqaz
dövlətlərinin əlində kötək olub. İndi də Ermənistan həm kötəkdir, həm də köpək.
Ermənistan o statusadan çıxa bilməyəcək. Nə qədər ki, Rusiya Ermənistanı
qısqırtmayıb, Ermənistan ancaq hürəcək, tutmayacaq. Sarkisyanın əlindən bundan
başqa bir iş gəlmir. Bunu erməni siyasətçiləri də görür.

Eyni zamanda
Qafqaz bir siyasi poliqona çevrilir və bu poliqonda açar dövlət də
Azərbaycandır. Rusiya Azərbaycanı bir növ hər hansı bir səviyyədə incitsə, həm
aprel ayındakı hadisələr təkarar oluna bilər, çünki Azərbaycana başqa şans
qoymurlar. Həm də Azərbaycan mərkəzdənqaçma qüvvəsi ilə siyasi cəhətdən
Rusiyaya qarşı demarş edə bilər. Çünki Azərbaycan prezidenti belə bir demarşı
vaxtilə ABŞ-a, Avropa Birliyinə qarşı edib. Bakı-Qars dəmir yol xəttinin
çəkilməsi ilə Rusiyaya qarşı da etdi. Yəni Azərbaycanın demarşları var,
Azərbaycan prezidenti kifayət qədər peşəkar siyasi addımlar atmaq qabiliyyətində
olan dövlət başçısıdır. Ona görə mən inanmıram ki, Türkiyənin Ermənistanla
sərhəddi açıla, burada nə Türkiyə bir şey əldə edəcək, nə Rusiya. Azərbaycanın
hər ikisindən kənarlaşması Azərbaycanın təklənməsi olmayacaq, əksinə güclənməsi
olacaq. Çünki Azərbaycan hal-hazırda bir dövlət kimi xüsusi söz sahibi olan
dövlətlərdəndir. İlham Əliyev də xüsusi söz sahibi olan dövlət başçıları
siyahısındadır. Yəni liderdir, belə liderlər dünyada çox azdır, xarizmatik
liderlərə çox ehtiyac var. Ərdoğan özü də xarizmatik liderdir, ona görə də
Ədroğanın belə bir addım atacağına inanmıram. Bu daha çox Türkiyəni parçalamaq
istəyən PKK-nın və erməni tərəfdarlarının gündəmə gətirdiyi məsələdir. Türkiyə
buna getməz.

– Son olaraq, bu gün Türkiyə telekanallarında yayımlanan
bir reklam çarxında “Nə mutlu erməniyəm deyənə” sloqanının yer
almasına münasibət bildirməyinizi istərdik.

– “Nə mutlu
erməniyəm” deyən video çarxın Türkiyə kanallarında yayımlanması məni narahat etdi.
Bunların yadından çıxıb ki, Türkiyədə elə 4 milyon azəri türkü yaşayır. Nədən
onların haqqında, Xocalı haqqında, Qarabağ haqqında da demirlər ki, hamımız
azəri türküyük. Bu bizi çox narahat edir, ona görə ki, bizim hər birimiz Türkiyə
üçün həddindən çox yanırıq.

 

 Rumiyyə MİRASLAN




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler